Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə8/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

YALAN BAZARI
Bu yalan bazarında mətah yaman ucuzdur
Aldığımız da sözdür, satdığımız da sözdür.
Sözün ləyaqətinə, mənasına varmadan,
Utanıb qızarmadan
Qıpqırmızı yalanı bülbül kimi ötürsən,
Riya dəyirmanında sən yalan üyüdürsən.
Özün bilirsən bunu,
Mən də yaxşı bilirəm
Səndən eşitdiyimin ağ yalan olduğunu.
Bilirəm, sən borclusan
Bu yalan alverində həqiqəti danmağa.

__________________Milli Kitabxana_________________
149
Abrının macalı yox, qızarıb utanmağa.
Amma mən də borcluyam sənin yalanlarını
Doğru, gerçək sanmağa -
Aldadıb aldanmağa.
Məndə qulaq, səndə dil, səndə qulaq, məndə dil,
Sən məni, mən də səni aldadırıq müttəsil.
Qulağımız, dilimiz bu yalan bazarında
Satın alır cənnəti.
Hər mətahın qiyməti
Bəlli olur dünəndən.
Aldadıb aldanırıq,
Bu minvalla razıyıq sən məndən, mən də səndən.
Gerçək elə daşlanır,
Yalansa gecə-gündüz o qədər alqışlanır
Ayırd edə bilmirik
Gerçək harda qurtarır, yalan hardan başlanır.
Yalan sərxoşluğunda elə xumarlanmışıq,
Çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq.
Yalan - həqiqətlərə istədiyi ölçüdə
Paltar biçən dərzimiz.
Yalan-həyat tərzimiz.
Gerçək-üzü qaradır.
O, gərək yalanların kölgəsində dolana.
Cəza-həqiqətədir, cəza düşmür yalana.
İyul, 1998
MƏNİM FƏRQİM VARMI HEÇ?
Bir tərəfdə sel kimi od axıdan buruqlar,
Bir tərəfdə çadırda donan körpə çocuqlar.
Yurdumuzun atəşi isidir əcnəbini
İsidə bilmir ancaq Zübeydəni, Nəbini.
Yağan qarı qasırğa burmalayır bu gecə
Sobam yanır otaqda gürhagurla, gör, necə.
Yatağıma girmişəm, uyumaq istəyirəm

__________________Milli Kitabxana_________________
150
Yerimdə şirin-şirin.
Çatmır mənə naləsi çadırlarda üşüyən
Günahsız körpələrin.
Amma rahat buraxmır bir qəribə sirr məni:
Döşəyimin istisi bəs niyə sancmır məni?
Yatıram şirin-şirin.
Mən ki bilirəm indi çadır körpələrinin
Soyuqdan əsdiyini.
Özümdən də böyükdür öz-özümə heyrətim:
Varsa Vətən namusum, varsa millət qeyrətim
Necə yata bilirəm öz isti yatağımda?
Yatır nəvələrim də solumda və sağımda.
Sordum özüm özümdən:
-Görəsən, doğurdanmı bu yurdun oğluyam mən?
Bilmirəm kim utansın indi mənim yerimə?
Qıyardımmı bu zülmü mən öz nəvələrimə?
Nəvələrim deyilmi bəs bu qış gecəsində
Damsız qalan körpələr?
Hələ ucalmalıykən bu alçalan körpələr?
Bunu bilən vətəndaş öz isti yatağında
Rahatca yatarmı heç?
Yurdunun atəşinə qızınan əcnəbidən
Mənim fərqim varmı heç?
Yanvar, 1998
UTANMAQ, QIZARMAQ
I
Qalxıram kürsüyə danışmaq üçün
Nədənsə, hər dəfə dil topuq çalır.
Məni elə basır zəhmi kürsünün,
Demək istədiyim qəlbimdə qalır.
Uca kürsülərdən danışanda mən
Həm natiq oluram, həm də dinləyən.

