Elmilik prinsipi obyektiv aləmin inkişafı ilə onun insan şüurunda elmi konsepsiyalar və nəzəriyyələr şəklində inikası arasındakı dialektik əlaqəni aşkarlayır və tədris fənlərinin elmi məzmununu əsaslandırır.
S.İ.Arxangelskiyə görə, elmilik prinsipi aşağıdakı məsələrin həlli yollarını göstərməlidir:
-tədris fənninə daxil edilən hər hansı yeni məzmunun elmi xarakteri əsaslandırılmalıdır;
-sistematik olaraq toplanılan elmi potensial ilə elmi proqnoz arasındakı əlaqə müəyyənləşməlidir;
-elmi meyarlar, səviyyə, ölçü, anlayışın dəyişmə forması müəyyən edilməlidir;
-öyrənilən fənnin elmi məzmununun metodoloji qiyməti müəyyənləşməlidir.
Ali peşə-ixtisas təhsili elmin inkişaf tarixini və müasir dövrdə prioritetlərini bilməyi, elmin tərəqqisini insan sivilizasiyasının, texnikanın və praktikanın inkişaf ilə əlaqələndirməyi tələb edir.
Bu prinsip zehni qabiliyyətləri inkişaf etdirməkdə, təbiət və cəmiyyət hadisələrinə elmi baxışlar aşılamaqda, elmi biliklərə maraq yaratmaqda böyük əhəmiyyətə malikdir.
Elmilik prinsipi bir neçə cəhətdə özünü göstərir:
-ətraf aləm haqqında düzgün təsəvvürlər formalaşdırmaq, öyrənənləri müşahidəçiliyə alışdırmaq;
-qazanılmış təsəvvürləri, materialları ümumiləşdirmək əsasında nəticələr çıxarmaq;
-nəzəri biliklərin, anlayış və qanunların şüurlu başa düşülməsinə, onların əsasında duran həyat hadisələrinin dərk edilməsinə nail olmaq;
-inteqrasiya yaratmaq yolu ilə elmi dünyagörüşü formalaşdırmaq;
-tələbələri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil problemlər qoyub, onların həlli yollarını tapmağa istiqamətləndirmək.
Elmilik prinsipi təlimin təşkilinə bir sıra tələblər verir. O, təlimin bütün sahələrində –həm onun məzmununda (proqram və dərsliklərdə) və metodlarında, həm də öyrənənlərin təlim fəaliyyətinin təşkilində gözlənilməlidir.
Təlim metodları, xüsusən müəllimin şərhi, müsahibə, öyrənənlərin müstəqil fəaliyyəti elmiliyə əsaslanmalıdır. Müəllimin şərhi məntiqli, elmi olmalıdır, bu zaman elmi təhriflərə yol verilməməlidir. Tələbələri elmi problemlərin həllinə, müstəqil yaradıcı işlərə geniş cəlb etmək lazımdır. Elmilik həm də biliklərin sistemli mənimsənilməsini tələb edir.
Dostları ilə paylaş: |