Maddə 8. Təhsil haqqında sənəd 1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsinini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.
Maddə 14. Məktəbəqədər tərbiyə müəssisələri 1. Təhsilin əsasında məktəbəqədər tərbiyə durur. Məktəbəqədər tərbiyə ailədə və məktəbəqədər uşaq tərbiyə müəssisələrində həyata keçirilir. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar ailə ilə sıx əməkdaşlıq şəraitində tərbiyə olunurlar. Dövlət körpələrin tərbiyəsi, sosial müdafiəsi üçün maliyyə və maddi yardım göstərilməsinə təminat verir.
2. Məktəbəqədər tərbiyə müəssisələrinə daxildir: körpə evləri, körpə evləri-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar, bağça-internatlar, uşaq evləri, ahıl evləri yanında uşaq evləri-internatlar, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri və s.
Məktəbəqədər tərbiyə müəssisələrinə uşaqlar valideynlərin (və ya onları əvəz edənlərin) arzusu ilə qəbul olunurlar. Uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə qəbulu qaydası xüsusi əsasnamə ilə tənzim olunur.
Qeyri-dövlət məktəbəqədər tərbiyə müəssisəsi ilə valideynlər (yaxud onları əvəz edənlər) arasındakı hüquqi münasibətlər müqavilə ilə tənzimlənir.
3. Məktəbəqədər müəssisələrdə tərbiyə işinin məzmunu müəyyən olunarkən ümumbəşəri dəyərlərə istinad olunmaqla milli zəmin əsas götürülür. Evdarlıq, cəngavərlik, qəhrəmanlıq və vətənpərvərliklə bağlı oyunlar, xor mahnıları, dövlət rəmzləri, o cümlədən himni öyrədilir. Xalq ədəbiyyatından götürülmüş süjetlər əsasında yaradılmış proqramlar üstünlük təşkil edir. Xüsusi metodika əsasında xarici dillərin öyrədilməsinə başlanılır. Azərbaycan dilinin öyrənilməsinə üstünlük verilir. Nadir istedada malik uşaqlar üçün xüsusi bağçalar və ya qruplar açılır. Əlavə məşğələlərin — xoreoqrafiya, nitq məharəti, üzgüçülük, bədii gimnastika, musiqi, rəsm, əmək, xarici dil, evdarlıq və s. müxtəlifliyi təmin edilir. Pedaqoji kadrlar hazırlanarkən bu cür ixtisaslaşdırma nəzərə alınır.
Məktəbəqədər tərbiyə qruplarında uşaqların sayı müvafiq əsasnamə ilə tənzim olunur.