Milli Virtual Kitabxana Təqdimatında Fərid Hüseyn " Əlifba sırası" Şeir və esselər kitabı Şəbəkə üçün hazırlayanı və e-redaktoru: Aydın Xan (Əbilov), yazı



Yüklə 235 Kb.
səhifə3/3
tarix28.01.2017
ölçüsü235 Kb.
#6545
növüYazı
1   2   3

Saat
Nədənsə bəzi əşyalar olduqca səmimi bir dillə danışırlar. Məsələn: paltar ipindən asılmış paltarlar. Onlar dünyanın faniliyinin eskizləridir. Yəni, ipdə yellənərkən öz boşluğunu, yüngüllüyünü ifadə edirlər. Və bizə isbat etməyə çalışırlar ki, budur siz nə vaxtsa bizim içimizdə olmayacaqsınız, ya da biz sizin əyninizdə. Deməli, nəsnələrin də öz doğal dili var. Yaxud saatın yatması. Saat yatanda – dayananda həmişə geri qalır, zamanı ləngidir, bizi cavan saxlamğa çalışır. Niyə saat olduğu vaxtdan irəli getmir? Maraqlıdır. Saatın yatmağı yeganə şeydir ki, biz ona aldanmağımıza sonradan təssüflənmirik. Göründüyü kimi saat düz işləməyəndə zaman anlayışı itir. Yəni, insan zamanı özü də bilmədən azdırır, yaxud da əksinə. Bu konteksdə saatın səhv işləməyi bizim xeyrimizədir. Amma, bəzi əşyaların yaxşı işləməməsi bizi ölümə aparır. Məsələn: Avtomobilin əyləci işləməyəndə biz maşından daha çox ölümü sürürük. Yaxud bəzi əşyaların yaxşı işləməyi bizə ziyan vurur – ət maşını yaxşı çəkəndə, bıçağımız iti olanda birinci əlimizi kəsir. Amma, saat düz işləyəndə də xeyrimizə olur, səhv işləyəndə də. Başqa bir misal: Həmişə deyib-güldüyün, yeyib-içdiyin dostun, yaxud yaxının öləndə, o oturan stol onu sənə xatırladır. Deməli, əşyalar bu boşluğu – yoxluğu təkrarlayırlar. Həmin stola qoyulan çəngəl və boşqab da, o stolun başlatdığı tənhalıq duyğusunu davam etdirir. Deməli, əşyalar danışır, amma, biz onları anlaya bilirikmi? Yaxud yolda yeriyərkən sevdiyimiz qızın paltarına oxşayan bir paltar görəndə həmin qızın simasına baxmadan biz öz sevgilimizi xatırlayırıq.
Necəsən?
Nədənsə həmişə pis şeylər daha cazibədar olur. Yaxud da biz pis şeylərə qarşı çox “şorgöz” oluruq, diqqət edirik, arxasınca gedirik. Misal:

  • Salam.

  • Əleyküm.

  • Necəsən?

  • Yaxşıyam.

Bu dialoqla fikir tamamlanır. Yəni birinin yaxşı olması onun haqqında olan bütün informasiya əhatəsini qapayır, örtür. YAXŞI ilə hər şey tamamlanır, yəni. Ondan özgə şey soruşmağa lüzum qalmır. Necə deyərlər “əsas can sağlığıdır”. Əks hala baxaq:

  • Necəsən?

  • Belə də, yaxşı deyiləm.

  • Niyə?

  • Xəstəyəm.

  • Haran ağrıyır?

  • Ürəyim.

  • Nə vaxtdan?

  • İki gündü.

  • Həkimə getmisən?

  • Hə.

  • Nə dedi?

Bu sual cavabı uzatmaq da olar. Əsl məğzə çatana kimi sualları ipək yolu etməyə dəyməz. Biz əslində bu suallarla – qayğıkeşliklə əks tərəfi daha da narahat edirik. Göründüyü kimi pis şeylər daim çözülür. Amma, heç vaxt “Niyə yaxşısan?” – deyə soruşmuruq. Biz həmin yaxşılığı heç bir səbəblə əlaqələndirmək istəmirik. Əgər əlaqələndirsək dialoqçumuz da təccüblənər.

  • Necəsən?

  • Yaxşıyam.

  • Niyə yaxşısan?

  • Necə yəni niyə yaxşısan?

