Əqdlərin etibarsızlığı.
Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə; məzmununa görə; iradə və iradə ifadəsinə görə.
Subyekt tərkibinə görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki, əqd onu bağlayan şəxslərin hüquq və fəaliyyət qabiliyyətinə uyğun gəlmir. Belə əqdlərin etibarsızhğı çox zaman onların fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər tərəfindən bağlanılması ilə izah olunur. Mülki Məcəlləyə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eynilə qaytarmalı, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.
Spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə qayda yetkinlik yaşına çatmayanlar tərəfindən bağlanmış əqdlərə də aiddir. Bu şəxslər yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada xırda məişət əqdlərini bağlaya bilərlər.
Hüquqi şəxslərin bağladığı əqdlər aşağıdakı əsaslara görə etibarsız hesab olunur: hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla bağladığı əqdlər; hüquqi şəxsin orqanının öz səlahiyyətlərini aşmaqla bağladığı əqdlər. Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxsin, onun təsisçisinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Məzmununa görə əqdlərin etibarsızlığı onun şərtlərinin qanunun tələblərinə uyğun gəlməməsi ilə müəyyən olunur. Burada «qanun» dedikdə, respublikanın qanun və qanun qüvvəli aktları, xüsusilə mülki qanunvericiliyi nəzərdə tutulur. Belə etibarsız əqdlər obyektiv və subyektiv əlamətlərlə xarakterizə olunur. Əqdin hüquqazidd (qanunazidd) xarakteri onun obyektiv əlamətidir. Subyektiv əlamət isə - tərəflərin əqdin hüquqazidd (qanunazidd) olduğunu başa düşdükləri halda, onu bağlamaq və icra etmək niyyətləri olması ilə əlaqədardır.
İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: -daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir.
-Iradə ifadəsinin daxili iradənin düzgün əks etdirməməsi. Məsələn, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər və s.
-Daxili iradənin, qeyri-normal amillərin təsiri altında formalaşması. Bu cür etibarsız əqdlərə aldatma, yanılma və ya ağır vəziyyətə düşmə nəticəsində bağlanan əqdləri misal göstərmək olar.
-Iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğu. Bura aiddir: uydurma və yalan əqdlər.
Mülki Məcəlləyə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd isə başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Hüquq normasına uyğun gəlməyən əqdlər bağlandığı andan buna aid iddianın qaldırılmasından və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu cür əqdlərin etibarsızlığı nəticələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu cür nəticələri öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır. Bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisəli əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onlar tərəfindən etibarsız sayılmamışdırsa, qüvvədə qalır. Əqdi, həmin hissə daxil edilmədən bağlamağın mümkünlüyü güman edilərsə, əqdin bir hissəsinin etibarsız sayılması onun qalan hissələrinin etibarsızlığına səbəb olmur.
Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir.
Əgər belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə onda məsələ bir qədər mürəkkəbləşir. Belə hallarda restitusiya (latınca restitutio– bərpa deməkdir) tətbiq olunur.
Mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması restitusiya adlanır.
Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur: ikitərəfli restitusiyanın tətbiq edilməsi; birtərəfli restitusiyanın tətbiq edilməsi; restitusiyanın rədd edilməsi.
Mülki Məcəlləyə uyğun olaraq, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya adlanır. Yetkinlik yaşına çatmayan, fəaliyyət qabiliyyəti olmayan, habelə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxslərin bağladıqları əqdlər üzrə məhz ikitərəfli restitusiyaya yol verilir. Mülki hüquqda bir qayda olaraq, ikitərəfli restitusiya tətbiq olunur.
Əqd bağlayarkən tərəflərdən biri qəsdən digər tərəfin zərərinə, onun hüquqlarını və qanuni mənafeyini pozmaqla və yaxud dövlətin və cəmiyyətin mənafeyinə zidd hərəkət etdiyi halda yalnız birtərəfli restitusiya tətbiq edilir. Birtərəfli restitusiyaya zərər çəkən barəsində yol verilir. Aldatma, zorakılıq, hədə təsiri altında, habelə bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər üçün məhz birtərəfli restitusiya nəzərdə tutulur. Bu zaman yalnız təqsirli tərəf aldığını bütünlüklə qaytarır və çəkilmiş xərcləri ödəyir, zərərçəkənin təqsirli tərəfdən aldığı isə dövlət mədaxilinə tutulur.
Əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitusiyanın rədd edilməsi dedikdə, tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarılmaması başa düşülür. Bu zaman hər iki tərəfin icra etdiyi və ya icra etməli olduğu dövlət mədaxilinə keçir. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində qəsd olduğu hallarda tətbiq olunur.
Bəzi hallarda əqdin etibarsız sayılması, əqdin etibarsızlığında təqsirli tərəf üçün digər tərəfin çəkdiyi zərəri ödəmək öhdəliyini əmələ gətirir.
Göründüyü kimi mülki hüquqda əqdin etibarsız sayılmasının mühüm əhəmiyyəti vardır. Bu, hüquq qaydalarının qorunmasına, qanunazidd olan hüquq və vəzifələrin yaranmasının qarşısını almağa yönəldilməklə mülki dövriyyənin normal inkişafına şərait yaradır.
Dostları ilə paylaş: |