ÖLKƏ IQTISADIYYATININ INKIŞAFINDA TURIZMIN ROLU – Turizm müasir dünya iqtisadiyyatının ən böyük xidmət sahələrindəndir. Ümumdünya milli məhsulunun 1/10 hissəsini təşkil edən beynəlxalq turizm dünya iqtisadiyyatında mühüm rol oynayır. Son illərdə iqtisadiyyatın bu sahəsi sürətli templə inkişaf edərək iqtisadiyyatın daha əhəmiyyətli bir sahəsinə çevrilmişdir. Hər il turizm sektoruna qoyulan investisiyaların həcmi təqribən 30% ətrafında artır.
Tamamilə haqlı olaraq turizm iqtisadiyyatın ən böyük, yüksək gəlirli və ən böyük sürətlə inkişaf edən sahəsi hesab edilir. Buna səbəb məhz turizmin valyutanın beynəlxalq hərəkətində və ölkənin tədiyyə balansının tənzimlənməsində oynadığı əvəzsiz roldur ki, nəticə etibarilə bu da həm sözü gedən sahənin, eləcə də ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır. Beynəlxalq turizmin müxtəlif ölkələrin sosial, iqtisadi, mədəni və eləcə də ekoloji həyatına göstərdiyi təsirlər də bu qəbildən olan inkişaf meyllərinə aid edilə bilər. Odur ki, dünya səviyyəsində iqtisadi fəaliyyətin bu sahəsinə maraq günbəgün artır.
Turizm xidməti geniş əmək tutumlu olub, kiçik və orta sahibkarlığın inkişafı üçün geniş perspektivlər açır. Sahənin fəaliyyətindən əldə olunan gəlir isə iştirakçılar arasında nisbətən daha bərabər bölüşdürüldüyündən burada istehsalçı marağı da yüksəkdir. Başqa sözlə burada əməyi olan hər bir kəsin qazanmaq imkanı vardır. Həm də burada mövcud olan spesifik xüsusiyyətlər (geniş reklam, resursların fərdi unikallığı) inhisarlaşma və kölgə iqtisadiyyatı kimi neqativ halların yaranmasına imkan vermir.
Turizmin inkişafının sosial iqtisadi mahiyyəti islahatlar proqramının tərkib hissəsi olmaqla ölkənin iqtisadi və sosial inkişafının tərkib hissəsi kimi çıхış edir. Turizmin iqtisadi rolu, sosial mahiyyəti onun prespektiv mövqeyi, həmin fəaliyyətin səmərəli təşkili və idarə edilməsi ilə bağlıdır.
Turizmin formalaşması onun prespektiv inkişafı turizm məhsuluna olan tələbatla müəyyənləşdikdə o daha da səmərə əldə edir. Bu məqsədlə tələbatın ölçülməsi onun dəyişmə meylinin qiymətləndirilməsi və turizmin tələbatının ödənilmə dərəcəsinin maksimumlaşdırılması tədbirləri və resursları proqramlaşdırılır. Turist tələbatı хarici ölkə vətəndaşlarının istehlak qabiliyyəti, onların sosial demoqrafik tərkibi, həmçinin, həyat səviyyəsinin dəyişmə meyli ilə formalaşır və inkişaf edir.
Şəxsiyyətlərarası fəaliyyət növü kimi turizmin keyfiyyəti təklif olunan xidmətlərin keyfiyyətindən asılıdır. Buna görə də geniş ictimaiyyət üçün müvafiq təhsil, turizm sahəsində peşəkarların təhsili və təlimi, bu sahəni mənimsəyən şəxslərin hazırlanması turizm səynayesinin və turizmin inkişafı üçün çox vacibdir.
Praktikada turizm xidmətinin spesifikasından irəli gələn ən müxtəlif formalı və səviyyəli keyfiyyət problemləri vardır. Ümumiyyətlə, turizmin özünün spesifik xüsusiyyətlərinə və cəmiyyətin iqtisadi, sosial, mədəni həyatındakı roluna, hətta beynəlxalq münasibətlərdəki əhəmiyyətinə görə onu kifayət qədər mürəkkəb bir sahə kimi göstərmək olar. Tədqiqat obyekti kimi nəzərdən keçirilən keyfiyyət problemi isə turizm məhsuluna qarşı qoyulan baza kriterilərindən əlavə həmin spesifik xüsusiyyətlərin də nəzərdə tutulmasını tələb edir.
Turizmin potensialı iqtisadi potensialın turizm məqsədi ilə istifadə edilməsi səviyyəsindən хeyli asılıdır. Bu əlaqələrin optimal fəaliyyət proqramı məqsədli proqram və resurs proqramları ilə reallaşmalıdır.
Bir çox ölkə üçün turizm ən önəmli ixracat mənbəyi, ən çox gəlir gətirən sektor və inkişafın mühərriki kimidir. Bununla belə, turizmin inkişaf etmiş və inkişafda olan ölkələrdəki iqtisadi təsirinin də fərqli olduğu bilinən bir həqiqətdir. Belə ki, beynəlxalq turizm axınlarına baxıldığı zaman görünür ki, ən çox turist qəbul edən və turist göndərən ölkələr inkişaf etmiş ölkələrdir.