Mövzu 2 Siyasi fikir tarixi Plan Qədim Şərqin siyasi fikir tarixi Qədim Yunanıstanda və Romada siyasi fikir


İntibah dövrünün siyasi konsepsiyaları



Yüklə 35,02 Kb.
səhifə3/6
tarix10.04.2023
ölçüsü35,02 Kb.
#95458
1   2   3   4   5   6
M-2

İntibah dövrünün siyasi konsepsiyaları
Bu dövrün mütəfəkkirlərinin əksəriyyəti bütün neqativ hadisələrə görə kilsəni suçlayır, xalqı, onun ən yaxşı və ləyaqətli hissəsini hakimiyyətin əsas mənbəyi hesab edirdi. İntibah dövründə siyasi nəzəriyyələr daha çox humanist çalar alır, teologiyadan sürətlə uzaqlaşır, insan hüquq və azadlıqları, qanunçuluq, demokratiya prinsipləri ön plana çıxırdı.
1215-ci ildə ingilis azadlıqlarının böyük toplusu-Maqna Karta adlı 63 bəndlik bir sənəd imzalandı. Bu sənəd insan 25 haqları barədə müddəalardan, kral hakimiyyətinə qarşı qoyulmuş məhdudiyyətlərdən, hüquq, norma və prosedurların siyahısndan ibarət idi. Bir sıra mütəxəssislərin fikrincə təkcə Maqna Kartaya görə İngiltərəni liberalizmin vətəni saymaq olar.
Nikkolo Makiavelli (1469-1527) siyasi elmlər tarixində dövlətin və hakimiyyətin təbiəti, mahiyyəti, dövlət idarəçiliyinin formaları, hakimiyyətin idarə olunması, çeşidli siyasi problemlərin həll edilməsi yolları və üsulları barədə ilk dəqiq, sistemli və dərin təhlillər aparan mütəfəkkir hesab olunur. N. Makiaelliyə görə siyasət insanlar arasında ictimai münasibətlərdir. İnsanlar müsbət xüsusiyyətlərlə yanaşı, şöhrətpərəst, hakimiyyətpərəst, paxıl, ikiüzlü, yalançı xüsusiyyətlərə də malik olduqlarından, belə neqativ əlamətlər onların həyat və fəaliyyətlərində özünü büruzə verir, yəni toplumda daim ədavət, düşmənçilik yaradır. Elə bu baxımdan insanların neqativ əlamətlərinin cilovlanması, ictimai münasibətlərin tənzimlənməsi üçün dövlət aparatı yaradılmalıdır. Ancaq dövlət aparatı yaradıldıqdan sonra cəmiyyətdə qayda-qanunu və sülhü bərqərar etmək mümkündür. O dövlət idarəçiliyinin üç formada olduğunu iddia edirdi: monarxiya, aristokratiya, xalq hakimiyyəti. Monariya və aristokratiyada bir nəfər, yaxud bir qrup xalqı idarə edir, xalq hakimiyyətində isə xalq özü özünü idarə edir. Lakin Makiavelli xalq hakmiyyətinin tərəfdarı deyildi. O hesab edirdi ki, belə hakimiyyətlərin ömrü, onu yaradanların ömrü qədər olur. Makiavelli dövləti insanlara bənzədirdi: dövlətlər yaranır, tərəqqi edir və bir müddətdən sonra tənəzzülə uğrayırlar. O çoxlarından fərqli olaraq cəmiyyəti dinsiz təsəvvür etmirdi. «Hökmdar» əsərində Makiavelli, ideal dövlətdən deyil, real dövlətdən bəhs edir, mövcud olanı necə qorumaq sualına cavab axtarır. Onun uzun illərdən bəri mübahisələrə səbəb olan siyasi tövsiyyələrindən bəzilərinə diqqət yetirək:
1. Ağıllı hökmdar verdiyi vədlərin hamısını yerinə yetirməməlidir, çünki təbələr öz vəzifələrini yerinə yetirməyə tələsmirlər.
2. Hakimiyyəti qazanmaq üçün xeyirxah, onu saxlamaq üçün qəddar olmaq lazımdır.
3. Pis işləri tez, yaxşı işləri isə tədricən etmək lazımdır. Mükafat gec və az olanda adamlar ona yüksək qiymət verir, cəzanı isə böyük və geniş ölçüdə həyata keçirmək mümkündür.
4. Hökmdar vədini pozmaq üçün həmişə bəhanə tapmalıdır.
5. Vəziyyət tələb edərsə əxlaqa zidd hərəkət etmək olar, ancaq bunun qüsursuz və xeyirxah bir iş olduğunu sübut etməyi bacarmaq lazımdır.
6. Hökmdar yaxşı və xeyirxah görünməyə çalışmalıdır, ancaq pis olmaqdan da çəkinməməlidir.
7. Hökmdar həm daxili, həm də xarici düşmənlərlə əhatə olunub, ona görə də heç kimə inanmamalıdır.
8. Tələni görmək üçün mütləq tülkü, canavarı məhv etmək üçünsə aslan olmalısan
9. Məqsəd vasitəyə haqq qazandırır və s.
Fransız mütəfəkir Jan Boden (1530-1596) Politologiyada «dövlət suverenliyi» anlayışının müəllifi kimi tanınır. J. Boden «suverenlik» təlimini, demək olar ki, mükəmməl şəkildə işləyib hazırlaya bilmişdi. «Respublika haqqında altı kitab» əsərində o, dövlətin təbiəti, funksiyaları, formaları, eləcə də cəmiyyətin siyasi həyatının çeşidli problemləri haqqında maraqlı mülahizələr irəli sürür.
Öz dövrünün mütəfəkkirlərindən fərqli olaraq Tomas Mor dini islahatlara qarşı çıxır, xristian dünyasının bütövlüyü uğrunda mübarizə aparırdı. O bütün bəlaların kökünü şəxsi mülkiyyətdə görürdü. «Utopiya» əsəri kommunizm təliminin bünövrəsində dayanan ideyalar sistemidir. T. Mor kralın despotik hakimiyyətinə qarşı çıxdığına görə 1535-ci ildə edam edildi.
İngilis filosof Tomas Hobbs (1588-1679) mərkəzləşdirilmiş hakimiyyət yaradılmasının tərəfdarı idi. Lakin o sələflərindən fərqli olaraq belə hakimiyyətin ictimai müqavilə əsasında yaradılması ideyasını ortaya atmışdı. İngiltərədə vətəndaş müharibəsindən sonra (1640-1660) yaranan xaos Hobbsu belə qənaətə gətirmişdi ki, vətəndaşlar müqavilə ilə öz hüquqlarının müəyyən hissəsini mərkəzi hakimiyyətə verməlidir. Hobsa görə dövlət «hamını bir simada birləşdirən şeydir». Bu sima monarx da, aristokrat da, demokratik respublika da ola bilər. Dövlət hakimiyyəti mütləqdir, ölkənin bütün vətəndaşları qeyd-şərtsiz ona tabe olmalıdır. Dövlət də öz növbəsində vətəndaşlar üçün normal şərait yaratmalı, daxildən və xaricdən onların təhlükəsizliyini təmin etməlidir. Hobbs əmin idi ki, bu vəzifələrin öhdəsindən mütləq monarxiya daha yaxşı gələ bilər. O dövlətin zəifləməsinin və çökməsinin səbəblərini də göstərirdi. Bu səbəblər sırasında Hobbs səbatsız idarəçilik formasına, mənasız təsisatların mövcudluğuna, dövlətin kasıblamasına, xəzinə oğurluqlarına, idarəçiliyi çətinləşdirən iri şəhərlərin çoxluğuna və qiyama xüsusi diqqət yetirməyi tövsiyyə edirdi.
Con Lokk (1632-1704) vətəndaş cəmiyyətinin var olmasının əsas prinsipi sayılan fərdi azadlıq və burjua liberalizmi ideyalarının müəllifi sayılır. XVII əsr İngiltərə inqilabının əsas nailiyyəti o oldu ki, yerli burjuaziya monarx hakimiyyətinin bərqərar olması müqabilində qanunla sahibkarlıq, siyasi və s. vacib azadlıqlar əldə etdi. Bu Maqna Kartadan sonra İngiltərədə liberal dəyərlərin bərqərar olmasına doğru atılan ikinci böyük addım idi. Lokk İngiltərə inqilabından sonra ölkədə formalaşan konstitusiyalı monarxiyanı nəzəri cəhətdən əsaslandırmaqla yanaşı, dövlət institutlarının fəaliyyətinin liberallaşmasının, vətəndaşların konstitusion haqlarının genişlənirilməsinin zəruriliyini də qeyd edirdi. Lokkun liberal görüşlərinin metodoloji əsasını təbii haqlar və ictimai müqavilə ideyası təşkil edir. O hesab edirdi ki, yaşamaq, azadlıq, mülkiyyət haqqı insanların təməl haqlarıdır. Lokka görə dövlət vətəndaşların təbi haqqlarını və azadlıqlarını qorumaq üçün yaradılır. İnsanlar dövlətə səlahiyyət verir ki, ümumi rifaha cavab verən və hər bir kəsin maraqlarını təmin edən qanunlar hazırlasın və bu qanunları icra etsin. Vətəndaşlar isə dövlətə, qanunlara tabe olmaqla öz vəzifələrini, borclarını yerinə yetirir, onun var olmasını təmin edirlər. İctimai müqavilənin mahiyyəti bundan ibarətdir və dövlət məhz bu prinsiplər əsasında təsis edilir. Göründüyü kimi ictimai müqavilə məsələsində liberal prinsiplərə söykənən Lokk Hobbsa nisbətən bir qədər qabağa gedir.
İlk dəfə hakimiyyətin bölünməsi fikrini ortaya atan da Lokkdur. Lokka görə qanunverici hakimiyyət parlamentə, ali icraedici hakimiyyət məhkəmə və orduya, federal hakimiyyət, xarici siyasət krala və onun nazirlərinə məxsusdur. O siyasi hakimiyətin mənbəyi hökuməti deyil, xalqı hesab edir və bildirirdi ki, hakimiyyət xalqın tələblərini, maraqlarını yerinə yetirə bilməyəndə xalq onu devirə bilər. C. Lokk konstitusiyalı monarxiya tərəfdarı idi və Hobbsdan fərqli olaraq mütləq monarxiyaya qarşı çıxırdı.
Spinoza sübut edirdi ki, heç bir cəmiyyət dövlət və hüquq olmasa yaşaya bilməz. O mülkü hüququ vətəndaşın şəxsi azadlığının əsas atributu hesab edirdi. Lakin Spinoza bununla kifayətlənməyərək, insan azadlığı fəlsəfəsində daha da qabağa getmişdir. İnsan azadlığı məsələsində önəmli olan fikrin sərbəst ifadə azadlığı, yəni söz azadlığıdır. Cəmiyyət belə azadlıqdan məhrum edildikdə inkişafdan qalır, ictimai münasibətləri isə nizamlamaq mümkün olmur. Söz azadlığının boğulması bir tərəfdən ictimai nəzarət imkanlarını məhdudlaşdırır, digər tərəfdən insanlarda, bütövlükdə isə cəmiyyətdə aqressiya yaradır. Bu mülahizələrə əsaslanan Spinoza deyirdi: «Azad dövlətdə hər kəs istədiyi kimi fikirləşə, fikirləşdiyi kimi də danışa bilər». Bu, söz azadlığı barədə çox mükəmməl və faydalı bir tezis idi.
Jan-Jak Russo (1712-1778) Fransa inqilabı başlamamışdan bir qədər əvvəl ictimai müqavilə barədə təhlillər apararaq, Hobbsun və Lokkun ideyalarını xeyli inkişaf etdirdi. 1789-cu il Fransa inqilabı isə «insanın və vətəndaşın hüquqları haqqında bəyannamə» elan edərək siyasi fikrin inkişafına böyük təkan verdi. Bu bəyannamədə deyilirdi:
- vətəndaşın azadlıq, təhlükəsizlik və zülmə müqavimət hüququ var;
- qanunla qadağan olunmayan hər şeyə icazə verilir;
- xalq mahiyyətcə suveren hakimiyyətin mənbəyidir;
- azadlıq başqasına ziyan yetirmədən hər şeyi etmək imkanıdır;
- mülkiyyət toxunulmaz və müqəddəs hüquq olduğuna görə heç kəs ondan məhrum edilə bilməz;
- hər bir kəs günahı elan edilənə qədər günahsız sayılır (günahsızlıq prizumpsiyası).
Nəhayət, Fransa inqilabı Avropaya respublika adlanan yeni tipli bir idarəçilik forması verdi. 1776-cı ildə ABŞ-da istiqlaliyyət bəyannaməsi elan olundu. Az sonra ölkədə din dövlətdən ayrıldı. Bu dövlət və cəmiyyət həyatında yeni bir hadisə, irəliyə doğru böyük addım idi və Qərb demokratiysının inkişafına önəmli təsir göstərdi. 1787-ci ildə dövlətin siyasi həyatını tənzimləyən ABŞ konstitusiyası qəbul edildi. XIX əsrin ikinci yarısında isə köləlik ləğv edildi. Amerika qitəsində yeni meydana gələn Amerika Birləşmiş Ştatları dünya siyasi praktikasına və fikrinə yeni-yeni töhvələr verməyə başladı.
XIX əsrin birinci yarısında Aleksis Tokvil (1805-1859) liberal demokratiya təlimini sistem şəklinə salaraq siyasi elmlərin inkişafını bir az da qabağa apardı. A. Tokvilin yaradıcılığına Fransa inqilabı və ABŞ-da dövlətçiliyin bərqərar olması prosesi ciddi təsir göstərmişdi. «Amerikadakı demokratiya bardə» kitabında o, gənc burjua dövlətinin siyasi həyatını təhlil edərək belə qənaətə gəlir ki, ABŞ-dakı 30 demokratiyanın əsas uğuru bərabərlik və azadlıq probleminin həll olunmasına bağlıdır. Digər bir vacib məsələ isə azadlıq ruhu ilə dinin bərqərar olmasından ibarətdir. O ABŞ-da demokratiyanın bərqərar olmasında protestantçılığın böyük rol oynadığını iddia edirdi: «Protestantçılıq vasitəsiylə və protestantçılıqda Yeni Dünyada azadlıq inkişaf etdi». Siyasətlə dinin, siyasətlə hüququn arasınakı razılaşma böyük xarüqələr yaratdı. İnsan azadlıqarının və bərabərliklərinin müdafiəsini A. Tokvil «demokatiyanın əsas məqsədi» adlandırırdı. O hakimiyyət bölgüsü ideyasını təhlil edərək belə qənaətə gəlir ki, bu məsələ məhkəmə hakimiyyətinin çox güclü olduğu ABŞda yaxşı həll olunub. O hesab edirdi ki, «ABŞ-da hakim böyük siyasi hakimiyyəti olan çox vacib siyasi gücdür». A. Tokvil dövlət ierarxiyasında Ali Məhkəmənin yerini xüsusi qiymətləndirir və bildirirdi ki, onsuz ABŞ Konstitusiyası ölü olardı. A. Tokvil ABŞ demokratiyasının uğurları ilə yanaşı nöqsanlarını da təhlil etməyi unutmamışdı. Ona görə ABŞ demokratiyasının zəif və nöqsanlı cəhətləri aşağıdakılardır: çoxluqlar tərəfindən azlıqların hüquqlarının yetərli müdafiə edilməməsi; ifrat dövlət məsrəfləri; dövlət aparatının, əsasən də icra aparatının böyüklüyü; qanunların tez-tez dəyişməsi ilə qanunvericiliyin dayanıqlı olmaması; prezidentin dəyişməsi ilə administrasiyanın dəyişməsi və bu sahənin də qeyridayanıqlılığı və s. Bütün bu nöqsanlara baxmayaraq, A. Tokvil hesab edirdi ki, ABŞ-dakı demokratik idarəçilik formasını qoruyub saxlamaq lazımdır. ABŞ-da demokratiyanın inkişafına, bu ölkənin get-gedə qüdrətlənməsinə «milli ruhun formalaşması» da (patriotizmin) ciddi təsir göstərdi. Hazırda siyasi psixologiyanın predmeti olan bu məsələ də A. Tokvilin diqqətindən yayınmamışdı. A. Tokvilin liberal demokratiya konsepsiyası Qərbi Avropanın və Amerikanın bir çox siyasətçiləri və siyasət nəzəriyyəçiləri tərəfindən ciddi dəstək qazanmışdır.
XIX əsr Rusiyada da siyasi görüşlərin inkişaf etdiyi dövrdür. Bu dövrün əsas mütəfəkkirləri P. İ. Pestel, konstitusiyalı monaxiya tərəfdarı N. M. Muravyov, V. Q. Belinski, inqilabçı demokratlar A. İ. Gertsen və N. P. Oqaryov, fərdin sosial və siyasi azadlıqlarını müdafiə edən N. Q. Çernışevski və N. A. Dobrolyubov, inqilabı tərəqqinin vacib elementi sayan P. L. Lavrov, «hər şeyi öz təbii axarına buraxmağa» çağıran anarxist M. A. Bakunin və N. P. Tkaçev sayılır.
XIX əsrdə K. Marks və F. Engels tərəfindən əsası qoyulan kommunizm təlimi meydana gəldi və XX əsrin əvvəllərində V. İ. Lenin tərəfindən Rusiyada siyasi praktikaya gətirildi.

Yüklə 35,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin