Mövzu birjalar və bazar iQTİsadiyyatinda onlarin rolu



Yüklə 28,47 Kb.
səhifə1/4
tarix14.05.2023
ölçüsü28,47 Kb.
#113505
  1   2   3   4
Mövzu-3



MÖVZU 3. BİRJALAR VƏ BAZAR İQTİSADİYYATINDA ONLARIN ROLU

1. Birja və onun növləri


2. Birjada klirinqin mahiyyəti və funksiyaları
3. Birja əmtəəsi ilə sazişlər və onların növləri
4. Birja ticarətinin təşkili


1. Birja və onun növləri

Mövcud bazar münasibətləri, mübadilə nöqteyi nəzərindən onun subyektləri- alıcıları və satıcıları arasındakı iqtisadi münasibətlərdir. Bu münasibətlər malların istehsaldan istehlak yerlərinədək yeridilməsi, onların satışının təşkili və son istehlakçıya çatdırılması ilə əlaqədar olan bütün iqtisadi münasibətlər sistemini əhatə edir. Başqa sözlə desək, bazar münasibətləri son istehlakçılar da daxil olmaqla istehsalla istehlak arasında məcmu iqtisadi münasibətlərin təzahürüdür.


Əhalinin xalq istehlakı mallarına olan tələbatının ödənilməsi və bazarın “doldurulması” problemi təkcə ümumdövlət problemi deyil, eyni zamanda sahələrarası, müəssisələrarası kompleks problemdir. Onun həll edilməsi işinə bazarın bütün subyektləri – təsərrüfat sahələrinin hamısı, bu sahələrin hər birində fəaliyyətdə olan bütün alıcı və satıcı müəssisələr qoşulur. Məhz onların arasında gözlənilən obyektiv zəruri münasibətlər həmin problemin həllinə ciddi təsir göstərə bilər. Beləliklə, bazar münasibətləri birbaşa şəkildə bir – birini şərtləndirən, müəyyənləşdirən mürəkkəb, çox vasitəli və çoxcəhətli əlaqələr sistemidir. Həmin əlaqələr müxtəlif təsərrüfat sahələri və yaxud eyni sahənin müstəqil müəssisələri, təşkilatları arasında, habelə, son satıcı müəssisə ilə son istehlakçı arasında həyata keçirilir.
Milli iqtisadiyyatın inkişafında zəruri olan təsərrüfat əlaqələrinin və bazar münasibətlərinin funksional strukturunu tam dolğunluqla açmaq üçün, bütün qarşılıqlı münasibətlər sisteminin təkmilləşdirilməsinə yönəldilən əsas şərtlər və istiqamətlər müəyyən edilməlidir.
Təsərrüfat əlaqələrinin sağlamlaşdırılmasında çevikliyə və ədalətliliyə söykənən hüquqi əsasların işlənib hazırlanmasının böyük əhəmiyyəti vardır. Bir – birilə müəyyən münasibətdə olan və əlaqəyə girən bazar subyektləri, şübhəsiz, müxtəlif mürəkkəb problemlər və hadisələrlə rastlaşmalı olacaqlar: onlar bir – biri ilə necə və hansı əsasda razılaşmalıdırlar; onların birjalarda, yarmarkalarda və digər bazar yerlərində qarşılıqlı münasibətlər necə olmalıdır; öz hüquqlarını necə və hansı qaydada müdafiə etməlidirlər; müxtəlif xidmətlər, alqı – satqı, şirkət, şəriklik, sığorta, bank əməliyyatları üzrə müxtəlif cəhətli məsələlərin həll edilməsi üçün düzgün istiqamətləri müəyyənləşdirən normativlər hansı baxımdan və necə müəyyənləşdiriləcək və s.
Münasibətlərin yaxşılaşdırılmasında müəssisələrin azad fəaliyyətinin təmin edilməsi mühüm şərtlərdən biridir. Müəssisə fəaliyyətinin azadlığı o deməkdir ki, müəssisə bazarın çeşidini nəzərə almaqla öz kollektivinin və dövlətin marağı naminə, məşğul olduğu fəaliyyət üzrə sərbəst surətdə hərəkət edir, özü üçün azad surətdə tərəf – müqabili seçir. Belə olduqda müəssisələr sahə inhisarçılığından tamamilə azad olur, öz tərəf müqabilləri ilə əlaqəyə girir, lazım gəldikdə topdansatış bazarından, müvafiq birjalardan maddi və mal resursları alır və yaxud digər xidmətlər göstərir və fəaliyyət növü ilə məşğul olur.
Tam sərbəstlik almış istehsal və ticarət müəssisələrinin ( kooperativlərin, səhmdar cəmiyyətlərinin, assosiasiyaların ) öz aralarında və onlar ilə dövlət müəssisələri arasında əlaqələrin təkmilləşdirilməsi nəticə etibarilə bazar münasibətlərinin və ümumiyyətlə götürüldükdə isə bütövlükdə ölkə iqtisadiyyatının intensiv inkişafına ciddi təsir göstərir.
Real bazar münasibətlərinin formalaşması işində topdansatış ticarəti ilk təşəbbüskarlardan biri hesab olunur. Məhz o, istehsalçılar və istehlakçılar arasında təsərrüfat əlaqələrini yeni istiqamətə yönəldən struktur kimi çıxış edir. Məhz o, bazarda tərəf müqabilləri sərbəst surətdə seçmək və mal satışı və təchizatı sahəsində onlara xidmət göstərir.
Birja bazar infrastrukturunun tərkib hissələrindən biridir və o, bazar sisteminin normal fəaliyyət göstərməsinin təmin olunmasına xidmət edir.
Birjanın əsas təyinatı öz əksini razılaşmaların bağlanmasında, xidmətlərin göstərilməsində, satıcı və alıvılar arasında ticarət prosesinin tənzimlənməsində, qiymət haqqında məlumatların yığılması və dərc olunmasında tapır.
Birja termini latınca “ bursa”sözündən əmələ gəlib, dilimizdə pul kisəsi kimi tərcümə olunur.
Deyilənlərə görə ilk birja 1406 – cı ildə Belçikanın Brügge şəhərindəki “de Burse” meydanında yaranmışdır. Avropanın bir çox ticarət yollarının kəsişdiyi Brügge şəhərindəki həmin meydanda Van der Burse adlı bir varlı tacir xarici müsafirlər üçün bir mehmanxana tikdirmiş, onun girişindəki gerbin üzərində üç pul kisəsi şəkili çəkdiribmiş. Xarici kommersantlar Brüggeyə gələndə, adətən Florensiya və Genuyanın iri ticarət mərkəzləri nümayəndələrinin məskən saldıqları yerin yaxınlığında yerləşən həmin mehmanxanada qalır, digər tacirlərlə sazişlər bağlayır, bazardakı vəziyyət haqqında məlumatlar əldə edirlər. Ümumiyyətlə, ilk birjaların mehmanxanalarda, çayxanalarda yerləşməsi o zaman üçün xarakterik hal idi. Sonralar Avropanın bir çox şəhərlərində, o cümlədən, Lionda (1462), Tuluzada (1469), Parisdə (1563), Hamburqda (1564), Kölndə (1566) və s. yaranmağa başladı.
Lakin ilk xüsusi binası olan birja 1531-ci ildə Antverpendə təsis edilmişdir. Həmçinin, digər bir məşhur birja 1608-ci ildə o zamanlar böyük ticarət və maliyyə fəaliyyəti mərkəzinə çevrilmiş Amsterdam şəhərində yaradılmışdır. XVIII əsrin əvvəllərində London birjasının da əhəmiyyəti getdikcə artmağa başladı. Rusiyada isə ilk birja 1703-cü ildə Sankt-Peterburqda I Pyotrun göstərişi ilə təsis edilmişdir. Amerika qitəsində ilk birja isə 1792-ci ildə Nyu-Yorkda yaradıldı.
Sonralar birjalar inkişaf etdikcə ixtisaslaşaraq müəyyən əmtəə qrupları üzrə taxıl, metal, neft və digər mallar üzrə əməliyyat aparan, o cümlədən, valyuta qiymətliləri və qiymətli kağızlarla əməliyyat aparan növləri yarandı. Artıq XIX əsrin sonları XX əsrin əvvəllərindən başlayaraq birjalar milli və beynəlxalq təsərrüfat həyatının mərkəzlərinə çevrilməyə başladılar.
Birjada alqı-satqı əməliyyatları buranın üzvü olub, vasitəçi rolunda çıxış edən bro­kerlər və dilerlər tərəfindən həyata keçirilir. Broker birjanın hər bir növündə : əmtəə , qiymətli kağızlar və valyuta birjasında vasitəçilik edən şəxsdir. Broker ona almaq və satmaq tapşırığı verənin adından və onun hesabına fəaliyyət göstərir. Bu vasitəçiliyə görə müəyyən gəlir yəni, brokerc əldə edir.
Diler dedikdə, fond birjasının üzvü olan ayrıca şəxs, firma başa düşülür. Dıler həm də sonradan daha baha qiymətə satmaq məqsədilə qiymətli kağızlar alır. Bundan əlavə, dilerlər bir –biri ilə, brokerlərlə, bilavasitə alıcı və ya satıcılarla söv­də­ləşmələrə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya bankları da diler sıma­sında çıxış edə bilərlər.
Birjaların təsnifatı birja əmtəəsinin növü və nomenklaturası, təşkili prinsipləri, sahə və ərazi ixtisaslaşması, satışların tipi və həcmi, iştirakçıların satışdakı iştirak formaları, fəaliyyətin səciyyəsi, birja əqdlərinin üstünlük təşkil edən növü, hüquqi durumu kimi çoxsaylı meyarlara əsaslanır.
Birjada istehsal, yaxud istehlak təyinatlı, alıcılara öz xassələri ilə məlum olan məhsullar ( taxıl, kofe, şəkər, neft və neft məhsulları, əlvan və qiymətli metallar və s. ) satılarsa, onda bu əmtəə birjası qiymətli kağızların satıldığı birjalar fond birjası, xarici valyutalarla alqı – satqı aparılan birjalar valyuta birjası adlanır. Bu üç birja növündən əlavə əmək haqqı birjaları da vardır ki, bunlar da əmək qabiliyyətli işsiz əhali qeydə alınır və müəyyən şərtlərlə işlə təmin olunur, yaxud ixtisas yiyələnirlər. Əgər birjada yalnız bir yox, bir neçə qiymətlilər növü satılarsa, onda belə birja universal hesab olunur.
Əmtəə birjaları öz sayına dövriyyəsinin miqdarına və əhali üçün əhəmiyyətinə görə birjalar içərisində xüsusi yer tutur.
Əmtəə birjaları əsasən aşağıdakı funksiyaları yerinə yetirir:
1. Ticarət sövdələşməsində iştirak edən tərəflərin mənafeyini əlaqələndirmək, bununla əlaqədar sənədlərdə alqı – satqı aktını əks etdirmək, bu sənədlərdə əmtəəyə olan mülkiyyət hüququnun dəyişməsini qeyd etmək.
2. Birja vasitəsilə əmtəələrin reallaşdırılması prosesini sistematik surətdə və daim təkmilləşdirmək.
3. Birja subyektlərinin fəaliyyəti zamanı onların işində meydana çıxan mübahisələr və münaqişələrin həll edilməsi.
4. Çeşid, bazarın həcmi, qiymətlər və s. haqqında müəyyən tədqiqatlar aparmaq.
5. Bazar haqqında toplanmış məlumatları işləyib təhlil etmək və bu tədqiqatların nəticələri haqqında əmtəə birjası subyektlərinə və dövlət orqanlarına məlumatlar vermək.
Fond birjası bazar iqtisadiyyatının quruluşunda daha yüksək xalq təsərrüfatı əhəmiyyətinə də malikdir. Belə ki, sənayenin, kənd təsərrüfatının, ticarətin və xalq təsərrüfatının bir sıra digər sahələrin inkişafına kapital qoyuluşları üçün zəruri olan pul vəsaiti fond birjaları vasitəsilə səfərbərliyə alınır və kapital mərkəzləşir.
Fond birjalarında kifayət qədər keyfiyyətli, alıcı tələbatı obyekti ola bilən qiymətli kağızlar alınıb satılır. Onların qiyməti isə ona olan tələb və təklifdən asılıdır.
Fond birjasının vəzifələrini aşağıdakı kimi ifadə etmək olar:
- maliyyə resurslarının səfərbər edilməsi;
- maliyyə qoyuluşlarının likvidliyinin təmin edilməsi;
- qiymətli kağızlar bazarının tənzimlənməsi.
Bazar iqtisadiyyatı şəraitində valyuta ticarətinin bir hissəsi valyuta birjalarının payına düşür. Bu birja ayrı – ayrı ölkələrin milli valyutalarının satıldığı mütəşəkkil bazardır. Valyuta birjalarında aparılan ticarət, valyuta kursu və ya məzənnəsi əsasında, yəni, iki, bir – birindən fərqli pul vahidlərinin mübadilə nisbəti əsasında həyata keçirilir. Valyuta birjalarındakı ticarət əməliyyatları mübadilə olunan valyutaların dönərliyinə əsaslanır.
Birjaların nisbətən gənc forması olan əmək birjası işçi qüvvəsi bazarını ifadə edir. Əmək birjaları ilk dəfə XIX əsrdə Almaniya və Böyük Britaniyada əmələ gəlmişdir. Bu birjalarda əsas məqsəd öz iş qüvvəsini satmaq istəyən şəxslə iş verən ( sahibkar ) arasında alqı – satqı prosesində vasitəçilik etməkdən ibarətdir.
Dövlətin məşğulluq siyasətinin yerinə yetirilməsinə və işsiz vətəndaşların işlə təmin olunmasına kömək etmək məqsədilə əmək birjaları təşkil olunur. Onlar dövlət və kommersiya məşğulluq mərkəzləri tərəfindən yaradılır.
Hazırki dövrdə əmək birjaları işsizlərin siyahıya alınması və onların işlə təmin olunması, iş yerlərini dəyişmək istəyənlərə uyğun köməkliyin edilməsi üzrə xidmətlər göstərir. Bundan başqa əmək birjaları iş qüvvəsinin tələb və təklifi üzrə bazarda olan vəziyyəti öyrənir, tələb olunan ixtisaslar haqqında zəruri məlumatlar verir, gənclərin peşəyönümündə onlara kömək edir.



Yüklə 28,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin