Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/24
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#676
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

HEYKƏL UÇULANDA 
 
Mənəm-mənəm deyənlərin inanma çox da qovluna! 
M.Ə.Sabir 
 
Yayın cızlamasında, bulvarın gur yerində su dükanının qabağında adam 
əlindən keçmək olmurdu. İki nəfər ağxalatlı zirək qız hər ovcunda dörd-beş 
stəkan siroplu su doldurub peydərpey camaata verirdi. Manatlıqdan, 
abasılıqdan hərə  əlinə  gələni yaş nimçəyə atır, su istəyirdi. Pul saymağa 
hövsələ, macal yox idi. Ucaboy, sarıyanız, həsir papaqlı, döşündən 
pəhləvanlıq nişanı sallanan bir oğlan adamları  kənara itələyib irəli yeridi, 
suçuya işarə elədi: 
- A qız, bəri dur! 
Stəkanlara qazlı su, sirop tökən başıaşağı qız etina etmədi. 
- Bəri dur demirəm sənə, həyasız! 
Oğlan bunu deyib taraş stəkanı qızın başına vurdu. Qız "vay dədə" deyib 
əli ilə başını tutdu, kürsüyə yıxıldı, fışqıran qan onun əlini, üzünü qırmızıya 
boyadı. Adamlar həyəcanla bir-birinə dəydilər: 
- Bu nə işdir? 
- Yazığın günahı nədir? 
- Bu xuliqanlıqdır! 
- Kimdir o? Niyə yaxalamırsınız cinayətkarı? 
Oğlan heç nəyə  fıkir vermədən vəhşi heyvan etinasızlığı ilə  şüşədən 
stəkana su töküb qurthaqurt içdi, stəkanı atıb getdi. 
Bütün gözlər onun tam yaraşıqlı uca boyuna, vəhşi hərəkətlərinə 
dikilmişdi, danışmaq, nəsə demək istəyənləri sakitləşdirdilər. 
-  Sus! 
- Bənd olma! 
- İş idi düşdü... 
- Necə yəni iş, xuliqanı yerinə aparmaq, alnına damğa vurmaq lazımdır. 
- Ay hay! Sən də qəribə danışırsan?! 
- Nə danışıram, əyri danışıram? 
- Axı, qardaş, bilirsən o kimdir? (Cavab gözləmədən, gizli bir sirri 
açan kimi bərkdən əlavə etdim.) Dünyamaliyevin bacısı oğlu! 
Bu sözü eşidəndən sonra danışanlar dinmədi. Qız da səsini kəsdi, 
ufuldamadı, yanındakılar da ona təsəlli verdi: "Keçib gedər, yayda qan 
aldırmaq cana xeyirdir, qızım! Qorxma, yaxşı olarsan!" 
  

178 
 
Dünyamaliyevin, daha doğrusu, Dünyamaliyev yoldaşın özünü 
tanımasam da... 
Pis danışdım; Dünyamaliyev yoldaşı yaxşı tanıyıram və bizim rayonda 
onu tanımayan yoxdur və ola bilməz. Ancaq ki, o məni tanımır, mənim kimi 
balaca bir adamı elə  mənsəb sahibi hardan tanısın və niyə tanısın, xırım-
xırda adamları tanımağa onda vaxt hanı? Onun nəyinə lazımdır ki, məni 
tanısın. 
Amma bacısı oğlunu mən tanıyıram, tanıyıram deyəndə bir əlaqəm, get-
gəlim yoxdur. Onun atası bir zaman bizim rayonda qəzet çıxardırdı. Famili 
də Aşumov idi (əvvəl Haşımov imiş, sonra belə olmuşdu), Dünyamaliyevin 
gurhagur vaxtında yeznəsi Aşumov da bizim rayon qəzetxanasının böyüyü 
idi. Düzdü, vəzifəsi qəzetxana müdirliyi idi, amma deyəsən kişi elə bütün 
rayonun ağası idi. 
Qəssabxanadan görərdin bütün bir qoyunu maşına basıb Aşumovun 
evinə aparırdılar. Xəstəxanadan "Aşumov yoldaşın evinə filan dərmanı 
göndərin". Teatrda eşidərdik ki, "hələ oyunu başlamayın, Aşumov yoldaş 
baxacaq, qoy gəlsin". Yollarda görərdik dirək uzadıblar, maşınları 
buraxmırlar ki, Aşumovun səsdən xoşu gəlmir. Aşumovun uşaqları da bunu 
bilirdilər. Aşumov budu gəldi, Aşumov odu getdi. Rayonda elə dik 
gəzərdilər ki, elə bil alçaq dağları bunlar yaradıblar. Aşumov belə Aşumov 
idi! 
Görərdin küçələrdə maşınların ağzı açıldı  nə açıldı. "Volqa"sından, 
"Pobeda"sından tııtmuş rayonda nə maşın var bəzənib yola çıxardı. Birində 
sazanda, o birində güzgü, bu birində tirmə şal, bu nədir? Aşumovun toyu! 
Özünün toyu yox ha, oğlunun, ya bacısı  oğlunun toyu! Bu dəm-dəsgah 
hamıya məlum idi. 
Adam yox idi ki, Aşumov onun yuxusuna girməsin, canına lərzə 
salmasın... Bizim rayonun camaatı buna bir növ alışmışdı, dözürdü, amma 
mərkəzdəki yoldaşlar buna dözmədilər. Gün o gün oldu ki, Aşumovu işdən 
çıxardılar. Mərkəzdən bir böyük komissiya gəlmişdi. Aşumovun işlərini 
yoxlayanda nə tapılmışdısa, nə yazılmışdısa kişi neçə həftə o yan-bu yandan 
kağız gətirdi,  şahid axtardı, heç nə  eşitmədilər. Dərhal  əmrini verib işdən 
çıxardılar.  İşdən çıxanda nə olar? Vəzifə  həmişəlik adamın boynuna 
biçilməyib ki! Amma Aşumovun məsələsi ayrı cür oldu. Camaata birtəhər 
gəldi: "Bəli, Aşumovu da dəbərtmək olarmış". 
Danışırdılar ki, Aşumov təyyarə ilə uçacaq, şikayətə gedəcək, böyük 
yerdən kağız-filan gətirəcək. Amma getmədi, məsələ ayrı cür 
  
 

179 
 
oldu. İşdən çıxandan, bilmirəm bir həftə, ya on gün sonra kişi vurğu vurmuş 
kimi yıxılıb öldü. Bir gecə yatdı, səhər durmadı. Biri dedi iflic olub, biri 
dedi ürəyindən, biri dedi böyrəyindən! Hər nəsə, yas quruldu, ağlaşma oldu. 
Kişini götürdülər, dəfn-kəfin elədilər. 
Hamı dağılıb işinə, gücünə getdi. Nə idarələrdə, nə küçələrdə, nə  də 
tarlalarda Aşumovdan bir əsər-əlamət qalmadı. 
Fələk öz işində idi. Yenə öz qaydası ilə  səhər açılır, axşam vaxtında 
düşür, günəş, bulud, külək, yağış, hava, hamısı qaydasında! Aşumovun 
uşaqlarının işi qəribə oldu. Bu firon uşaqlar indi kağız kimi qatlanmalı 
oldular. Necə  də qatlanmasınlar? Hara baxdılar, bir havadar görmədilər. 
Bunların gözünə dağ görünməz, Aşumov görünərdi. Ataları  həmişə 
qarşılarında uca bir heykəl kimi durardı. Uşaqlar elə bilirdilər ki, bu şəhərdə 
sözü keçən, adı tutulan bir adam varsa, o da atalarıdır. 
Şəhərin idarəsini, təşkilatını, adamların həyatını quran, qaydaya salan da 
ancaq atalarıdır. Amma elə ki, Aşumov öldü, gördülər yox, ey dili-qafıl! Nə 
qoyub, nə axtarırsan? Ölən bir qarğa, ya sərçə imiş! Dünyanın, camaatın heç 
vecinə deyil! 
Radiolar danışır, konsert verir, teatr tamaşaları göstərilir, tramvaylar 
zınqhazınq sağa-sola gedir. Camaat toy-bayram eləyir, evlər tikilir, küçələrə 
asfalt salınır, cərgə ilə  ağaclar  əkilir, göyərir, işıq dirəkləri ucalır, 
rəngbərəng maşınlar sürətlə belədən-belə keçir, milislər küçə  hərəkətinə 
nizam verir. 
Deyəsən heç bu şəhərdə  nə  Aşumov, nə  də  Aşumov nəsli var imiş! 
Böyük oğlu Nadir küçədə papiros damağında dayanırdı - görsün bunun 
kefini necə soruşacaqlar, gördü heç bunu görən, saya salan yoxdur. Axırda 
yanından keçən bir oğlanı tutdu: 
- Adə, student, mən Aşumovun oğluyam ey! 
Tələbə başa düşmədi: 
- Nə istəyirsən, xalaoğlu? 
- Deyirəm mən Aşumovun oğluyam. 
- Aşumov kimdir? 
- Aşumov?! 
Nadir az qaldı  tələbənin ağzından bir yumruq vura ki, "belə filan, 
Aşumovu məgər tanımırsan?" 
Tələbə onun barmağında sıxdığı papirosuna, qızaran üzünə baxdı, kefli 
olduğunu güman edib milis çağırdı. 
-Yoldaş milis, yoldan keçənə sataşır, bu keflini aparın. 
 
  

180 
 
Milis işçisi Nadirin qolundan tutanda Nadirin bütün bədəni gizildədi, 
zehnindən təəssüflü bir xitab keçdi. "Ey dili qafil, gör nə aləmdir, sən 
yatmısan, Aşumov kimdir, zad kimdir!" 
Nadir milisionerə də özünü tanıtmaq istədi: 
- Aşumov mənim papamdır! 
- Yeri, yeri, papa-mapa bilmirəm, vətəndaşlara sataşanın on beş sutkası 
var, yeri! 
Nadir bir ətrafına baxıb vurnuxdu, adamların başına vurmağa taraş-taraş 
stəkan axtardı. Milisioner onun qolundan tutanda oğlanın yadına düşdü ki, 
yox, indi daha o zaman deyil! Vaxtı ilə gözündə dikələn, böyüyən, 
parıldayan, rəngbərəng vəzifəli adamlar... Tunc, daş, sement heykəllər 
gurultu ilə uçulub töküldü, vahiməli bir mənzərə göründü... 
Nadir diksinib yuxudan ayılan kimi əllərini yuxan qaldırdı, başını tutdu, 
güman etdi ki, hamı vahiməyə düşəcəkdir. Qəribə idi, heç bu uçurumdan 
səs-səmir çıxmadı, deyesən bunlar hamısı qarışıq bir yuxu idi və ancaq onun 
gözünə görünürdü, ətrafına baxanda gördü ki, milisioner maşın çağırır: 
- Bu sərsəmdir, yeriyə bilmir, maşına qoy apar, növbətçiyə  təhvil ver, 
qoy ayıltsınlar, gəlib dərsinə baxacağam. Mən gəlməmiş damlamasınlar, 
gözləsinlər! 
Müxtəlif materialdan yaranmış cürbəcür heykəllər isə Nadirin gözündə 
hey uçulub tökülməkdə, toz-duman qoparmaqda idi. Sirli bir pərdə dalında, 
sükut içində  təkrar olunan bu mənzərəyə, deyəsən Nadirdən başqa baxan, 
tamaşa eləyən yox idi. Hər kəs öz işində idi. Adamların kefı saz, hava xoş, 
şəhər çilçıraqban idi. 
1962 

AY İSMAYIL, BAŞA SAL! 
 
Deyirlər rüşvətlə  bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən 
bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir 
vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər 
pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər 
rüşvət! 
Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. 
Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi 
alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada 
  

181 
 
nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin 
eləsi var ki, nə rüşvət, nə  də hörmət adlandırmaq olar. Bunun adını  mən 
özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı  şeydir. Mən bilmək 
istəyirəm ki, ayrı şey, yəni nə? 
Mən bir on-on beş il əvvəl Xaçmaz tərəfdə müəllim idim. Rayonun lap 
mərkəzində, meydanın qabağında, orta məktəbdə hesab dərsi deyirdim. 
Orda da bir "paxodnı" çəkmə geyən, saçı kəsik arvad, daha doğrusu xanım 
var idi. Nə istəsə heç kəs ondan müzayiqə eləmirdi. Adı da Rütubət xanım 
idi. Görürdün, Rütubət xanım budur gəldi qəssaba işarə elədi: 
- Əmioğlu, o şaqqa necə şeydir? 
- Erkək ətidir. 
- Çək onu! 
- Baş üstə! 
- Ya mədəd! 
Qəssab şaqqanı çəngəldən götürüb tərəziyə qoymaq istəyəndə 
xanım səsləndi: 
- Ya heç çəkmək lazım deyil, bük bir kağıza aparım. 
- O da baş üstə! 
Qəssab  şaqqanı, quyruğu da üstündə  səliqə ilə  qəzetə büküb verirdi. 
Rütubət xanım düzəlirdi yola. Mən təəccüb eləyirdim: 
- Bəs niyə pul vermədi? Düşünürdüm ki, yəqin tanışdırlar, sonra 
haqq-hesab çəkəcəklər. 
Həmin qadını  aşxanada xörək yeyib ayağa duran, ağız-burnunu silib 
çıxan görürdüm. Ya görürdüm ərzaq mağazasına girdi, qənddən, çaydan, 
düyüdən, yağdan səbətini doldurub çıxdı. Mağaza müdiri də baxa-baxa 
qalırdı. Lap məəttəl qalmalı işdir... Bəlkə lap kommunizmə keçmişik. Pullar 
götürülüb, mənim xəbərim yoxdur? 
Onu da deyim ki, saçı  kəsik qadın, yəni Rütubət xanım bu 
səyahətlərində  tək deyildi. Yanında ucaboy bir milis işçisi gəzirdi, onun 
səbətini, ya çamadanını gəzdirirdi. Bazarı gəzdikcə səbət dolub ağırlaşırdı, 
amma xanımdan bir qəpik də çıxmırdı. Lap təəccüblü iş idi? Bazarkom belə 
olmaz. Naloq yığan heç olmasa qəbz verir! Dequstator da belə eləməz! 
Bir dəfə gördüm təzə açılmış  bəzzaz mağazasında Rütubət xanım top-
top parçalar töküşdürdü, hərəsindən bir paltarlıq kəsdirib səbətinə yığdırdı, 
yoluna düzələndə bəzzaz çağırdı: 
 

182 
 
- Bura bax! 
- Nə var? 
- Bacı, pulu qaldı axı? 
- Nə pul? 
- Parçaların pulu! 
Arvad yanındakına tərəf döndü: 
- Ay İsmayıl yoldaş, sən başa sal! 
İsmayıl da bəzzaza yanaşdı ki: 
- Bənd olma! 
- Necə? 
- Deyirəm, bənd olma! 
- Bəs necə olsun? 
- Kişinin bacısıdır, yaz spesə! Spesə yaz! 
- Nəyə yazım? 
- Spesə! 
Bezzaz mat qalmışdı. Arvad barmaqlarını az qala onun gözünə soxub 
deyirdi: 
- Bu qanmazı hardan gətiriblər bura? Bəyəm məni tanımırsan? 
- Yox, bacı, tanımıram! 
- Tanıyarsan, keç otur yerində! 
- Axı necə? 
- Ay İsmayıl, bunu başa sal! Görəsən hansı dərədən gətiriblər. 
Guya Quba mahalında adam tapılmırdı. Başa sal, ay İsmayıl! 
İsmayıl da mağaza müdirini səslədi. Müdir satıcının üstünə qışqırdı: 
- Əyə, işin olmasm, spesdir! Yaz spesə! 
Mən də  kənardan bunları görüb mat qalırdım. Axı bu nə rüşvətdir, nə 
hörmətdir? 
Deyirlər bu qorxudandır. 
Qorxudan adam malını, pulunu quldura, oğruya, yol kəsənə verər, o da 
dağda, xəlvət dərədə, yamacda. Axı, günün günortaçağı,  şəhərin ortası, 
camaatın gözünün qabağı, Sovet hökumətinin oğlan vaxtı, kişi niyə malını 
əldən versin, belə şey görünməyib, canım! 
- Qorxudan! 
Sən demə, bu qorxu ayrı qorxu imiş. 
Sən demə, Rütubət xanım ayrı xanım imiş. Lap böyük adamın bacısı 
imiş. Qabağında kimsə dinmirdi. O, bazara çıxdımı, hamı gizlənməyə 
çalışır, satdığı malları qaçırdırdı. O da ayıq adam idi. İsmayıla göz 

183 
 
vurur, qırğı kimi gedəni yolda saxlayıb, ovlayır, xurcunları tökür, 
bəyəndiyini səbətə atırdı. Neçə illər həmin xanım mahalda atını oynatdı. 
1953-cü ildə, daha doğrusu,  əlli üçüncü ilin yazında birdən-birə Rütubət 
xanımın ayağı kəsildi. 
- Nə oldu bu xanıma? 
Xəbər verən yox idi. Biri deyirdi naxoşdur, biri deyirdi qaçıb. Kimisi 
deyirdi ölüb, amma milisioner İsmayıl yenə bazarda idi. İki  əlini dalında 
çataqlayıb dayanır, deyəsən məzuniyyətə  çıxmışdı, dayanıb bu fani 
dünyanın işlərinə tamaşa eləyirdi. 
- Ay İsmayıl, Rütubət xanım hanı bəs? 
İsmayıl bir ayağını götürüb o birisini qoyub, ətrafına baxınır, dinmirdi. 
Vaxtı ilə hamını "başa salan" İsmayıl, indi nitqdən düşmüşdü. Susurdu. 
-  Ay Ismayıl, necə oldu bəs o arvad! 
- Nə arvad,əyə? 
- Rütubət xanım. 
İsmayıl susub, boynunu qaşıyırdı. 
- Rütubət xanım hanı? 
- Ayrı söhbət danış! 
Rütubət xanım o gedən getdi, bir xəbər çıxmadı. 
Rütubət xanımın  şəhərdə boğazlı  çəkmə ilə addımladığını,  İsmayılın 
kölgə kimi həmişə onu izlədiyini,  əmrinə "baş üstə" deyib durduğunu, 
səbətini xüsusi bir zirəkliklə götürdüyünü görən adam deyirdi, bu arvad 
rayonun allahıdır. Heç güman etmək olmazdı ki, bu rayonda kök salan 
Rütubət xanım bu tezliklə yox ola! 
Amma  əlli üçüncü il yaman il idi. O ilin yazında nə oldusa, Rütubət 
xanımın çərxi çevrildi. Xanım o gedən getdi, nə onu görən, nə  də  əmrini 
eşidən oldu. Şəhər camaatı gülüb sevinir, şükür eləyirdilər ki, koxadan, 
yüzbaşıdan yaxamız qurtardı. 
Rütubətdən var-yox, bir İsmayıl qalmışdı. O da payız yarpağı kimi lap 
saralıb solmuş, kiçilib yüngülləşmişdi. Daha "başa salmalı" adam tapmırdı. 
Taqəti də yox idi. Rütubət xanım haqqında bir söz eşidəndə  xəcalətindən 
qızarır, üzünü yana çevirir, xahiş edirdi: 
- Ayrı söhbət danış! 
- Getsin o gunlər gəlməsm, ay İsmayıl! 
- Sənə dedim ayrı söhbət danış! 
 
1962 
 

184 
 
NİYƏ OVDAN AYAQ ÇƏKDİM 
 
Bu da bir azardır. Biri içkiyə, biri qumara, biri nərdtaxtaya, biri rəqs 
meydançalarında oynamağa, biri quşbazlığa, biri futbola qurşanır. 
Mən də ovçuluq azarına tutulmuşdum. Havada quş uçanda pişik kimi 
diksinib atılırdım. Başımdan ağrı tuturdu: "Bay, səni yanmayasan!" 
Güman edirdim ki, gördüyüm quşları ovlamamaq, vurmamaq mənim 
üçün həm qəbahət, həm də acizlikdir. Eşidən, görən deyəcək evdə iki-iki ov 
tüfəngi, özü igid adam, de gəl, əlindən bir iş gəlmir əfəldir. 
Bu fikir-xəyal, məni, demək olar, çöllərə salmışdı. Qazandığımı barıta, 
patrona verib çantama doldurur, hər istirahət axşamı maşına oturub 
şəhərdən çıxır, rayonlara düşürdüm. 
Kənd-kəsək, dərə-təpə demirdim. Dəniz sahillərində, dağlıq rayonlarda 
məni müəllim kimi tanıyan yox idi. Kimdən soruşsan, ovçu Kazım 
deyərdilər. "Ovcu Kazım odu getdi, ovçu Kazım budu gəldi". Her yerdə 
düşərgəm var idi. 
Ovçular özü də cürbəcürdür. Biri əsəb xəstəliyi ucundan, təmiz hava 
deyib çöllərə düşür. Biri bu peşədən qazanc götürür, bir başqası canavar, 
tülkü, qaban kimi vəhşi heyvanları qırmaqdan həzz alır. 
Məndə bu arzuların, nə bilim hansı var idi. Əslində heç biri yox idi. 
Necə və nə üçün ovçuluğa qurşandığımı özüm də müəyyən edə bilmirdim. 
Bəlkə aldığım silah, həvəslə oxuduğum kitabçalar, gördüyüm kinolar bu 
yola salmışdı. Bilmirəm hansı idi, ancaq on ilə yaxın idi ki, bu yola 
düşmüşdüm. 
Düşmüşdüm, özü də yaman düşmüşdüm.  İki otağımın biri yaşamaq 
yerim məskənim, ikincisi necə deyərlər, ovçuluq laboratoriyam idi. Burada 
qaban dərisi, qalın kürk, qulaqlı papaq, yun şal, boğazlı çəkmə, patrondaş, 
dəri torba, açarlı çanta, canavar əli, ceyran buynuzu, quş qanadı, xülasə, nə 
desən tapılardı. Özümdən başqa kimsə bu otağa girməzdi. Girsə  də baş 
çıxarmazdı. Anam mənə yalvarardı ki, oğul, otağı heç olmasa ayda bir 
süpürsən yaxşı olar... 
Onu deyim ki, mən ova gedəndə  mənfəət, ya qənimət düşünməzdim. 
Yeməli quşları, heyvanları yox, qabağıma çıxanı vurardım, bəzən qurbanımı 
heç götürməzdim. Vurduğum dovşan, ya tülkünü, tüfəngin 
  

185 
 
lüləsi ilə o yan-bu yana çevirib düz nişan almağımı yoxlar, snayper əsgər 
kimi öyünüb ötərdim. 
Ovçuluğun bir qaydası da var: nədənsə adam, rəhmsiz, qansız olur.  
Silah yaman şeydir. Adamı bərkidir, ürəyini daşa döndərir. Tüfəng əlimdə 
çölə  çıxdımmı, dünyasında mərhəmət bilməzdim. Vurub yerə  sərməyə bir 
canlı axtarardım. Eyib eləməsələr, yəqin ki, yol ağzında eşələnən, 
qaqqıldaşan toyuğu, xoruzu da nişan alardım. Çölə  çıxanda bir gün ov 
tapmasam, inanın ki, yəqin dərdə düşərdim. Nə isə, mənim günlərim belə 
keçərdi... İndi, yoldaşlar məndən soruşarlar ki, niyə tərgitdin, niyə ondan əl 
çəkdin. Nə sayaq oldu? 
Bu sirri heç kəsə deməmişəm. Deməzdim. Ancaq indi daha yaşımın 
keçmiş vaxtında söz ürəyimdə qalmasın, qəbrə getməsin deyə, açıram. Qoy 
başıma gələni yoldaşlar da bilsin, nigaran qalmasınlar. Dünyadır, bilmək 
olmaz! 
Belə oldu: "Yaxşı yadımdadır. Yaz idi. Aprelin axırı, ya mayın əvvəlləri, 
bəlkə də ortaları idi. İydə çiçəklənmişdi. Zəmilər ətir iyi verirdi. Yenə ova 
çıxmışdım. Gəncə çayının solunda Şeyx düzü deyilən geniş bir səhra uzanır, 
ucu gedib kiçik Qafqaz dağlarının ətəklərinə dayanır. 
İndi o yerlərin bir hissəsində şəhər salınıb, bir hissəsində də dəmyə taxıl 
əkilib. O il bərk yağınıq olmuşdu. Sünbül adama boy verirdi. Qoşalülə 
çiynimdə, axtara-axtara zəmiləri addımlayırdım. İtim  də yanımda yox idi. 
Yaralanmışdı, aparmırdım. Nə başınızı  ağrıdım. Birdən, deyəsən yerdən 
çıxdı. Xına rəngli bir ceyran dayanıb lap üzümə baxırdı. 
- Ay aman, tez ol, qaçar! 
Cəld tüfəngi aşırıb nişan aldım. 
O qəribə idi ki, ceyran lap on addımlıqda, üzü mənə sarı şax durmuşdu, 
baxırdı, görürdü, amma tərpənmirdi. Sanki o da məni saymırdı.  İnanmırdı 
ki, mənim əlimdən bir iş gələ. 
Heç əyilmədim. Ayaqüstü, tüfəngi sinəmə söykədim, başını nişan aldım. 
Güllənin açılmağı ilə heyvanın aşırılmağı bir oldu. Güllə  səsindən sonra 
həzin bir mələrti eşitdim. Bu nə idi? Başından vurulmuş ceyran mələyirdi? 
Yox! 
Diqqət eləyəndə  nə görsəm yaxşıdır. Ceyranın iki balası otun içindən 
qaçıb yamaca dırmaşdı. 
  

