İnformasiyanın sıxlaşdırılması. Rabitə xəttinə informasiyanı ötürməmişdən əvvəl daha böyük miqdarda informasiyanı ötürmək üçün mütləq həmin informasiyanı sıxlaşdırmaq lazımdır. Sıxlaşdırma prinsiplərindən biri ondan ibarətdir ki, təkrar olunan simvol və kodlar ardıcıllığı daha qısa şəkildə yazılmış kodla əvəz edilir. Məs, AAAAAVVVVSSSSSS = 5A4V6S.
Sıxlaşdırmanın digər bir üsulu qısaldılmış baytlardan istifadə edilməsidir. Aydındır ki, bayt özü 8 bitdən ibarətdir, amma 5 bitdən ibarət olan informasiya qrupu bir baytda başlayıb, digər baytda qurtara bilər. Bu cür qısaldılmış bayt birləşmələrinin uzunluğu müxtəlif ola bilər. Əksər hallarda ən çox rast gəlinən simvollar bitlərin qısaldılmış ardıcıllığı ilə kodlaşdırıla bilərlər. Hal-hazırda informasiya sıxlaşdırılmasının mürəkkəb alqoritmləri əsasında işləyən külli miqdarda proqram-arxivatorlar işlənib hazırlanmışdır. Qeyd etmək lazımdır ki, ən kiçik sıxlaşdırma vahidi informasiyanın tipindən asılı olaraq, informasiya blokudur. Ən geniş yayılmış proqram-arxivatorlardan - Arc və Zip proqramlarını göstərmək olar.
Verilənlərin sıxlaşdırılmasını modemin daxilində yerləşdirilmiş sıxlaşdırma protokolu (MNR5), həmçinin verilənlərin ötürülmə kanallarının özü həyata keçirirlər.
Səhvlərin tapılması və təshihi. Növbəti informasiya blokunu göndərdikdən sonra modem, rabitə xəttinin digər tərəfində olan modem tərəfindən bu informasiya blokunun düzgün qəbulu haqqında təsdiq cavabını gözləyir. Əgər informasiya səhv qəbul olunubsa, bu halda qəbuledici modem göndərilən blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhvlərin bu təshih üsulu ARQ (Automatic Repeat reQuest-təkrarın avtomatik üsulu) adlanır. Bəzi rabitə kanalları informasiya ötürülməsi zamanı əmələ gələ bilən səhvlərin müəyyən miqdardan kənara çıxmamasına nəzarət edir. Əks halda, modem-qəbuledici modem-vericiyə təklif edir ki, daha alçaq sürətə keçsin və ya ötürülən blokların sayını azaltsın.
Ötürülən informasiyaya nəzarət üçün hər bir informasiya bloku müəyyən nəzarət cəmi ilə təmin olunur. Bu cəmi əldə etmək üçün ötürülən blokun bütün bitlərinin üzərində müəyyən hesab əməli aparılır. Bu rəqəmin tapılma alqoritmi elə qurulmalıdır ki, istənilən bitin təhrif olunması nəzarət cəminin dəyişməsinə səbəb olsun. Modem-qəbuledici, növbəti informasiya blokunu qəbul etdikdən sonra göstərilən alqoritm üzrə nəzarət cəmini tapır və onu cari alınmış cəm ilə müqayisə edir. cəmlər bir-birilə üst-üstə düşdükdə, blokun düzgün ötürülməsi təsdiq edilir. cəmlər bir-birinin üstünə düşmədikdə, bu ötürmə zamanı səhvə yol verildiyini göstərir və bu barədə modem-qəbuledici həmin blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhv alınmış nəzarət cəminin təhrif olunmuş verilənlərə uyğunluq ehtimalı çox kiçikdir.
Səhvlərin təshihi modem daxilində olan səhvlərin təshih aparat protokolu (MNP4), həmçinin faylların ötürülmə protokolunu formalaşdıran kommunikasiya protokolu (məs, Xmodem) vasitəsilə də həyata keçirilə bilər.