__________________Milli Kitabxana_________________
151
Uzun illər boyu öz istəyimlə
Çox-çox kürsülərdən danışsam da mən,
Razı qalmamışam özümdən hələ
Özümə, sözümə nəzarətimdən.
Əgər karıxdımsa, elə o anda
Görürəm, alnıma soyuq tər gəlir.
Özüm öz sözümdən nöqsan tutanda,
Öz səsim özümə eybəcər gəlir.
Kürsüdə sərbəstlik mənə çox çətin!
Qorxmuşam fikrimi çatdırmayam mən.
Qorxmuşam, salonda əyləşənlərin
Üzümə zillənən nəzərlərindən.
Qorxmuşam, itirəm ölçü hissini
Qorxmuşam, nizamın pozulmasından.
Qorxmuşam, tərsinə anlayıb məni
Sözün başqa yerə yozulmasından.
Çox zaman kürsüdə sıxılmışam mən
Özümdən utanıb çəkindiyimdən.
Utanmaq - özündən bir boy ucalmaq!
Qızarmaq - günahı boynuna almaq!
Utanmaq hissini Allah heç kəsin
Qəlbindən çıxarıb, gülünc etməsin.
II
Xisləti, fitrəti hamıya məlum
O, yalan danışdı, yalan, ağ yalan.
Gözümü gözündən çəkib duruxdum
Onun əvəzinə utandığımdan.
Osa utanmadan gülüb gerçəyə,
Şəst ilə gözünü gözümə dikdi.
Üzünə vursaydım "yalandır" - deyə,
O, mənim üzümə dirənəcəydi.

__________________Milli Kitabxana_________________
152
Ondakı üzə bax, yalan düz oldu
Qara ağ, təpə dağ, astar üz oldu.
Üzdə abır varsa, sözdə ölçü var
Həyadan süzülən o sözə qurban.
Dünyada nə desən gözləmək olar
Özündən, sözündən utanmayandan.
Abır - üz suyudur, qəfil qızarar
Qırmızı deyilən bir acı sözdən.
Üzün ismətidir o su...
əlhəzar
Abırı, isməti silinmiş üzdən!
Tanrım, nöqsanımı göstərdin mənə
Səhvimi öyrəndim xecalətimdən.
Utanmaq hissini sən verdin mənə
Bu böyük lütffinə minnətdaram mən.
Gerçək - qəlbimizdən qaçarıdırsa,
Yalan - yüksəlişin açarıdırsa,
Utanmaq, qızarmaq unudulubsa,
Abır - abırsıza məğlub olubsa,
İnsaf da, vicdan da ərşə çəkilmiş
Demək, insandakı insanlıq ölmüş.
İyun, 1999
GECƏLƏR - PƏNAH YERİM
Səhərlərim - boyasız, gündüzlərim - qorxusuz
Gecələrim - narahat, gecələrim - yuxusuz.
Başbaşayıq sübhə tək mənimlə fikirlərim,
Gecələrə açılır gizli-gizli sirlərim.
İndi mən qısılmışam gecələrin qoynuna
Boylanıram içimdə gah əvvələ, gah sona.
Gecələr - sığnaq yerim, gecələr - pənah yerim,
Gecələr bir-birilə döyüşən fikirlərim.

__________________Milli Kitabxana_________________
153
İnanardı ağıl da öz içimin səsinə
Şirin xəyallarımın yumşaq mütəkkəsinə
Baş qoyardım bir zaman
Xəyalı gerçək kimi yaşayardım bir zaman.
İndi qurban verməyə hazıram bir yad kimi
Min-min səhərlərimi, min-min gündüzlərimi
Bir anlıq sükutuma, bir yuxusuz gecəmə.
Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.
Allahın bal yuxusu mənə haram gecələr
Sürünürəm gündüzlər, yaşayıram gecələr.
Anam deyərdi: "Oğul, sən gecə doğulmusan
Bəlkə buna görə də gecəquşu olmusan".
Mən təpədən dırnağa indi səbrəm, dözüməm,
Çoxluğumda başqası, təkliyimdə özüməm.
Verdiyin tənhalığı geri götürmə, Allah,
Gecəmlə həsb-halı mənə çox görmə, Allah.
Mənim mənə ən yaxın sirdaşımdır gecələr,
İçimə damcılayan göz yaşımdır gecələr.
Gecələr sığnaq yerim, gecələr pənah yerim,
Səhərlər açılanda qapanır kirpiklərim.
Öyrəndim gecələrden
Qaranlıq içində mən
Ulduz-ulduz yanmağı,
Özümə qapanmağı, içimə boylanmağı.
Gecələrin sahibi, gündüzlərin quluyam,
Mən gündüzlər adiyəm, gecələrsə uluyam.
Gecələr çiçəklənir söz gülşənim, söz bağım
Gecələrin şahıyam, yoxdur mənim ortağım.
Dekabr, 1999

__________________Milli Kitabxana_________________
154
ÖMÜR
Y. Məmmədəliyevə ithaf
Deyirlər, çox ardır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.
Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?
Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.
Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.
Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.
İNSAN VƏ ZAMAN

__________________Milli Kitabxana_________________
155
"Bu dünya beş gündür",- deyib hər yerdə
Sağ ikən qəbirdə izanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.
Fevral, 1956
QARA SAÇLAR, AĞ SAÇLAR
Saçlarıma dən düşür, dən düşür, yaman düşür,
Hər baxanda anamın ürəyinə qan düşür.
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,
Saçımın ağlığından qanın heç qaralmasın!
Alışıram gecələr masa arxasında mən,
Saçlarım da ağarır, qəlbimin atəşindən.
Sən demə ki, balamın bəlkə gizli qəmi var,
Vaxtsız ağaran saçm özgə bir aləmi var.
Ölüm belə qəm deyil bu həyatı duyana,
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töhfəsinə.
Zəhməti heyatımın ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda mən özüm qazanmışam.
Sentyabr, 1957
DÜNYAMI, MƏNMİ?
Uşaqlıq şəklimə hey baxıram mən,
İllər xəyalımdan süzülüb keçir.
Şirin xatirələr gözüm önündən
Gah ağlayıb keçir, gah gülüb keçir.

__________________Milli Kitabxana_________________
156
Küçədən tapdığım rəngli bir şüşə,
Könlümü nə qədər sevindirərdi!
Adamlar, adamlar məni həmişə
Oxşayar, əzizlər, xoş dindirərdi.
Xəyalən uçardım ulduza, aya.
Bir təzə sevdaya düşərdim hər gün.
Elə bilərdim ki, bu qoca dünya
Mənimçün yaranıb, ancaq mənimçün.
Dünya həmin dünya deyilmi aya-
Bəs neçin mənimlə əylənmir yenə?
Artıq köhnə dünya, bu qoca dünya
Özgə cür görünür, özgə cür mənə!..
Bəlkə ayrılmışam özüm-özümdən,
Özgə bir adamam bəlkə indi mən?
Dünya gözəlləşir, dəyişir aləm;
Ömür yollarını vüqarla keçdim.
Anlaya bilmirəm, qana bilmirəm
Dünyamı dəyişdi, mənmi dəyişdim?
Yanvar, 1959
QAĞAYI KİMİ
Həm dənizdə, həm havada, həm də yerdə cövlanı var,
Həm üzürlər,
həm süzürlər,
həm gəzirlər,
qağayılar.
Bu arzunun həsrətilə əsrlərlə mən yanmışam,
Təbiətin qağayıya bəxş etdiyi nemətləri
Mən əqlimlə qazanmışam:
həm gəzirəm,
həm üzürəm,
həm süzürəm!
İyul, 1960, Riqa

__________________Milli Kitabxana_________________
157
HƏR ŞƏKİLDƏ
BİR ANIM...
(Qələm yoldaşım Yusif Səmədoğluna)
Hərdən töküb önümə
köhnə şəkillərimi,
Mən yadıma salıram
o ötən illərimi.
Bu şəkillər, şəkillər
köhnə xatirələrin
min nəğməli səsidir.
Yaşadığım anların
kağızlar üzərində
əks olan kölgəsidir.
Şəkillər yığın-yığın,
Şəkillər dəstə-dəstə;
Hər şəkildə bir anım
əbədilik yaşayır
cansız bir kağız üstə.
Yaşamışam o anı,
O an çıxıb əlimdən;
O anda keçirdiyim
Həyəcanı, duyğunu
yaşamaram bir də mən.
Siz ey ötən illərdən
mənə xatirə qalan
cansız dövlətim, varım –
Kağız parçalarında
donub qalan anlarım!
Siz üstünü toz basan
nəğməsiz bir simsiniz,
mənim zahirimsiniz...
O anda yaşadığım
hissim, duyğum, düşüncəm,
bura əks olunmamış -

__________________Milli Kitabxana_________________
158
kağız üstə qonmamış.
Bax, bu şəkil: əlimdə
bir dəstə gül tutmuşam;
Sanki qaya başından
yerə baxan bir quşam.
On il əvvəl çəkilmiş
bu şəkilə baxanda,
O vaxtkı duyğularım
yada düşür bir anda.
O duyğuma gülürəm,
o arzuma gülürəm.
Duyğular başqalaşmış,
Arzular başqalaşmış.
O zamandan bu yana
çox sıldırım dağları,
qayaları aşmışam.
Arzular başqalaşmış,
mən də başqalaşmışam.
O şəkildə gördüyün
əli çiçəkli oğlan –
sadə ürəkli oğlan
mənəmmi?.. Ah, dəyişir-
Axı, insan dəmbədəm.
Doğrusu, o, həm mənəm,
Həm də ki, mən deyiləm.
Bu şəkillər, şəkillər
köhnə xatirələrin
min nəğməli səsidir.
Yaşadığım anların
kağızlar üzərində
Həkk olan kölgəsidir.
İyul 1960, Riqa, Dubultı

__________________Milli Kitabxana_________________
159
ÖMRÜN PAYIZI
Yavaş-yavaş
Dövran tez dolanır, illər tez gəlir.
Biz də dəyişirik hey ildən-ilə.
Ömrün pillələri necə düz gəlir
Ana təbiətin fəsillərilə!
İlk bahar çağıdır uşaqlıq ömrün,
Şıltaqdır, oynaqdır kəpənək kimi.
Ömrün yay çağıdır gənclik büsbütün,
Coşğundur, dəlidir o, külək kimi.
Barlı-bəhərlidir payızı ömrün,
İnsan da bar verib əyir başını.
Dünyanı dərindən dərk etmək üçün
Düşünüb, gizlicə çatır qaşını.
Ağarır saç, saqqal ömrün qışında,
Həyat zəifləyir, axıra çatır.
Əl-ələ verərək, qoca yaşında
İnsan mürgüləyir, təbiət yatır.
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,
Fikir dumanlanır, gözlər zillənir,
Güllərin üstünə enən tək enir
Mənim gözlərimə çən yavaş-yavaş.
Soyuyur havalar, soyuyur bütün,
Qısalır, qısalır günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş.

__________________Milli Kitabxana_________________
160
Saralır get-gedə çöl, çəmən, çayır,
Könül hər saatı ömürdən sayır.
Bir səs qulağıma hey pıçıldayır: -
Bəxtiyar, göylərdən en yavaş-yavaş!
Oktyabr, 1960
BARMAQLAR
Barmaqlar, barmaqlar!
Nə qədər işiniz, əməliniz var!
Kitab yazırsınız, ot çalırsmız,
Calaq vurursunuz, bağ salırsınız.
Siz çırtma da çahb gah için-için
Məsum bir körpəni güldürürsünüz.
Çəkib tətiyini gah da tüfəngin
Yaxşı bir insanı öldürürsünüz.
Barmaqlar pul sayır, çiçək də dərir,
Barmaqlar can verir kamana, tara.
Barmaqlar, barmaqlar yol da göstərir
Nabələd yollarda yol azanlara.
Barmaqlar qaldırır ən ağır yük də,
Barmaqlar can verir daşa, torpağa.
Ürəyin elçisi qızıl üzük də,
Barmağa taxılır, bəli, barmağa.
Mümkünmü, mümkünmü saymaq, büsbütün
Nələrə qadirdir barmaqlar yenə?
Bizim əsrimizdə barmaqlar üçün
Yaranıb lap təzə bir vəzifə də...
Bir kiçik düyməni basmaq! Bu nədir?
Basdısa, bu dünya bir viranədir.
Məhv etmək bəşəri, ərzi, hər şeyi,

__________________Milli Kitabxana_________________
161
Bir anda dünyanı alt-üst eyləmək!
İşə bax! Bu boyda ərzin taleyi, -
Bir kiçik barmağa bənd imiş, demək!
İnsan idrakının yaratdıqları
İnsan idrakının hədəsindədir.
Gəlin, ay insanlar, birləşək ban,
Dünyanın taleyi məndə, səndədir.
Nələr görməmişdir bu qara torpaq,
Yenicə sağalır sinə dağları.
Bizim birliyimiz kəsəcək ancaq
Düyməyə uzanan o barmaqları.
Noyabr, 1962
QALİLEY
Dedi: - Yer fırlanır... inanmadılar.
Onlar ona güldü, o da onlara.
Dedi: - Həqiqətə şübhənizmi var?
Dedilər: - Haqq deyən çəkilir dara.
O dedi: - Fırlanır, fırlanacaq yer,
Buna gülsəniz də, gülməsəniz də.
Yerdən dərs götürüb ölənə qədər
Məgər fırlanmırıq həyatda biz də?..
"Fırlanır" - Sözüylə o müdrik insan
Qırdı mövhumatın sərt buzlannı.
Əqlin baltasıyla vurdu başından,
Sındırdı öküzün buynuzlarını.
Milyon il dedilər: - Qaşqa öküzlə
Çatıbdır şöhrətə, şərəfə dünya.
Dedi: - Yer fırlanır... ancaq bu sözlə
Tanıdı özünü ilk dəfə dünya!

__________________Milli Kitabxana_________________
162
Qaliley "fırlanır" - Deyəndən bəri,
Ucaldı, göylərdən yerlərə baxdı.
Hər cürə uydurma əfsanələri,
Əqlin alovunda yandırdı, yaxdı.
Yer fırlanır, - deyə o çəkdi fəryad,
Sözünün gücünü özü də bildi.
Elə bil, bir anlıq susub kainat,
Bu iki kəlməyə qulaq kəsildi.
Dedi: - Yer fırlanır - qarışdı aləm
Yer durdu, fırlandı məscid, kəlisa,
Dedi: - Yer fırlanır, elə bil bu dəm
Təzədən çəkildi çarmıxa İsa...
Dedi: - Öz hökmümə inanıram mən,
Gərək dəyişilə dünyanın adı.
Dedi: - Yer fırlanır!... Bu iki sözdən
Papanın başında göy guruldadı.
Dedi: - Yer fırlanır... Bu ikicə söz,
Min bir sual düzdü "İncil"in üstə.
Papa qəzəblənib - Dağ basarıq biz –
Dedi, - bunu deyən o dilin üstə.
Divana çəkdilər alimi dərhal,
Dünyanı düşündü, eşqini andı.
Böyük Cordanonu yandıran tonqal,
Gözünün önündə gəlib dayandı.
Müqəddəs kitaba əl basıb həmən Dedi: -
Şəkkim yoxdur, bu kitab haqdır.
Ancaq düzü budur; deməsəm də mən,
Yer elə fırlanır, firlanacaqdır!
Qəlbə bax, eşqə bax!..
Qorxub ölümdən,

__________________Milli Kitabxana_________________
163
O öz məsləkindən geri dönmədi. –
Həyatın naminə sürünmərəm, mən,
Məsləkin naminə ölərəm, - dedi.
Bəşər tarixində bəlalı insan,
İki qütb önündə çox dayanıbdır.
Haqdan yapışanlar keçib həyatdan,
Həyatdan qopmayan haqqı danıbdır.
Bu hünər önündə baş əyirəm mən.
Ötən zamanlarla fikrim öpüşdü.
Ölüm ayağında "Ənəl-həqq!"
1
- deyən
Mənim Nəsimim də yadıma düşdü.
Qaliley! Hələlik kəşfin bir yana!
Onun qiymətini alimlər bilər.
Sən haqdan dönmədin həyat naminə,
Bundadır böyüklük, bundadır hünər!
May, 1963
SÜRƏT
Bir zaman vardı,
Verst ağaclarını saya-saya,
Üç günə gedərdik
Moskvaya.
Darıxardıq,
Bu sürətin ləngliyinə,
Sonra uçduq səkkiz saata,
Darıxdıq,
Darıxdıq yenə...
İndi üç saata gedirik,
1
Ənəl-həqq - ərəbcə "mənəm Allah" deməkdir.

__________________Milli Kitabxana_________________
164
ancaq
Yolun uzunluğu
Yenə darıxdırır bizi,
İşıqdan almaq istəyirik
sürətimizi.
Yox!
Bu sürət də bizə yenə azdır, az!
Bu sürət
Fikrimizin sürətinə çatmaz.
Mən əsrin oğluyam,
əsrin!
Darıxmamaqçın
Mənə
Fikrimin sürətini verin!
Sentyabr, 1963
NEKROLOQ
Nekroloq - bir həyatm son nidası,- son səsi,
Bir mənalı həyatın ən qısa mənzərəsi.
Ömrün bütün günləri tez bir yerə yığışdı
on cümləyə sığışdı...
Mərhuma bircə anlıq versəydilər ömr əgər,
Baxıb, baxıb yad kimi,
o buna ağlardımı, o buna gülərdimi?..
Boylandı əməllərin ən kütah lövhəsindən
mərhum bizə son kərə.
Hər kəsin arzuları çoxdur əməllərindən
min kərə, milyon kərə.
Ürəkdəki arzular əməllərdən əzəldir,
Eləmək istədiyim mənim elədiyimdən
həm çox, həm də gözəldir!
Eləysə... Nekroloqa ömür tam olsun deyə
Əməllərlə bərabər ən gözəl arzular da
niyə yazılmır, niyə?!
Fevral, 1964

__________________Milli Kitabxana_________________
165
ÜRƏKDƏKİ
"SAATLAR"
Dünya,
bu qoca dünya
Bina olandan bəri,
Hərlənir soldan-sağa
Göydə Günəş,
Yerdəsə
saatın əqrəbləri.
Bu minvalla dolanır,
Yerlər,
Göylər,
Dənizlər.
Əqrəblər vaxtı izlər,
Vaxt da günəşi izlər.
Ah!.Bu daş, bu tərəzi,
Ah!... Bu ölçü, bu mizan,
Bəzən irəli gedir.
Bəzən geriyə qalır
Qəlbimizdə qurulan
Min bir səsli saatdan.
Bəzən səhər olmamış
Axşam olur mənimçün
Bəzən sonsuzluq qədər
Uzanır,
uzamr gün,
Ürəkdəki "saatlar"
Qəlbin öz iqliminə,
Nəğməsinə, siminə
Daim həmahəng olur,
Hər qəlbin öz eşqinə,
Arzusuna qurulur...
İnsan saata görə
Çox dolandı,
Çox döndü.
O cansız əqrəblərin
Arxasınca süründü.

__________________Milli Kitabxana_________________
166
Daha böyük günlərə
Qanadlanır eşqimiz,
Alnıaçıq,
gülərüz,
Sabaha gedirik biz.
Vaxt gələcək,
bir zaman
Qəlbimizdə dolanan
Saatlarla dönəcək,
Dolanacaq bu dövran.
İyun, 1964
BİR ÜRƏKDƏ DÖRD FƏSİL
Hər gecə danışır radio havadan:
"Sabah az buludlu, biri gün yağış...
" İqlimin sirrini bu qadir insan
Gör necə öyrənmiş, gör necə açmış...
Sabahkı havanı bilirik bu gün,
Ey insan,
Bununla demərəm öyün...
Minbir havasını yerin, dənizin
Əvvəldən bilirik çox zaman, şəksiz.
Bəs niyə bilmirik öz qəlbimizin
Bir andan sonrakı havasını biz?..
Dörd fəsil yaşayır bir ildə torpaq
Qış, qış kimi gəlir, bahar bahartək.
Bir saat içində bəs nədən ancaq
Dörd fəsil yaşayır bəzən bir ürək?
Sabahkı havanı bilirik bu gün.
Ey insan,
Bununla demərəm öyün...
1965

__________________Milli Kitabxana_________________
167
BABAMDAN
QOCAYAM MƏN
Babam öldü səksənində
Atamsa altmışında.
Həm babamdan,
Həm atamdan
qocayam
Mənsə qırxca yaşında.
Telefonlar,
teleqraflar,
radiolar,
qəzetlər,
Yükləndirir günün, ayın yüküylə,
Hər saatı, hər anı...
Bir otağa sığışdırır
Sağı gündüz, solu gecə
Başı bahar, ayağı qış dünyanı...
Qitələri,
qütbləri
Birləşdirir sürətim.
Bu sürətin,
Bu cürətin,
Alovunda, odunda
Dəyişibdir
mənim eşqim,
fitrətim...
Sürətimiz çoxaldıqca
Məsafələr qısalır.
Dünənim bu günümdən,
Bu günümsə sabahımdan
Dəqiqələr borc alır.
Günlər günə,
Aylar aya qarışıbdır -
İtirmişik
aylann,
illərin sahilini.

__________________Milli Kitabxana_________________
168
Mən bir ayda yaşayıram
Babamın bir ilini.
Dağdan enib
Dağ başına dolanan
Burulduqca bulanan
Düzənlərdə durulan
Yüz xislətli çayam mən.
Atamdan qocayam mən,
Babamdan qocayam mən.
Fevral, 1965
MƏNİM AD GÜNLƏRİM
Bu gün ad günümdür... evdə hamı şən.
Ancaq fikirliyəm, kədərliyəm mən.
Gəncliyim ötəli, belə günlərdə
Anıb yoxuşumu töyşüyürəm mən.
Xəzan yarpaqlan oynaşan yerdə
Necə üşüməyim?.. Üşüyürəm mən.
Ancaq... uşaqlıqda istərdim hər gün,
Bizim evimizdə məclis qurulsun.
Günlərin hamısı dönüb büsbütün
Məni sevindirən ad günüm olsun.
Atamın, anamın yeganəsiydim,
Arzusu, həvəsi, könül səsiydim.
Ömrün nə qəribə günləri vardı,
Mənim ad günlərim bayram olardı.
Mən nə biləydim ki, dəyişir insan,
Ad günün, şad günün olmur bir zaman.
Aldığım o gözəl oyuncaqları
Qaçıb göstərərdim dostlara bir-bir.
Hanı, hanı ömrün o şən çağlan?
Gedən, a qardaşlar, bir daha gəlmir...

__________________Milli Kitabxana_________________
169
Həmən adamammı?... Yox, başqayam mən.
Özgə cür görünür bu aləm mənə.
Bir zaman könlümə sevinc gətirən
Ad günüm gətirir indi qəm mənə.
Deyirəm, yenə də ömrümdən bir il
Ötdü...
Ötən illər səfə düzülür.
Mənim ad günümdə indi mən deyil,
Mənim balalarım sevinib gülür.
Avqust, 1965
1   ...   4   5   6   7   8   9   10   11   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə