Maddə 4. Təhsil prosesi və ictimai-siyasi fəaliyyət 1. Təlim-tərbiyə prosesi pozulmazdır. Siyasi partiyalar, ictimai-siyası cəmiyyətlər və təşkilatlar, dini və digər qurumlar təhsil müəssisələrinin fəaliyyətinə və təlim-tərbiyə prosesinə müdaxilə edə bilməzlər.
2. Təhsil işçisinin konstitusiya çərçivəsində fəaliyyət göstərən hər hansı partiyanın, habelə digər ictimai-siyasi və ya dini təşkilatın üzvü olması onun pedaqoji fəaliyyətinə mane ola bilməz.
3. Yetkinlik yaşına çatmayanların siyasi aksiyalara cəlb olunmasına yol verilmir.
4. Təhsil müəssisələrində və təhsil orqanlarında siyasi partiyaların, ictimai-siyasi hərəkatların təşkilat strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Maddə 5. Təhsil və din Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır.
Dünyavi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər.
Maddə 6. Təhsil dili 1. Azərbaycan Respublikasının təhsil müəssisələrində təlim dili Azərbaycan dilidir.
2. Cəmiyyətin tələbinə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin arzusuna müvafiq olaraq müəyyən təlim-tərbiyə müəssisəsi bazasında, dövlət standartları çərçivəsində, mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı və Azərbaycan coğrafiyası da tədris olunmaqla azsaylı xalqların dillərində, həmçinin xarici dillərdə də təhsil aparıla bilər.
3. Təhsil dili seçmək hüququ müvafiq qaydada siniflər, qruplar açılması və onların fəaliyyəti üçün şərait yaradılması yolu ilə təmin edilir.
Maddə 7. Dövlət təhsil standartları Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.
Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.