186 
 
Ana ceyranın qarnına baxanda gördüm ki, yazıq balalarına süd verirmiş. 
Ay yazıq! Balalar, rahatca durub əmdiyi yerdə, ana cəlladını görmüşdü. 
Görmüşdü, ancaq balasını əmizdirmək üçün dayanmış, tərpənməmişdi. 
Böyrü üstə  sərilmiş ceyranın axırıncı ürək döyüntülərini aşkar 
görürdüm. Görürdüm ki, yazıq heyvan, balalarından nigaran, həsrətlə can 
verir. 
Deyəsən, o səssiz, sakit çöldə üfüqlərdən, torpaqdan, tarlalardan hey 
qulağıma bir səs gəlirdi: 
- Qansız! Ərkansız cəllad. Bizlərdə yanıqlı mahnı oxuyurdular: 
                            
 Aman ovçu, vurma məni, 
  Mən bu dağın maralıyam! 
 
Bu yaşa gəlmişdim, dava meydanlarına da düşüb-çıxmışdım. Ömrümdə 
mən belə peşmançılıq, ürək ağrısı, vicdan əzabı  çəkməmişdim. Mələr 
qalmış balaların dalınca xeyli baxdım, onlar bir xəyala döndülər. Özləri 
kimi sütül sünbüllər arasında yox oldular. Yəqin ki, tarlalar onları 
gizlətməsə idi anaları kimi hansı bir cəllad ovçunun zavalına gələcək idilər. 
Elə bil başımdan bir çən dağ su tökdülər. Ceyrana əl vurmadım. Heç 
baxa bilmədim. Qan-tər içində tez geri qayıtdım. Tüfəng-qatarı bir yana 
atdım, o gündən tövbə elədim. Bir də mən, ovçuluq? 
- Ay tövbə! 
Ov  şeylərinə  əlimi də vurmadım. Anam onları bilmirəm neylədi, otağı 
güclə təmizlədi. 
Mənim ovçuluğum belə qurtardı. 
 
 
 
  

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AÇIQ KİTAB 
 
               Roman 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

188 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mir Cəlal 

189 
 
  
Bəzi ulduzlar kiçik olduqları üçün yox, 
olduqları üçün görünmürlər
  
 
 
BİRİNCİ HİSSƏ 
 
Birinci fəsil 
  
İlin o vaxtı idi ki, yay istisi adamların canından yenicə çıxmış, soyuq isə 
hələ kar eləməmişdi. Pəncərələr yenicə örtülür, qış tədarükü yada düşürdü. 
İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə 
atıldığını görmək, köhnəlmiş naftalin iyini duymaq olurdu. Dünənəcən 
sərinlik axtaranlar indi daha kölgədən qaçır, küçənin günəşli tərəfınə 
keçirdilər. Üzlərə  dəyən yüngül küləyin soyuqluğundan, saralmış 
yarpaqlarəın kəpənək kimi tək-tək yerə enməsindən, gündüzlərin 
qısalmasından, havaların tutulmasından, arana köçən durna qatarlarının 
göydən gələn boğuq səsindən, məhsul yığımından, meyvə bolluğundan... 
məlum idi ki, payızdır. PAYIZ 
Payızdır, lakin əsil payız havası müəyyənləşınəmişdir. Bir gündə  həm 
gün çıxır, həm yağış yağır, həm bürkü olur, həm külək! 
Xüsusən bu gün axşama yaxın qalxan soyuq külək, sanki yaydan 
küncdə-bucaqda ilişib qalan hərarəti tamam süpürmək, ağacları kökündən 
qoparmaq, qapıları  yıxmaq, küləşi sovurmaq, gözlənən  şiddətli soyuqların 
yolunu təmizləmək istəyir. Adamlar yaxalarını  bərk-bərk bağlayır, 
boyunluqlanı qaldırır. Çox üşüyənlər boğazlarını paltarın içinə çəkir, papağı 
xirtdəklərinə keçirir, gözlərini yumur, bellərini  əyir, küləkdə üzən kimi, 
çətinliklə yeriyirlər. Küləyin istiqamətinə tərəf gedənlər isə arxalarını sanki 
küləyə çevirir, yeyin yeriyir, yarpaq kimi boğanağa düşəcəklərindən 
qorxurlar. Küləyin ağzına aldığı kağız, ağac parçaları daşa, divara 
ilişınəyincə dayanmır. Yarpaqlar küçələr boyunca sürünüb gedən boz 
boğanaq içində  xış-xış  xışıldayır. Suların üzü örtülür, yuvasından azan 
quşlar güllə kimi daş-qaya dibinə, divar uçuqlarına düşürlər. Damlardan 
daranqıltı ilə  tənəkə parçası düşür, qum tökülür, pəncərə  şüşələri titrəyir, 
açıq qapılar  şaqqıldayır, dəyirman pərləri elə  fırlanır ki, görmək olmur. 
Çəpərlərdən çıxan tikan kolları oynaya-oynaya gəlib yol çuxurlarında bənd 
alır. Üfüq kəsif bir toz kütləsinə dönür, yer-göy birləşir, heç nə görünmür. 
  

190 
 
Eşikdə olanlar özlərini evə salmağa səy edirlər. Evdəkilər möhkəm 
geyinməmiş çıxmaq istəmirlər. 
Fatma arvad hələ  də  təndir başında  əlləşir. Obaşdandan qalxıb 
çirmənmiş, tabağı qabağına qoyub, pud yarım buğda unundan xəmir 
yoğurmuş, xəmir gələnəcən qaçıb təndiri qalamış, mətbəx boyu süfrə açıb 
şamama kimi sarımtıl kündələri bir-birinin yanına düzmüş, bişirməyə 
hazırlaşmışdı. 
Səhər gün qalxanda bacısı  Məsmə köməyə  gəldi. Fatmanı  əlixəmirli, 
qoluçirməkli, başında çalma, əynində önlük, pörtmüş halda qızmar təndir 
başında oturub kündə yayan, naxışlayan və yapan gördü. 
O, Fatmaya həm acıqlanır, həm küsənirdi. Acıqlanırdı ki, o əjdaha kimi 
işləyir, "yeddi kürdün işini görür" xəstələnə bilər. Küsənməyi də onun üçün 
idi ki, özündə bu bacarığı, "əl-qol gücünü" görmürdü. 
Doğrudur, Məsmənin işi Fatmaya nisbətən yüngül idi, amma Məsmənin 
canı sağlam deyildi. Özünü bərkə verən kimi kürəklərindən ağrı qopur, 
damarları gizildəyir, "sümükləri sancırdı".  İki gün yorğan-döşəkdə arxası 
üstə yatmamış, tərləyənəcən çay içməmiş özünə gəlmirdi. Ürəyində deyirdi: 
"Bu can, bu bazburud, bu davam niyə məndə yoxdur! Bir ananın, bir atanın 
övladı deyilikmi? 
Fatma Məsmənin salamını aldı. İşarə elədi ki, kündələri yaxma yığ. 
Məsmənin verdiyi kündələri vərdənə altında yayır, burmacı ilə 
naxışlayır, yumurta sarısı sürtür, bir çimdik zəyrək səpir, sonra təndirin 
qızarmış yerini nişan alır, üzünü yana tutub istiyə cumulur, çörəyi yapıb tez 
qalxırdı. 
Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü. Fatma 
qırğı kimi özünü təndiri toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, 
buğlana-buğlana süfrənin üstünə atırdı. Mesmə  də isti çörəyi sahmanlayır, 
bir-birindən aralı qoyur, soyudurdu; ötüb keçən uşağa, qonum-qonşuya "iyi 
gələr" deyə  kəsib verirdi. Fatma öz qızı üçün, Bakıda oxuyan oğlu və 
Məsmənin uşaqları üçün ayrıca yağlı  fətir kündəsi hazırlamışdı. Xəmirin 
axır-uxurunda bunları da yapacaq idi. Qəfildən külək qopdu, həyəti tozanaq 
bürüdü. - Qanadı qurumuş, bir möhlət vermədi çörəyi yığışdıraq. Qadınlar 
tələm-tələsik tabağı, süfrəni, təndiri örtdülər. Hazır çörəyi yığışdırıb içəri 
apardılar. Məsmə damda kəklikotu sərmişdi, dizini döyüb qaçdı. Fatma 
tələsdiyindən qalan kündələri sıx-sıx yayıb, təndirin ağzını örtdü. Külfəni 
qapadı. 

191 
 
Sadıq kişi poçt ilə Bakıya, tələbə  oğluna göndərəcəyi bağlamanı 
sahmanlayırdı. Üzüm yeşiyinə bir balaca bərni bal ilə bişirilmiş halva, bir 
neçə gülöyşə nar, alma-armud qoymuşdu. Fətirlərə yer düşünürdü. "İsti 
şeydir, - deyirdi, - bura qoysam yağı çıxar". 
Qapıya çıxıb səsləndi: 
- Havağa bişəcək, havağa soyuyacaq? 
Fatmanın da acığı tuturdu: 
- Ondan tez ola bilmərəm ki! 
- Poçt bağlanır axı! 
- Sabahı yoxdurmu? 
Sadıq cavab vermədi. O, nə olursa olsun, bu gün bağlamanı göndərəcək 
idi, çünki saat xoş idi, evdə xeyir-bərəkət vaxtı, çörək bişən gün idi. Bu, 
bəlkə Fatmanın yadına düşmürdü; ona görə də Sadığın cidd-cəhdi, təlsməsi 
onun halına təfavüt eləmirdi. Sadıq bağlamanı yerbəyer eləyib səliqə ilə 
tikdi. Əlinə alıb ağır-yüngül elədi, o yan-bu yanına diqqətlə baxdı, ürəyində 
dedi: "Devə belinə atsan, lap dünyanın o başına gedib çıxar". 
Kişi öz əlinin qabiliyyətinə  fərəhlənən kimi, cəld ayağa qalxıb 
bağlamanı qoltuğuna vuranda dayandı. Bağlamanı təkrar əlləri arasına aldı. 
Poçtdakıların rəngbərəng saplara bu tikişə irad tutacağı ürəyindən keçdisə 
də, elə möhkəm bir bağlamanın rədd olunmayacağını  yəqin edib qapıdan 
çıxdı. Həyəti başına alan tozanağı görəndə Sadıq kişinin ürəyinə yenə 
şübhələr gəldi. O, həmişə tufan, külək, ya göy gurultusunu öz gündəlik 
işləri, həyatı ilə bağlar və yozardı. Xüsusən payızın bu zamanında açıq 
havada həyətdə çörək bişirildiyi halda birdən qopan bu bərk küləyi Sadıq 
bir xəbər, özü də uğurlu, xoş xəbər əlaməti saydı. "Lənət uğursuza" deyib 
yollandı. Darvazaya sarı ged-gedə arvadını səslədi: 
- Ay uşaq, qıyığı yiyəsinə ver; aralıqda əl-ayağa batar! Mən getdim! 
"Bisınillah" deyib, addımını darvazadan, balaca qapıdan eşiyə atanda, 
əlində çamadanı olan və içəri girmək istəyən adam ilə elə üz-üzə gəldi ki, 
qara çamadan ilə  ağ bağlama bir-birinə toxundu. Sadıq ürəyinə  zərbə 
dəymiş kimi tez: 
"Yavaş, yavaş ol!" deyib geri çəkildi. 
Gələnin üzünə baxanda yerində dondu, bir an hərəkətsiz qaldı. Sonra 
üzündə ani bir təbəssüm doğdu və yox oldu. Əlini oğluna tərəf uzatdı. Sual 
və təəccüblə onun üzünə baxa-baxa dedi: 
  

192 
 
- Nə əcəb, Vahid? Nə əcəb? Bu vaxt? 
Görüş sevinci bir an içində müntəzirliyə çevrildi. Bu gəlişin səbəbini 
fikrinə gətirə bilməyən ata tez-tez soruşurdu: 
- Xeyirdimi, əyə? Tətil-zadmı var? Nə əcəb? 
Vahid çamadanı qapı ağzında qoyub, əllərini ovuşdurdu. Atasına dönüb 
nə isə demək istədi. Bağlamaya baxdı: 
- O nədir? 
- Sənə göndərirdim, ayın-oyundur, elə bu saat poçta gedirdim! 
Bəs niyə gəldin? 
Vahid dinmir, cavab verməkdə  çətinlik çəkirdi. Sadıq kişinin ürəyinə 
gəldi ki, "uşağın qəlbinə dəyərsən, evə gələndən səbəb soruşmazlar!.." 
- Bəri gəl! - deyə içəri apardı. - Otursana! Otur, dincini al, yol gəlmisən, 
otur! 
Fatma qolu çirməkli, üst-başı unlu içəri girdi. Oğlunu qucaqlayıb 
öpəndə, balaca qızı  Nəzirə  də altdan-yuxarı pişik balası kimi qardaşını 
marıtlayırdı. Bilmirdi anası kimi qucaqlasın, yoxsa, Vahid kimi dik 
dayansın. Fatma stola örtük salır, pəncərələri basır, pərdələri qaldırırdı; indi 
o, elə cəld tərpənirdi ki, deyəsən oğlunun görüşündən qoluna xüsusi qüvvət 
gəlmişdi. 
Fatma eyvanda samovar qoyub çay tədarük edir, Vahid Nəzirəni qolları 
arasına alıb oynadır, top kimi atıb-tuturdu. Sadıq kişi isə əlini əlinin üstünə 
qoyub dayanmış  oğlunun söhbətini gözləyirdi. Vahidin ona bir cavab 
verməməsi acığına gəlmişdi.  Əvvəlki zamanlar olsa, qulağının dibini 
qızışdırardı ki: "Sənnən deyiləmmi, niyə cavab vermirsən? Kar-zad deyilsən 
ki?!". Ancaq indi bu hiss Sadıq kişinin özünə  də gülünc gəlirdi. Çünki 
Vahid daha kirli-pasaxlı  kənd uşağı "Çobanbala" deyil, karlı-başlı bir 
tələbədir; ustidəndir, Bakı kimi yerdə oxuyur, mərifət öyrənir, onunla belə 
rəftar yaramaz. Bəlkə də Vahid gəlişinin səbəbini qəsdən gizlədir, atasının 
suallarını  qəsdən qulaqardına vururdu. İki yerdə cavab gec gələr: bir 
əhəmiyyətsiz olanda, bir də lap vacib olanda. Görəsən Vahiddə bunun 
hansıdır? 
Min  əzab, min bir ümidlə  oğul böyüdüb, uzaq şəhərlərə, ali məktəbə 
oxumağa göndərən atanın ürəyinə neçə-neçə gümanlar gəlirdi: 
"Görəsən, adamdı-işdi, dərsdənmi kəm-kəsiri olub? Əlindən, Allah 
eləməmiş xatamı  çıxıb? Bəlkə  işə  gəlib, komsomol adamdı, bəlkə 
göndəriblər elə?" 
Sadıq kişi dözə bilmədi. Vahidin qolundan tutub silkələdi: 
  
 

193 
 
-  De görüm, nəyə gəlmisən? Dərs vaxtı ki, adamı buraxmazlar? 
Vahid başını aşağı saldı, zəif, məyus bir səslə cavab verdi. 
- Nəyə gələcəyəm... Məktəbdən çıxartdılar... 
- Necə? Səni məktəbdən çıxartdılar? 
- Çıxartdılar, kənar elədilər. 
- Neyləmisən, məktəbdən çıxardalar? 
- Nə eləyəcəyəm, heç nə? 
- Dərsi çatdıra bilmədin? 
- Yox əşi, hamısından beşəm. 
Vahid danışmaq istəyirdi, ancaq atası sualı sual üstündən yağdırırdı: 
- Yoxsa, əlindən xata çıxıb? 
- Elə iş olar, ata, məni tanımırsan? 
- Bəs niyə çıxartdılar? 
- Heç zad, düz-əməlli bir söz deyirlər ki! 
- Necə ki,  deməsinlər? Bəlkə müdirdən-zaddan küsmüsən? Yoxsa, 
yoldaşlarınla savaşmısan! Düzünü danış, mızıldama. Vahid atasının 
intizarını görüb, deməyə məcbur oldu: 
- Dedilər, səndən material var. 
- Nə var? 
- Material! 
- Material nədir? 
- Srağagün tədris hissə müdiri çağırmışdı. Mənə bir kağız göstərdi. 
- Hissə müdiri kimdir? 
- Direktorumuzun köməkçisi. Dedi: "Əmr var, kənar olursan". 
Məndən savayı da beş nəfəri çıxartdılar. Birinin nəsə naxoşluğu var idi, 
birinin də üstünə  oğurluq yıxdılar. Biri qız ilə  məktublaşımışdı. Bir xəbis 
adam var, iş başına soxulub, tələbənin düşməni! Hamısını eləyən odu. 
- Bəs səni niyə qovdular? 
- Mənə bir onu dedi ki, material verilib. 
- Axı nə material? 
- Nə material olacaq: atan arı saxlayır, kolxoza yanaşmır, nə bilim, vergi 
verir... 
- Elə bu? 
- Mən bilən elə bu! 
Sadıq kişini heyrət aldı. Qorxulu bir şeydən qorunmaq istəyənlər kimi 
qollarını açdı, əllərini qabağa verdi, vücudunu geri əydi. 
  

194 
 
- Arı saxlamaq qadağandır? Bunu hansı mərdimazar deyir. Qəzeti qərarı 
onun gözünə soxaram mən! Dünya hələ bəslik-zad deyil ki! 
Vahid bu bəhanənin yersizliyini daha artıq hiss etdi: 
- Yəni ki, hökumətə vergi-filan verir! 
Sadıq təəccübdən dik qalxıb oturdu. Yenə qalxdı, hirsdən boğulmuş 
kimi, baxa-baxa qalxdı. Birdən sesləndi: 
-  Ədə, bəs vergi verınəsəm ispalkom mənə  nə deyər? Bu nə sözdü? 
Hökumətimin qoyduğu vergini qəpiyinəcən ödəyirəm. Bu günah olur? 
- Bəhanəsi odur ki, kolxozçu deyilsən, təksən! 
- Arıçıdan kolxoz var? Şəhərdə beş adam saxlayır, biri də mən! 
Gəlsin, yığsın, hamıdan qabaq mən olmasam, onda desin. Bu işin 
direktora nə borcu, uşağın oxumağına nə  dəxli, canım? Lenin yoldaş özü 
deyib oxuyun. Oxumaq Şura hökumətində hamıya volnadır. Direktor bunu 
bilmir? 
Vahid dinmədi. Sadıq əlini tovladı: 
- Yox, bu bir söz olmadı, bir sözə oxşamadı. llin bu vaxtında səni 
dərsdən ayırıb evə yola salmaq nə işdir? 
- Deyir təksən, olmaz! 
- Təksən! Tək olanda nə olar? Murtuzun dədəsi tək deyil, Mehralınınkı 
tək deyil? Budur, bu üzdən Heybet uşağı  tək deyil? Yekə mahalda hamı 
kolxoz ola bilməzdi ki! Hammın da uşağı Moskvadan bəri handa bir böyük 
məktəblərdə dərs alır! Demədin atam s’nətkardır? 
Vahid bütün təfsilatı atasına danışmağa başladı: 
- Partiya komitəsində işləyən var, dediyim o mərdimazar! Ondan bir gün 
qabaq məndən soruşdu ki, atan kolxozdadır, ya yox? Dedim, yox. Daha bir 
sözü olmadı. Çıxıb getdi. İki gün keçmədi ki, divara əmr asdılar, məni 
çıxartdılar. 
Sadıq inanmadı: 
- Bundan ötrü adam qovmazlar, o boyda da hərki-hərkilik olmaz, 
düzünü de! De, qorxma, danış görüm, məni niyaran qoyma, açıq danış! 
- Qoyursan ki, deyim, ağzımda danışıram da. 
İlk dəfə idi ki, Sadıq kişi oğlunun,  əziz-xələf oğlunun səsindəki həzin 
riqqəti görüb duyur, ürəyinin başı  ağrıyırdı.  İndi o, etdiyi sorğu-sualın 
hamısını artıq və yersiz sayırdı, özünü danlayırdı: "Bir yandan mərdimazar 
işi, bir yandan da özüm uşağı silisə tutub sinsidirəm... Lənət sənə kor 
şeytan!" 
 

195 
 
Atanın da ürəyi kövrəldi. Özünü toxtatdı, səsinə mehriban ahəng verdi: 
- Danış, bala, nə var söylə; burda özgəsi yoxdur ki, ev bizim sirr bizim. 
Söylə görüm, başına nə iş gəlib? Nə olar, iş adam başına gələr, nə olar, di 
söylə! 
- Orda salyanlı bir köpəkoğlu var: Gəldiyev. Nəsə  məngən düşüb: gah 
partkoma çağırır, gah dalımca gəzir, gah sifariş göndərir, gah iclasda adımı 
çəkir... 
- Nədən sarı çəkir? 
- Nədən sarı  çəkəcək, yaxşılığa çəkməyəcək ki: "Nayıbov ictimai işə 
yapışmır, Nayıbov sözə baxmır, Nayıbov filan-peşmakan". Mən də baş 
qoşmuram. O kim, mən kim! Başımı  aşağı salıb dərsimi oxuyuram. "İt 
hürər, karvan keçər", "Yel qayadan nə aparar?". Gedib direktorun ovcuna nə 
qoyubsa, nə qandırıbsa, götürüb əmr veriblər. 
- Bəs direktorun ağlı hardadı? 
- Ağlı başındadır. Amma Gəldiyevə inanır. Partiyaçıdır, özü də büronun 
üzvü. Onu qoyub mənə inanmayacaq ki. Bizim institut neft institutundan 
ayrıldı. Onda siyahı-filan tuturdular. Gəldiyev məni bir-iki dəfə çağırdı, 
danışdırdı. Deyirdim, yəqin iş tapşıracaqlar. Nə bilim, görünür pis niyyəti 
varmış... 
Vahid susmuşdu. Sadıq kişinin yenə  də qulağı onda idi. Dalısını 
danışacağını gözləyirdi. Vahidin qəzet parçasını qabağına çəkdiyini 
görəndə, sözünü bitirdiyini bildi: 
- Bəs, bir yerə gedib eləmədin? Ərizədən-zaddan? 
- Getdim komsomol komitəsinə, dedilər, baxarıq, "Baxanğa" da mən 
dözə bilməzdim. Əmrin bir üzünü komendanta göndərdilər. Çarpayımı alıb 
özgəsinə verdilər, yataqxanadan çıxartdılar. Qürbət vilayətdir, yerim yox, 
adamım yox, cibimdə yaxşı pulum yox. Harda qalıb gözləyəydim! Ərizəyə 
də o saat baxmırlar. Neçə gün yoxlayırlar, komissiya düzəldirlər, uzun 
çəkir. Qalmaq olmur. 
- Qalmayanda da bəs nə olsun, atıla-atıla gəlmisən bəri. Nahaq yerə 
qovurlar, dinməz-söyləməz çıxıb gəlirsən. Özü də bu zamanda. 
Şura hökumətinin gül kimi qanunlarını o salyanlının gözünə soxaram! 
Necə  yəni! Səndə olan o savad, o qələm məndə ola, görərsən o 
salyanlıdı, nədi, məhşər ayağına çəkirəm, ya yox! Necə yəni... 
- Elə yerdə kömək lazımdır. Komsomol komitəsi də direktoru, partkomu 
qoyub mənim sözümü danışınayacaq ki? Arıçı oğlunu kim tanıyır? 
  

196 
 
Sadıq kişi yenə hirsləndi: 
- Adə, heç deyəsən bu oxumaqlar-zad sənə kar salmır axı! Direktora, 
üzgörənliyə  tərəf durandısa, daha o nə komsomol oldu. Başda oturanın 
tərəfinə hamı durar, hünər odur, sənin kimi kasıb-kusubun, əlsiz-ayaqsızın 
dadına çatsın. Komsomolu biz belə görmüşük. Belə  eşitmişik. Bədbihesab 
işə rast gələndə komsomol səs salıb, dünyanı  yığıb tökər. Xanlar oğlu 
İbrahim nə idi? Dərənin bir lütü! Yekə rayon ispalkomunu qulluğundan 
dəbərtmədimi? Yadından çıxıb? Nə var, nə var, ispalkom ona demişdi: 
"Niyə teatr verirsən". Bir sözün üstündə. 
Komsomol haqqın vəkilidi. Nə əcəb sən sözünü yerinə çatdırmamısan? 
Vahid dedi: 
- O vaxta baxma. İndi olsa... Bir də rayon hara, Bakı hara. Yekə, derya 
kimi şəhərdir. Bir böyüyə şikayət eləmək üçün gərək neçə qapıdan keçəsən. 
- Əsil elə şikayətə baxan yer oradır. Şəhərə, raykoma hay sala bilmirdin 
ki, nahaq iş var, gəlin! 
- Hay salarsan, deyərlər xuliqanlıq eləyir, hay nədir? 
- İndi bəs fıkrin nədi, dərsi boşluyacaqsan? 
- Dərsi niyə buraxıram. Bu məktəb olmasın o birisi olsun. Gərək elə 
Gəldiyevin murdar üzünə duram. Gedərəm Neft institutuna, həkimliyə. 
Ancaq ilin bu vaxtında heç yerə götürməzlər. Səntyabracan götürınəzlər. 
- Adam işinin üstündə bərk durar. Gündə bir qapıya nəyə lazımdır? Bəs 
əyripilan sürməyin necə oldu? 
- Necə olacaq, klubda öyrənirəm də... 
- Ordan qovmazlar ki? 
- Ordan niyə qovurlar. Klubdur, kimin başarığı var, gedir öyrənir, orada 
mənim işimi bəyənirlər. 
Oğlunun bu hərəkəti Sadığın xoşuna gəlmədi. Ancaq fikirləşdi ki: 
"Dünənki ana uşağıdır. Birdən-ikiyə belə  şeylər görməyib, bərkə-boşa 
düşməyib, mərdimazara rast gəlib, danlamağa dəyməz". 
Ayağa qalxdı: 
- Sən çayını iç, gəlirəm. Yəhya müəllimgilə  dəyim görüm. Sən 
çayını iç, qayıdıram! 
Sadıq kişi yaxasını  əli ilə örtmüş, qabağa tərəf  əyilmiş halda soyuq 
küləyə qarşı gedir, gedə-gedə fıkirləşirdi: "Mənim oğlumu ata-baba üstündə 
qovmazlar. Biz əvvəldən əliqabarlıyıq. Pis oxumağına görə 
  

197 
 
də olmaz. Həvəsli uşaqdır, kitabı üfürə-üfürə saylayır. Gecəsi-gündüzü 
dərsdir. Çaxır içən, şayka-maykaya qoşulan da deyil. Pis yol tanımır. Mən 
elə  oğul böyütmərəm. Vahid quzu kimi uşaqdır. Qovsalar-qovmasalar, bir 
paxıllıq üstündə, gözgötürməzlikdən olacaq. Müsürman qardaşıq, 
mərdimazarlıq kimi dədə-baba sənətimiz var". 
Sadıq kişi mərdimazardan çox çəkmişdi. Oğluna atılan bu daşın 
bədxahlar  əlindən çıxdığı  xəyalına gələndə  əsəbiləşdi, qaşları düyüldü, 
addımlarını yeyinlətdi, ürəyində dedi: "Vahid bacarmasa da, mərdimazarın 
öhdəsindən özüm gələcəyəm! Hələ o qədər  əldən düşməmişəm. Özüm 
sübuta yetirəcəyəm.  Şura hökuməti haqq üstündə qurulub, haqqa zaval 
yoxdur! Lap səntirəcən getməyə varam!". 
 
* * * 
 
Vahid düz danışmırdı. Geldiyev onun nə ictimai işə yapışmamağından, 
nə sözə baxmamağından, nə atasından-filanından yanıqlı idi. Bunlar hamısı 
zahiri söhbət idi. Əsil məsələ başqa idi. 
Vahid bunu atasından gizlətsə də, biz oxuculardan gizlədə bilməyəcəyik. 
Gəldiyev ilə onun arasında keçən ildən bəri davam edən nazik bir mətləbi 
oxucular bilməlidirlər. Bu mətləb bu il bir az yoğunladı, bərkidi, 
gərginləşdi, hərif təkan vuran kimi qırıldı, Vahid isə ağzı üstə yerə gəldi. 
O mətləbi Vahid atasına açıb danışa bilmirdi, danışa da bilməzdi. 
Qayıdanda xəyalında qoymuşdu ki, soruşsalar, deyəcəyem: "İntriqaya 
düşdüm". 
Vahidin qovulmasının başqa səbəbi var idi. 
İnşaat institutunun layihə  şöbəsində Rübabə adlı bir qız oxuyurdu. 
Bakılı, tarzən Səttarın qızı idi. Ucaboy, alagöz, qarasaç, gərdənli, gülərüzlü 
- bir sözlə, gözəgələn bir qız idi. Rübabənin təbiətən cəld, dik, məğrur yerişi 
var idi. Çox adamın ona gözü düşmüşdü. Ancaq Rübabənin gözü özündə 
idi, çünki Rübabə bu məktəbə görməyə-görünməyə, axtarmağa yox, 
doğrudan da oxumağa gəlmişdi. Onun fikri-zikri dərs idi, təhsil idi, elm idi. 
Həmin illərdə ali məktəblərdə  dərslər briqada üsulu ilə gedirdi. Bütün 
qrup bir neçə briqadaya bölünür, briqadirin rəhbərliyi ilə  dərsə azırlaşırdı. 
Tələbələr yoxlamaya gələndə də briqada ilə, briqadirin ilə gəlirdilər. Tələbə 
bəzən müəllimdən çox briqadir qarşı- 
  

198 
 
sında cavabdeh idi. Briqada isə bütünlükdə müəllim qarşısında cavabdeh 
idi. Bir tələbə dərsdən zəif olanda bütün briqada zəif sayılırdı. 
Sinifdə  dərs briqadaları bölünəndə Rübabə  Gəldiyevin briqadasına 
düşdü. Tələbələr arasında danışırdılar ki, Gəldiyev qəsdən Rübabəni öz 
briqadasına, ya özünü Rübabənin briqadasına salıb. 
Birinci sülsün ortalarına yaxın idi. Şirin məşğələlər gedirdi. Riyaziyyat 
dərsində Rübabə stulunu götürüb, Vahidin briqadasına yanaşdı ki: "Mən 
sizinlə oxuyacağam". Gəldiyev əvvəl sevindi və belə düşündü: "Mənə naz 
eləyir. Partkom üzvüyəm, vəzifə sahibiyəm. İstəyir mənimlə oynasın, bunu 
da camaata hiss etdirsin. Qızlar axı vəzifəpərəst olurlar..." 
Rübabəyə  işarə elədi: "Gəl öz yerinə!". Dərs arasında Vahidə kağız 
yazdı: "Xahiş olunur briqadandan yabançıları qovasan!" Vahid kağızı 
Rübabəyə göstərdi. Rübabə  Gəldiyevə cavab vermədi. Gəldiyev 
başqalarının eşidəcəyi bir səslə Rübabəni çağırdı: "Qız, yerinə gəl deyirlər 
sənə!". Rubabə yenə etina etmədi. 
Zəng çalınandan sonra, Gəldiyev saçını geri atdı,  əlini cibinə qoydu, 
Rübabəyə yanaşıb, özünü tox tutdu: 
- Dərsə şuluqluq-zad salmaq lazım deyil, gəl öz briqadana! 
- Mən indi lap öz briqadamdayam, arxayın ol! 
Qız bu cavabında möhkəm durdu. Gəldiyev tədris müdirinə dedi, dekanı 
çağırdı. Rübabə dediyindən dönmədi: "Mən Vahidin briqadasında 
oxuyacağam, vəssalam! Gəldiyev özü nə bilir, mənə nə öyrədə! Gündə üç-
dörd dərs buraxır. Onun ucundan mən də imtahandan qala bilmərəm". 
Nə dekan, nə sinif rəhbəri Rübabənin xatirinə  dəydi: "Harada istəyir, 
qoy otursun", dedilər. 
Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi. Gəldiyev 
heç vaxt güman etməzdi ki, Allahın bir "artist" qızı onun hörmətini, 
vəzifəsini saymayıb sözünü yerə sala, hələ dalınca da artıq-əskik danışa. 
Gəldiyev zənn edirdi ki: "Qızda bu cürət, bu iddia olmaz. Rübabəni öyrədən 
var, dil verən var. Vahidin şətəli keçib". 
Giley-güzarını dönə-dönə Rübabəyə çatdırsa, hətta onu hədələsə də qız 
briqadaya qayıtmadı. Sözündə möhkəm durdu. Deyəsən Rübabə Vahid ilə 
birləşib Gəldiyevə meydan oxuyur, ya yanıq verirdilər. Hələ bir dəfə 
Rübabə Gəldiyevin iclas açdığı zaman pıqqıldayıb gülmüşdü də...  

199 
 
Gəldiyev bunları  təkrar-təkrar xatırlayır, içindən yanır, az qalırdı 
Rübabənin qolundan tutub məktəbdən bayıra tullasın. 
- Yaxşı, - deyirdi, - baxarıq, ay artist qızı! Səni ayağıma gətirməsəm, 
qabağımda ağladıb, diz çökdürməsəm Gəldiyev deyiləm, Getdiyevəm! Sən 
məni arıçı  oğluna satırsan? Sən məni iki pulluq eləmək istəyirsən, yaxşı, 
görərsən, başına, dizinə döyəndə görərsən!.. 
 
 
* * * 
 
Rübabə ilə Vahid arasında ünsiyyət doğduqca, yaxınlıq artdıqca 
Gəldiyevdə intiqam hissi alovlanırdı. Doğrudur, Vahid adi bir tələbə idi, 
Gəldiyev ilə tutaşmağa tabı gəlməzdi, lakin bir adamı yıxmaq üçün tutarlı 
bir bəhanə  də lazımdı.  Əla oxuyan, hörmət qazanan bir tələbəyə  nə ad 
qoyub, nə qara yaxasan? 
Gəldiyev çox götür-qoy elədi. Eşdi-eşələdi, anketləri roman kimi 
maraqla oxudu. Çox axtardı, tərcümeyi-haldan yaxşı vasitə tapa bilmədi. O 
yan-bu yandan soraqlaşdı,  Şuşaya gedən işçilərə "təşkilat" "adından" 
"rəsmi", "məxsusi", "məxfı" tapşırıq verdi. Vahidə  gələn poçt kağızlarının 
bir neçəsini ələ keçirib açdı. Bir şey çıxmadı. Təsərrüfat müdirindən təqaüd 
üçün olan sual vərəqələrini istədi. Vahidin vəsiqələrini başdan-ayağa, 
ayaqdan-başa oxudu. Vərəqədə yazılmış bir cavabın üstünə barmaq basdı. 
Vərəqədə soruşulurdu: "Kənardan gəliriniz və orta hesabla aylıq miqdarı". 
Vahid cavab vermişdi: "Kənardan gəlirim yoxdur. Heç yerdə işləmirəm..." 
Gəldiyev  əvvəl bu vərəqənin surətini çıxartdırdı. Notariusda möhür 
basdırıb təsdiqlətdi, Vahidin cavabını  çəkə-çəkə komsomol bürosunun 
iclasına gətirdi. Vahidin özünü də çağırıb, müttəhim kimi, qapı  ağzında 
xeyli dayandırdılar və sonra dindirdilər. Onu bayıra çıxarandan sonra 
Gəldiyev ayağa qalxıb, partiya komitəsinin adından iclasa nəticə vermək 
istədi: 
- Budur, mövhumatçılar demiş,  şükür Allaha, uzaqda deyil, göz 
qabağındadır. Budur müzür ünsürün siması! Bu, Nayıbov Vahidin anketi, 
bu da altında podpisi! Yazır, gəlirim yoxdur. Fakt ilə, sənəd ilə isbat olundu 
ki, atası Şuşada sürü ilə arı saxlayır. Balın girvənkəsini də filan qədərə satır. 
Sağa da satır, sola da satır. Kim isə yerindən söz atdı: 
  

200 
 
- Atasını danmır ha... O biri sualları niyə oxumursan? 
Gəldiyev acıqlandı: 
- Dayan, dayan, yoldaş!.. - O sözünə davam etdi: - ...Filan qədər satır, 
sağa da satır, sola da satır! Bu il hökumətə 225 manat naloq verib, bu nə 
deməkdir, yoldaşlar? Abman! Bu Sovet hökumətini aldatmaq deməkdir. Öz 
şəxsi mənfəətinin, necə deyərlər, xeyiri üçün bizi aldatmaq! Yox, yoldaşlar, 
bəsdir daha! Biz arıçılara aldanmarıq! Qoymarıq! 
Buna yol vermərik! Hələ biz o qədər də yatmamışıq ki, düşmən 
üstümüzü alsın. Görün ki, biz necə adamları instituta götürmüşük! Sabah 
sinfi düşmən, filan qədər rüşvət təklif edəndə, belə ünsürlər nə kombinasiya 
desən düzəldərlər. İnstitutu da, bizim özümüzü də torğa qoyub satarlar... - 
Gəldiyev hirsindən başını qaldırıb acıqlı dedi: - Qovmaq, institutdan, 
komsomoldan! Rədd etmək lazımdır belələrini ki, başqalara da sirayət 
eləməsin! İbrət, primer olsun! 
Gəldiyev əli ilə havanı tuturmuş kimi qolunu irəli atdı: 
- Təsadüfi deyil bu məsələ! Niyə Nayıbov ictimai işə yapışmır? Niyə 
Nayıbov poruçeneyə baxmır? - Gəldiyev bu suallara özü mənalı bir ifadə ilə 
cavab verdi. - Çünki mənfəət çıxmır, çünki pul gəlmir, xeyir olan yerə 
Nayıbov papağını basar. Atası arıların  şirəsmi sorub yaşadığı kimi, bu da 
biz proletariatı istismar ilə  bəslənmək, oxumaq istəyir. Yoldaşlar, 
baxmayaraq ki, adımızı aktiv qoymuşuq, ancaq ki, indiyəcən kor olmuşuq, 
küt olmuşuq, belələrinə xərc tökmüşük. Bəsdir, daha son qoymaq lazımdır. 
Sayıq olmaq lazımdır. 
Doğrudur, direktor Vahidin məsələsi müzakirə olunan iclasa gəlmişdi. 
Ancaq burada iştirak etmək, tələbənin taleyi ilə dərindən maraqlanmaq üçün 
gəlməmişdi. Vahid haqqında Gəldiyev onun qulağını doldurmuşdu. 
Gəldiyev "müzür ünsür, qolçomaq balası, tərbiyəsiz..." - deyə Vahidi 
direktorun gözündə tamam nalayiq bir adam kimi qələmə vermişdi. Hətta 
onun sənədlərindəki saxtalığı  eşidəndə Verdiyev bir qədər vahiməyə 
düşmüşdü. "Sabah bunun da məsuliyyətini çəkməli olacağıq!" 
İclasa ona görə  gəlmişdi ki, müxtəsər bir məlumat versin, Vahid 
kimilərin məktəbdə  təsadüfi olduğunu, deyənlər düz çıxsa hərifın  əmr ilə 
kənar ediləcəyini komsomol bürosuna hiss etdirsin. 
Beləliklə, Verdiyev bir tərəfdən məsuliyyəti boynundan atmış, verilən 
"siqnallara" vaxtında qulaq asdığını isbat etmiş olurdu. İkinci tərəfdən də 
yaxın dostu Gəldiyevin könlünü alır, onun Vahid haqqındakı 
 

201 
 
niyyətlərinə mane olmadığını bildirirdi. Üçüncü tərəfdən Verdiyev Vahidin 
qəbul işinin köhnə bir iş olduğunu, köhnə  rəhbərlikdə bir səhv olduğunu 
söyləməklə özünün direktorluq vəzifəsində  təmiz işləməyinə  işarə edirdi. 
Dördüncüsü də bu idi ki, Vahidin işinə bu qədər diqqət və  əhəmiyyət 
verildiyini görən başqa tələbələr, aydındır ki, "özlərini yığışdıracaq", 
"zabitəli" direktordan qorxub çəkinəcəklər. Bu da ki vəzifə başında, 
Verdiyevin fıkrincə, ən mühüm şərtdir. 
Nə isə, Verdiyev papirosunun kötüyünü söndürüb külqabına atdı, 
yoxlamasını belə başladı. 
- Partkom nümayəndəsinin, Gəldiyev yoldaşın məzmunlu çıxışını 
komsomol yoldaşlar hamısı eşitdilər. Mən də diqqətlə qulaq asdım. Bu işin 
bir ucu əlbət ki, direktorluğa, birinci növbədə, bir direktor olaraq mənə 
gəlir. 
Verdiyev büro üzvlərinin sükutla eşitdiyini görüb sözünü kəsdi, mənalı 
çıxsın deyə, bir xeyli stol üstündəki kağızlara baxa-baxa susdu. Sonra 
davam etdi: 
- ...Bir direktor olaraq mənə gəlir... Bir ucu da mənə gəlir... Buna görə 
de bəzi səhv təsəvvür qalmamaq üçün mən aşağıdakı  qısa məlumatı 
komsomol yoldaşlara deməliyəm.  Əvvəla, Nayıbov buraya rayon 
komitəsinin xasiyyətnaməsi ilə daxil olub, işində bu var. Özüm baxmışam. 
İkincisi, onu köhnə direktor qəbul edib. Mənim zamanımdan qabaqdır. Niyə 
qəbul edib, necə qəbul edib, onu mən deyə bilmərəm. 
Gərək bu məsələ öyrənilə! Üçüncüsü, vəsiqələrin yoxlanmasını, şübhəli 
tələbələrə  əl gəzdirilməsini mən özüm partkomdan, - direktor bütün 
oturanları süzdü. Sanki, kimi isə axtarırdı, - heyif özü bu ada yoxdur, şəxsən 
yoldaş Zahiddən xahiş eləmişəm. Bunu zənnimcə, Geldiyev də bilir. 
Dördüncüsü, günah Nayıbovun sinif komsomol nümayəndəsindədir ki, 
indiyəcən xəbərdarlıq eləməyib. Beşincisi.. 
Komsomol bürosunun katibi Muxtar direktorun sözünü kəsdi. 
- Hələlik beşi bəsdir! 
Gəldiyevin odlu nitqindən, direktorun soyuq yoxlamasından sonra 
Vahidə  tərəfdar duran az oldu. Təkliflər var idi ki: "Təhqiqat üçün 
komissiya seçilsin", "yüngül tərbiyəvi cəza verilsin, töhmət olunsun". 
Gəldiyev bu təklifı edənlərə az qalırdı ki, göz ağartması verə. 
- Çürük liberallar düşmənin dəyirmanına su tökürlər ha! 
Muxtar onun üzünə baxdı: "Sss!" - deyə sükut istədiyini bildirdi. 
Sonra sözə başladı: 
 
  

202 
 
- İki kəlmə də mən deyim. Vahid haqqında deyilənlər, elbət ki, bir ittifaq 
üzvü üçün arzu olıman hərəkətlər deyil. Ancaq yoldaşlar unutmasınlar ki, 
canlı bir insan, özü də gənc, dünən kənddən gəlmiş bir gənc haqqında, onun 
taleyi haqqında söhbət gedir... 
Gəldiyev Muxtarın sözünü lağa qoydu: 
- Gəncdir deyə  çıxsın otursun başımızda! Gənc olmağı yox ey, ünsür 
olmağı barəsində danış. Məsələ ünsür məsələsidir, ondan danış, yoldaş   
komsomol! 
Gəldiyev məna ilə "yoldaş komsomol" dediyi üçün Muxtarın rəngində 
bir qızartı duyuldu. Kənardan baxanlar onun susacağını, ya sözünü 
dəyişəcəyini güman edərdilər, Muxtar da eyni qətiyyət və  kəsərlə 
Gəldiyevin üzünə baxdı və dedi: 
- Partkomun nümayəndəsi qoysa, danışarıq! 
Gəldiyev əmr kimi ucadan dedi: 
- Danış! 
- Danışacağam, ancaq kimin xoşuna, ya bədinə  gəldiyini hesaba 
almadan danışacağam! Gəldiyev yoldaş yaxşı bilir ki, bizim, komsomol 
komitəsinin borcu bir tərəfdən ayrı-ayrı üzvlərimizdə baş verə bilən 
intizamsızlığın, səhvin qarşısını almaqdırsa, ikinci tərəfdən  ədalətsizliyə 
qarşı mübarizədir!.. 
- Burada nənkı ədalətsızlıkdən söz gedır? 
- Gəldiyev yoldaşın dediklərində bu var! Açıq görünür! 
- Nə var? 
Muxtar istədi açıq desın kı, böhtan var. 
- Ədalətsizlik var! 
Gəldiyev özündən çıxmış kimi yerində çalxalandı,  əlini cibinə salıb 
çıxardı. Sanki bir şey axtarırdı. Kostyumunun yaxalığından tutub çəkdi, 
əlindəki qələmi dönə-dönə stola vurub, yerə atdı: 
- Müzür ünsürləri ifşa etmək  ədalətsizlik imiş?! - Gəldiyev mənalı-
mənalı Muxtara, sonra da dönüb Verdiyevə baxdı: - Mən başa düşmürəm. 
Başa düşə bilmirəm ki, Muxtar nə danışır! Bu nə havadı çalınır!.. 
Komsomolçulardan biri söz atdı: - Muxtar aydın danışır! 
Gəldiyev dönüb səs gələn tərəfə baxmaq istəyirdi ki, Muxtar daha 
ucadan səsləndi: 

203 
 
- Qoy mən sizi başa salım, yoldaş Gəldiyev! Vahid haqqında deyilənlər 
söhbətdir. Bəlkə bunlarda həqiqət var, amma nə qədər ki, sübuta yetməyib 
hələ söhbətdir. 
Bəs arıçılıq?.. 
- Arıçı, tək təsərrüfatçı, zəhmətkeşdir. Onun balası institutda oxuya 
bilər, oxutmaq borcumuzdur. Bunda Vahidin bir günahı yoxdur. 
- Sluşi, Muxtar, burada su çıxmaz arx-zad yoxdur. Bir müzür ünsür 
soxulub içimizə, qovaq getsin də! Nə çətin şey var? 
Muxtar başını tovladı: 
- Bu çox çətin işdir! 
- Lap bu gün əmr vermək olar! 
- Sənin sinəndən təpik ilə vurub küçəyə salsalar xoşuna gələr? 
Gəldiyev əlini tovladı, kinayə işlətmək istədi: 
- Sağ ol, doğrudan sağ ol! Gör məni kimə tay elədin?! Sən məgər 
düşmən ilə məni bir sırada eləyirsən? 
- Olmaz ey, komsomolçu ilə belə inzibati rəftar yaramaz. Adamların 
taleyi ilə oynamaq olmaz. Vahid təşkilatın üzvüdür, səhvi olsa da birdən-
birə  kənara atmaq təhrifdir. Sabah Bakı Kömitəsi bizi çağırıb üzümüzə 
tüpürər. 
- Üz məndə, qoy tüpürsün. Bakı Komitəsi deyir düşməni yuxarı başa 
keçir? 
- Nə düşmən, ay yoldaş  Gəldiyev! Cavan oğlandır, dünən ana 
qucağından, sovet məktəbindən gəlib, bu gün düşmən! Əcəb məntiqdir. 
Yerindən qalxan düşmən! Cavan adamdır, səhvi var, borcumuzdur 
tərbiyə edək, kömək eləyək düzəltsin! Bizi niyə seçiblər bəs! 
Gəldiyev  əlindəki qələmi stola çırpıb səsinin qətiyyətini artırmağa, 
oturanları inandırınağa çalışdı: 
- Mən doğrusunu bilmirəm, yoldaş komsomollar şutkaya qoyublar, ya 
nədir? Bura tərbiyə yeri deyil, oxumaq yeridir. Tərbiyəni indiyə  qədər 
almalı idi. Nayıbov on il məktəb skamyasında oturub, tərbiyə almayıb, indi 
gəlib institutda - ali məktəbdə tərbiyə alacaq? Hökumətin ayda 180 manat 
lişni pulu yoxdur spekulyanta versin, desin: gəl ye, iç, oxu. Sabah da işimiz 
bərkə düşəndə, məsəl deyirəm, dön özümüzə, protiv get! 
Uzun mübahisə və deyişınə düşdü. Axırda qət olundu ki, təhqiqat getsin. 
Vahidin sənədlərini yoxlatmaq direktora tapşırılsın. Verdiyev ha cəhd elədi 
ki: "Burada həll olunsun da, direktor da elə burdadır!". 
  
 

204 
 
Gəldiyev razı olmadı: 
- Sənə tapşıranda nə olar, ay yoldaş direktor? Biz əlbir işləyirik, təfavütü 
nədir, sən, ya mən?.. 
- Mən deyirdim təşkilatın əli ilə olsun... 
- Direktor da bir təşkilatdır, ya yox? 
Gəldiyev bu qərara nail olandan sonra Muxtara tapşırdı ki, protokolun 
üzünü tez partkoma göndərsin. Sevinə-sevinə iclasdan çıxdı. Ürəyində 
təkrar etdi: "Direktora tapşırılsın", nə tapşıraram, necə tapşıraram, o mənim 
işimdir! Əmrə qol çəkiləndən sonra qoy hərif  hara gedir getsin, hansı iclasa 
qoyur qoysun. Axırı gəlib mənə çıxacaq! 
 
* * * 
 
Vahidin institutdan qovulmaq xbərini eşidəndə Rübabə  bərk narahat 
oldu. Dərsdə otura bilmədi. Tənəffüs zamanı yoldaşları ilə bu əmr haqqında 
danışırdı ki, direktor sinfə girdi. Verdiyev binaya baxır, otaqları gözdən 
keçirir, özünə daha münasib otaq seçmək istəyirdi. Rübabə fürsətdən 
istifadə ilə soruşdu: 
- Yoldaş Verdiyev, deyirlər bizim sinif tələbəsi Nayıbov Vahidi xaric 
ediblər. 
- Vahid Nayıbovu? 
- Bəli! 
- Necə bəyəm! 
- Doğrudurınu? 
- Əmr var. 
Rübabə dedi: 
- Yaxşı olmadı. 
Direktor istehza ilə ona baxdı, getmək istəyən bir meyl ilə dedi: 
- Vahid ilə nə çox maraqlananlar var! 
Rübabə qızardı: 
- Xeyr, mən bir tələbə kimi maraqlanıram. 
- Bəs biz necə yanaşırıq? 
- Onu özünüz bilərsiniz! 
- Bacım, - dedi, - Vahidi mən qovmuram, mən də götürmürəm. 
Bu məktəbin sahibi var, təşkilat var, mən də təşkilatın bir üzvü. Direktor 
özbaşına heç bir iş görmür. Partkom var, yerli komitə var, komsomol var. 
Birgə həll olunur. Belə sualları qapıda, sinifdə danışmaqdansa get 
  

205 
 
təşkilatdan soruş, səni başa salsınlar. - Direktor bunu deyib Rübabənin daha 
sərt cavabını eşitməmək üçün tələsik sinifdən çıxdı. 
Rübabə axşam, dərsdəndən sonra Vahidi çox axtardı. Dərs otaqlarını, 
kitabxananı, komsomol komitəsini bir-birinə vurdu, tapa bilmədi. Gördüm 
deyən yox idi. Tramvaya oturub, aerokluba gəldi. Səhər orada imiş, rayona 
gedəcəyini söyləyibmiş. 
Rübabə mərkəzi kitabxanaya baş vurdu. Qiraət zalında Vahidin bir stolu 
vardı. Boş vaxtlarında burada oturub mütaliə edər, yazar, pozardı. Rübabə 
dəfələrlə onu burada tapmışdı. Qızı görən kimi qələmini qoyar, 
barmaqlarının ucunda yeriyə-yeriyə qapıya çıxardı. Rübabə  təklif etmişdi 
ki: "Yataqxanada imkan yoxdursa, gəl evdə çalış. Boş otaq var". Vahid razı 
olmamışdı: 
- Bilirsən, - demişdi, - Rübabə, hər dəqiqə bir kitab lazım olur, oxuduqca 
daha başqasına ehtiyac duyursan. Bilik aclığı heç bir aclığa bənzəməz. Bu 
iştaham ödəmək olmur. Bəzən bütün oxuduğun kitablar çoxdan tamaşa edib 
ötdüyün bağça kimi gəlir, daha başqa yerlər görmək istəyirsən. 
Bu kitabxana dəryadır. Toz basmış  qəfəslərdə yatıb qalan, zahirən 
bayazlara oxşayan köhnə kitablarda, o dəri cildlər arasındakı  əprimiş 
kağızlarda xalqların tarixi, insanların həyatı, minlərcə istedadların hissi, 
fıkri, zəkası saxlamlır. Hər adam bir ömür yaşayır, oxuyan isə bir çox 
alimin də  həyatını yaşayır. Keçmişlərin duyduğunu duyur, düşündüyünü 
düşünür. Bu kitablardan doymaq olmur. - Bir şey yadına düşmüş kimi 
Vahid səsinə  məsum ifadə verərdi: - Bizim gənclərdə bilik arama, həvəs 
küləyi hələ bu qəfəslərin arasına əsməyib, hələ buranın havası əməlli-başlı 
təmizlənməyib. Havaxt gələrsən, ya haqq-hesab gedir, ya təmir. Mənim 
işimi aşıran o qoca çeşməkli kişi canlı arxivdir. Nə dildə, hansı elmdən, 
hansı çapdan olur olsun, kitabın adını çək, kişi barmağını gicgahına qoyur, 
gözünü qırpır, o saat yerini deyir. Gedək səni də tanış eləyim, gərəkli 
adamdır... 
Deyəsən dünən idi, Vahid Rübabəni qoca kitabxanaçıya belə  təqdim 
etmişdi: 
- İstedadlı tələbə qızlarımızdandır, tanış olun. Elə bilirəm ki, bunun da 
sizə çox işi düşəcək. Kitabın dostudur... 
Rübabənin ürəyindən həm sevincli, həm kədərli bir xatirə keçdi: "Vahid 
bu sözlərilə mənə hisslərini deyirdi, tələbələr arasında dedi-qodudan ehtiyat 
edib demədiyi sözlərini burada, qoca kitabxana- 
  

206 
 
çının qabağında necə  də uca səslə deyirdi. Yenə de bir şeyi gizlədirdi. 
Kitaba, kitabxanaya dəxli olmayan bir şeyi, lakin haqqında danışanda 
könlünü oynadan, qəlbini titrədən bir şeyi demirdi. Bəlkə  də onun üçün 
başını aşağı salır, dəqiqələrlə dinmirdi..." 
Bunlar nə qədər şirin və xoş idise də məşğul olmağa vaxt yox idi. Vahidi 
tapmaq, danışmaq lazım idi. 
Şər qanşınışdı. Bu zaman Vahid yataqxanada olardı. Rübabə oraya 
getmək istədi. Fikrinə  gəldi ki: "Tələbələr söz eləyərlər". Aşağıya, 
dəftərxanaya düşdü. Süpürgəçidən başqa kimsə yox idi. 
Telefonla yataqxanaya zəng vurdu, dalandardan soruşdu. Dalandar 
axtarınağa getdi. Rübabə telefon qabağında intizar içində çox gözlədi. Bir 
də səs eşidildi: 
- Alo, 14-cü otaqda Nayıbov olmur, gedib. Rübabə yəqin elədi ki, Vahid 
şeylərini yığışdırıb, yola düşüb. 
Bu xəbər deyəsən bir çəngəl kimi onun ruhunu çəkib bədənindən ayırdı. 
Sanki bütün ümidləri puça çıxdı, dayandığı yerdə dondu, sinəsindən soyuq 
bir ah qopdu. İxtiyarsız dəhlizin xəlvət tərəflərinə yeridi, portfelini 
qucaqladı, üzü pəncərəyə dirsəklənib dayandı. Könlünə anlaşılmaz bir qubar 
gəldiyini, gözlərinə  xəyali bir pərdə endiyini, nəfəsinin ağırlaşdığını, 
əsəblərinin titrədiyini, sanki vücudunda bütün qüvvələrin tükəndiyini hiss 
etdi. Gözləri yaşardı.  İsti dodaqlarını  gəmirdi. Zehnində odlu bir həsrət 
dilləndi: "Vahid! Vahid!..". 
Heç yerdən cavab gəlmədi. Yalnız dolu gözlərindən iki inci yanaqlarına 
yuvarlandı. Qız ovucları ilə üzünü örtdü: "Vahid, məndən də incidin? 
Mənim nə günahım? Nə üçün görüşmədən getdin? Yoxsa tərk etdin. 
Etibarsız!". 
 
* * * 
 
Rübabə institutdan çıxanda nə  qədər özünü toxtatmaq, bikefliyini 
gizlətmək istəyirdisə olmurdu. Anlaşılmaz bir sükut, üzüntülü bir intizar 
onun hərəkətlərindən sezilirdi. Divar dibi ilə yavaş-yavaş yeriyir, qaşlarının 
düyünü açılmır, ürəyindəki boşluq qapanmırdı. O, ha çalışırdı ki, özünü iki 
il bundan əvvəlki, Vahidi görməmişdən, tanımamışdan əvvəlki kimi tox və 
toxtaq saxlasın, olmurdu. Deyəsən heç o, Vahidsiz yaşamamışdı. Onsuz bir 
dəqiqəsini xatırlamırdı. Deyəsən Vahid onun həmişəlik və  əvəzsiz munisi 
olmuşdu. Bütün gecəni fikir-xəyal 
  

207 
 
ilə keçirdi. Ancaq yaxşı bilirdi ki, qovrulmağın, ya ağlamağın xeyri yoxdur. 
Bu saat Vahidə əldən gələn köməyi etmək lazımdır... 
Səhər dərsdən qabaq oturub bir məktub yazdı: 
"Vahid, salam! Etibarsız! Nə üçün görüşməmiş getdin? Beləmi rəftar 
edərlər? Muxtar ilə danışdım. O da bərk etiraz edir. İşini bakı Komitəsinə 
bildirəcəyik. Verdiyev ilə ağızlaşdım. Daha qəti danışacağam. 
Şad xəbər: bütün sinfimiz direktorun əmrindən narazıdır. Komsomolun 
kömək edəcəyinə şübhəm yoxdur. Mümkün qədər tez qayıt. Gedib kənddə 
qalma. Atan barədə kağız-kuğaz düzəlt, gəl, təşkilat bizim tərəfımizdədir. 
Ruhdan düşmə, ürəyinə salma... Gözləyirəm. 
Rübabə
 
Vahidin məktəbdən kənar edilməsi haqqındakı  əmri oxuyanda Muxtar 
təəccüb elədi. Komitə üzvlərinin belə bir əmr hazırlandığını  xəbər verən 
işarələrinə Muxtar heç bir zaman inanmamışdı! "Komitədə müzakirə 
etmişik. Tərbiyəvi təsir ilə, komsomol cəzası ilə kifayətlənmək fıkrindəyik" 
demişdi. Birdən-birə, həm də komitədən xəbərsiz Verdiyevin belə bir əmr 
verınəsi təəccüblü idi. 
Deyəsən onun vəziyyətindən xəbər tutduğu, yaxud nəsə məsləhətləşmək 
istədiyi üçün Kərim Gəldiyev onu çağırdı. Zəng çalınan kimi Muxtar 
telefon dəstəyini götürdü. Kərim salamsız-kəlamsız, bir qədər də hirsli 
danışdt: 
- Komsomol, nə oturmusan orda, dur bura gəl. 
- Yanımda yoldaşlar var. 
- Yola sal, gəl! 
Muxtar Gəldiyevin otağına girəndə bir neçə  nəfər tələbənin ayaq 
üstündə dayandığını gördü. Dərsə gecikmişdilərmi, iclasa gəlməmişdilər, ya 
hansı tapşırığı yerinə yetirməmişdilərsə, Gəldiyev onları danlayırdı. Onlar 
üzr gətirmək istəyəndə macal vermir, acıqlanırdı? 
- Yaxşı, yaxşı! Obyektiv səbəblərlə öz nöqsanlarının üstünü örtmək 
bolşevikə yaraşınaz, bəsdir. Səhvi namusla boynuna almaq əvəzinə, 
müxtəlif bəhanələr də  gətirmək istəyirlər, bilirsiniz belə povedenya üçün 
adamı... 
  
 

208 
 
Gəldiyev cümləsini bitirmədi, guya hirs onu kəsirdi. Sanki dayananların 
heç bir sözünü eşitməmək üçün qətiyyətlə dedi: 
- Gedin izahat yazın, iclasda müzakirə eləyəndə danışarsınız, di gedin! 
Gəldiyev Muxtarı görəndə yanındakıları aşkarca qovdu: 
- Di çıxın! Çıxın, işimiz var, mane olmayın! 
Gəldiyev həmişə  səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. 
İstərdi ki, adamlar onun ən adi sözünün, ən sadə  hərəkətinin dalısında 
"xüsusi bir məna" duyub ehtiyat etsinlər, özlərini yığışdırsınlar. Bu, ona 
anlaşılmaz bir hakimiyyət zövqü verməkdən başqa onun vəzifəsinin, işinin 
də əhəmiyyətini qat-qat artırırdı. O, az danışır, ancaq danışığına çox məna 
verirdi. Bir adama onun dik baxmağı, yanakı baxmağı, gözucu nəzər 
salmağı, ya oğru güdən kimi tünd baxmağı, ayrı cür mənalar verirdi. Elə 
tələbə olurdu ki, Gəldiyevin işini başa düşmür, bu cür baxışına məna 
verməkdə, səbəb axtarmaqda çox düşünür, çətinlik çəkirdi. Gedənlərin 
dalısınca qara müşəmbə ilə şpallanmış qapını bərk basıb qayıtdı. Cibindən 
çıxardığı bir dəstə açarla dəmir seyfın qapısını açdı. Səliqə ilə qalanmış 
qovluqlar üstündən "Kommunist" qəzetini götürdü. Muxtara tərəf uzatdı. 
- Oxumusan? 
- Yox! 
- Təəssüf, çox təəssüf ki, oxumamısan, buyur oxu! - Kərim səsinə ağır 
təmkin və  zəngin məna ahəngi verərək dedi: - Mən deyəndə ki, sinfi 
sayıqlıq bu saat hər bir kommunistdə, komsomolda əsas keyfiyyətdir, sizlər, 
siz komsomolçuların bəziləri xırda burjua səhlənkarlığı ilə qulaqardına 
verirsiniz. Siz elə bilirsiniz bu sözləri biz özümüzdən deyirik. Elə bilirsiniz 
ki, bunları biz patalokdan alıb sizə deyirik. Daha başa düşmürsünüz ki, 
bunlar hamısı partiyanın gündəlik direktivləridir. 
Bunlar hazırkı siyasi momentin zəruri tələbləridir. Bunlarsız bir dəqiqə 
yaşamaq, işləmək, kütlələrə  rəhbərlik etmək olmaz. Bunlarsız beynəlxalq 
vəziyyətin mürəkkəbliyində oriyentasiya olmaz! Yoldaş Muxtar, bəs haçan 
bunları siz öz komsomol üzvlərinizə başa salacaqsınız, haçan? 
Muxtar qəzetin sayıqlıq haqqındakı baş  məqaləsini oxuya-oxuya 
Gəldiyevin qəzəbinin səbəbini sanki bilmək istədi: 
- Nə olub yenə? 
 
  

209 
 
Gəldiyev sanki məhz belə bir sual, sanki lap bu sualın özünü axtarır, 
gözləyirdi. Səsini ucaltdı,  əl-qolunu ölçərək eşik otağa, komsomol 
komitəsinə tərəf işarə ilə dedi: 
- Nə olacaq? Bu siyasi momentdə, sinfi mübarizənin bu kəskin 
şəraitində komsomolçular səfərbər olub, partiya komitəsinə kömək etmək 
əvəzinə, tədbirlərimizə açıqcasına mane olurlar, aralıqda söz gəzdirirlər. 
Burjuaziyanın dəyirmanına su tökürlər, Bəlkə  də düşmən  əlində alətə 
çevrilirlər. 
- Axı nə olub? 
- Dünən direktor əmr verib, bir müzür ünsürü institutdan kənar edib, bu 
gün ayrı-ayrı komsomollar rəhbərliyin  əmrini, necə deyərlər, təftiş etmək 
istəyirlər: "Niyə, nə üçün? Kəskin əmrdir, filan!". 
Sən o məqaləni diqqətlə oxu, Muxtar, - sonra da əli ilə otbiçən kimi 
yarımdairə  hərəkət cızaraq, havanı  qətiyyətlə  kəsdi: - Lap kənar 
olunmalıdır! Barəsində lazım gəlsə, ən qəti tədbir götürmək lazım gələcək. 
Biz daha nyançit eləməyəcəyik. Lenin demişkən: "Az olsun, yaxşı olsun". 
Qoy dörd yüz olmasın, üç yüz olsun, lap bərkə qalanda iki yüz komsomol 
olsun, amma yaxşı olsun. Qızıl qvardiya kimi olsun, tərəddüd eləyən, 
maymaq olmasın. Sinfi şüurca mağmun adamlar olmasın. 
- Bizim komsomol təşkilatımız sağlara təşkilatdır. 
- Əsasən, əlbət ki, amma içində Vahid kimi ünsürlər hələ var. - Gəldiyev 
əlini stola vurub, təkrar etdi: - Yoldaş komsomol, hələ var! 
Siyasi məsələlərdə güzəştə getmək olmaz! Hələ tökülüb qalıb, düşmən 
hələ bizim aramızda çalışır, yatmayıb. Biz hələ çoxlarını ifşa edə 
bilməmişik. Hansı ki, vacibdir. Hələ  sıralarımızı lazımınca təmizləyə 
bilməmişik. 
Muxtar özünü saxlaya bilmədi: 
- Vahidə  nə olub axı, ay yoldaş  Gəldiyev? Doğrusunu başa düşmürəm 
ki, Vahid bu ağır cəzaya, bu ağır ittihamlara nə üçün hədəf olub? Mən bunu 
başa düşmürəm! 
Kərim qulaq asmaq istəmədi.  Şəhadət barmağı ilə  qəzetə  işarə etdi, 
ucadan dedi: 
- Sənə dedim o məqaləni oxu! Diqqətlə oxusan, başa düşərsən! 
- Mən bu məqaləni radio ilə eşitmişəm, indi də oxuyuram. Amma Vahid 
kimi qabiliyyətli bir gəncin bizim institutda nə üçün təqib olunduğunu başa 
düşmürəm. 
 
  
 

210 
 
Kərim stol dalından keçib, Muxtarın qabağını kəsdi, başını yanakı tutub 
təhdid ilə soruşdu: 
- Sən buna təqib deyirsən? 
- Təqibdir, təqib deyilsə, doğrudan da bu adamın bir mühüm günahı 
varsa, açın bizə  də deyin! Bütün tələbələrə deyiləsi deyilsə, yoldaş 
Gəldiyev, mən burada komsomol katibiyəm, heç olmasa mənə deyin! Siz 
komsomolçulardan gileylənirsiniz, nahaq gileylənirsiniz. 
Əksinə, partkom üzvlərinin rəftarı bizə aydın deyil. Vahidin qovulması 
tələbələr arasında suala, danışığa, narazılığa səbəb olur, açıq danışırlar. Siz 
bəyəm bunu görmürsünüz? 
- Narazılığı  bəlkə  təşkil edən var, bəlkə burada da bir düşmən  əli var, 
yoldaş komsomol? Düşmən hiyləgərdir. Bu saat hər vasitədən istifadə edib, 
sizin bəzi komsomollar kimi, şatayuşşiləri özünə  tərəf çəkmək istəyir. 
Kapitalist  əhatəsinin qanunu belədir, yoldaş komsomol! Qafil olmaq 
cinayətdir. Dörd tərəfimiz kapitalistdir, hansı ki, hər dəqiqə bizə qarşı 
vuruşur, biz qalib gəldikcə sinfi mübarizə kəskinləşir. Biz indi hər addımda 
düşmən axtarmalıyıq. Lap evimizdəki o ata-anamıza, arvadımıza da 
inanmamalıyıq! Çünki bəlkə düşmən agentidir. Çox da ki, ata, ya anadır. 
Zahirə baxmaz! Bəli, bəli! Sənə deyirəm siyasi məqalələri yaxşı oxu! Oxu, 
görərsən orada yazılıb ki, sinfi düşmən necə hiyləgərdir. Necə rəzildir, necə 
alçaqdır. 
Muxtar bir qədər susdu, sonra Gəldiyevin sözünə şərik oldu: 
- Burada doğru yazılıb ki, sinfi düşmən hiyləgər, maskalıdır. Bütün 
bunları oxuduqca, doğrusu acığınız tutmasın, Kərim Gəldiyev, sizin 
hərəkətlərinizdən  şübhələnirəm, düşmən eli bəlkə sizin bu təlaşınızda, bu 
canfəşanlığınızda, doğrudan da düşmən əli var axı, yoxsa bir gəncin dalınca 
bu qədər zurna-balaban çalmaq heç yerdə görünməyib. 
Gəldiyev ayağa qalxır, bir əlini telefon dəstəyinə, o birini sağ cibinə 
qoyub, Muxtara baxır, gözü qızarır: 
- Mən qulaqlarıma inanmıram! Sən məndən  şübhələnirsən?  Ədə, 
komsomol, məndən şübhə? 
Muxtar ayağa qalxıb yumruğunu kürsüyə döydü: 
- Lap səndən şübhələnirəm. Bəyəm sən Marksın bacısı oğlu zad deyilsən 
ki! Çox sənin kimi cibində bilet gəzdirən təsadüfi adamlar yüzlərlə 
cavanlarımızı cürbəcür çirkab ilə  ləkələyib. Məktəbdən, zavoddan kənar 
ediblər. Bu bəyəm gizli bir işdir? Odur Ukrayna traktor- 
  
 
  

211 
 
çusu, odur Kuban yazıçısı, odur Bayıl fəhləsi, hərəsinə bir iftira yaxanlar 
kimlərdir? Belə düşmənlər doğrudan da var!.. 
- Mən qulağıma inanmıram, üçillik partiya üzvü Kərim, gör dünənki 
uşaqlar sənin üzünə nələr deyirlər! Gör komsomol təşkilatı nə zibillənib... 
- Lazım gəlsə, bundan da artığını deyə bilərəm. Arxayın olun, sizin 
gənclər arasına  şübhə toxumu səpməyinizi biz duymuşuq və lazımi 
təşkilatlara da xəbər vermişik. Vaxt gələr, müzakirə olunar, görərik: bu 
institutda komsomollar artıqdır, ya bəzi adını kommunist qoyanlar? 
- Sən yəni belə dil açmısan? 
- Mənim dilim həmişə açıq olub, açıq da olacaq! 
- Olsun, baxarıq! 
- Baxarıq. 
- Görərik. 
- Sağlıq olsun! 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin