Mövzu 5: Turizm sferasında qəbul edilən qanunların əsas xüsusiyyətləri
"Turizm haqqında" Azərbaycan Respubliirfsının qanunun xüsusiyyətləri
"Turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamənin" xüsusiyyətləri
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanunu
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikası Qanunu
"Turizm haqqında" Azərbaycan Respubliirfsının qanunun xüsusiyyətləri (1999)
Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri (səyahətləri); turist - istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxs;
tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan forması; turizm yollayışı - ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd; turizm vauçeri - xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd; turoperator - turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı;
turaqent - turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs;
turaqentlik - turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm - ekskursiya fəaliyyətinin təşkili üzrə (informasiya, reklam, marketinq və s.) digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilat; turizm məhsulu - turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər); turizm fəaliyyəti - turoperator və turaqent fəaliyyəti, habelə səyahətlərin təşkili üzrə digər fəaliyyət; ekskursiya fəaliyyəti - turoperatorun müddəti 24 saatdan çox olmayan və turistlərin yerləşdirilməsi (gecələməsi) xidmətini nəzərdə tutmayan turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı üzrə fəaliyyəti;
daxili turizm - Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;
xarici turizm - Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə səyahətləri; gəlmə turizm - Azərbaycan Respublikasında yaşamayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;
sosial turizm - sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımlanan səyahət;
öz fəaliyyət turizmi - yerdəyişmənin aktiv üsullarından istifadə olunmaqla, turistlər tərəfindən sərbəst təşkil edilən səyahətlər; turizm ehtiyatları - səfər edilən ölkənin (yerin) təbii, mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusu;
turizm infrastrukturu - turizm məhsulu istehsalı təşkilinin kompleksli sistemi və yaxud mehmanxana və digər yerləşdirmə-yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai iaşə, əyləncə obyektləri və vasitələrinin, tanış olma, idraki, iş-peşə, sağlamlaşdırma, idman və digər təyinatlı obyektlərin, turoperator və turaqent fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəssisə və təşkilatların, həmçinin ekskursiya və bələdçi (bələdçi- tərcüməçi) xidmətləri göstərən təşkilatların məcmusu; turizm məhsulunun hərəkətə gətirilməsi - turizm məhsulunun satışına yönəldilmiş tədbirlər kompleksi (reklam, ixtisaslaşdırılmış sərgilər, yarmarkalarda iştirak, turizm məhsulunun satışı üzrə turizm informasiya mərkəzlərinin təşkili, kataloqların, bukletlərin və s. nəşri); turizm və rekreasiya zonaları - xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komponentlərinin yerləşdiyi, təbiəti mühafizə, milli və mədəni irsi qoruma, maarifçilik, elmi və digər məqsədlər üçün istifadə olunan, qanunvericiliyin tələbləri nəzərə
alınmaqla turizmin təşkili və inkişafı məqsədilə ayrılan əlverişli turizm potensialına və müvafiq turizm infrastrukturuna malik olan ərazilər.
Turizm fəaliyyətinin dövlət tənzimlənməsi
Qanuna görə dövlət turizm sahəsində:
Turizm fəaliyyətinə kömək edir və onun inkişafı üçün əlverişli şərait yaradır;
turizm fəaliyyətinin üstün istiqamətlərini müəyyən edir və onun həyata keçirilməsinə kömək edir;
Azərbaycan Respublikası haqqında turizm üçün əhəmiyyətli bir ölkə kimi təsəvvür formalaşdırır.
Turizm fəaliyyətinin tənzimlənməsinin əsas məqsədləri aşağıdakılardır:
turistlərin səyahətləri zamanı istirahət, yerdəyişmə azadlığı və digər hüquqlarını təmin etmək;
ətraf mühiti (təbiəti) qorumaq;
turistlərin səyahətləri zamanı onların tələbatlarını təmin edən turizmin infrastrukturunu inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, dövlətin və onun vətəndaşlarının gəlirlərini artırmaq;
beynəlxalq əlaqələri inkişaf etdirmək, turizm baxış obyektlərini qoruyub saxlamaq, təbii, tarixi və mədəni irsdən səmərəli surətdə istifadə etmək.
Turizm fəaliyyətinin dövlət tənzimlənməsinin üsulları aşağıdakılardır:
turizm infrastrukturu sahəsində münasibətlərin təkmilləşməsinə yönəldilmiş normativ hüquqi aktların qəbul edilməsi;
daxili və dünya turizm bazarlarında turizm məhsulunun hərəkətə gətirilməsinə kömək göstərilməsi;
turistlərin hüquq və maraqlarını müdafiə etmək, onların təhlükəsizliyinin təmin edilməsi;
turizm infrastrukturu sahəsində xüsusi razılığın verilməsi, standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılması;
turizmin inkişaf etdirilməsi üzrə məqsədli dövlət proqramlarının işlənib hazırlanması;
turizm infrastrukturuna investisiya qoyuluşu, o cümlədən xarici investorların cəlb olunması üçün əlverişli şərait yaradılması;
turizm fəaliyyəti sahəsinin kadr təminatına kömək edilməsi;
turizm infrastrukturu sahəsində elmi tədqiqatların inkişaf etdirilməsi;
Azərbaycan turistlərinin, turoperatorlarının, turaqentlərinin və onların birliklərinin beynəlxalq turizm proqramında iştirakına şərait yaradılması;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər üsullar.
Turizm sahəsində dövlətin vəzifələri Qanuna görə turizm sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
turizm sahəsində dövlət siyasətinin əsaslarını və bu sahənin əsas istiqamətlərini müəyyənləşdirmək;
turizmin inkişafına dair dövlət proqramını işləyib hazırlamaq;
turizmin normativ bazasını işləyib hazırlamaq;
turizmdə sahələrarası və regionlararası fəaliyyəti əlaqələndirmək;
Azərbaycan Respublikasını xaricdə əhəmiyyətli turizm ölkəsi kimi tanıtmaq məqsədilə informasiya şəbəkəsi yaratmaq;
beynəlxalq turizm təşkilatlarında Azərbaycan Respublikasının nümayəndəliyini təşkil etmək, turizmin inkişafına dair beynəlxalq proqramın işlənib hazırlanmasında iştirak etmək, turizm sahəsində əməkdaşlıq üzrə müqavilələr bağlamaq və onların həyata keçirilməsi mexanizmini işləyib hazırlamaq;
ərazi-turizm ehtiyatları kimi qəbul edilmiş obyektlərin qorunmasını və fəaliyyətini təşkil etmək;
turizm sahəsində peşə-ixtisas təhsili üzrə istiqamətləri və ixtisasların siyahısını müəyyən etmək;
turizm qanunvericiliyinin icrasına nəzarət etmək;
turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma qaydalarını hazırlamaq;
turizm təşkilatlrının reyestrini aparmaq;
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, turizm fəaliyyəti ilə məşğul olan və turistlərə xidmət göstərən bütün müəssisələrdə xidmətlərin dövlət standartlarına riayət olunmasına nəzarət etmək.
2. "Turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamənin" xüsusiyyətləri (2008)
Turizm və rekreasiya zonaları insanların əyləncəsini, istirahətini, müalicəsini və sağlamlığını təmin edən, müvafiq turizm infrastrukturuna malik olan, xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, milli və mədəni irsi qoruma, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmə, maarifçilik, elmi və digər məqsədlər üçün istifadə olunan, regionların sosial-iqtisadi inkişafına kömək edən və müvafiq idarəetmə qurumlarına malik ərazilərdir.
Turizm və rekreasiya zonalarının yaradılmasının məqsədləri
Turizm və rekreasiya zonalarında aşağıdakılara nail olunmalıdır:
istehlakçıların təhlükəsizliyinin təmin edilməsinə;
turizm, istirahət və rekreasiya üçün münbit şəraitin yaradılmasına;
turizmin davamlı inkişafının və yerli sosial-iqtisadi layihələrdə turizm və rekreasiya zonalarının iştirakının təmin edilməsi vasitəsilə regionlarda sosial-iqtisadi inkişafa və milli-mədəni irsin saxlanılmasına nail olunmasına;
turizmin köməyi ilə tarix və mədəniyyət abidələrinin, nadir təbiət mənzərələrinin, spesifik turist xidməti obyektlərinin, milli-mədəni irsin qorunmasının və təbliğinin təmin edilməsinə;
ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanmasına şərait yaradan müxtəlif turizm növlərinin yaradılması və təbliğinə;
müvafiq turizm və (və ya) rekreasiya zonasına daxil olan torpaq sahələri üzərində hüquqları olan şəxslərlə razılaşdırılaraq beynəlxalq standartlara cavab verən və keyfiyyətli turist xidməti göstərə bilən turizm infrastrukturunun yaradılmasına;
turizm və rekreasiya zonalarının ərazisində rəqabət qabiliyyətli və əhalinin bütün təbəqələrinə turist xidməti göstərə bilən turizm bazarının yaradılmasına;
turizm sahəsində statistikanın, marketinq və digər araşdırmaların aparılmasına;
daxili və xarici sərmayəçilərin (investorların) cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına;
turizm bazarının tələbinə uyğun olaraq turizm məhsullarının yaradılması və mövcud olan imkanların genişləndirilməsinə;
turizm və rekreasiya zonalarında turizm xidməti sahəsini yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat, kommunikasiya və informasiya vasitələrinin inkişaf etdirilməsinə;
turizm və rekreasiya zonalarında fəaliyyət göstərən müəssisələrin iştirakı ilə ərazinin sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş layihələrin həyata keçirilməsinə;
turizm və rekreasiya zonalarında yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına;
turizm və rekreasiya zonaları sahəsində dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinə.
Baş və Cari inkişaf planları. Turizm və rekreasiya zonasının pasportu
Baş və Cari inkişaf planları turizm və (və ya) rekreasiya zonalarının inkişafı məqsədi ilə tərtib edilir.
Baş inkişaf planı müəyyən dövr ərzində ərazinin mövcud potensialına uyğun olaraq turizm və (və ya) rekreasiya zonasının inkişafını, burada tikililərin və qurğuların inşasını və yerləşdirilməsini, avtomobil və digər bərk örtüklü yolların çəkilməsini və zonada əhəmiyyətli dəyişikliklərə səbəb ola bilən digər mühüm işlərin görülməsini nəzərdə tutan müəyyən edilmiş qaydada təsdiq edilən sənəddir.
Baş inkişaf planında müvafiq turizm və (və ya) rekreasiya zonasının mövcud potensialına uyğun olaraq aşağıdakı istiqamətlərdə inkişafı nəzərdə tutulmalıdır:
müvafiq standartlara cavab verən turist xidməti (yerləşdirmə, iaşə, nəqliyyat, ekskursiya, təşviqat və məlumatlandırma) infrastrukturunun yaradılması;
turizm bazarının tələbatına uyğun turizm növlərinin yaradılması və genişləndirilməsi;
turizm və (və ya) rekreasiya zonasının inkişafı və idarə edilməsi üçün maliyyə mənbələrinin müəyyən edilməsi və aidiyyəti üzrə sərmayənin (investisiyanın) cəlb olunması;
turistlərin təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi;
müasir turizm bazarında rəqabətə davamlılığı təmin edən marketinq siyasətinin qurulması;
turizmin davamlı inkişafını, yerli əhalinin sosial-iqtisadi durumunu və regionlarda yeni iş yerlərinin yaradılmasını təmin edən fəaliyyətin genişləndirilməsi.
Baş inkişaf planı Şuranın təklifinə əsasən, dövlət proqramlarının və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının turizm sahəsinə dair müddəaları nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir. Baş inkişaf planı 5 illik dövrü əhatə edir.
Cari inkişaf planı müəyyən dövr ərzində turizm və (və ya) rekreasiya zonasında piyada və mexaniki nəqliyyat vasitələrinin konkret marşrutlarını, cığırların və digər bərk örtüyü olmayan yolların çəkilməsini, yüngül konstruksiyaların və reklam lövhələrinin quraşdırılmasını, onların yerləşdirilməsini və zonada əhəmiyyətli dəyişikliklərə səbəb olmayan digər az əhəmiyyətli işlərin görülməsini nəzərdə tutan, Şura tərəfindən təsdiq edilən sənəddir.
Cari inkişaf planı 1 illik dövrü əhatə edir. Cari inkişaf planları Baş inkişaf planına uyğun olaraq, Baş inkişaf planının təsdiq edildiyi gündən sonra 3 aydan gec olmayaraq qəbul edilir.
Hər bir turizm və (və ya) rekreasiya zonası pasportla təmin edilir. Zonanın pasportunda mövcud turist xidməti obyektlərinin və turizm və (və ya) rekreasiya zonasında yaradılması nəzərdə tutulan obyektlərin yerləşdirilməsi, nəqliyyat yolları, piyada və mexaniki nəqliyyat vasitələrinin marşrutları göstərilməlidir.
Turizm və (və ya) rekreasiya zonasının pasportu 3 bölmədən ibarət aşağıdakı qaydada tərtib və təsdiq edilir:
birinci bölmə müvafiq turizm və (və ya) rekreasiya zonasında mövcud olan vəziyyəti əks etdirir. Bu bölmənin layihəsi Şura tərəfindən qəbul edilib, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
təsdiqinə təqdim edilir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həmin layihəni təqdim edilmiş məzmunda qəbul edə və ya ona əlavə və dəyişikliklərin edilməsini, o cümlədən müvafiq araşdırmaların aparılmasını təklif edərək Şuraya geri qaytara bilər;
ikinci bölmə Baş inkişaf planından, habelə ona əlavə olunan qrafik və digər sənədlərdən ibarətdir;
üçüncü bölmə Cari inkişaf planından və ona əlavə olunan yekun qrafik və digər sənədlərdən ibarətdir. Cari inkişaf planı təsdiq edildikdən sonra inkişaf planları nəzərə alınmaqla planları əks etdirən yekun qrafik və digər sənədlər (sxemlər, xəritələr, təsvirlər və s.) hazırlanır və Şura tərəfindən təsdiq edilərək müvafiq turizm və (və ya) rekreasiya zonasının pasportuna əlavə edilir;
pasportun yekun redaksiyası bütün əlavə və qoşmalarla birlikdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınır və zonanın müvafiq məsul şəxsində saxlanılır.
3. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu (1995)
Turistlər gəldikləri dövlətdə həm də istehlakçı qismində iştirak edirlər. Məhz buna görə də 19 sentyabr 1995-ci il tarixli
<<İstehlakçıların hüquqlarının müdafiəsi haqqında>> Azərbaycan Respublikası Qanunu bu baxımdan mühüm rol oynayır.
Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar:
istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;
istehsalçı — mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar;
icraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar;
satıcı — alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar;
normativ sənəd — malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər sənədlər;
qüsur — malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu;
mühüm qüsur — maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur;
uyğunluq sertifikatı (sertifikat) — sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və
digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
uyğunluq nişanı — malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan nişandır;[1]
malın (işin, xidmətin) təhlükəsizliyi — maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanmasının, daşınmasının, işlədilməsinin adi şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində istehlakçının həyatına, sağlamlığına, əmlakına, habelə ətraf mühitə zərər vurulmasının istisna olunması;
zəmanət müddəti — müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət.
nəzarət markası — audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu), həmçinin satışı üçün müvafiq dövlət orqanından razılığın alınması tələb olunan malların, məmulatların və məlumat materiallarının satışına belə razılığın verilməsini təsdiq edən və həmin nüsxələri yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli xüsusi nişan.
İstehlakçıların hüquqları
Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:
malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;
istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;
qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti
İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir:
istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini;
malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsini;
məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini;
dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə məşğul olan şəxslərin müvafiq tibbi təhsilinin olmasına nəzarəti;
malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını;
həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklamçı) alıcıya (istehlakçıya) ödənilməsini;
7. insanların
|
sağlamlığı, ətraf mühit üçün
|
təhlükəli olan
|
malların
|
(xidmətlərin,
olunmasını;
|
işlərin) istehsalının, idxalının
|
və satışının
|
qadağan
|
8. istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı, ictimai birliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını.
İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.
İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanunu (2013)
İnsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrinə uyğun olaraq bu Qanunla Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin — Azərbaycan Respublikası vətəndaşının pasportunun tətbiqi nəzərdə tutulur, vətəndaşlara pasportun verilməsi qaydaları, xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti, əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi qaydaları təsbit olunur.
Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi
Vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüququ bu Qanunla müəyyənləşdirilmiş qaydada yalnız Azərbaycan Respublikası vətəndaşının pasportu və beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazə — viza əsasında həyata keçirilir. 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə kedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. 18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı olduqda yol verilir. Əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən öz qanuni nümayəndəsinin notarius tərəfindən təsdiq edilmiş vəsatəti və ya məhkəmənin qərarı əsasında qanuni nümayəndəsinin müşayiəti ilə gedir.
Giriş, qayıdış, tranzit və çıxış vizaları
Ölkəmizə gələn və ölkəmizdən gedən turistlərin viza ilə təmin olunma məsələsi də milli qanunvericiliyin tənzimetmə obyektlərindən biri hesab olunur. Məsələn, 2013-cü il tarixli <<Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında>> Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi müxtəlif vizaların (giriş, qayıdış, tranzit və çıxış vizaları) verilməsi ilə bağlı qaydaları müəyyən edir. Belə ki, giriş vizası əcnəbilərə Azərbaycan Respublikasının ərazisinə ümumi qaydada gəlmək, qayıdış vizası onların bir ayadək müddətə gəlməsi, tranzit vizası isə Azərbaycan Respublikası ərazisindən keçməsi üçün verilir. Çıxış vizası isə Azərbaycan Respublikasının ərazisində yaşayış üçün rəsmi icazəyə malik olan əcnəbilərə təqdim olunur. Onu da qeyd etmək lazımdır ki, çıxış vizasının verilməsi üçün dövlət rüsumu alınmır. Bundan əlavə, yuxarıda göstərilən vizaların hər birinin qüvvədə olma müddətləri müəyyənləşdirilmişdir. Belə ki, giriş vizasının etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 3 gündən 3 ayadək, çoxdəfəlik giriş-çıxış üçün isə 1 ildən 2 ilədək, qayıdış vizasının etibarlılıq müddəti getmə günündən 6 ay müddətinə hesablanır. Tranzit vizasında isə gedişin dayanacaqsız olması haqqında qeyd və ya möhür olmadığı təqdirdə, onun sahibinə Azərbaycan Respublikasında ən çoxu 5 gün qalmaq imkanı verilir. Qanunun 14-cü
maddəsi isə vizaların rəsmiləşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
ASAN Viza sistemi
Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb (1 iyun 2016-cı il). Sənəd Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədilə qərara alınıb. Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza" sistemini yaratmaq. "ASAN Viza" sistemi vasitəsilə elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət etməsi, elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə "ASAN Viza" sisteminə daxil edilməsi, elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun "ASAN Viza" sistemi vasitəsilə elektron qaydada ödənilməsi, elektron vizanın üç iş günü müddətində verilməsi, elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi, "ASAN Viza" sisteminin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması, elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması təmin edilir.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikası Qanunu (2000)
Ümumi müddəalar
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Respublikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında anlayış
Xüsusi mühafizə olunan təbiət əraziləri – xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.
Xüsusi mühafizə olunan təbiət obyektləri – elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimi zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin, mühafizəsinin və istifadəsinin əsas prinsipləri
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır:
bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması;
xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi;
sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı;
xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət;
xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması;
xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı;
beynəlxalq əməkdaşlıq.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzərində mülkiyyət
Azərbaycan Respublikasının ərazisində beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin bələdiyyələrin mülkiyyətinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri yarada bilərlər.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri.
Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır:
dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;
milli parklar; təbiət parkları; ekoloji parklar;
dövlət təbiət yasaqlıqları; təbiət abidələri;
zooloji parklar;
nəbatat bağları və dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri və kurortlar. DÖVLƏT TƏBİƏT QORUQLARI
Dövlət təbiət qoruqları və onların təşkili
Dövlət təbiət qoruqları – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Dövlət təbiət qoruqları xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan təbiət obyektlərinin (səciyyəvi və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri və sair) yerləşdiyi ərazilərdə (torpaq və su məkanı (akvatoriya) sahələrində) yaradılır.
Dövlət təbiət qoruqlarının əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.
Dövlət təbiət qoruqları elmi təşkilatların və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Dövlət təbiət qoruqlarının təşkili üçün ayrılmış torpaq sahələri onların daimi istifadəsinə verilir.
Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağan edilir.
Hər bir dövlət təbiət qoruğunun əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Dövlət təbiət qoruqlarının vəzifələri
Dövlət təbiət qoruqlarının vəzifələri aşağıdakılardır:
genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək;
elmi tədqiqatları təşkil etmək və aparmaq, ‚təbiət salnaməsi‛ tərtib etmək;
ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqi həyata keçirmək;
təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinin və sxemlərinin dövlət ekoloji ekspertizasında iştirak etmək;
ətraf təbii mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına kömək etmək.
MİLLİ PARKLAR
Milli parklar və onların təşkili
Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.
Milli parkların hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər.
Milli parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Hər bir milli park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
Milli parkların əsas vəzifələri
Milli parkların əsas vəzifələri aşağıdakılardır:
təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq;
təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
əhalinin ekoloji maarifləndirmək; ekoloji monitorinqi həyata keçirmək;
zədələnmiş təbiət və tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.
TƏBİƏT PARKLARI
Təbiət parkları və onların təşkili
Təbiət parkları - xüsusi ekoloji və estetik dəyərə malik olan,təbiəti mühafizə və istirahət (rekreasiya) məqsədləri üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə idarələri statuslu ərazilərdir.
Təbiət parklarının ərazisindəki torpaq sahələri onların daimi istifadəsinə verilir. Digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaqları ayrı- ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parklarının istifadəsinə verilə bilər.
Təbiət parkları respublika və ya bölgə əhəmiyyətli ola bilər. Bu ərazilər yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri kimi elan edilə bilər.
Yerli əhəmiyyətli təbiət parkları məqsədli təyinatı üzrə fiziki və hüquqi şəxslərin idarəçiliyinə, habelə istifadəsinə və icarəsinə verilə bilər.
Hər bir təbiət parkının əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Təbiət parklarının vəzifələri
Təbiət parklarının vəzifələri təbii mühiti, təbii landşaftları və rekreasiya resurslarını mühafizə etmək, istirahət üçün şərait yaratmaq, təbiəti mühafizənin effektli metodlarını hazırlamaq və tətbiq etmək, habelə rekreasiya istifadəsi şəraitində ekoloji tarazlığı qoruyub saxlamaqdır.
DÖVLƏT TƏBİƏT YASAQLIQLARI
Dövlət təbiət yasaqlıqları – təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir.
Dövlət təbiət yasaqlıqları torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilə bilər.
Dövlət təbiət yasaqlıqları respublika və ya bölgə əhəmiyyətli ola bilər.
Dövlət təbiət yasaqlıqları müxtəlif profilli, o cümlədən kompleks, bioloji, paleontoloji, hidroloji və geoloji profili ola bilər.
Dövlət təbiət yasaqlıqları müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
TƏBİƏT ABİDƏLƏRİ
Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir.
Təbiət abidəsi obyektlərinə konkret coğrafi zona üçün səciyyəvi olan nadir landşaftlar və yaxud ayrı-ayrı ünsürlər, yerli ağac qruplarının etalonunu təşkil edən və nadir növ tərkibinə görə seçilən qiymətli meşə sahələri, endemik və məhv olmaq təhlükəsinə məruz qalan bitkilərin yayıldığı yerlər, çox yaşlı ayrı- ayrı ağaclar, həmçinin geoloji açılışlar, mağaralar, paleontoloji və paleonəba qalıqlarının çoküntüləri, bulaqlar, nadir göllər və digər yerlər aid edilir.
Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və onların təbii vəziyyəti qorunub saxlanılır.
Təbiət abidələri respublika və ya bölgə əhəmiyyətli ola bilər. ZOOLOJİ PARKLAR
Zooloji parklar – heyvanlar aləminin mühafizəsi, törəyib artması və onlardan istifadə üçün ayrılmış təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan xüsusi mühafizə olunan təbiət əraziləridir.
Zooloji parklar respublika, bölgə və ya yerli əhəmiyyətli ola bilər.
NƏBATAT BAĞLARI VƏ DENDROLOJİ PARKLAR
Nəbatat bağları və dendroloji parklar – bitki aləminin müxtəlifliyini qoruyub saxlamaq və onu zənginləşdirmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Nəbatat bağları və dendroloji parklar respublika və ya bölgə əhəmiyyətli ola bilər.
Müalicə-sağlamlaşdırma yerləri və kurortlar
Müalicə-sağlamlaşdırma yerlərinə xəstəliklərin müalicəsinin və profilaktikasının, habelə əhalinin istirahətinin təşkili üçün yararlı olan və təbii müalicəvi resurslara (mineral sular, müalicəvi palçıqlar, şor göllər, müalicəvi iqlim, çimərliklər və sair) malik olan ərazilər aid edilə bilər.
Müalicə-sağlamlaşdırma yerləri və kurortlar onların səmərəli istifadə edilməsi və təbii müalicəvi resursların və sağlamlaşdırma xassələrinin qorunub saxlanılması məqsədi ilə yaradılır.
Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli ola bilər.
Yerli əhəmiyyətli müalicə-sağlamlaşdırma yerləri və kurortlar məqsədli təyinatı üzrə fiziki və hüquqi şəxslərin idarəçiliyinə, habelə istifadəsinə və icarəsinə verilə bilər.
Ərazilərin müalicə sağlamlaşdırma yerlərinə və kurortlara aid edilməsi qaydası, mühafizəsi və onların fəaliyyəti qanunvericiliklə müəyyən edilir.
Mövzuya dair suallar:
"Turizm haqqında" Azərbaycan Respublikasının qanununun xüsusiyyətləri
"Turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamənin" xüsusiyyətləri
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanunu
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikası Qanunu
Xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri
Ədəbiyyat:
"Turizm haqqında" Azərbaycan Respublikasının qanununu. 1999.
Turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə. 2008.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu. 1995.
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanunu. 2013.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikası Qanunu. 2000.
Dostları ilə paylaş: |