Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl



Yüklə 1.25 Mb.
Pdf просмотр
səhifə1/16
tarix29.05.2017
ölçüsü1.25 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16

 
 
 
 
 
Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl 
 
 
 
İraq divanı 
 
Bakı -1987 
 
Tərtib edən - Qəzənfər Paşayev, 
Redaktor, lüğət və şərhlər – Məmmədəli Əsgərov 
 
 
 
 
 
 
 
 

 
 
 
NƏSİMİNİN  İRAQ  DİVANI 
 
Ədəbi əlaqələr genişləndikcə bir sıra Yaxın Şərq ölkələrində Azərbaycan ədəbi 
dilinin inkişafında və formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan 
xalqının qüdrətli sənətkarı  Nəsiminin yeni-yenl əlyazma nüsxələri aşkar edilir. Bu, 
şairin sağlığında və ölümündən sonra onun poeziyasının  Şərq ölkələrində yüksək 
qiymətləndirildiyinə, geniş yayıldığına və böyük rəğbət qazandığına dəlalət edir. 
Şairin İraq Divan nüsxəsinin üzə çıxarılması dediklərimizə sübutdur. 
Nəsiminin  İraq Divan nüsxəsini bizə  Kərkük vilayətinin Tus Xurmatu 
qəzasının Bəşir kəndində yaşayan, yaşı yüzü keçən, özünü Şah  İsmayılın nəvə-
nəticələrindən hesab edən Səyid Heydər töhfə etdi. Divanın üzü Molla Turab ibn 
Molla Səfil, ibn Molla Əmir tərəfindən köçürülmüşdür. Tünd qəhvəyi rəngli, qalın 
dəri cildli bu divan nüsxasi 286 səhifədən ibarətdir.  Əlyazmanın vərəqləri iki 
sütunludur. Divanın səhifələrində 14-19 beyt vardır. Ölçüsü 15-21 santimetrdir. Digər 
nüsxəsində  şairin 400-dən artıq  şe’ri verilmişdir. 398 şe’r Nəsimi təxəllüsü ilə 
tamamlanır. Üç şe’r şairin ilk təxəllüslərindən olan Səyyid Nəsimi təxəllüsü ilə bitir. 
Bu divan nüsxəsində Hüseyni təxəllüsü ilə yazılmış  şe’rlərə  və rübailərə  təsadüf 
edilmir. Üz qabığının iç tərəfində “Varlıya qürbət də  vətəndir, yoxsula vətən də 
qürbətdir”, -yazılmışdır. Divan Nəsiminin “İştə gör” şe’rilə başlanır və şairin həcmcə 
böyük bir şe’rilə tamamlanır. Son misralar belədir: 
Cümlənin rizqin verdin, əzəl qism eylədin, 
Kiminin yediyi ğəmdir, kiminin yağ ilə bal. 
Ey Nəsimi, sən yürütdün töhvidi yer üzünə, 
Yenə min əstəğfürülla, əfv qıl, ya zülcəlal. 
 
 Divan 
nüsxəsinin üzünün köçürülmə tarixi və kitab haqqında məlumat axırda 
verilmişdir: 
 
Ruzi-şənbə bu kitab oldu tamam,  
Ol Rəsulun ruhuna yüz min salam.  
Kətabə hul-kitab Molla Turab, 
İbn Molla Səfil, ibn Molla Əmin. 1269 (1853-Q. P.) 
 
Divan nüsxəsi səhifələnməmiş, klassik divan quruluşunda son hərflərə müvafiq 
düzülmüşdür. Hər səhifədəki son söz o biri səhifədə təkrarən yazılmışdır. “Payi-
səhifə” (səhifə ayağı) adlanan bu üsuldan vaxtilə geniş istifadə edilmişdir. 
Bir çox ölkələrdə kitab səhifələrinin nömrələnməsinə XVI əsrdə başlansa da, 
Şərq ölkələrində köhnə “nömrələmə” üsulu XIX əsrin axırlarına qədər davam 
etdiyinə görədir ki, Nəsiminin İraq Divan nüsxəsində də bu ənənəyə
 
riayət edilmişdir. 
Nüsxənin bədii tərtibatı yoxdur. Şe’rlər bir-birindən  şairin təxəllüsü olan qoşa 
misralar və iki sətirlik boş yerlə ayrılır. Bir neçə yerdə  ləkə olmasına baxmayaraq, 
mətn aydın və oxunaqlıdır. Divanın əvvəl və orta vərəqlərindən bir neçəsi cırılmışdır. 
Bu nüsxəyə  şairin yalnız Azərbaycan dilində yazdığı  qəzəllər və iki tiyuq daxil 
edilmişdir: 

 
 
 
Ya rəb, məni sən aləmə sərtac etmə,  
Həm siflələrin tirinə möhtac etmə.  
Ya rəb, mənə bir gəncü qənaət ver kim,  
Namərdə degil, mərdə də möhtac etmə. 
 
Ya ilahi, kimsə heç ac olmasın,  
Ac olub namərdə möhtac olmasın. 
Bimürüvvət görməsin dövlət üzün, 
Bihəmiyyət sahibi-tac olmasın. 
 
Bu  əvəzsiz xəzinəni  İraqa üçüncü səfərim zamanı (1972-1975) iraqlı 
ədəbiyyatşünas  Əbdüllətif Bəndəroğlu ilə  əldə etdik və dili Azərbaycan dilindən 
fərqlənməyən, özünü türkman adlandıran Nəsimi, Füzuli xələflərinin mədəniyyət 
incisi olan “Yurd” qəzetində bir silsilə məqalə və yazılarla çıxış etdik. 
“Ürəklərdə yaşayan  şair Nəsimi” adlı  məqalədə oxuyuruq: “Böyük şairimiz 
Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə Sovetlər Birliyində 
(Azərbaycanda) bu ilin əylul (sentyabr) ayında möhtəşəm şənliklər yapılacaqdır. Bu 
xüsusda  Əbdüllətif Bəndəroğlu ilə filologiya elmləri namizədi Qəzənfər Paşayevin 
Nəsimi haqqında hazırladıqları kitabı avqust ayında çapdan çıxacaqdır. Kitabdan bir 
parçanı veririk...” (Bağdad, “Yurd” qəzeti, 16 may 1973-cü il). 
Qeyd etmək lazımdır ki, hər gün Bəndəroğlunun Baş redaktor olduğu “Yurd” 
qəzeti redaksiyasında görüşür,  şairin bu nadir Divan nüsxəsinin uzünü köçürür, 
əlimizdə olan kitab və materiallarla müqayisə edirdik. Bir neçə aydan sonra işi başa 
vurduq. Lakin işin gedişi göstərdi ki, əldə etdiyimiz əlyazma nüsxəsi haqqında qəti 
söz demək üçün topladığımız material kifayət deyildir. Buna görə  də  mən “Yurd” 
qəzetində “Nəsimi Divanı və biz” adlı yazı ilə çıxış etdim: “Bir neçə say öncə “Yurd” 
qəzetində “Nəsimi divanının  İraq nüsxəsinin tapılması  və  həmin nüsxə  əsasında 
Əbdüllətif Bəndəroğlu ilə bu nüsxə haqqında kitab yazacağımızı vəd etmişdik. İşimin 
çoxluğu üzündən və istənilən qədər material olmaması səbəbindən bu işdən mən vaz 
keçdim. Biz Bəndəroğlu ilə bu divan nüsxəsi haqqında fikir mübadiləsi apardıq və bu 
nüsxənin üzünü kiril (rus) əlifbası ilə köçürtdük. Ancaq işə başlamadıq. Hər kəs 
ayrıca işinə başlaya bilər. Güman edirəm ki, Əbdüllətif Bəndəroğlunun yapacağı 
Nəsimi kitabı  İraq türkmanlarına, onların dilində yazan beyük şairin yaradıcılığını 
tanımaqda bir yardım olacaqdır. Bu yolda arxadaşım  Əbdüllətif Bəndəroğluna 
müvəffəqiyyətlər diləyirəm” (Bağdad, “Yurd”, 25 iyul 1973). 
Sonralar Əbdüllətif Bəndəroğlu vəd etdiyi kitabı buraxdı. Lakin bu kitab həmin 
əlyazma nüsxəsi barədə nə tam məlumat verir, nə də bütün se’rləri əhatə edir. Qeyd 
etmək kifayətdir ki, Ə. Bəndəroğlu kitabına Nəsiminin  İraq Divanında verilən 400-
dən artıq se’rin yalnız 95-ni daxil etmişdir. Həmin se’rlərin bəzisi yarımçıq verilmiş 
və demək olar ki, kitabda gedən se’rlərin hamısına şairin başqa əlyazma nüsxələrində 
və Bakıda çap olunmuş kitablarda rast gəlinir. 
Bundan başqa tədqiqatçının əlində kifayət qədər material olmaması üzündən 
şairin İraq Divan nüsxəsinin bir çox səhifələrində təsadüf edilən se’rlərin (məs: 3,13-
14,18, 60-61, 64, 64-65, 74, 75, 81, 101, 101-102, 102, 117, 154, 155, 190-191, 201-

 
 
202, 211, 250 və s.) yalnız bu Divan nüsxəsində mövcud olduğunu söyləməsi də 
həqiqətdən uzaqdır. (Bax: Əbdüllətif Bən-dəroğlu. İmadəddin Nəsimi əl-Bağdadi, 
Araşdırma və seçilmiş şe’rləri, Bağdad, 1973). Çünki bu se’rlərə başqa əlyazma 
nüsxələri və kitablarda da təsadüf edilir. 
Bununla belə, kitab İraqda yaşayan və azərbaycanca danışan bu xalqa 
Azərbaycan ədəbi dilinin və bədii fikrinin ən böyük ustadlarından biri - dahi 
şairimizin yaradıcılığı barədə ilk töhfə olmaq baxımından böyük qiymət kəsb edir. 
Bir də ki, mərhum şairimiz Rəsul Rza demişkən: “Bu möhtəşəm ədəbi-elmi 
abidənin gözəl, dəqiq, maraqlı və uzunömürlü yaranmasında bir kərpic qoyanın da, 
yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir. 
Nəsiminin İraq Divan nüsxəsini S. Mümtazın “Seyid İmadəddin Nəsimi”, Bakı, 
1926; prof. M. Quluzadənin Nəsimi. “Seçilmiş se’rləri”, Bakı, 1962; akademik H. 
Araslının “İmadəddin Nəsimi”, Bakı, 1972 və  Nəsimi. “Seçilmiş  əsərləri”, Bakı, 
1973; prof. C. Qəhrəmanovun Nəsimi. “Məndə sığar iki cahan”, Bakı, 1973 və ərəb 
əlifbası ilə çap etdirdiyi “Nəsimi əsərlərinin elmi-təntidi mətninin üç cildliyi”, Bakı, 
1973 kitabları ilə müqayisə etdik. Müqayisə zamanı Nəsimi əsərlərinin elmi-tənqidi 
“mətninin üç çildliyi əsas götürülmüşdür.
 
Nəsiminin  İraq Divan nüsxəini yuxarıda adı  çəkilən  əsərlərlə tutuşdurduqdan 
sonra on dörd se’rin nəsimişunaslıqda məlum olmadığını  aşkar etdik. Bunlar “İştə 
gör”, “Ondan çıxar”, “Göstərir”, “Yoxdur minnətim”, “Bilənə”, “Əlidir”, “Ol”, 
“Degilmidir” rədifli və “Yenə fəsli bahar oldu, gögərdi kuhi-səhralar”,  
“Nigara, pərtövi-husnün təcəlla verdi məhtabə”,  
“Gəl, ey sərkeş, nəsihətdən burax əqlin qulağına”,  
“Qılan hər nəsnəyi əmri-xudadır”,  
“Camalın qibləyi-əhli-səfadır”, 
“Ay camalın çilvəgahı rövzeyi-xüldi-bərin” misraları ilə başlanan şe’rlərdir. 
Bundan başqa qeyd etmək lazımdır ki, görkəmli nəsimişünas C. 
Qəhrəmanovun söhbət açdığı, yalnız bir əlyazmasında təsadüf edilən və buna görə də 
mübahisəli və qeyri-dəqiq qalan, lakin Nəsimiyə aid olması ehtimal edilən 129 se’rin 
68-i şairin İraq Divan nüsxəsində verilmişdir. Bu fakt nəsimişünaslıqda güman, şübhə 
və ehtimalla qarşılanan 68 şe’rin məhz Nəsiminin olduğunu təsbit edir. Şairin  İraq 
Divanında bu və ya başqa se’rlərin tərkibində gedən 50-yə  qədər beytə  də başqa 
mənbələrdə rast gəlmirik. C. Qəhrəmanovun mübahisəli se’rlər haqqındakı fikri 
maraq doğurur: “Nəsimi  əsərlərinin tənqidi mətninin tədqiqi nəticəsində bir çox 
mübahisəli, tam mənasında dəqiqləşməyən  şübhəli se’rlər aşkar edilmişdir. Həmin 
se’rlərin müəyyən hissəsinin Nəsimiyə aid olması ehtimalı çoxdur. Ancaq bircə 
nüsxədə verilmiş bu se’rlərdə yarımçıq beytlər, dil və üslub xətaları vardır. Başqa bir 
nüsxə  və variantlarla müqayisə edib, şe’rin  əsl mətnini dürüstləşdirmək mümkün 
olmadığı üçün onlar “Əlavələr”də verilmişdir. Nəsimi   əsərlərinin   tənqidi   mətninin 
“Əlavələr” hissəsində verilmiş  şe’rlər gələcəkdə  şairin daha bir çox əlyazmaları 
aşkara çıxarıldıqdan sonra dürüstləşə bilər”. 
Bu baxımdan  İraq Divan nüsxəsinin  şairin  ədəbi-bədii irsinin hərtərəfli 
öyrənilməsinə müsbət kömək edəcəyi şübhə doğurmur. Prof. C. Qəhrəmanov göstərir 
ki, 1932-ci ildə M. Şakir Türkiyədə “Azərbaycan yurd bilgisi” məcmuəsinin 11-12-ci 
nömrələrində latın əlifbası ilə Nəsimi divanlarına düşməyən bir neçə se’ri Nəsiminin 

 
 
adına çap etdirmişdir. Həmin se’rlərdən biri “Yoxdur minnətim”, Nəsiminin  İraq 
Divan nusxəsində (səh. 130) aşkar edilmişdir. 
Cahangir Qəhrəmanovun Azərbaycan EA Respublika Əlyazmaları institutunda 
mühafizə olunan yalnız bir cüngdə  təsadüf etdiyi və  “Əlavələr”də - şübhəli se’rlər 
arasında verdiyi “Olmaz” rədifli se’r (C. Qəhrəmanov göstərilən  əsəri, III cild, səh. 
532) də Nəsiminin İraq Divan nüsxəsində (səh. 91) mövcuddur: 
 
Kişi kim mərifətdə kamil olmaz,  
Ona nuri-inayət hasil olmaz... və s. 
 
Nəsiminin İraq Divan nüsxəsində şairin indiyə qədər məlum olmayan “Ol” 
rədifli se’ri vardır (səh. 113). Se’rin səciyyəvi xüsusiyyəti ondadır ki, burada misralar 
üç sətirdən ibarətdir. 
 
Gəl arifin al xəbərin mə’ni ərəndən, 
Bu dünyanın çək əlini dərdi-sərindən, 
Bişək güman ol, sultan cahan ol! 
 
Nəsiminin  İraq Divanını dolğunluğuna, kamilliyinə  və  həcminə görə M-227, 
/1167  şifrəsi altında Respublika Əlyazmaları institutunda saxlanılan Bakı  əlyazma 
nüsxəsi ilə müqayisə etmək olar. 
Şairin İraq Divan nüsxəsində diqqəti cəlb edən cəhətlərdən biri də əsərin üzunü 
köçürən katibin səliqəli işidir. Məsələ burasındadır ki, ədəbi dilimizdə işlənən bir çox 
söz kərküklülərin danışığında işlənməsə də, katib onları dəyişməmiş, olduğu kimi 
saxlamışdır. Qara hərflərlə yazılan sözlər belələrindəndir: 
 
Könlümün məqsədi sənsən özgə dildar istəməz, (cəh. 81)  
Təfavüt etməz anı, gər qəbul qılsa rəhim, (səh. 137-138)  
Sevməyən, ey murdari-islam, Nəsiminin tənin (səh. 89)  
Dünya çün murdar imiş, gəl keç, könül, murdardən, (səh. 184)  
Bunca şıltaği nədəndir aşiqi-şeyda ilən, (səh. 184)  
Səni sevənlərin halı, bu dörd işdən degil xalı, (səh. 190)  
Gerçək müsəlman olmuşam (səh. 155) 
Ağarmaz yüz kəzin yusan, əzin bəs ruyi-çun hindu (səh. 190)  
Sındır qəfəsi tazə gülüstan tələb eylə (səh. 206) və s. 
 
Maraqlıdır ki, bu Divan nüsxəində indi ədəbi dilimizin lüğət tərkibindən 
çıxmış, lakin bu gün belə Kərkük dialektində işlənən ulaşmaq, varmaq, yürü, kəndi 
qutlu, tütün, yey, irişmək və s. kimi bir çox sözə təsadüf edilir. 
Şairin bu divan nüsxəsində də ibrətamiz sözlərə, kəlmələrə, atalar sözlərinə tez-
tez rast gəlirik: 
 
Çün hər nə kim əkərsən, axır biçərsən anı (166)  
Söz bilənə yetər, bir söz, özgə sualə düşməsin (səh. 180)  
Ey Nəsimi aqibət verər yelə,  

 
 
Bivəfa ilə yeyən nanu nəmək (səh. 106).  
 
Şair yeri gəldikcə məharətlə sinonimlərdən, antonimlərdən və s. istifadə edir: 
 
Çün bəqasızdır cahanın mülkü malü dövləti.  
Tükəndi əqlimin səbri, qərarı qalmadı canın və s  
 
Bu bir yandan Nəsiminin xalq dilini gözəl bilməsinə  dəlalət edirsə, digər 
tərəfdən də  hələ  Nəsimi dövründə Azərbaycan  ədəbi dilinin böyük inkişaf yolu 
keçdiyini göstərir. 
Şairin İraq Divanı göründüyü kimi bir çox mətləblərdən xəbər verir. Onlardan 
biri “türkman” termini ilə bağlıdır. Şairin başqa əlyazma nüsxələrində də tez-tez rast 
gəldiyimiz bu sözə İraq Divan nüsxəsində də təsadüf edilir: 
 
Ərəbin nitqi bağlandı dilindən, 
Səni kimdir deyən kim türkmansan (səh. 178) 
 
Sonralar Şah İsmayıl Xətai də bu terminə işarə ilə yazmışdır: 
 
Getdikcə tükənir ərəbin kuhi-məskəni,  
Bağdad içində hər necə kim türkman qopar. 
 
Şairlərimizin, tarixçilərimizin, dilçilərimizin söz açdıqları bu türkmanlar 
kimlərdir? Maraqlıdır ki, indinin özündə belə  kərküklülər özlərini də, bizi də 
türkman, biz isə onları azərbaycanlı adlandırırıq. Təbiidir ki, burada bir həqiqət 
vardır. Bu həqiqəti dərindən duyan prof. Ə. Dəmirçizadə “Azərbaycan ədəbi  tarixinə 
dair” kitabında yazmışdır: “O dövrlərdə türkman etnonimi indiki mənadan bir qədər 
fərqli işlənmiş, hətta indi Bağdad  ətrafındakı azərilərin türkman adlanmaları da bu 
sözün əvvəlki mənası ilə əlaqədardır”. 
Şairin  İraq Divanı  nəsimişunaslıqda qaranlıq qalan, ümumi həcmi 51 vərəq 
olan və Ermənistan SSR Nazirlər Soveti yanında Qədim Əlyazmaları Elmi-Tədqiqat 
İnstitutunun  ərəb yazılı abidələr fondunda 517 nömrə altında mühafizə edilən 
əlyazma nüsxəsinin üzünün harada köçürülməsinin aydınlaşdırılmasına da gətirib 
çıxarır. 
Nəsimişünas C. Qəhrəmanov bu məsələ ilə  əlaqədar yazmışdır: “Əlyazmanın 
üz qabığında həmin nüsxənin 1113 (1701)-ci ildə  Təbrizdə  əldə olunduğu barədə 
qeyd vardır. Katib Hüseyn Əli ibn Səfər Əli özünün “Hacı Qəyyumlu” çamaatından 
olduğunu və Tusda məskən saldığını əlyazmanın sonunda qeyd edir. Fikrimizcə, Tus 
şəklində yazılmış yerin adı  ərəb qrafikasına  əsasən “Tus” kimi deyil, Azərbaycan 
tələffüzünə  əsasən “Tovus” (Toc) kimi oxunmalıdır. Doğrudur, “Tavus” (Tovus, 
Tovuz) sözü ərəb yazısına görə “Tavus” şəklində yazılmalıdır. Lakin katibin ümumi 
səviyyəsinə görə bu söz “Tus” şəklində  də yazıla bilər”. (Bax: İmadəddin Nəsimi, 
Birinci cild, Bakı, 1973, səh. 37-38). 
Tovuzda boya-başa çatdığımdan fəxr edərdim ki, şairin Divan nüsxəsinin üzü 
dünyaya göz açdığım doğma yerlərdə köçürülmüş olaydı. Lakin həqiqət budur ki, 

 
 
söhbət gedən  əlyazma nüsxəsinin üzü İraq  ərazisində yaşayan və keçmiş terminə 
əsasən türkman adlandırılan, azərbaycanca danışan, Nəsiminin, Füzulinin nəvə-
nəticələrinin doğma diyarı Tusda (bura Tuz da, Duz da, Tus və ya Duz Xurmatu da 
adlanır - Q. P.) köçürülmüşdür. Tusda əldə etdiyimiz bu böyük həcmli  əlyazma 
nüsxəsi də qəti söz deməyə imkan verir. 
 Matenadaranda 
saxlanılan və bizim fikrimizcə Tusda üzü köçürülən bu 
əlyazma nüsxəsində mövcud olan şe’rlərlə  şairin  İraq Divan nüsxə sində yer alan 
se’rlər arasında heç bir fərq yoxdur.
 
Maraqlıdır ki, İraq Divan nüsxəsində özünü göstərən əksər dini se’rlərə şairin 
yalnız Təbriz Universitetində mühafizə edilən Divan nüsxəsində rast gəlinir. 
Demək lazımdır ki, şairin bu Divan nüsxəsində oxucuların və tədqiqatçıların 
marağına səbəb olacaq bir çox se’rlar, fərqli cəhətlər, həqiqəti üzə çıxarmaq üçün 
gözəl beytlər vardır. H. Araslının tərtib etdiyi “Nəsimi” kitabında (səh. 30) oxuyuruq: 
 
Çaxdı sərvim aləmə, əsrarımı faş eylədi,  
Halıma həmdəm olandan dünyadə sevdayi-eşq. 
 
Şairin İraq Divanında oxuyuruq: 
 
Çıxdı sirrim, aləmə əsrarımı faş eylədi (səh. 102)  
və şairin nə demək istədiyini anlayırıq. 
Bu, “Ümmanə girən eşqilə, dürdanəyə  uğrar” misrası ilə başlanan  şe’rə  də 
aiddir.  Şe’rin son misrası H. Araslının və C. Qəhrəmanovun tərtib etdiyi kitablarda 
“hənnanə təvaf eylərü mənnanəyə uğrar”dır. Məntiqi cəhətdən bu mümkün deyildir. 
Əslində  mənnanəyə  (ərinin boynuna minət qoyan varlı qadın) təvaf eyləyən, yəni 
mal-dövlət ələ keçirmək, varlanmaq məqsədilə arvad almaq istəyən kişilər hənnanəyə 
(əri ola-ola başqa kişilərə meyl göstərən qadın) uğrar olmalıdır. Bunu İraq Divan 
nüsxəsi bir daha təsdiq edir: Mənnanə təvaf eylarü hənnanəyə uğrar (İraq Divanı, s. 
48). 
Başqa bir misal: Nəsiminin “Cananı  mənim sevdiyimi can bilir ancaq” və 
“Cananı  mənim sevdiyimi can dəxi bilməz” misraları ilə başlayan iki gözəl  şe’ri 
vardır. Hər iki şe’ri C. Qəhrəmanov “Nəsimi  əsərlərinin elmi tənqidi mətni”nin 
üçcildliyinə daxil etmişdir. Təəssüf ki, se’rlərin üzünü köçürən katibin diqqətsizliyi 
nəticəsində  səhvə yol verilmiş, bu isə öz növbəsində  məntiqsizliyə  gətirib 
çıxarmışdır. Hər iki se’r bu sözlərlə bitir: 
 
Heç kimsə Nəsimi sözünü fəhm (kəşf) edə bilməz,  
Bu “quş dili”dir, munı Süleyman bilür ancaq. 
(IIcild,  səh.  423, III  cild,  cəh.  367)  
 
Heç kimsə Nəsimi sirrini faş edə bilməz,  
Bu “quş dili”dir, bunu Süleyman dəxi bilməz. 
(III cild, səh. 255) 
 
İkinci şe’rda məntiqsizlik vardır. Ola bilməz ki, Nəsimi bir yandan Süleymanın 

 
 
quş dilini bildiyini təsdiqləsin, digər tərəfdən də onu inkar etsin. 
Heç  şübhəsiz, bu anlaşılmazlığın nəticəsidir ki, bu gözəl  ş’er nə M. 
Quluzadənin, nə H. Araslının və nə də C. Qəhrəmanovun tərtibində indiki əlifbamızla 
çap olunmuş kitablarda öz əksini tapmışdır. Bəs katibin səhvi nədə olmuşdur? Şairin 
İraq Divan nüsxəsi bunu aydınlaşdırır: 
 
Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz
Bu quş dəgidir (deyildir - Q. P.) bunu Süleyman dəxi bilməz. 
   
 
 
 
 
(İraq Divanı, səh. 85) 
 
Göründüyü kimi katibin diqqətsizliyindən “g” hərfinin üstündəki xətt düşməklə 
“l” oxunmuş  və beləliklə  də  şairin  ən gözəl se’rlərindən biri geniş oxucu kütləsinə 
çatdırılmamışdır. 
Demək olmaz ki, oxuculara təqdim edilən kitab nöqsanlardan xalidir. Hər halda 
təskinliyi onda tapırıq ki, işin gedişində bir çox ciddi nöqsanların üzə çıxarılmasında 
və islahında klassik ədəbiyyatımızın biliciləri C. Qəhrəmanov, M. Əsgərov və  Ə. 
Hüseyni tərtibçiyə yaxından kömək etmiş, düzəlişi zəruri olan bir sıra tənqidi qeydlər 
söyləmişlər. İş prosesində həmin qeydlər nəzərə alınmışdır. 
Kitabın sonunda şairin yaradıcılığının ilk dövrlərində  qələmə aldığı dini 
se’rlərin ilk və son beytlərini vermişik. Oxunması çətin olan bəzi başqa şe’rlərin də 
yalnız ilk vo son beytlərini taqdim etmişik. Ümumiyyətlə, bütün se’rləri Divan 
nüsxəsində olan ardıcıllıqla vermişik. Səhifənin aşağısında se’rin İraq Divanının 
hansı səhifəsində olduğu göstərilmşidir. İlk və son beytlər verilən hissədə isə səhifə 
şe’rin əvvəlində verilmişdir. 
Kitabın şərhlərini, lüğəti və şe’rlərin bəhrlərini M. Əsgərov hazırlamışdır. 
Qeyd etmək lazımdır ki, nəsimişünaslıqda bu ilk təşəbbüsdür. Heç şübhəsiz, 
əruz vəzn qəliblərinin dürüstləşdirilməsi bədii qiraətçilər, aktyorlar və eləcə  də 
se’rsevərlər üçün gərəkli ola bilər. 
Kitaba daxil edilən şərhlərin bir çoxunun yeni olması da Nəsimi yaradıcılığını 
daha yaxşı mənimsəmək baxımından maraq doğurur. Kitabın redaktoru M. Əsgərov 
izahlarla bağlı görkəmli  şərqşünas  İ. S. Braginskinin maraqlı fikrini yada saldı. 
Tədqiqatçı haqlı olaraq qeyd edir ki, Hafiz Şirazinin se’rlərində işlənmiş bir çox söz 
və ifadələr öz zəmanəsində tamamilə başqa mənalarda anlaşılmışdırsa, biz bu gün 
onların həmin ilk rəmzi mənalarını qavramaqda çətinlik çəkirik. I. S. Braginskinin 
həmin fikrinə bunu da əlavə edək ki, Hafizin əsərləri heç vaxt qadağan olunmamış, 
şair təqibə  məruz qalmamış,  əsərlərinə isə  hələ sağlığında cild-cild şərhlər 
yazılmışdır. Halbuki qaranlıq  əsrlərdə daimi təqib edilən Nəsiminin  əsərləri yasaq 
olunduğundan bu kimi şərhlərdən, izahlardan məhrum olmuşdur. Məhz buna görə də 
hər beytində bir dünya mə’na yatan mütəfəkkir şairimizin se’rlərinin belə geniş şərh 
olunması təqdirəlayiq bir hadisə kimi qiymətləndirilməlidir. 
Elə lüğətin özündə də yenilik vardır. Adətən klassik ədəbiyyatla bağlı əsərlərin 
sonunda ərəb-fars sözlərinin lüğəti verilir. Burada isə indi arxaikləşmiş, lakin klassik 
ədəbiyyatımızda çox işlənən Azərbaycan və türk mənşəli sözlərə  də xüsusi yer 
verilmişdir. Təbii ki, geniş oxucu kütləsi üçün “aydırmaq”, “qutlu”, “əsrük”, “zəhi”, 
“ilət”, “irişmək”, “kəpənək”, “yarğu”, “yey”, “kəndi”, “sayru”, “külah”, “sonmaq”, 

 
 
“tütün”, “ulaşmaq”, “uçmağ”, “bandırmağ”, “bən”, “yarın”, “yavuz”, “yelək”, 
“tamu”, “qənçəri”, “yegrək” və s. kimi sözlərin mənalarının lüğətdə öz əksini tapması 
faydalıdır. 
Mənasının açılması vacib olan söz və ifadələr ya lüğətdə, ya da şərhlərdə 
verilmişdir. 
Güman edirik ki, Nəsiminin  İraq Divan nüsxəsi tədqiqatçıların diqqətini cəlb 
etməyə layiq qiymətli abidə kimi, böyük şairimizin  ədəbi-bədii irsinin hərtərəfli 
öyrənilməsinə kömək edəcəkdir.     
 
 
 
 
 
 
 
 
Qəzənfər Paşayev 
 
 
 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör  
Yürəgim pas oldu ğəmdən, gəl içim yar, iştə gör! 
 
Yaxdı, yandırdı məni, yarın fərağı, neyləyim,  
Taqətim, səbrim tükəndi, yanıram zar, iştə gör! 
 
Dərdimin dərmanı sənsən, çarə kimdən istəyim,  
Çarəsi səndədir anın, çarü naçar, iştə gör! 
 
Doğradı ğəmdən fəraqin bağrımı, şol yarədən,  
Yürəgim qanı gözümdən axar, ey yar, iştə gör! 
 
Ey güli-xəndanım, axır pərdədən çıx, qönçə tək,  
Kim, məni şövqündə məcruh eylədi xar, iştə gör! 
 
Aşiqin imanı yüzündür, saçın həblülmətin,  
Mən yüzünü tutmuşam, belimdə zünnar, iştə gör! 
 
Gər “ənəlhəq” söyləməkdən darə asılsam nə qəm,  
Necə Mənsurun asılmış başı bərdar, iştə gör! 
 
Canımı, “anəstunar”ın şövqinə yandırma kim,  
Olmuşam Musa kimi muştaqi-didar, iştə gör! 
 
Arizin vərdi cinandır, bülbülün ruhil-qüdüs,  
Ey bu dərdin aşiqi, açıldı gülzar, iştə gör! 
 
Ta səni təqdiri-yəzdan eylədi məndən cüda,  
Yandırır şövqün məni, ey yüzü gülnar, iştə gör! 
 

 
 
Çün Nəsiminin vücudin nurinə yandırdı yar,  
Narə düşmüşdür həsəddən bunca əğyar, iştə gör!  (səh. 11) 
 
*** 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə