İnsanın mahiyyəti cəmiyyətlə birgə dəyişir və inkişaf edir. Bu, onun sosial mühitlə ayrılmaz əlaqədə olduğunu sübut edir.
Qeyd olunan proses həm də sosiallaşma ilə sıx bağlıdır. Sosiallaşma təkcə şəxsiyyətin, insanın və sosial mühitin əlaqə formalarından ibarət deyildir. O, həm də cəmiyyətin yetkinlik dərəcəsindən asılı olan mürəkkəb prosesdir. Onun məzmununda insanı cəmiyyətdə qəbul edilmiş anlayışlar, dəyərlər, sosial normalar sisteminə və digər mədəniyyət dəyərlərinə cəlb etmək məqsədilə müxtəlif sosial institutların məqsədyönlü fəaliyyəti əsas yer tutur. Bununla yanaşı həmin proses insanın bir şəxsiyyət kimi həmin istiqamətə yönəlmiş fərdi fəaliyyətini də ehtiva edir.
Sosiallaşma gedişində fərd tərəfindən onun yaşadığı cəmiyyətin mədəniyyət sisteminin əsas nailiyyətlərinin mənimsənilməsi baş verir.
Hüquqi sosiallaşma ümumi sosiallaşmanın zəruri və mühüm istiqamətini təşkil edir, onunla hissə və tam kimi nisbətdədir. Onun mahiyyəti insanın, vətəndaşın cəmiyyətin strukturunda öz ictimai rolunu, yerini daha dərin dərk etməsi deməkdir. Hüquqi sosiallaşmanın əsas xüsusiyyətləri onun konkret olması, dəqiq müəyyənliyi, münaqişə səbəblərinin mərkəzində olması, mövcud informasiyanı şəxsiyyətin sosial statusu və cəmiyyətdəki roluna uyğun olaraq qiymətləndirməsi hesab olunur.
Qeyd etmək lazımdır ki, məlumat mənbələri nə qədər əhəmiyyətli olsa da, onların verdiyi məlumatlar əhali tərəfındən kor-koranə deyil, ciddi tənqidi surətdə qəbul olunur. Sosioloji tədqiqatların nəticəsinə görə, oxucuların yalnız 48%-i qəzetlərdə yazılanlara inanır.
Fərdin sosiallaşması prosesinin ayrılmaz tərkib hissəsini siyasi və hüquqi tərbiyə təşkil edir. Onun məqsədi insanlarda müvafıq biliklər sistemi, inam, sosial cəhətdən fəal davranış motivlərini və vərdişlərini formalaşdırmaqdır. Hüquqi tərbiyə dedikdə dövlətin, onun orqanlarının və qulluqçularının, ictimai təşkilatların və əmək kollektivlərinin əhalidə hüquq düşüncəsi və hüquq mədəniyyətinin formalaşdırılmasına və artırılmasına yönəlmiş məqsədyönlü, sistemli fəaliyyəti başa düşülür. Bu işdə hüquqi tədris və hüquqi tərbiyə bir-biri ilə üzvi vəhdətdə çıxış edır. Tərbiyəvi xarakter daşıyan tədris prosesində vətəndaşın şəxsiyyət düşüncəsi, hüquqi görüşləri, əxlaqi idealları, dəyər yönümləri fasiləsiz surətdə zənginləşir. Bu prosesdə insan hüquqi biliklərin daim genişlənməsi və dərinləşməsinin zərurət olduğunu dərk edir. Hüquqi tədris və tərbiyə şəxsiyyətin vahid inkişafı prosesinin ayrılmaz hissələridir. Hazırda Azərbaycanda hüquqi dövlət quruculuğu ideyasının getdikcə daha dolğun gerçəkləşdiyi bir şəraitdə bunların rolu və əhəmiyyəti durmadan artır.
Hüquqi tədris və tərbiyə müxtəlif formalarda həyata keçirilir. Bu prosesdə əldə edilmiş biliklər fərdin dəyər istiqamətlərinin sosial məqsədinin formalaşmasına köməklik edir. Onlar şəxsiyyətin şüurlu (düşünülmüş) fəaliyyətinin tənzim edilməsində də mühüm rol oynayır və onun hüquqi düşüncəsinin əsası kimi çıxış edir. Sonra, insanın müxtəlif siyasi hadisələrə münäsibətinin formalaşmasında, onun cəmiyyətdə davranışın müəyyənləşdirilməsində də onların rolu böyükdür. Şəxsiyyətin ümummədəni inkişafı, sosial normaların gerçəkliyə çevrilməsi, normativ tələblərin vərdişə, fəal davranışa keçməsi kimi proseslərin sürəti də hüquqi tərbiyənin səviyyəsindən və keyfiyyətindən çox asılıdır.
Sosioloqların və hüquqşünasların apardığı tədqiqatlar göstərir ki, hüquqi tərbiyənin səmərəliliyi ictimai həyatın bütün sahələrində qanunlara riayət etmək ehtiyacının reallaşması səviyyəsi ilə ölçülür. Qanuna riayət etməyi ictimai zərurət kimi dərk etmək və öz davranışında onun tələblərinə düşünülmüş şəkildə əməl etmək indi həmişəkindən daha vacibdir.
Hüquqi tərbiyədə bu və ya digər qrupun maraqlarının dərk edilməsi, onun nüfuz və şərəfinin qorunub saxlanılması çox mühüm rol oynayır. Burada əsas məsələ həmin maraqların cəmiyyətin ümumi maraqlarına nə dərəcədə uyğun gəlməsindən ibarətdir. Bu maraqların dərk edilməsi və prinsipial cəhətdən uzlaşdırılması hüquqi normalara uyğun olaraq baş verir. Həmin maraqlar üst-üstə düşmədikdə isə şəxsiyyət, eləcə də qrup cəmiyyətin hüquqi tələblərinin əleyhinə çıxa bilir ki, bu da mütləq onların münasibətlərində toqquşmalara gətirib çıxarır.
Tərbiyə nəzəriyyəsində belə bir fikir hamı tərəfindən qəbul edilmişdir ki, özünütərbiyə yaxşı təşkil olunmuş tərbiyənin nəticəsidir. Onun əsas məzmunu şəxsiyyətin dəyişməyə, özündə arzu olunan xüsusiyyətləri formalaşdırmağa yönəlmiş daxili fəallığın dərk edilməsindən ibarətdir. Hüquqi özünütərbiyə istənilən mənfi xarici təsirə davam gətirmək üçün müəyyən siyasi, hüquqi və əxlaqi prinsiplərin, dəyərlərin, sosial və hüquqi davranış normalarının qavranılmasını, inkişafını və möhkəmləndirilməsini nəzərdə tutur.
Sosiallaşma cəmiyyətin bütün həyat sahələrini, o cümlədən də siyasəti əhatə edir. Siyasi sosiallaşmaya ikitərəfli proses kimi baxılmalıdır. Onun birinci tərəfini fərdə siyasi məlumatın, biliklərin verilməsi, onun mövcud siyasi dəyərlər sisteminə cəlb edilməsi, ictimai münasibətlər sisteminə daxil olmaqla sosial təcrübəni, normaları və rolları qavraması təşkil edir. İkinci tərəf isə sosial-siyasi mühitə daxil olma prosesində fərdin aktiv fəaliyyəti sayəsində onun mövcud ictimai münasibətlər sistemini daha da inkişaf etdirməsini nəzərdə tutur.
Səxsiyyətin siyasi sosiallaşması prosesində sosioloji baxımdan cəmiyyət aşağıdakı məsələləri həll edir: a) fərdlərdə onların öz ictimai funksiyalarını yerinə yetirə bilməsi üçün lazım olan bacarıq və xüsusiyyətlərin formalaşdırılması; b) fərdin ictimai-siyasi özünügerçəkləşdirmə sisteminə daxil edilməsi; c) sosial-siyasi münasibətlər sistemində fərdlər tərəfindən müvafıq sosial rolların yerinə yetirilməsi; ç) mövcud ictimai münasibətlərin və birinci növbədə siyasi münasibətlərin inkişaf etdirilməsi və zənginləşdirilməsi.