Bilirəm ki, əksər hallarda bu sualın cavabı belə olacaq. Biz həmişə soruşuruq ki, “o uşaq niyə ağlayır?”. Heç vaxt “o uşaq niyə gülür?” demirik. Biz bəlkə də ona görə uşaqların sevincini düzgün anlamağa acizlik göstəririk. Biz gülüşü ancaq komediya janrındakı kimi təsəvvür edirik, yəni, gülüşün altında mütləq qatı bir məna olmalıdır. Amma, biz uşaqların üzündəki “təbəssüm xanım”la, “gülüş bəy”lə tanış olmuruq. Bu isə ‘fəlakətdir, həm də Rabinzon Taqorun “Fəlakət”i deyil, bizim fəlakətimizdir.

Gözümüzün yaddaşı
Baxırıq... Unutmuruq... Gözümüz tutub saxlayır və heç vaxt unutmur. Gözün kanalından ürəyə axir insanlar, hadisələr, tarixlər...

...göz baxır, seçir. Ağı qardan, yaxşını yamandan, gözəli çirkindən. O bütün vizuallıqları eyni dalğada yayımlayır.

Göz yaddaşı ağıl, idrak, təfəkkür yaddaşından daha möhkəmdi, çün ağıl hardasa yorulur, kimlərisə silir... amma göz yox. Belə bir ifadə var “yadımdan çıxdı”. Amma belə bir ifadə “ yoxdur: “gözümdən çıxdı” . Bu heç də təsadüfü deyil, bilirsiniz niyə? Çünki insan birinci olan şeyləri heç vaxt unutmur, Məsələn, ilk sevgilimizi, il məktəbə getdiyimiz günü, ilk yazımız cap olunan qəzeti, ilk kitabımızı. İlklər daim maraqlıdır deyilmi? Göz də insanın ilk müşahidəçisidir, o heç vaxt unutmur. Birinci göz görür, sonra dərk edirik. Ona görə gözümüzə təzə görünən şeylərin hamısı daha uzunmüddətli olur.

Gözümüz unutmur. Məsələn, ölən insanın gözündə son təsvir əbədi olaraq digər dünyaya gedir, bunu hamımız bilirik, fəqət heç birimiz bilə bilmirik ki, kimin ürəyində hansı söz, kimin beynində hansı fikir getdi. Xoşbəxt tarixçə, tarix, keçmiş odur ki, həm ürəyin, həm gözün, həm də ağlın yaddaşında qalır.



Hökmdar və ERA
Makedoniyalı İsgəndər, Çingiz Xan, Topal Teymurdan Obamaya qədər bir düz xətt uzatsaq elə hey bu xətt ancaq üfüqü alınır, yəni dünyadakı dəyişiklik ancaq adla mövcuddur. Hökmdarları zaman yaradır deyirlər. Amma, hökmdarlar da zaman yaradır. Məsələn: “Şah Abbasın dövrü”, “Stalinin vaxtı”... Yaradan yaratdığını yaradıcı yaradır. Dünya bizim eramızdan əvvəl də olub, eramızda da var, eramızdan sonra da olacaq... Amma, heç kəs bizim eradan əvvəl olmayıb, eradan sonra da olmayacaq. Hər kəsin “Öz erası” var. Özümüz də hiss etmədən daim başımızın üstündən Domokl qılıncı kimi İNDİKİ ZAMAN sallanır.

Dünyaya baxmağa gəldik
Nə özümü insana edə bildim, nə yadı,

Dünyaya baxmağa gəldim.

Vaqif Səmədoğlu
Vaqif Səmədoğlunun bu misrası tamaşaçılığı anlatdı mənə. Sanki bildiklərimi, yaxşı anladıqlarımı yenidən yaşayıram, başa düşürəm...

İnsan hər hansı bir hadisəni yaşayır, öz keçmişinə ötürür, zamanına qovur... çıxara bilmir ömründən...

Baxaq: Hadisəni icra edən birinci tamaşaçıdır. Baxa-baxa icra edir.

İkinci əşya öz tarixini, yerini, ölçüsünü və.s dəyişir ikinci tamaşaçının öz-özünə olan nəzəri.

... üçüncü kənar göz, kənar nəzərdir. Bu bir də ola bilər, min də. Burda bir kütləvilik yaranır. Təbii ki, kənar müşahidələrin qənaətləri fərqli olur, amma adı eynidir: kənar göz. Hətta hadisəni törədən, icra edən də bir müddət sonra, iş qurtarandan sonra yaratdığına kənar göz ilə baxır, kütləyə qoşulur. Dünya daim bu kənar gözün müşahidələrini danışır, diqtə edir. Ona görə insanlar dəyişdirdiyinə, dəyişdirməyə çalışdığı şeyə, dəyişdirilmişə kənar gözlə baxır. Bu insanın aliliyinin acizliyidir. Yəni mövcudu dəyişdirmək olmur. Biz yalnız dünyaya baxmağa gəlmişik. Bizim dəyişdirmək istəyimiz sadəcə adi cəhdlərdir...

Uşaqlar
Ailə-məişət münasibətlərində mənə ən şirin gələn mövzu nənə, baba və nəvə münasibətidi. Çünki, əsl uşaqlarla “yaşlı uşaqlar”ın ünsiyyət prosesi meydana çıxır. Məsələn: babalar nənələrdən rəhmsiz olurlar. Nənələr də babalara nəvələr üçün rəhmsiz olurlar.

Altmış yaşlı babanın yaşını nəvəsi say çöpləri ilə sayır. Baba isə bu ömrü altmış ilə sayıb. Doğurdan da, hər şey UŞAQLAR üçün necə də asandır.

Sağda ata, solda ana, ortada isə onların əlindən yapışmış uşağı təsvir edin.


  1. Uşaq ata və ananı ayırır. Yəni onların arasına girib. Ümumi enerjinin yarısı ortadakı CİSMƏ ötrülür.

  2. Uşaq həm də onların əlindən yapışaraq onları ayrılmağa qoymur. Birləşdirir. Mərhum dostum Fərhad Metenin belə bir şeiri var.

Bütün acı xəbərlər gecə saaatlarında gəlir,

Məsələn, bir körpənin doğuluşu xəbəri.

Son qoyur kişi ilə qadının ayrılmaq istəyinə.
Cənnət və Cəhənnəm
Gözəlliyi cənnətə, gözəli mələyə, təmizliyi bulağa (zəm-zəmə), bəyazı südə bənzədə-bənzədə bu dünyada özümüzə o dünya yaratmaq istəyimiz var, deyəsən. Yoxsa, bu ibarələr təsadüfənmi yaranır? Balzaq yazır ki, “Allaha şübhə etmək ona inanmaq deməkdir”. Deməli biz cənnətə şübhə etmədən inanırıq. Hamımız?

Cənnət və Cəhənnəm, Xeyir və Şər, İşıq və Qaranlıq. Bu dualizmə fikir verdinizsə, müsbətlər həmişə birincidir. Bu prinsip cəmiyyətdə həmişə var, yaxşını əvvələ verib yamanı arxasınca göndərirlər,sırıyırlar. Ona görə insanlar həmişə aldanırlar...


Qadınlar və kişilər
Qadınların kişilərdən ən ümdə fərqlərindən biri də budur ki, onlar seçim imkanı qarşısında qalanda ən sərfəlini seçirlər, ən layiqlini yox. Bir də eşitmişəm ki, qadınların beyni kişilərin beynindən yüngüldü? Sizcə bu təsadüfdürmü?

Gender bərabərliyini qadınlar pozurlar, çünki ən azından onların sayı daha çoxdu. Qadınlar kişilərin qabırğasından yaranıb. Gec gəlib tez öyrənənlər kişiləri cənnətdən qovdurdular. Bu hal sonralar hamıya sirayət etdi. Tamahkar insan olan yerdə cənnət ola bilməz...

Adəmin qabırğasından Həvvanı yaratdı Allah. Ona görə də kişilərin canı (divin canı şüşədə olan kimi) həmişə qadınlardadı.

İnsanlar təkcə tamahkar olduqlarına görə cənnətdən qovulmayıblar, fikrimcə. Çünki Allah bağışlayandır, rəhimlidir O belə xırda şeylərə görə insanı Cənnətdən qovmazdı. Allah insanları ona görə qovdu ki, insanlar SÖZƏ xəyanət etdilər. Təsadüfü deyildi ki, dünyadan əvvəl söz yaranmışdı və Allah aləmi insanlara sözlə açıqlamışdı. Bütün dini kitablar sözdən ibarətdi. Allah bütün insanlara başqa yollarla da çatdıra bilərdi. Amma onlara məhz, kəlamlarla, sözlərlə anlatdı hər şeyi. O Adəmdən sonra da Sözə Xəyanət etmədi, dini kitabları yaratdı adəmin övladları üçün. Allahın Adəm və Həvvaya tapşırığı SÖZ idi. Onlar almaya – qadağaya yox, Allahın SÖZÜNƏ tapşırığına xəyanət etdi. Allahsa sözə xəyanət edənləri bağışlamır. Məsələn, söz qanmayan insanlar indi də xeyir tapmırlar, sözün müqəddəsliyinə inanmayanlar Allahın böyüklüyünü qana bilmirlər, fikrimcə.


Həqiqət
Czuan Tszı yazır ki, “Həqiqəti öz həyatınla dərk etməlisən, onu məktəbdə öyrənə bilməzsən”. Dünyada “həqiqət məktəbi” yoxdur və onun mövcudluğu həqiqət deyil. Yəni kimsə həqiqəti anlatmır, sadəcə sən yaxşını yamandan seçib onun həqiqətini tanıyırsan. “Ürəyini qolları”nın arasına alırsan və bu anda gerçəklik əsl HƏQİQƏTlə realizə olunur. Bəzən belə bir şey söyləyirlər – “onsuz da həqiqət ağrılıdır, bəzi hallarda hər şeyə nikbin baxmaq lazımdır”. Bu fikir birinci halda özünü aldatmadır. Yəni ölmüş quşun yanından iyrəndiyin üçün gözünü yumub keçirsən. Əslində isə o quş var. O, həmin yerdə ölüb və onun pis qoxusu sənin burnunda “yaşayır”. Dostoyevski yazır ki, “Həqiqətin qarşısını heç bir duman kəsə bilməz”. Məsələn: Napaleon dövrünün Fransası iyrərənc idi. Amma, Napaleona görə “gözəl” idi. Sonra necə oldu? Napaleon da ömür boxçasını yığıb qəbrə getdi. Hazırda Fransada onun ideoloji mərkəzi var və onun haqqındakı həqiqətləri açıqlayır. Yaxud ötən il Stalinin həyat və fəaliyyətini araşdırmaq üçün Rusiya Elmlər Akademiyası əmr verdi. Və onun haqqında yüzlərlə tədqiqat əsərləri yazılacaq. Deməli, Napaleon da, Stalin də duman idilər. Onların dövründə qorxudan yazılan kitablar da. Artıq həmin duman çəkilir, yoxdur və insanlar həmin dumanın arxasındakı mənzərəni – HƏQİQƏTi görmək istəyirlər. C. Oruell yazır ki, “İstəsək də, istəməsək də həqiqəti qəbul etmək məcburiyyətindəyik”. Bu fikir isə, məncə bir qədər yumşaq desək, ancaq qorxaqlıqla bəraət qazana bilər. Bizim istəmədən qəbul etmədiyimiz həqiqət nədir? Bizim etirazımız! Yox dediyimiz nəsnələrdir. Biz etiraz edib o həqiqətlərin qarşısını ala bilmiriksə, deməli, biz onu istəyirik, ən azı özümüzü qorumaq, başımızı salamat saxlamaq üçün. Axı azadlıq da həqiqətdir.

M. Servantes yazır ki, “Ən müdrik siyasət həqiqəti söyləməkdir”. Biz bir qədər əvvələ getsək və bizim dildə desək, bu o deməkdir ki, “Ən böyük biclik düzlükdür”. Məncə həqiqət biclikdən keçə bilməz, çünki ilkin halda onun yeganə yolu yenə həqiqətdən keçəcək. Yəni, həqiqiət elə HƏQİQƏTdir. Onun yoluna kimsə çıxa bilməz. Həqiqət yalnız həqiqətlə toqquşa bilər. Bu zamansa...

“Həqiqəti öyrənməyə heç kəsin gücü çatmır” (J Vondel). Bu fikirsə tamam absurddur. Bir növ passiv romantikadır, özünü aldatmadır, yalanı qaşıqlayıb yeməkdir. Həqiqəti öyrənməyə hamının gücü çatır, amma onu qəbul etməyə və öz həyatında xarakterizə etməyə gücün çatmır. Məsələn: XX əsr Azərbaycan ədəbiyyatında C. Məmmədquluzadə sırf realist üslubda yazırdı. XIX əsrdə çörəyindən burun çıxan Qoqolun qəhrəmanı kimi. Amma, romantiklər isə iki cəbhəyə ayrılmışdılar – gələcəyi və keçmişi çağıranlar. Yəni, bəziləri istəyirdilər ki, əvvəlki türkçülük, “turançlıq” qəbul olunsun, bəziləri deyirdilər ki, uğurlar hələ öndədir və demokratik cümhuriyyət yaranmalıdır. Reallıqsa ondan ibarət idi ki, indi kassa aparatından pul çıxara bilməyənlər kimi Novruzəli poçtalyonla davaşırdı. Əlbəttə, romantiklərin cümhuriyyət qurulmasında əməyi böyükdür, danılmazdır. Bütün ideologiyalara ən azından ideasına görə, fikir tarixini genişləndirməyə görə minnətdar olmaq lazımdır. Amma, həmin dövrün ədəbiyyatının zirvəsi HƏQİQƏTdir – Mirzə Cəlildir.

Q.Qaliley məhkəmədə yerin fırlandığını təskib edir. Amma, dilinin altında mızıldanır – “Hər halda fırlanır”. Bax bu, sükutun həqiqiətidir. İnsanlar onu qışqıra-qışqıra yox, pıçıltı ilə qəbul etdirirlər.

Həqiqət Don Kixotluq deyil, amma, Don Kixot həqiqiətdir. Don Kixot həqiqətdir ki, XVI əsrin avropa insanı cəngavərlik xülyasındadır. XX əsrin şərq insanı günəşin şərqdə doğması ilə öyünür. Həqiqət də məlum olduğu kimi iki yerə bölünür: İlahi və insani həqiqət. İlahi həqiqət dünyanı dərk etmədir. Yaradan yolu ilə öz həyat həqiqətlərini tamamlamaqdır. İnsani həqiqət özü də iki yerə bölünür. (Həqiqət bölünməzdir, bu, müəyyən mənada şərti xarakter daşıyır). Yəni, insanın inandığı həqiqiət – “ Məhəmmədhəsən əminin eşşəyi nə vaxtsa gələcək”. Bu yolda bir ömür hədər etmədir. İkinci həqiqətsə, gördüyün həqiqətdir. Bu vaxt isə həqiqət sənə dəxli olma dərəcəsindən aslı olmayaraq sən ona tabesən. Ən uzağı onu ömrün hansısa daşının altında gizlədə bilərsən. Həmin daşısa, mütlək bir gün kimsə tərpədəcək. Mütləq...

Qızıl haqqında
Poeziya lal doğulur. Səslənmir. Öz daxili azadlığı çərçivəsində dinə bilir. Şeir həmişə nəsirdən üstün olacaq. Çünki hamı bu lalı və dilbilməzi danışdırmaq istəyəcək. nəticədə o özü ilə danışacaq. İnsanın ən səmimi müsahibi elə özüdür və bu həmiş də belə olacaq. Ona görə də o əsl poeziya ilə qarşılaşanlar həmişə ozünü danışdıracaq. Nəticədə onun öz qənaətləri yaranacaq, ruhlarına cavab verməli olacaqlar. İnsan məhkum olunanda birinci cəzanı ona taleyi kəsir. İkinci cəzanı hakim, sonuncu cəzanı isə özün-özünə kəsir – niyə belə etdim deyə suallar yağdırır. Üçüncü hakim əbədi olaraq yaxanı buraxmır. İnsan ömrü boyu müxtəlif variantlarda ona cavab verir və haçansa o çoxlu cavabın içindən birini tapır, ruhuna rahatlıq gətirir. Şeir də şairin üçüncü hakimidir.

Ümumiyyətlə şeir niyə təklikdə yazılır deyə sual etmişəm həmişə özümə.



  1. Şeir doğulur, doğanlar həmişə utanırlar. Şairlərdə ona görə kənar gözdən qaçmağa çalışırlar

  2. Təklik insanı özü ilə üz-üzə qoyur. Və şair ruhi haqq-hesab çürütməli olur. O yaşantılarına qarşı cavab verməli olur. Bu səbəbdən də özünü gizlədir...

  3. Şeir şairin ağrılarıdır, başqalarını narahat etmək istəməyən qayğıkeş insan daim bu ağrıları başqalarından gizlətməyə çalışır.

C.Məmmədquluzadə yazır ki, “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən”. Şairlər məncə ölümdən qorxan adamlardı. Çünki onlar çox ölürlər. Məsələn, kəndirbaz ömrünün çox hissəsini kəndirin üstündə keçirir. Amma ən çox da kəndirdən qorxur. Çünki O çox yaxşı bilir ki, onun ehtimal etdiyi ən yaxın ölüm orda gizlənib. Şeir həm də bu mənada şairin “ehtimal etdiyi ölümdür”.

Fərid üçün məktub

(son söz əvəzi)

Əziz Fərid!

Başqasının, gənc bir adamın şeirləri haqqında yazmaq çox çətindi. İlk şeirlərimi göndərdiyim bəzi ədiblərimizdən məktub almamağımı bir vaxtlar laqeydliyin ayağına yazsam da, təfsilata varmadan həmin sükutların həqiqi mənasını anlamağa başlamışam.

Biz, ədəbiyyatla məşğul olmağı həyatının ən vacib işinə çevirmiş adamlar, əsas suala – “söz nədir?” sualına heç vaxt cavab tapmayacağıq. Tapmadıqca da bu sirr bizi öz əsarətində saxlayacaq, yazdıqlarımızın fərqində olmayacağıq, mübahisələrdəki çıxılmazlıqları isə “zövqlə bağlı mübahisə etmirlər” ifadəsi ilə ötüşdürməyə qalxacağıq.

Sən, mən, bizim kimi yüzlərlə, minlərlə başqaları bəlkə heç gözləmədiyimiz, nə hisslə, nə də rassional ağılla heç vaxt hesablaya bilməyəcəyimiz bir məqamda adi və gözəl həqiqətlə təkbətək qala bilər, onu görə bilər, fiksə edə bilərik və bu, müəllifin ömründən daha uzun yaşayacaq ədəbiyyata da çevrilə bilər. Özü də beş günmü, bir aymı, on ilmi yaşadığımızın fərqi belə olmaz. Bəlkə buna görədir ki, min səhifələrlə uzanan bir roman üç misralıq bir haykunun, bir Orxan Vəli şeirinin ifadə etdiyindən atrıq bir şey deməz, yaxud da, yüz misralıq şeir bir uşaq təbəssümünün yanında olduqca solğun görünər. Bəlkə buna görədir ki, bir kitabı oxuyub həmin kitabı oxumağını, heç vaxt yaddan çıxarmayacağın bir neçə misraya, bir neçə şeirə görə baş verdiyini anlamalı olursan. Sənin kitabında heç vaxt yaddan çıxarmayacağım şeirlər var:

“ Uşaqkən beşiyini bəzəmişdilər,

Daha sonra yüyrüyünü,

Sonra oyuncaq evini,

Evlənərkən gəlin maşınını,

Öləndə tabutunu, məzar daşını.

İndiysə deyirlər ki,

Rəhmətlik sadə adamdı...”
Yaxud:

Səhər bir oğlan doğulacaq, adı Vüsal.

Səhər bir qız doğulacaq Hicran adında.

Bir gün Hicran Vüsalı sevəcək.

Vüsal da Hicranı.

Bir gün Vüsal hicrana qatlaşacaq.

Hicran çatmayacaq vüsala.
Və ya misralar:

“... insanlar insanlardan başlayır, ölkələr sərhədlərdən.”

“...insanlar incimirlər, insanları incidirlər”

“qaraçıya pulla bərabər mərhəmətini də ver”

“... hər gün, ölmüş oğlunun ad günü olan ata var,

hər gün, gözləri yol çəkən kimsəsizlər var...”

“... dünya kimləri itirib:

Amma, özünü heç nə itirməmiş kimi göstərir...”


Mən yaxşı redaktor deyiləm, amma, pis oxucu və müşahidəçi olduğumu da deyə bilmərəm. Sonunculara əsasən fikrim belədir ki, sənin kitabın onu diqqətlə oxuyanlara nələrisə mütləq anladacaq. Bunu kitabının hansı səhifəsində, hansı şeirində tapmağı onlar özləri həll edəcəklər. Gecəmi, gündüzmü, ovqatlarının təlx vaxtımı, kefləri kök olandamı? Bu oxucunun neçə yaşı olacaq? Təcrübələri səndən çoxdumu, azdımı? Bu vacib deyil. Çünki, sən də bu mətləblərə müxtəlif məqamlarda gəlmisən. Amma, bir şeyə inanıram ki, çalışqanlığın (“Mədəniyyət” qəzeti üçün yazdığın araşdırma yazıları, rəylər, məqalələr, bəddi tərcümə sahəsindəki uğurların), böyük işlərin altına qorxmadan girməyin, ən əsası insan kimi düşünməyin və içindəki insan naminə gündəlik mücadilən sənin böyük ədəbiyyatdakı yolçuluğundakı ən etibarlı yol yoldaşın olacaq. Və bir də əminəm ki, illər sonra bu kitabın ən yaxşı redaktoru yenə sən özün olacaqsan...
Səlim Babullaoğlu

Şair-tərcüməçi,

“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru




http://kitabxana.net


Yüklə 235 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin