Hazırda ictimai həyatın siyasiləşməsi inkişafımızın xarakter xüsusiyyətlərindən birinə çevrilmişdir. Bu, təbiidir ki, siyasətin bütün aspektlərinin daha dərindən, hərtərəfli öyrənilməsinə ciddi tələbat doğur. Siyasi sosiallaşma aktuallığı getdikcə artan proseslərdən biridir.
Siyasi sosiallaşma insanın müvafıq informasiyaya yiyələnməsi, siyasi davranış ideyalarını, baxışlarını, nümunələrini qavraması prosesidir.
Siyasi sosiallaşma ünsürləri məktəb yaşından əvvəl təzahür edə bilər. Lakin bu proses ilk məktəb yaşlarından etibarən müntəzəm xarakter alır. Belə ki, sosial psixoloqlarının və pedaqoqların fıkrincə, 8-13 yaş uşaqda siyasi baxışların formalaşmasının mühüm mərhələsidir. Bu yaşda siyasi quruluşdan, siyasi proseslərdən daha çox siyasi xadimlərdən, rəhbərlərdən bəhs etməyə meyllilik güclü olur. Başqa sözlə, ümumi siyasi proseslərin fərdləşdirilməsi aydın müşahidə edilir. Ayrı-ayrı ictimai qüvvələrə, hətta xalqlara, dövlətlərə rəğbət və ya nifrət, tənqidi mövqe təzahür edə bilər. Bu prosesdə ailədə və məktəbdə məsələlərin müzakirəsi, müəyyən yönümün olması (təbiidir ki, yaşlıların köməyi ilə) mühüm rol oynayır.
13-14 yaşdan etibarən sosiallaşmanın yeni mərhələsi başlanır. Yeniyetməlik adlanan bu mərhələnin səciyyəvi xüsusiyyəti dağınıq siyasi informasiyanın müəyyən sistem halında formalaşmasıdır. Bu sistemdə nəinki siyasi həyatın ayrı-ayrı məqamları, ən məşhur şəxsiyyətləri özünə yer tapır, həm də ölkədəki ümumi siyasi vəziyyət, siyasi hakimiyyətin strukturu, cəmiyyətin və dövlətin məqsədləri barəsində müəyyən təsəvvür formalaşır. Məhz bu dövrdə müxtəlif ictimai təşkilatların, o cümlədən siyasi yönümlü təşkilatların fəaliyyətinə qoşulmaq istiqamətində ilk cəhdlər reallaşır.
Bir çox cəmiyyətlərdə 18 yaş insanın siyasi həyatda tam hüquqlu iştirakının başlandığı müddət hesab olunur. İnsanın bir vətəndaş kimi təşəkkülü əsasən başa çatır. Bu zaman onun dünyagörüşü bir növ tamamlanmış məna kəsb edir. Siyasi rəğbət və ya nifrət qabarıq şəkildə təzahür edir. Bəziləri üçün siyasi proseslərdə iştirak etmək onun sonrakı həyatının mühüm komponentinə çevrilir. Millətin, sosial qrupun struktur ünsürü olan insan konkret şəraitdən asılı olaraq müstəqil surətdə siyasi fəaliyyətə qoşulur, cəmiyyətin siyasi münasibətlərini bu və ya digər dərəcədə təcəssüm etdirir.
Bəzi tədqiqatçıların fikrincə, yetkin həyata qədəm qoymaqla siyasi sosiallaşma prosesi başa çatır. Bu fikirlə razılaşmaq çətindir. İş ondadır ki, öz həyatı dövründə insan, hətta müəyyən sosial qruplar öz siyasi yönümünü dəyişə bilər, öz siyasi fəaliyyətini başqa formalarda davam etdirə bilər, gerçəkliyi təhlil edərək, siyasi dissidentə çevrilə, yaxud siyasi məsələlərə laqeydlik yolunu tuta bilər. Deməli, insan bütün həyatı ərzində siyasi sosiallaşmaya məruz qala bilər. Onun gəncliyində formalaşmış siyasi mövqeyindən, müəyyən sərvət yönümlərindən uzaqlaşıbuzaqlaşmaması burada xüsusi məna kəsb etmir. Siyasi yönümün, mövqeyin dəyiş-məməsi onun siyasi insan kimi dəyişməz qalması demək deyildir. O, öz həyatında müəyyən təshihlər aparır, siyasi reallıqlara öz münasibətini dəqiqləşdirir, öz həyat fəaliyyətinin konkret formalarını başqalaşdırır.
Yeri gəlmişkən bir məsələyə də aydınlıq gətirilməlidir. Tarixin sərt dönüşlərində insanların siyasi həyata qoşulmasına xüsusi diqqət yetirilmiş, hər kəsin siyasətdə iştirakı hüququ etiraf olunmuş, bunun üçün müəyyən təminatlar verilmişdir. Lakin bu, uzun müddət ərzində əhalinin bir qisminə müyəssər olmuşdur. Tarixi proses sübut edir ki, siyasi kolliziyalar zamanı siyasi problemlərin həllində iştirak edənlərin sayı kəskin surətdə artır. Lakin qələbə ya məğlubiyyət məqamları keçdikdən sonra iştirakçıların azalması müşahidə edilir.
Mütəxəssislərin fikrincə, ümumi meyl belədir ki, siyasət getdikcə daha çox adamın həyatına daxil olur. Sabit xarakter daşıyan bu meyl əhəmiyyətli dərəcədə onunla əlaqədardır ki, siyasi hüquq və azadlıqların dərk olunması, reallaşması siyasi fəaliyyətdə, demək olar ki, hamının iştirakı üçün əsas yaradır. Müxtəlif səviyyədə rəhbərin, liderin mövqeyi, siyasi proseslərə bələdliyi, elmi cəhətdən əsaslı strategiya və taktika işləyib hazırlamaq bacarığı böyük məna kəsb edir. Lakin bu, adamların siyasi davranışının, fəaliyyətinin həlledici əhəmiyyətini kiçiltməyə əsas vermir.
Belə bir cəhət də unudulmamalıdır: bəzən insanların siyasi fəaliyyətini məhdudlaşdırmaq, yaxud başqa bir məcraya yönəltmək halları özünü göstərir. Lakin insanların siyasi həyatdan hər hansı formada uzaqlaşdırılması, real tarixi prosesə adekvat olmayan səmtə istiqamətləndirilməsi ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, açıq və ya gizli şəkildə bütövlükdə siyasi sistemə münasibətdə yadlaşma təzahür edə bilər.
Hazırda ictimai-siyasi həyatda təkcə bir ölkə əhalisinin yox, bir çox dövlətlərin əhalisinin sosial dəyərlərinin akkumulyasiyası baş verir. İndiki mərhələdə müxtəlif siyasi yönümlü insanlar cəmiyyətin militaristləşdirilməsinə, təcavüz və müharibə siyasətinə, irqi və milli ayrı - seçkiliyə, terrorizmə, qadınların hüquqlarının məhdudlaşdırılmasına, gənc nəslin vəziyyətinin pisləşməsinə, ətraf mühitə qeyri-insani münasibətə, təbii ehtiyatlardan səmərəsiz istifadəyə və s. qarşı öz etirazlarını bildirirlər.
Göründüyü kimi, siyasi sosiallaşma mürəkkəb, çoxcəhətli proses olub, müvafıq informasiyanın mənimsənilməsini, şərhini, öz mənafe və tələbatlarına uyğunlaşdırılmasını, həmin mənafe və tələbatların cəmiyyətlə, dövlətlə qarşılıqlı münasibətlər prosesində, real həyatda reallaşdırılmasını nəzərdə tutur.