Əmək bazarının infrastrukturu Bazar iqtisadiyyatı özünütənzimləmə və iqtisadiyyata dövlət müdaxiləsinin bir-birinə qarışdığı spesifik idarəetmə mexanizləri olmadan mümkün deyil. Əmək bazarının və onunla bağlı digər bazarların nizamlama mexanizminin institsional təminatı bir sıra elementləri əhatə edən şaxələnmiş elementlərin (institutların) yaradılması ilə əldə olunur ki, bura da aiddir:
əmək haqqının nizamlanması kompleksi (qanun və digər normativ aktlar, müqavilələr, kollektiv müqavilələr, arbitraj və s.);
kompensasiyaların nizamlanması kompleksi (işsizliyə görə təzminat və s.);
əmək mübahisələrinə baxmaq üçün strukturlar;
kassa cə müxtəlif fondlar şəbəkəsi;
dövlət məşğulluq və işəgötürmə xidməti və eləcə də personalın işə götürülməsi üzrə qeyri-dövlətrekrut agentliyi;
peşə hazırlığı və yenidən hazırlama/təkmilləşdirmə və s.
Bunlar əmək bazarının infrastrukturunun ilkin elementləridir. Təbii ki, problem bununla başa çatmır. İş yerlərinin təkrar yaranması, onların saxlanılması və inkişaf etdirilməsi institutları və deməli, yeni və modrnləşdirilən iş yerlərinin və s. rəqabətliliyini təmin edən investisiya prosesləri, mexanizmlər da əmək bazarının infrastrukturuna aiddirlər.
Daha sonra bazarın nizamlanmasının kəsərli vasitəsi olmaq üçün infrastruktur zəruri inkişaf səviyyəsinə çatmalıdır.
2. Müasir Azərbaycanda əmək bazarı Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də məşğulluğa dair siyasətin həyata keçirilməsi və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir.
2013-cü ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2000-ci illə müqayisədə 387,6 min nəfər artaraq 4757,8 min nəfər olmuş, onların da 4521,2 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 236,6 min nəfərini isə işsiz əhali təşkil etmişdir.
Son illər ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunmuşdur. Belə ki, 2000-ci ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi iqtisadiyyatda məşğul olanların ümumi sayının 33,2 faizini təşkil edirdisə, 2013-cü ildə bu göstərici 25,9 faizə enmiş, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə bu dövrdə 1,3 dəfə artmışdır.
Ölkədə əhalinin məşğulluq və işsizlik problemlərini həll etmək üçün vacib məsələlərdən biri də ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsidir. Bu baxımdan Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici kapitalın ölkə əhalisinin məşğulluq və işsizlik problemlərinin həllindəki rolunun müəyyən edilməsi mühüm vəzifələrdən biridir. 2013-cü ildə ölkədə fəaliyyət göstərən xarici investisiyalı və birgə müəssisələrdə məşğul olanların sayı 2000-ci ilə nisbətən təqribən 2,7 dəfə artaraq 35,1 min nəfərdən 94,0 min nəfərə çatmışdır.
2013-cü ildə istehsal sahələrində (kənd təsərrüfatı, balıqçılıq, sənaye və tikinti) 2327,3 min nəfər və ya iqtisadiyyatda məşğul olanların ümumi sayının 51,5 faizi qədər işçi çalışmış, xidmət sahəsində isə məşğul olanların sayı 2193,9 min nəfər olmuşdur ki, bu da məşğul əhalinin 48,5 faizini təşkil emişdir.
2013-cü ildə iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayından 1514,0 min nəfəri və yaxud 33,5 faizi muzdla işləyənlərin payına düşmüşdür. Muzdla işləyənlərin əksəriyyəti iri və orta müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2014-cü ilin yanvar ayının əvvəlinə 36,2 min nəfər olmuşdur. Son illər ərzində işsizlər arasında qadınların xüsusi çəkisi azalaraq, 2000-ci ildəki 55,9 faizə nisbətən 2013-cü ildə 41,5 faiz təşkil etmişdir.
Hazırda dövlətin ən mühüm qayğılarından biri də əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Sosial müdafiə sahəsində dövlətin əsas məqsədi əhalinin əmək və təsərrüfatçılıq fəaliyyətini stimullaşdıraraq ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltməkdir. Son on dörd il ərzində (2000-2013-cü illər) muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 9,6 dəfə artaraq 425,1 manat təşkil etmiş və 2012-ci illə müqayisədə 6,7 faiz artmışdır1.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, minimum aylıq əmək haqqının məbləği 2013-cü il sentyabr ayının 1-dən 105,0 manat müəyyən edilmişdir.