Mİrzadə EŞQİNİn poemalarinda ideya xüsusiYYƏTLƏRİ



Yüklə 58.13 Kb.
tarix22.05.2017
ölçüsü58.13 Kb.
MİRZADƏ EŞQİNİN POEMALARINDA İDEYA XÜSUSİYYƏTLƏRİ
Esmira FUAD (ŞÜKÜROVA)
Açar sözlər: Eşqi, “İyirminci əsr” qəzeti, inqilabi romantizm, azadlıq aşiqi, “İdeal”
XX əsrin əvvəllərində İran və bütün Şərq ədəbiyyatında dövrünün qüdrətli üsyankar şairi kimi dəyərləndirilən, xalqının azadlığı, istiqlalı uğrunda son nəfəsinədək mübarizə aparan və bu yolda canından keçən Mirzadə Eşqi (Seyid Məhəmmədrza) 1893-cü ildə vaxtilə Azərbaycanın mərkəzi olmuş qədim Həmədan şəhərində, Hacı Seyid Əbülqasimin ailəsində doğulmuşdur. Hələ kiçik yaşlarından oğlunun elmə, ədəbiyyata və sənətə böyük həvəsini görən Hacı Əbülqasim onu yeddi yaşında ikən «Ülfət» və «Alyans» məktəblərinə qoymuş, fars və fransız dillərini öyrənməsinə imkan, münbit şərait yaratmışdı. Təsadüf elə gətirmişdir ki, o, fransızca təhsilini başa çatdırmamış Fransadan gəlmiş bir tacirin yanında tərcüməçilik etməyə başlamışdır. Fransız əsilli tacirdən Avropanın ən elitar dili hesab olunan fransız dilini mükəmməl öyrənir və bu dilin vasitəsilə Avropa, eləcə də dünya ədəbiyyatı incilərini mütaliə edir. Ardıcıl mütaliə onun fikirlərinin, dünyagörüşünün inkişaf edərək formalaşmasında müstəsna rol oynayır. Avropanın qədim mədəniyyət, eyni zamanda demokratiya və azadlıq uğrunda baş verən inqilablar beşiyi kimi tanınmış ölkəsini – Fransanı və fransız ədəbiyyatını, qərbin ədəbi cərəyanlarını məhz bu dilin vasitəsilə öyrənməsi gənc şairin həyata, hadisələrə baxışında da böyük təbəddülat yaradır, hadisələrlə bağlı fərqli, obyektiv və real düşünməsinə yardımçı olur. Az ömür yaşamasına baxmayaraq, Eşqi zəngin ədəbi irs yaradır və bütövlükdə fars ədəbiyyatında yenilik edərək əsərlərində realizmlə romantizm və inqilabi romantizmin xüsusiyyətlərini üzvi şəkildə əlaqələndirir... 1909-cu ildə 15 yaşlı yeniyetmə olan Seyid Məhəmmədrza İsfahana səfər edir, oradan isə Tehrana gedir. Bir müddətdən sonra doğma Həmədana qayıdır və 1914-cü ildə Birinci dünya müharibəsinin başlandığı mürəkkəb, xaotik bir dövrdə mətbuat sahəsində özünü tapacağını, İran və Güney Azərbaycan, eləcə də istismara və milli ayrı-seçkiliyə məruz qalan, haqları tapdalanan digər xalqlara daha çox yardım edəcəyini, qəflətdə olan soydaşlarını oyadacağını düşündüyündən təxəllüsü ilə eyni adda kiçik formatlı “Eşqinin qəzeti”ni nəşr etdirməyə başlayır. Lakin təəssüf ki, ictimai həyata və siyasət meydanına yenicə qədəm qoymuş Eşqinin min bir əziyyətlə nəşrini gerçəkləşdirdiyi bu qəzetin yalnız 3 nömrəsi çap olunaraq oxucular arasında yayılır. Çünki “həmin vaxt İrandan mühacirət edən İran məclisinin nümayəndələri və bir sıra görkəmli şəxsiyyətlərə xüsusi rəğbət bəsləyən Eşqi də onlara qoşulub İstanbula getdiyindən qəzetin nəşri dayanır. Türkiyədə bir neçə il qalmağa məcbur olan Eşqi İstanbul Darülfünunun fəlsəfə və ədəbiyyat fakültəsinin mühazirələrində azad dinləyici kimi iştirak edir (1, s. 315-316).” Qardaş ölkədə o, fransız dili vasitəsilə Fransa və Avropa ədəbiyyatı ilə daha yaxından tanış olur, Türkiyənin yeni ədəbiyyatını mütaliə etmək imkanı əldə edir və ilk poetik əsərlərini qələmə alır. “Novruznamə” və “İran sultanlarının dirilməsi” kimi ciddi əsərlərini də o, məhz mühacirətdə olarkən yazmışdır.

Mirzadə Eşqi 1921-ci ilin mayında Tehranda və bütün İranda siyasi tarazlığın itdiyi-yeni inqilab dalğasının kükrəməsinə rəvac verən ictimai-siyasi hadisələrin kəskinləşdiyi bir vaxtda Tehrana qayıdır və “Qərn-e bistom” (“İyirminci əsr”) adlı qəzet buraxmağa nail olur. O, “Qərn-e-bistom”un yalnız dörd nömrəsini çap etdirə bilir və qəzetin nəşri müvəqqəti dayandırılır. Lakin 1923-cü ilin yanvarından etibarən “Qərn-e bistom”un çapını yenidən bərpa edir və ilk nömrəsi oxucuların ixtiyarına verilir. Şərqşünas alim Əlibala Hacızadə mübariz şairin sərt rüzgarlara, axına qarşı gedərək həm ictimai-siyasi həyatda, həm də söz cəbhəsində aktiv fəaliyyətinin mahiyyətini açıqlayaraq yazmışdır: “Eşqi təbiidir ki, dövrünün açıqgözlü bir ziyalısı kimi, bu zaman Rza xan tərəfindən ortalığa atılmış qondarma respublika şüarının əsil mahiyyətini, onun əslində İngiltərə imperialistlərinin əlilə hazırlandığını, yerli hakim dairələr vasitəsilə, Rza xanın bilavasitə rəhbərliyi altında həyata keçirildiyini dərindən dərk edirdi; istər öz qəzetində, istərsə də o dövrdə Tehranda nəşr olunan digər qəzetlərdə həmin siyasətin iç üzünü açıb göstərir, bir çox şeir və məqaləsində Eşqi respublika şüarını açıq-saçıq şəkildə ifşa etməkdən çəkinmirdi. Məqalələrinin birində istehza ilə yazmışdı: “Qəribə cümhuridir ki, Qərvə kəndləri onu istəyirlər, amma Eşqi bir batmanlıq qalstuku ilə onun əleyhinədir”. (2, s. 276).

1924-cü ilin iyun ayının axırlarında Eşqi “Qərn-e bistom”un üçüncü dəfə nəşrinə mü-vəffəq olur. Lakin çox təəssüf ki, bu dövrədən yalnız ilk nömrə dərc edilir. Çünki həmin nömrədə şair Rza xana və onun cümhuriyyət şüarına son dərəcə kəskin zərbə endirmiş, yürütdüyü siyasəti ələ salmış, məsxərəyə qoymuşdu. Qəzetdə dərc olunmuş bir karikaturada ayaqları tərsinə nallanmış bir uzunqulaq, uzunqulağın üstündə isə sağ əlində silah, sol əlində pul kisəsi tutmuş bir quldur təsvir olunmuşdu. Ölkədəki ictimai-siyasi vəziyyətdən xəbərdar olan və azacıq savadı çatan adam bu karikaturaya baxan andaca anlaya bilərdi ki, “uzunqulağın ayaqlarına tərsinə vurulmuş nallar-İranı geri çəkmək, quldur-Rza xan, silah-zorakılıq, pul kisəsi-ingilislərin satqın vətən xainlərinə verdiyi rüşvətin rəmzi idi. Cümhuriyyət şüarını müdafiə və təbliğ edən müxtəlif mətbuat orqanları da bu karikaturada ilan-qurbağa şəklində təsvir edilmiş, onun embleması isə top-tüfəng, balta, qayçı, insan əl-ayağı və skeletlərdən ibarət idi (2, s. 276)

Bütün İran ictimaiyyətini sarsıdıb vəlvələyə salan həmin nömrə yayılan kimi qəzet dövlət tərəfindən bağlanır, onun nüsxələrini isə daxili işlər nazirliyinin məmurları köşklərdən yığışdırırlar. 3 iyul 1924-cü ildə-həmin sayın nəşrindən düz bir həftə sonra evinə naməlum şəxslər hücum edir və Eşqi güllələnərək vəhşicəsinə qətlə yetirilir. Otuz min nəfərlik izdiham göz yaşları içərisində qanlı köynəyinə bürünmüş tabutunu son mənzilə yola saldı...



Arzuları nakam qalmış Eşqinin həyatı və yaradıcılığı İranda, Güney Azərbaycanda, eləcə də Аvropada və keçmiş Sovetlər İttifaqında, xüsusilə Quzey Azərbaycanda şərqşünas alimlərin və tərcüməçilərin diqqətini cəlb etmiş, haqqında məqalələr, dissertasiyalar yazılmış, müxtəlif xalqların-rus, Azərbaycan, özbək, türkmən və s. dillərinə tərcümə оlunaraq nəşr edilmişdir. Mənalı ömrünün çoxu mühacirət-də, həbsxana və mübarizələrdə keçən şair əsərlərinin toplu şəklində çapını sağlığında ikən görmədi. Buna nə maddi imkanı, nə də vaxtı çatdı... Lakin ölümündən bir neçə il sonra, 1927-ci ildə yaxın dostu оlmuş Əli Əkbər Səlimi “Seçilmiş əsərləri”ini, 1929-cu ildə isə mükəmməl divanını Tehranda nəşr etdirməyə nail olur. Həmin divan bir neçə dəfə təkrar çap edilir (1945 və1952-ci illərdə) və şairin qələm-daşları, müasirləri-М.Т.Bahar, S.Nəfisi və b. yazdıqları resenziyalarda Eşqinin xalqına əmanət qoyduğu əsərlərini yüksək dəyərləndirirlər. Şairin sədaqətli dostu, amaldaşı Əli Əkbər Səliminin bu sahədəki xidmətlərini-böyük çətinliklər, inadlı axtarışlar nəticəsində əsərlərini toplayıb külliyyat-divan şəklində çap etdirməsini хüsusi olaraq vurğulayırlar. Qeyd edək ki, İranda çap olunmuş bir sıra kitablarda - S.M.Borgeinin “Мüasir dövrün məşhur şairləri”, М.Tohidipurun “Əbədi çiçəklər”, Ə.M.Sepehromun “Ölməz fars şairləri” adlı şeir antologiyasında, Z.Mötəmənin “Fars şeirinin təkamülü”, Y.Аriyanpurun “Səbadan Nimaya qədər” və s., Аvropa alimlərin-dən Yan Ripkanın “İran ədəbiyyatı tarixi”, İtaliya alimlərindən А.Paqliaro və А.Bаzaninin “Fars ədəbiyyatı tarixi” və s. elmi-tədqiqat əsərlərində Eşqi yaradıcılığının ideya istiqamətləri və məfkurəvi yönü, fars ədəbiyyatında müqayisəyəgəlməz mövqeyi barədə dəyərli fikirlər vardır. Rus alimlərindən Y.E.Bertels “Fars ədəbiyyatı tarixi оçerkləri”, K.Çaykin “Ən yeni Fars ədəbiyyatının qısа оçerki” kitabındа, Y.N.Marr “Yeni Fars ədəbiyyatı kursuna giriş mühazirəsi”, А.Romaşkeviç “Müasir İranda ədəbi hərəkat” adlı məqalələrində də şair haqda yığcam məlumat vermişlər.1* Quzey Azərbaycanda üç tədqiqatçı alimimiz Eşqinin həyatı və yaradıcılığı barədə samballı tədqiqat işi aparmış, çox dəyərli fikirlər söyləmişdir. İran ədəbiyyatının Azərbaycanda tədqiqi və tədrisi sahəsində müstəsna xidmətləri olan professor Mübariz Əlizadə fundamental “XIX və XX əsrlər fars ədəbiyyatında demokratik ideyaların inkişafı yolları» adlı doktorluq, mərhum alimimiz A.D.Dadaşov “Eşqinin həyatı və yaradıcılığı” adlı namizədlik dissertasiyalarında (1965), habelə tanınmış yazar, şərqşünas alim Ə.Hacızadə “Mirzadə Eşqi-vaxtsız söndürülmüş məşəl”, B.Hüseynov “XX əsr fars şerində ənənə və novatorluq” monoqrafiyаlarında, M.Sultanov “İnqilabçı şair” məqaləsində2 görkəmli şair, ictimai-siyasi xadim və alovlu publisist olmuş Eşqinin ədəbi-siyasi fəaliyyətini yeni materiallar əsasında hərtərəfli işıqlandırmış, oxuculara, elmi ictimaiyyətə ətraflı məlumat vermişlər. Quzey Azərbaycanın tədqiqatçı alimləri ciddi araşdırmaların nəticəsində şairin həyatı, yaradıcılığı, ideya-məfkurəvi istiqamətini açıqla-mış, habelə onun bir sənətkar, bir ictimai xadim kimi dünyagörüşündəki bəzi cəhətləri üzə çıxarmışlar. Əksər İran ədəbiyyatı tədqiqatçılarının XX əsrin əvvəllərində fars şeirində inqilabi romantizm təmayüllərinin aparıcı nümayəndələrindən biri hesab etdikləri Mirzadə Eşqinin “əsl yaradıcılıq simasını, vətəndaşlıq mövqeyini, İran ədəbiyyatı tarixindəki mübahisəsiz yerini müəyyənləşdirmək üçün, hər şeydən əvvəl, “Novruznamə”, “İran sultanlarının dirilməsi”, “Qara kəfən”, “Ehtiyac, ey ehtiyac”, “Vətən eşqi”, “Üç tablo” və s. kimi yüksək sənət nümunələri olan əsərləri zəngin material verir. Lakin Eşqinin ictimai-siyasi görüşlərini onun yalnız poetik əsərlərində axtarmaq düzgün olmazdı (2,s.265).” Antoqonist ziddiyyətlərin, əks münasibətlərin kəskin xarakter aldığı mürəkkəb dövrdə, ziddiyyətli bir mühitdə yaşamış və bu ziddiyyətlər içində çırpınan sənətkarın inqilaba, siyasi həyata, tarixdə şəxsiyyətin roluna, xalqın tarixən bütün inqilabların, ictimai-siyasi hadisələrin hərəkətverici qüvvəsi olmasına və s. kimi məsələlərə baxışlarını öyrənmək baxımından onun publisistik məqalələri də böyük əhəmiyyət daşıyır. Bu cəhətdən şairin həm bədii, həm də ictimai-siyasi-fəlsəfi dəyəri etibarilə yaradıcılığında xüsusi mərhələ təşkil edən, lakin başqa əsərləri ilə müqayisədə daha az diqqət verilmiş, belə demək mümkünsə, tədqiqatçıların nəzərindən yayınmış “Beş gün qan bayramı” məqalələr silsiləsi böyük elmi və ədəbi dəyərə malikdir.

İngiltərə imperializmi ilə 1919-cu il müqaviləsi əleyhinə etiraz səsini qaldıran və açıq mübarizə aparan Mirzə Kuçek xan Cəngəli, Heydər xan Əmir oğlu, Şeyx Məhəmməd Xiyabani, Kolonel Məhəmmədtəqi xan Pesyan, Əbülqasim Lahuti kimi demokratik fikirli aydınlar, azad ruhlu şairlər arasında Mirzadə Eşqi də var idi və “onun bu mühüm siyasi məsələdə tutduğu aydın, prinsipial və qəti mövqe o zaman ölkədə hökm sürən qanunsuzluq, hərc-mərclik və özbaşınalıq şəraitində böyük və misilsiz bir qəhrəmanlığa bərabər olub heyrət doğurmaya bilmir. Vətənpərvər şair həmin müqaviləyə imza qoyan Vüsuq-üddövləni «satqın», «xəyanətkar», «rüşvətxor» deyə qorxmadan, çəkinmədən damğalayır, onu pul üçün hər şeyini satmağa hazır olan «şərəfsiz» adlandırırdı”. (2, s.273) “Dərdi izah etməklə dərdə dəva bulunmayacağını və halva-halva deməklə ağzın şirin olmayacağını” söyləyən Eşqi Vüsuq-üddövlə kimi «şərəfsiz»lərin xəyanətlərini ifşa edən bir neçə məqalə və şeirlər yazmışdır. Bu motivlərin yer aldığı “Vətən eşqi” mənzuməsi əsərləri içərisində dolğun məzmunu, məna dərinliyi və siyasi kəskinliyi ilə seçilir. Mənzuməyə kəsərlilik, məna dərinliyi bəxş edən folklor nümunələrinə müraciət, alleqorik obrazların vasitəsilə bədii fikrin ifadəsidir:


Həzər o qonaqdan ki, evə ayaq qoymamış
Ev sahiblərini evdən çölə çıxarır.
Bizimlə (İranla) İngilisin müqaviləsi


siçan-pişik dastanıdır:

Əgər, pişik siçanı tutarsa, onu buraxarmı?
Biz aslan da olsaq, o, dünyanın tülküsüdür:
Məlumdur ki, aslanı tülkü aldadır (3, s.274).

Göründüyü kimi, canlı xalq danışıq dili əsasında yazıb-yaradan Eşqinin əsərlərində Şərq lirikasının ənənəvi obrazları olan gülün, bülbülün, gözəlin qara xalının, badam gözünün, hilal qaşının, burma-burma tellərinin tərənnümü deyil, ictimai mövzular üstünlük təşkil edir.

Bitkin bir hekayə təsiri bağışlayan “Uzunqulağa minmiş respublika” poemasını da şair şifahi xalq ədəbiyyatı motivləri əsasında yazmışdır. Əsərdə Eşqi yenə də İngiltərə imperia-lizminin “Respublika” şüarı altında min bir hiylə ilə (İngilis barmağı) xalqın malını, İranın sərvətini oğurlayıb aparmasını, işğalçı dövlətlərin soyğunçuluq siyasətini qamçılayır, sadə, anlaşıqlı bir dillə mühüm siyasi mətləbləri ifadə edir: “Kəndxuda Kaka Abdin öz evinin anbarın-da, küpdə doşab saxlayırmış. Bir gün xəbər tutur ki, doşabı kimsə oğurlayır; ayaq izləri ilə müəyyən edir ki, doşabı oğurlayan qonşusu – əliəyri, oğru Yasidir. Yasi dаhа oğurluq etməyə-cəyinə söz verir, lakin az sonra könlünə yenə doşab düşdüyündən fikirləşib başqa çarə tapır: bu dəfə oğurluğa uzunqulağa minib gedir. Kəndxuda оnun ayaq izlərini ахtarırsа, da tapa bilmir, sonra məlum olur ki, oğru yenə qonşusu Yasidir, intəhası iz оnun deyil, uzunqulağındır. Хalq ədəbiyyatından gələn: «Əl Yasinin əlidir, iz isə uzunqulağındır”məsəlini çəkən şair Yasinin siyasətini İngiltərənin İrandakı siyasətinə bənzədir və yığcam şəkildə ingilis-İran münasibətləri-nin mahiyyətini açıqlayır:

Kimin ki, evində doşabı var,

Onun Yasi kimi bir qonşusu da var.

Bizim Yasimiz, ey əziz dost,

Həzrəti Cambul-yəni ingilisdir.

Bizim vətənimizi də yeməli şey hesab edir,

Guya başımıza doşab sürtülmüşdür.

O, elə düşünür ki, İranı aparmaq olar:

Bu torpaq-doşab kimi yeməlidir.

Əvvəlcə Vüsuq-üddövlə ilə müqavilə bağladı:

Ancaq gördü ondan hasil olmadı.

Qazaqxanada bir nökər tapdı:

Elə bir nökər ki, uzunqulaqdan ötrü can verərdi.

Uzunqulağa mindi ki, doşabı oğurlasın,

Sonra beş milyon lirəni alsın.

“Respublika” şüarını uzunqulağın ayağına bağladı,

Məhrəm şəkildə doşab küpünə əl uzatdı (2,s.276).


Maraqlıdır ki, bu rəvayətin digər variantı isə çörəyi gəlinin əli çatmayan yerdən asaraq onun yeməsinə mane olmaq istəyən əzazil qaynana ilə bağlıdır. Aclığa dözə bilməyən gəlin eşşəyin-uzunqulağın belinə minərək çörəyi götürür. Evə qayıtdıqda qaynana gəlinin deyil, eşşəyin izini gördükdə deyir: “İz eşşəyindir, fel isə gəlinin.”

Əsərlərində aydın şəkildə yansıyan güclü romantizm (passivlikdən aktivliyə doğru inkişaf edən) ünsürlərinə görə, Eşqi müasir fars ədəbiyyatında romantizm və inqilabi romantizm ədəbi cərəyanının yaradıcısı, yeni ədəbi üslub tərəfdarı kimi dəyərləndirilir. Lakin şairin sırf romantik əsər kimi qələmə verilən “Qara kəfən” və “İran hökmdarlarının oyanması” poemalarında belə “asanlıqla müşahidə etmək mümkündür ki, çox vaxt romantik səpkidə təsvir edilən hadisələrin əsasını şairi əhatə edən real həyatın özü, İran cəmiyyəti qarşısında duran vacib problemlərin həllini təmin etməli olan fikir və ideyalar təşkil edir.” Təsadüfi deyil ki, o, “Qara kəfən” poemasında Zülm və əsarətə, irticaçı və qəsbkar imperializm qüvvələrinə qarşı qələminin gücü ilə ardıcıl və dönməz mübarizə aparmış, alovlu vətənpərvər kimi tanınaraq sevilən şairin əsərlərinin böyük əksəriyyətində də real həyatın, İran gerçəkliyinin realizm nöqteyi-nəzərindən bədii təsviri, təbii ki, romantik şair mövqeyindən üstündür. İnqilabi mövzularda qələmə aldığı şeirlərində isə Eşqinin inqilabi-romantik düşüncələri realist duyğuları ilə üzvi surətdə bağlıdır. Eşqinin özünün bir növ həyat idealının, həyat kredosunun, mütərəqqi, inqilabi fikirlərinin mündəricəsi olan “Üç tablo, yaxud bir qoca kəndlinin, yaxud da ki Eşqinin idealı” kimi də təqdim olunan “Üç tablo, yaxud, Eşqinin idealı” poeması, “Novruznamə”, “Qara kəfən”, “Dördüncü məclis haqqında müstəzad”, “Xilqətdən na-razılıq”, “Ehtiyac, ey ehtiyac”, “Bəşərin məzəmmət edilməsinə dair”, “İnsan növünün pislənməsi haqqında”, “İran hökmdarlarının oyanması”, “Təmiz-pak üz” əsərləri daha çox məşhurdur. Tədqiqatçı S.H.Hayyeri şeir sənətkarlığında Pərvin Etisami və Məhəmmədhüseyn Şəhriyardan sonra Eşqinin üçüncü şəxs olduğunu söyləyir və eyni zamanda o, Pərvin Etisamini fars ədəbiyyatındakı realizmin, Məhəmmədhüseyn Şəhriyarı idealizmin, Eşqini isə romantizmin ən görkəmli nümayəndəsi sayır (7,s.141). İctimai bərabərsizlik, qadın azadlığı, sosial problemlər, amansız istismarın yaratdığı zalım-məzlum konfliktləri Eşqinin inqilabi romantizm üslubunda yazdığı əsərlərin əsas leytmotivləridir. Təsadüfi deyil ki, XX əsr fars şeirində ənənə və novatorluq məsələlərini araşdıran B.Hüseynov yoxsulluğun doğurduğu faciələrdən, müsibətlərdən bəhs edən “Ehtiyac, ey ehtiyac” tərcibəndini “fars poeziyasında ictimai bərabərsizlik mövzusunda yaradılmış ən qiymətli əsərlərdən(6.s.181)” biri kimi qiymətləndirmişdir. “Qara kəfən” poemasında isə yenidən ictimai bərabərsizlik mövzusuna qayıdan Eşqi qadınlara kişilərlə bərabər hüquqların verilməsi tələbilə çıxış edir və təbiətin zərif yaratdığı bu incə məxluqları qara çadraya-kəfənə bürüyərək cəhalət və səfalət içərisində, zülm və əsarət altında yaşamağa itələyənləri, diri ikən ölümə məhkum edənləri lənətləyir. “Nə qədər ki, qadınlarımız çadra altındadır, xalqın yarısı ölüdür (6.s.189)” - deyir və içində yaşadığı cəmiyyətin fərdləri arasında mövcud olan ayrı-seçkilik mərəzindən, onları həyata gətirən müqəddəs varlıqların hüquqsuz, acınacaqlı vəziyyətindən ürəyi qan ağlayır. Vətəndaş şair əsərdə təsvir etdiyi qadının-“yadellilərin gətirdiyi dinin fitvası ilə diri-diri qara kəfənə bürünüb gora, məhbəsə atılmış İran qadınlarının timsalının (6.188)” dili ilə ərəblərin Azərbaycanı, İranı istila etdikdən sonra islam dininin törətdiyi faciələrə və ölkələrə gətirdiyi bədbəxtliklərə ayna tutur və bir cəmiyyətin qadınları bədbəxtdirsə kişiləri xoşbəxt ola bilməz qənaətini sərgiləyir. Şairin “Üç tablo, yaxud bir qoca kəndlinin idealı” poemasında, eləcə də digər əsərlərində Azərbaycan xalqının həyatı, adət-ənənələri, qədimliyi və həyatsevərliyi, istiqlal arzuları, milli mənlik şüuru, milli kimliyi uğrunda mübarizəsi, onu əhatə edən təbii, ictimai-siyasi mühit parlaq surətdə öz əksini tapmışdır. Şairin “Üç tablo, yaxud, Eşqinin idealı” poemasında xalq arasından çıxmış sadə kəndli obrazının getdikcə inkişaf edərək təkmilləşdiyinin, Məşrutə inqilabının mücahidi kimi yetişdiyinin, bədii obraz kimi təkamül yolu keçdiyinin şahidi oluruq. Onun simasında müsbət qəhrəman obrazı yaratmış Mirzadə Eşqi xalqın azadlıq uğrunda mübarizəsini, eyni zamanda özünün ictimai-siyasi görüşlərini, milli duyğu və düşüncələrini də məhz “Üç tablo, yaxud bir qoca kəndlinin, yaxud da Eşqinin idealı” adı ilə antologiyalarda yer alan poemanın əsas obrazının dili ilə ifadə etmişdir. Poema üç hissədən - üç tablodan ibarətdir. Birinci tablo “Eşqinin idealı” adlanır. Şair “Aydınlıq gecə” adını verdiyi tabloda yüksək zövqə malik istedadlı rəssam kimi sanki ana təbiətin ən gözəl bir dövrünün-yazın oğlan çağının rəsmini cızır: Baharın son günlərində gülzara dönmüş, gülün gülü, bülbülün bülbülü səslədiyi, hər tərəfi qızılgülün məstedici rayihəsi bürüdüyü xoş bir məkan, ayın aydınlatdığı, nura bürüdüyü bəyaz gecə təsvir olunur:
Yazın sonuydu, bürünmüş qızılgülə gülzar,

Daş üstə tutmuş idim bir divar dibində qərar.

Önümdə bir dərə, arxamda yüksəlir dağlar,

Günəş qüruba yaxındır, fəzayi-Şimran tar (qaranlıq)

Çəkilməmişdir üfüqdən hələ izi günəşin...

Günəş qürub eləyərkən, fəza qaraldı bir az,

Ağacların arasından Ay oldu əksəndaz:

Alışdı ərşdə on minlər ilə şəmi-niyaz,

Ayın ziyası ilə yer üzü büründü bəyaz.

Cahan gəlin kimi kirşanladı bütün bədənin (4.s.166).
Poemanı oxuduqda məlum olur ki, Kirmanda yaşayıb çalışan bir hökumət məmuru işdən qovulur. Səbəbi isə çox bəsit və iyrənc, alçaq bir təklifə razılıq verməməsidir. Müdirinin xanımı onun yanına ötürmək kimi əxlaqsız təklifinə rədd cavabı verən məmur cürbəcür təhqir və təzyiqlərə məruz qalır. Müdiri dəfələrlə şallaqla döydürüb, işgəncələr verdikdən sonra məmuru işdən qovur. İşsiz qalan bu məmur ailəsini dolandırmaq üçün aldığı məvacibdən də məhrum olur, evinin xalça-palazını, dirriyini satsa da, ehtiyaclarını ödəyə bilmir. Həyat yoldaşı acından ölür. Üç il beləcə aclıq və səfalət içərisində zillətlə, ölmə-diril yaşayır. Sonra isə Tehranda xalqın ayağa qalxdığını və haqq-ədalət uğrunda haqlı tələblər irəli sürdünü eşidir və bu xəbər onu Tehrana getməyə həvəsləndirir. Şəhərə çatıb mövcud rejimin ədalətsizliklərinə, qanlı istibdada qarşı mübarizə aparan bir təşkilat - “Əncümən”i də o, yaradır və məclis qurur. İran ədəbiyyatında xüsusi yeri olan “İdeal” poemasında Mirzadə Eşqi siyasi motivlərə daha çox qabartmış, mütərəqqi ideyalara üstünlük vermiş, xalq içərisindən çıxmış müsbət bir qəhrəman obrazı yaratmışdır. Poemada təsvir olunan hadisələr, müsbət qəhrəman obrazının həyatla əlaqəsi onun təkmilləşməsinə, tipik bir xarakter kimi yetişməsinə gətirib çıxarır. Əsərin qəhrəmanı oxucunun gözlərinin önündə sanki böyük bir inkişaf yolu keçir, məmurluqdan xalq hərəkatının, məşrutə inqilabının öncüllərindən biri səviyyəsinədək inkişaf edir. Çünki Məşrutə inqilabına kəndlini kortəbii axın gətirib çıxarmamışdır. Onun başına gələn olaylar həyatda getdikcə formalaşmış bir idealının, azadlıq amalının yaranmasına gətirib çıxarmışdır. Mövcud istibdad rejiminin rəhbərlərinin, Dövlət xadimlərinin satqınlığını, xalqı riyakarcasına aldadaraq xüsusi amansızlıqla istismar etdiklərini gördükcə, sadə kəndlinin qəlbində mənfur quruluşa qarşı nifrət, qisas hissləri coşmuş, çürümüş, məhvi labüd olan hakim üsuli-idarəni yıxmaq, daşını daş üstə qoymamaq zərurəti onun idealına, həyat amalına çevrilmişdir. Artıq Sovetlər ölkəsində baş vermiş Oktyabr inqilabının dalğası İrana, Cənubi Azərbaycana da gəlib çatmışdır. Çünki məşrutə hərəkatında iki oğlu şəhid olmuş kəndlinin bütün ümidlərini bağladığı mehri-naində xalqın təkidilə evli olmuş yeganə qızı Məryəmin başına gətirilən müsibətlər nəticəsində onun intihar etməsi, çəkdiyi məhrumiyyət və zillətlər qəlbini mövcud rejimə qarşı nifrətlə, qızının qatilinə isə kin-küdurət və qisas, intiqam hissi ilə doldurmuşdur. Əyyaş bir gəncin yalan sevgi vədlərinə inanan saf, təmiz, Məryəm adlı bu kənd gözəli aydınlıq bir gecədə onun toruna düşür. Oğlan durmadan danışır, xoşbəxt gələcəklə bağlı başgicəlləndirici yalan-ları doğrayıb-tökür, boş vədlərlə, cazibədar evlənmə təklifləri ilə qızın başını dumanlandırır, ona məcburən şərab içirərək sərxoş edir və qızın namusuna təcavüz edir. Onlar beş ay gəzib dolanırlar. Beləliklə, vaxt-vədə keçir. Nəhayət, Məryəm hamilə olduğunu anlayır və bunu sevdiyinə deyir. Lakin oğlan bu xəbəri eşitcək yoxa çıxır. Saf, sadəlövh Məryəm bütün cəhdlərinə baxmayaraq sevgilisindən, inandığı, “boyunun fədası” olduğu dil “pəhləvanından” xəbər tuta bilmir. Onun laqeyd münasibəti, soyuqluğu qızın varlığına, ürəyinə üşütmə salır. Qəlbindəki coşqun sevgi hisslərini nəzərə almayan oğlanın ona yüngül əxlaqlı başqa qadınlar kimi yanaşması, beş-üç gün ömür sürməyi rəva görməsi, evlənməkdən qəti olaraq imtina etməsi Məryəmin əlini həyatdan üzür, yaşamaq həvəsi qəlbini tərk edir, eşqi qönçə gül kimi budağındaca solur, sevdiyi, aşiq olduğu insanla-yalançı intelligentlə birlikdə quracağı ailənin xoşbəxt gələcəyilə bağlı şirin xəyalları, arzuları da ölür, bütün dünyaya nifrət edir və sonda, canına qıyır. Ata göz yaşlarını sel tək axıdaraq qızını tək-tənha kəfənləyərək dəfn edir.

Məşrutə inqilabının ilk çağlarından əlinə silah götürən, azadlığa Fərhad Şirini sevən tək aşiq olan, iki oğlunu da bu amal uğrunda şəhid verən kəndli inqilab boğulduqdan sonra ərizə verib, heç olmasa, əvvəlki işinə - məmurluğa qayıtmaq istəyir. Lakin sipəhdarın ərizəsinə candərdi cavab verməsi kəndlinin bütün ümidini puça çıxarır. O, sadə bir dehqan-əkinçi kimi gündəlik ruzisini qazanmaq üçün bostanda çalışmaq qərarına gəlir. Eşqi kəndlinin düşdüyü acınacaqlı vəziyyəti və inqilabda çəkdiyi əzab-əziyyətlərin, əməyin onun uğurlarından faydalanan nadan səlahiyyət sahibləri tərəfindən qiymətləndirilməməsini inandırıcı şəkildə, bədii-poetik dillə təsvir etmişdir:


Nəhayət, atdı sipəhdar ərizəmə imza,

Dedi, - Ərizənə bu şerdir cavab sənin:

«Hələ müqəddimeyi-eşqi dil, iştav etmə,

Muradına çatacaqsan, çox iztirab etmə!

Nəsihətimi eşit, qanını xərab etmə!

Hey «inqilab» deyib, bağrını kəbab etmə!

Bir eylə iş ara tap ki, çıxa ətin, çörəyin. ( 4, s.180)
Kəndli dərin peşmançılıq hissi keçirir. Sipəhdarın sözləri sanki iti xəncər olub ürəyinə sancılır:

Bu sözlər işlədi qəlbimə odlu xəncər tək,

Dedim, nə oldu mənim qoyduğum o səy, əmək?

Necə bazarda olum pinəduz, ya dəllək!

...Mənə ki, çatmış idi hər cəfayi-məşrutə,

İki cavan balam olmuş fədayi-məşrutə,

Nəsib olmadı hərgiz səfai-məşrutə.

...Qəmimlə arvadımın oldu bağrı qan, öldü,

Üç ay yataqda çəkib naləvü fəqan, öldü,

Əmanət etdi mənə Məryəmi, aman öldü... (4, s.181)
Təbii ki, qoca kəndlinin çəkdiyi iztirablar sonsuzdur, acıları, ağrıları intəhasızdır. Lakin bir incə məqamı də nəzərdən qaçırmamalıyıq ki, Mirzadə Eşqi novator bir sənətkar kimi, sadə kəndli obrazını baş qəhrəman səviyyəsində təqdim etməklə ədəbiyyatda, poeziyada yenilik etmiş, şerə yeni nəfəs, yeni obrazlar gətirmişdir. Lakin onun yeni obrazının-müsbət qəhrəmanının düşüncə tərzi məhdud, idealı dumanlıdır. Hər bir sahədə, xüsusilə xalqın inqilabi mübarizə cəbhəsində təmənnasızlığı başlıca amil sayan şair əsərdə vurğula-yır ki, əgər hər bir inqilab fədaisi qoşulduğu hərəkatın sonunda ondan öz mənafeyi, şəxsi maraqları naminə hansısa istəklərdə olarsa, o zaman onun inqilaba gəlişi təmənnalı olur. O halda, həmin inqilabların əsl qələbə çalacağına və idarəetmədə qüsurların olmayacağına ümid azalır. Çünki Eşqinin qəhrəmanı da sonda inqilabdan gözlədiklərinə nail ola bilmir, bəxtiyar olmaqla bağlı arzularına qovuşmur:
Mən inqilab adına çəkdim ol qədər zəhmət,

Dedim məni edəcək bəxtiyar hürriyyət!

Qoca çağımda mənə oldu bel, külüng qismət.

Bəs inqilab bu isə, var olsun istibdad!

Həzar mərtəbə xoşdur, cəfası müstəbi din... (4.s.181)
Şair qocanın bu halında da ürəyində gizli bir amalının, həyat idealının olduğunu öz dili ilə bəyan edir. Yaşayışını bir həyat deyil, zindan sayan, mərdanə ölümü sürünə-sürünə yaşamaqdan üstün bilən qoca kəndli qəlbində xalqın yeni inqilab edəcəyinə, xoşbəxt gələcəyinə qovuşağacağına inanır. Gec-tez zəhmətkeş kütlənin qələbəsi ilə ağ günlərin, azad, bəxtiyar günlərin gələcəyinə əminliyini ifadə edərkən qocanın gözlərində Leninin rəhbərliyi ilə gerçəkləşmiş Oktyabr inqilabının şöləsi bərq vurur:
Mənim cahanda fəqət gizli bir məramım var,

Odur məni yaşamağa bu gün edən vadar...

Açanda ağzını etsin məramını izhar,

İki işıqlı gözündə oxundu hissi-vüqar.

Təcəssüm etdi o gözlərdə inqilabi-Lenin. (4.s.183)
Qoca qəti əmindir ki, gün gələcək azadlıq arzuları çin olacaq, inqilab qələbə ilə başa çatacaq və o vaxt xalq öz intiqamını zalimlər səltənətindən alacaq, xalq cinayətlərin kökünə balta çalacaq, xainlər hesab verəcək, şərəfsizlər cəzalarına çatacaqlar. Məryəmin qatili də həmçinin...
Budur mənim əməlim, şərh eylədim sadə,

Nə qəm varımdı, əgər olmasam da dünyadə

Əməllərim qalacaqdır, özüm tək azadə,

Sirayət eyləyəcək hər fəqiri-naşadə,

Bütün bir el olacaq aşiqi, əməllərimin. (4.s.181)
Eşqinin “İdeal” poeması üç hissədən - “Aydınlıq gecə”, “Məryəmin ölümü”, “Qoca bir kəndlinin sərgüzəşti və onun idealı” adlanan üç tablodan ibarət olsa da, vahid süjet xəttinə malikdir və əsərin birinci hissəsindən sonuncu hissəsinədək hadisələrin dinamik axarında müsbət qəhrəmanın iştirakı görünür.

Nəsrlə nəzmin növbələşməsi ilə, I hissəni nəsr, II hissəni isə nəzmlə qələmə aldığı “Novruznamə” adlı iri həcmli əsəri də süjet xəttinə, lirik-romantik ovqatına, xalq adət-ənənələrinə, milli koloritə söykəndiyinə görə xüsusi maraq doğurur. Bu tərz-üslub ədəbiyyatda yenilik idi... Nəsrlə nəzmin vəhdətində qələmə alınan əsərlər, adətən, xalq ədəbiyyatında “dastan” kimi tanınır və nəzərə alsaq ki, Güney şairlərinin əksəriyyəti uzun şeiri-poemanı başlıqdan sonra “dastan” adı ilə təqdim edirlər. Deməli, “Novruznamə”ni orijinal poema nümunəsi kimi qəbul edə bilərik. Eşqi “Novruznamə” əsərinin giriş hissəsində yazırdı: “Doğrudur, fars ədəbiyyatı bütün dünyada öz gözəlliyi ilə məşhurdur, lakin biz heç də məcbur deyilik ki, əsrlər boyu çeynənmiş ədəbi tərzdə yazaq. Bizim ədəbiyyatımız nə qədər gözəl və bəyənilmiş olsa da yenə onu daha gözəl etmək olar. Biz elə etməliyik ki, ədəbiyyatımız əvvəlkindən çox bəyənilsin (11, s.5).” Şairin bu fikrinə Böyükağa Hüseynovun yanaşması da maraq doğurur: “Novruznamə” əsərinin nəsrlə yazılmış birinci hissəsində Eşqi yeni ədəbi üslub yaratmaq lüzumunu irəli sürür, “Hər şeyin, cansızların belə dəyişdiyi bir dövrdə ədəbiyyatın öz yerində saymasını” təəccüb doğuran bir hadisə hesab edirdi (6, s.60).” Yeniləşmə ideyasını ləngitmədən “Novruznamə” əsərində həyata keçirən coşğun təbli şair I hissəni nəsr, II hissəni isə nəzmlə yazaraq ləngimədən (sanki dünyanı gənc yaşlarında tərk edəcəyini sövq-təbii duyduğundan o, daha çox iş görmək, yeniliklər etmək istəyirdi) ədəbiyyatın daha çox bəyənilməsi uğrunda çalışır, bədii söz sənətində, ədəbiyyatda daim yeniliklər, mütərəqqi dəyişikliklər edirdi. Eşqi çağdaş fars şeirində ona qədər İran ədəbiyyatında işlənməyən yeni tərz, üslub, orijinal ifadələr yaradırdı. Maraqlı mükalimələr, dialoqlar qururdu. Bu baxımdan “Eşqinin idealı” poemasında yaratdığı mükalimə Dövlət idarəsinin məmuru, zahirən mədəni görünüşlü, səliqəli geyinmiş, “krovatlı (qalstuk), fraklı” Cavan oğlanla-Məryəmin dialoqu daha maraqlıdır. Cavanın Məryəmə şərab içirmək üçün israrla təkid etdiyi tablo daha oynaq və səlisdir:


Cavan: -Burax bu sözləri, bəsdir gətirmə əzər daha,

Məryəm: - Qəsm xudaya içə bilmərəm, çox üz vurma.

Cavan: - Al iç, al iç, səni Tanrı, əlimi qaytarma

Məryəm: -Yaxamdan əl çək, amandır içmərəm əsla!

Özün iç, indi ki, vardır meyə belə həvəsin.
Onun “Kəfən-e siyah” (“Qara kəfən”) poeması da xüsusi bir tərzdə yazılmış şah əsərlərin-dəndir. Bu şeirin hər bəndi yeddi misradan ibarətdir, altıncı və yeddinci misralarda isə tamamilə ayrı vəzn və qafiyə sistemi özünü göstərir. Ümumiyyətlə, Eşqinin əsərlərinə xas olan peyzaj, ətraf mühitlə, təbiətlə lirik qəhrəmanın daxili aləmi, əhvali-ruhiyyəsi arasında romantik bir bağlılıq, qarşılıqlı təsir bu poemada da qabarıq nəzərə çarpır.

“Novruznamə” əsəri çap edildikdən sonra, az müddətdə geniş yayılmış, tez bir zamanda məşhurlaşmış, dəfələrlə nəşr olunmuşdur. Əsər bir neçə hissədən ibarətdir. Birinci hissə «Eşq aləmindən bir səhnə və ya Eşqinin gəzintisi» adlanır. Romantik-realist, lirik şair olduğu şeirlərindən aydın görünən Eşqi poemanın bu hissəsində oxucunu aylı-ulduzlu bir gecənin əsrarəngiz, sehrli dünyasına aparır. Aşiq öz məşuquna, sevgilisinə tezliklə çatmaq, qovuşmaq arzusu ilə alışıb yanır. Təlatümə gəlmiş, fırtınalı, dalğaları şahə qalxmış dənizin güclü müqavimətinə baxmayaraq lirik qəhrəman sevgilisinin yanına - Müda adasına yetməyə çalışır, dalğalarla mübarizəyə qalxır, onun güclü məhəbbəti, qətiyyəti dalğalara qalib gəlir, Müda adasına çatır. Lakin onun bu çarpışmaları, dalğalarla ölüm-dirim mübarizəsi müqabilində sevgilisinə yetmək istəyini məşuqə çox etinasız şəkildə, biganəliklə qarşılayır. Dənizin fırtınalı, qasırğalı küləyi, soyuq dalğaları sanki onun ürəyindəki sevginin də odunu, atəşini soyutmuş, məhəbbətini yuyub aparmışdır. Şair maraqlı, təsirli bir qiyaslama aparır: Qəribədir, dənizin tufanının zərrə qədər təsir edə bilmədiyi lirik qəhrəmanın qəlbini qızın bu soyuqqanlılığı, laqeydliyi üşüdür. O, kor-peşiman evinə qayıdır. Vətənindən ayrılığın acısını bir an da olsa, unuda bilməyən Eşqinin lirik qəhrəmanı indi ikinci bir ayrılıq dərdi yaşamalı olur. Yurdundən və sevdiyindən ayrılığın acısı, möhnəti qəlbini göynədən lirik qəhrəman səhərə yaxın yuxuya gedir və röyasında görür ki, dünya nə qədər gözəldir, yaşa-maq, həyatın nemətlərindən dadmaq, günəşi, ayı, ulduzları seyr etmək, insanların əhatəsində olmaq həqiqətən möhtəşəm bir duyğu, böyük xoşbəxtlikdir. Müda adası isə sanki bir cənnət məkandır, havası səfalı, ruhoxşayan, hər tərəfi gül-gülşəndir. Sevgilisi də onu hədsiz mehribanlıqla, hörmət və məhəbbətlə qarşılayır. Xalq böyük coşğunluqla, fərəh və iftixarla qədim el bayramını - Novruzu, əslində Baharın gəlişini, dünyanın yeniləşməsini qeyd edir. Hər kəs fərəh və şənlik içərisindədir. Novruz bayramının keçirilməsi, bayramla bağlı adət-ənənələr, gələnəklər də elə yuxuda canlandırılır. Əsərdə ana təbiətin, xalqın milli adət-ənənələrinin, yaşayış tərzinin poetik təsviri son dərəcə təbii, orijinal və gözəldir. Əsərdə yurdçu, vətənçi şair təbiətin ecazkar qoynunu, füsunkar mənzərələri xüsusi bir məhəbbətlə, sevgi ilə vəsf etmiş, həzin, incə və gözəl tablolar yaratmışdır.



Novruz bayramı, təbiətin, ana torpağın oyanışı sanki Eşqinin də ürəyinə bir yeniləşmə, tərpəniş gətirir, ruhunu oyadır. Şairin arzu və istəkləri, sevgisi yenidən alovlanır və gerçəkləşir. Gələcəyin uğurlu olacağı ilə bağlı qəlbində bir ümid qığılcımı közərir. Əsərin ikinci hissəsində qədim dövrdə Azərbaycan türklərinin, eləcə də İran xalqlarının Novruz bayramı zamanı həyata keçirdiyi adət və mərasimlərin təsvir edilir. Şаirin ictimai-siyasi şeirlərini təhlil edən tədqiqatçı alim Məmməd Ağa Sultanov yazırdı: “Eşqi zahiri islahatları sevmirdi. O, “Külahi namədi ma” şeirində əvvəlcə başın içini, sonra isə papağı dəyişməyi məsləhət görürdü. O, bütün irəliləmə, tərəqqi və inkişafı isə tarixin girdablarında özünə haqq qazandırmış olan qanuni bir nəticədə-inqilabda görürdü. “Qan-qan” deməsi də belə bir inqilab nəticəsindən doğurdu. Çünki həqiqi azadlıq qan tökmədən və qurban vermədən mümkün deyildi. Buna görə də o, qələmini və atəşin sözlərini bir inqilab bayrağı kimi yüksəklərə qaldıraraq deyirdi: “Eşqinin dili inqilab şagirdidir və bu qırmızı dil, dil deyil, qan bayrağıdır” (11.s.3)” Eşqi humanist ideallara, ümumbəşəri əsaslara söykənən inqilabın həyata keçməsini və İranda yaşayan bütün əzilən insanlara, məzlum xalqlara azadlıq gətirməsini istəyirdi. İnqi-lab dedikdə Sovet Azərbaycanında, Rusiyada baş vermiş siyasi hadisələri-Oktyabr inqila-bını düşünür, İranda da belə bir inqilabın gerçəkləşməsini arzulayırdı. Ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq və dərəbəylik, ciblərini xalqın alın təri ilə qazanılmış pullarla dolduraraq harınlamış dövlətlilərin kasıbları, əməkçi xalqı istismar etməsi dərdli şairi təbdən çıxarırdı. О, Nоvruz bayramı öncəsi hazırlıq görən zəhmətkeşlərə, əhalinin kasıb təbəqəsinə xitab edərək əsl fəhlə-kəndli bayramı, xalq törəni bütün varlılar аrаdаn çıхan vaxt-insanlar arasında rəiyyət-ərbab deyə heç bir fərq qoyulmayan, tam bərabərliyin bərqərar olacağı gün gerçəkləşəcək, deyirdi:
Fəhlələr, bu Novruz, bu şanlı bayram,

Əzizdir, gözəldir, bilir xasu-am.

Fəqət inqikabçı şairdən bu gün,

Dinlə bir nəsihət, doğru bir kəlam.

Fəhlə və məzluma zəmanəmizdə,

Hələlik bayramlar olmuşdur haram.

Hər gün bir müftəxor varlı ölərsə,

O gün fəhlələrə bayramdır, bayram.

Varlılar hamısı ölüb bitərsə,

Bizə Novruz olar, hər səhər-ахşam» (11.s.10-11).
Bu çağırışlarla əsərlər, məqalələr yazaraq mətbuatda tez-tez çıxış edən inqilabçı şairin həyəcanlı çağırışlarından qorxuya düşən istibdad rejiminin mürtəce qüvvələri onu susdurmaq, üsyankar səsini boğmaq istəyirdilər. Lakin misralarından od-alov saçılan Eşqi bu hədələrdən qəzəblənərək daha kəskin mövqe tutur, özünü sıyrılmış qılınca bənzədirdi və “sıyrılmış qılıncdan tutmaq hər adamın işi deyil”, Mənim təbim tarix qarşısında böyük məsuliyyət daşıyır, əgər mən sussam, tarix məni məzəmmət edər”- deyir, Vətənin və xalqının qeyrətli ziyalı övladı kimi, onların xoş gələcəyinin düşünən beyinlərdən-aydınlardan asılı olduğunu dərindən dərk edirdi... “Mən tazə şairəm, sözümü tazə söylərəm, Vay ondadır ki, mən də yazam köhnələr kimi (11, s.4)”, - deyən Eşqi siyasət meydanında olduğu kimi, ədəbiyyat cəbhəsində-poeziya aləmində də inqilabçı idi.

Məmmədağa Sultanov şairin böyük hünər və istedadla klassik ədəbiyyatın əsrlər boyu davam edən köhnə ənənə və forma çərçivələrini qıraraq İran ədəbiyyatı üçün tamamilə yeni ruhlu əsərlər yaratdığını yüksək qiymətləndirərək yazırdı ki, o, ilk dəfə olaraq yazmış olduğu “Eşqinin idealı” kimi mühüm bədii əsərini, “Novruznamə”sini Məruf Mənəvi ilə deyil, Məsəmmət ilə yazdı. O, İran ədəbiyyatı tarixində ilk dəfə olaraq “Rəstaxiz” (Dirilmə) adlı kiçik əsərini, “Qurbanəli Kaşi”, “Cəmşidi nakam”, “Həlva aləqfəra” adlı dram əsərlərini yazdı. Eşqi ilk dəfə olaraq məhdudiyyət bilməyən vəzn sərbəstliyi yaratdı.

Bütün yaradıcılığı boyu bətnindən qopduğu xalqın ehtiyaclarını, ağrı-acılarını, problemlərini qiymətli əsərlərində bir aynada olduğu tək əks etdirən, ürəyi, qanı, ruhu ilə el-obasına, millətinə bağlı olan Eşqi yaşadığı duyğu və hissləri qələmə alır, düşündüklərini yazırdı. “Həmrəylik” şeirində vurğulayırdı ki, dünyanın bütün qızılı, sərvəti dəyməz ki, ona görə öz xalqının inam və etibarını, məhəbbətini itirəsən. Mən divanəyəm, məcnunam, Vətənimə vurulmuşam, ana yurdumun torpağı, daşı, suyu, gili adından fəğan edirəm. Şairin “Eşqin ustadı” şerində ifadə etdiyi kimi, nalə və fəryad etmək Vətənə məhəbbətini izhar etmək yolu deyil. Vətəni Fərhad Şirini sevən tək sevmək lazımdır ki, yolunda şirin canından keçməyi bacarasan və hər an buna hazır olasan. Lakin Vətənin dərdlərinin, yaralarının əlacı yalnız mübarizə və inqilabdadır.

Eşqi ədəbi və publisistik fəaliyyəti ilə də İran ədəbiyyatında həqiqətən inqilabi çevriliş yaratdı. Çünki onun təbi, ilhamı ali məqsədlərdən, öncül fikir bahadırlarının amallarından qay-naqlanmışdı. “O, sosialist inqilabı haqqında böyük Karl Marksın dahiyanə təlimi ilə, Darvinin təkamül nəzəriyyəsi, Şekspirin həyat və fəaliyyəti ilə, Tolstoyun tərbiyəvi nə-sihətləri ilə Cordano Brunonun bilinməz iradəsi ilə Molyerlə, nəhayət qədim yunan filosofu Heraklitin ehkamları ilə tanış idi. Onu həyatda mübariz edən də bu bilik dərinliyi idi. Eşqi çox ehtimal ki, Azərbaycan ədəbiyyatının şah əsərləri elə də tanış idi. o “Rəstaxiz” əzərində öz nəğməsini qafqaz segahı ilə yazdı. Əziz Hacıbəyovun “Leyli və Məcnun” operasında “Söylə bir görək, ərəb” ahəngində nəğmə yazır. Nəhayət maraqlıdır ki, onun “Həlva Əlfəqra” adlı komediyası Mirzə Fətəli Axundovun “Molla İbrahim Xəlil Kimyagər” komediyasını xatırladır(11, s.5).”



Bu düşüncələrlə yaşayan şair, təbii ki, öz soy-kökünə, tarixinə, xalqının şanlı keçmişinə möhkəm tellərlə bağlı idi və bu bağlılıqdan iftixar duyurdu. “Novruznamə” əsərində də onun ilk peyğəmbərimiz Zərdüştə, qədim türklərin etiqadına, atəşpərəstliyə böyük məhəbbəti və ehtiramı təsadüfi xarakter daşımırdı... Eşqi əsərlərini fars dilində yazıb, ancaq bu dəyərli əsərlərdə bütünlüklə məhz türk təfəkkürünü, türk düşüncəsini yansıtmışdır. Əgər belə olmasaydı, ustad Şəhriyar el-obası üçün Səməndər quşu tək yanan Vətən aşiqini şəhidlik məqamına yüksələn mərd, igid bir ər kimi öyüb şəninə “Mərhum Mirzadə Eşqinin xatirəsinə” adlı (9, s.157) elegiya yazmaz və şəxsiyyətini ən yüksək səviyyədə qiymətləndirməzdi:
Özü eşq əhli, mərdlər içrə vahid, binəzir ərdi,

O Eşqi ki, cəmi eşqi, cəmi dərdi-Vətən dərdi...

Ölərmi heç o kəs ki, qəlbi eşq ilə nəfəs alsın?

Xeyir, ölməz! Ölər düşmən, qalan Eşqi-Səməndərdi. (12, s.214)
Мirzadə Eşqi həm ictimai-siyasi xadim, həm də klassik fars şeirinin ənənələrini, dəyişməz kanonlarını dərindən bilən, bu ənənələr çərçivəsindən çıxaraq poeziyaya yeni forma və məzmun gətirən müqtədir bir şair, İranın və Güney Azərbaycanın ictimai fikir və mətbuat tarixində öz parlaq səhifəsini yazmış bacarıqlı publisist, mahir bir jurnalist kimi də xalqın yaddaşında əbədi yaşayacaqdır.

Qaynaqlar:


  1. М.С.Щашими. Тарих-е ъярайед вя мяъяллат-е Иран, ъелд-е севвом, Исфащан, 1329-1950.

  2. Я.Щаъызадя. Ясярляри, Х ъилддя, Х ъилд, Бакы, «Нафта-Пресс», 2005, 480 с.

  3. Меликов. Установление диктатуры Реза шаха в Иране, Москва, 1961.

  4. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası, I c., B: “Elm”, 1983.

  5. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası, II c., B: “Elm”, 1988.

  6. Böyükağa Hüseynov. XX əsr fars şerində ənənə və novatorluq. B. «Elm», 1975, 338s.

  7. İran filologiyası məsələləri, Bakı, Azərbaycan SSR EA-nın nəşriyyatı, 1966.310s.

  8. Rizvanov N. Şəhriyar yaradıcılığında vətənpərvərlik, filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya, Bakı: 1985, AMEA-nın kitabxanası.

  9. Esmira Fuad (Şükürova). Söz sərrafı Şəhriyar, Bakı, “Nurlan”, 2010. 304s.

  10. XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar, Bakı, “Elm”, 1981.

  11. Mirzadə Eşqi. Müntəxabat, Bakı: Azərbaycan S.S.Cümhuriyyəti Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin Orqanı,Tərcümə edəni Mübariz Əlizadə, Ön söz: Məm-məd Ağa Sultan. Inqilabçı şair, 1947.

  12. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri, Bakı: “Elm”, 2000.


Эсмира Шукюрова (Эсмира Фуад)

Доктор философии по филологическим наукам,

Ведущий научный сотрудник Института Литературы

имени Низами НАН Азербайджана

Жизнь u идейные особенности в поэмах Мирзаде Эшги
Мирзаде Эшги (Сейид Мохаммадрза), оценивающийся как великий поэт повстанцев своей эпохи и борющийся за свободу и независимость до последнего вздоха, несмотря на недолгую жизнь, оставил после себя богатое литературное наследие, в котором органи-чески связал особенности реализма, романтизма и революционного романтизма в литера-туре Южного Азербайджана начала ХХ века. По элементам романтизма Эшги, считается сторонником нового литературного стиля, основопо-ложником литературного течения романтизма и революционного романтизма в современной персидской литературе. Такие социальные конфликты как неравенство, свобода женщин, социальные проблемы и безжалостная эксплуатация являются основными лейтмотивами в его произведениях.

Ключевые слова: Мирзаде Эшги, революционного романтизма, реализм, поэт.
Esmira Shukurova (Esmira Fuad)

Leading Scientist of the Institute of Literature named after Nizami of the National Academy of Sciences of Azerbaijan, Philologic Ph.D.
Ideological Features in the Poems of Mirzade Eshgi
Mirzade Eshgi (Sayyid Mohammadrza), evaluated as the great poet of his time and the rebels fighting for the freedom and independence to the last breath, despite the short life left a rich literary heritage which organically linked features of realism, romanticism and revolutionary romanticism in the literature of Southern Azerbaijan at the beginning of XX century. By his elements of romanticism Eshgi is considered a supporter of the new literary style, the founder of the literary movement of romanticism and revolutionary romanticism in modern Persian literature. Social conflicts such as inequality, independence of women, social problems and ruthless exploitation are the main themes in his works.

Key words: Eshgi, Southern Azerbaijan, romanticism, Persian literature, social problems.


filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu

1 Bu barədə bax: Чайкин. Краткий очерк новейшей персидской литературы, М., 1928, стр. 120-123; Ю.Н.Марр. Вступительная лекция к курсу новой персидской литературы, статьи и собрания. т. II.М.-Л., 1939; Ромаскевич А. Литературное движение в современной Персии, кн. 2. Восток, 1923; М.М.Ализаде. Пути развития демократических идей в персидской литературе XIX-XX веке. Автореферат докт. дисс. Баку, 1969; M.Eşqi. Müntəxabat, Tərcümə: Mübariz Əlizadə, Ön söz: Məmməd Ağa Sultan. Inqilabçı şair, Bakı: 1947

2 Bu barədə bax: А.Дадашов. Жизнь и творчество М.Ешги. Автореф. канд. дисс. 1965; А.Шойтов. «Современная персидская поэзия». М., 1959, с.7; Z.Rizoyev. Eron şairləri, Müqəddimə, Daşkənd, 1958; B.Hüseynov “XX əsr fars şerində ənənə və novatorluq”, Bakı: “Elm”, 1975.



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə