1.2. Multikulturalizm etnik-mədəni müxtəlifliklərin
tənzimlənməsinin siyasət modeli kimi
uxarıda qeyd olundu ki, müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində
tarixi prosesin inkişafının nəticəsi olan və buna görə də obyektiv
xarakter daşıyan etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur.
Bu müxtəlifliklərin tənzimlənməsinin mümkün vasitələrindən
biri multikulturalizmdir. Artıq qeyd etdiyimiz kimi, sözün dar mənasında
multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və
mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti,
siyasət modelini əks edir. Lakin multikulturalizmin cəmiyyətdəki etnik-
mədəni müxtəlifliklərin tənzimlənməsindəki rolunu, ümumiyyətlə
onun mahiyyətini və əhəmiyyətini müəyyən edərkən ilk növbədə multikulturalizmin
bir sosial hadisə olduğunu qeyd etmək lazımdır. Belə
ki, multikulturalizm cəmiyyətin inkişafının məhsuludur. O, cəmiyyətdə
cərəyan edən hadisələrin təsiri ilə meydana gəlməlidir.
Sosial hadisə kimi formalaşan multikulturalizm digər sosial
hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai
şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə
olur. Bundan başqa, multikulturalizm bir sosial hadisə kimi
öz əhəmiyyətinə görə sosial ədalət, imkanların bərabərliyi, demokratiya
kimi anlayışların sırasına daxildir. Belə ki, hər bir etnik, irqi, dini
və mədəni qrupun hüquq və azadlıqlarının qorunması, onların qanun
qarşısında bərabər olmalarının təmin edilməsi həm sosial ədalətin
tələblərinə, həm də demokratik cəmiyyətin normalarına uyğun gəlir.
Multikulturalizmin bir sosial hadisə kimi formalaşmasına aşağıdakı
faktorlar təsir göstərir:
1. Eyni ərazidə uzun illərdən bəri müxtəlif xalqların birgə yaşamaları.
Məsələn, Azərbaycanda müşahidə olunan çoxmədəniyyətlilik
üçün bu səbəb səciyyəvidir. Məlum olduğu kimi,
ölkəmizin ərazisində qədim dövrlərdən bəri müxtəlif xalqların
nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayırlar;
2. Ölkənin coğrafi mövqeyi. Söhbət müxtəlif mədəniyyətlərin
və sivilizasiyaların qovuşduğu ərazilərdən gedir. Belə ərazilərdə
yerləşən ölkələrin xalqları müxtəlif etnik, irqi, dini və
mədəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi-
ticarət və mədəni əlaqələrini inkişaf etdirmişlər. Bu isə
öz növbəsində belə ərazilərdə multikultural mühitin formalaşması
üçün əlverişli şərait yaratmışdır. Coğrafi faktor da
Azərbaycanda müşahidə olunan çoxmədəniyyətlilik üçün
səciyyəvidir. Məlum olduğu kimi, Azərbaycanın ərazisi
müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində
yerləşir. Buradan qədim İpək Yolu keçmiş, ölkəmizin
bu əlverişli coğrafi mövqeyi onun etnik-mədəni müxtəlifliyə
malik olan bir cəmiyyət kimi formalaşmasında və inkişafında
müsbət rol oynamışdır;
3. Sosial və iqtisadi səbəblərdən iqtisadi cəhətdən inkişaf etmiş
ölkələrə xalqların axını. Müasir dövrdə Qərb dövlətlərində
müşahidə olunan çoxmədəniyyətliliyin əsas səbəbi iqtisadi
miqrasiya hesab olunur. Lakin son dövrdə bu axının xarakteri
əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, Suriya, İraq,
Əfqanıstan və digər Yaxın Şərq və Afrika ölkələrini bürümüş
hərbi münaqişələr bu ölkələrdən inkişaf etmiş Avropa ölkələrinə
insan axınını kütləvi və idarəolunmaz edərək, onu siyasi
miqrasiyaya çevirmişdir;
4. İmperiyalar tərəfindən həyata keçirilən xalqların köçürülməsi
siyasəti. Ermənilərin rus imperiyası tərəfindən Yaxın Şərqdən
Cənubi Qafqaza köçürülməsi bu siyasətin bariz nümunəsidir;
5. Hərbi münaqişələr nəticəsində xalqların yaşadıqları ölkələri
tərk edərək başqa ölkələrə köçmələri. Müasir dövrdə bir sıra
Yaxın və Orta Şərq ölkələrində (Suriya, İraq, Əfqanıstan) davam
edən hərbi münaqişələr burada yaşayan müxtəlif etnik
və dini qrupların nümayəndələrinin Avropanın bir sıra ölkələrində
sığınacaq axtarmalarına səbəb olmuşdur. Bu isə öznövbəsində qaçqınların pənah gətirdikləri dövlətlərdə etnikmədəni
müxtəlifliyin artması ilə müşayiət olunur.
Dostları ilə paylaş: |