Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Firmanın mənfəəti və onun bölüşdürülməsi



Yüklə 0,77 Mb.
səhifə69/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   65   66   67   68   69   70   71   72   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Firmanın mənfəəti və onun bölüşdürülməsi

Bazar iqtisadiyyatı şəraitində mənfəətin əldə edilməsi firmanın bilavasitə məqsədidir. Mənfəət firmanın gələcək fəaliyyəti və mövcudluğu üçün müəyyən təminat yaradır, çünki müxtəlif ehtiyat fondları şəklində onun yığılması malların bazarda satışı ilə əlaqədar risklərin nəticələrinin aradan qaldırılmasına kömək edir.


Bazarda firmalar məhsula qiyməti müəyyən edərək, onlar məhsulu istehlakçılara satırlar və bu halda pul mədaxili əldə edirlər. Bu, hələ mənfəət deyildir. Maliyyə nəticəsini müəyyən etmək üçün bu pulu istehsal və satış üçün çəkilmiş xərclərlə, yəni maya dəyəri ilə müqayisə etmək lazımdır.
Əgər mədaxil maya dəyərindən çox olarsa, maliyyə nəticəsi mənfəətin əldə olunduğunu təsdiq edir. Firma həmişə mənfəət əldə etmək vəzifəsini qarşısına qoysa, heç də həmişə buna nail olmur. Əgər mədaxil maya dəyərinə bərabərdirsə, onda yalnız məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərcləri ödəyə bilir. Əgər xərclər mədaxildən çox olarsa, firma mənfi maliyyə nəticəsinə – zərərlərə malik olur. Bu isə firmanın maliyyə vəziyyətini gərginləşdirir, hətta onu müflisləşməyə gətirib çıxarır.
Bazar münasibətlərinin kateqoriyası kimi mənfəət aşağıdakı funksiyaları yerinə yetirir:

  • firmanın fəaliyyəti nəticəsində əldə edilən iqtisadi səmərəni xarakterizə edir;

  • firmanın maliyyə resurslarının əsas elementidir;

  • müxtəlif səviyyəli büdcələrin formalaşması mənbəyidir.

Hər bir firmada mənfəətin kəmiyyətinə, iqtisadi məzmununa və funksional təyinatına görə əhəmiyyətli dərəcədə fərqlənən dörd göstəricisi formalaşdırılır. Bütün hesablamaların bazasını firmanın istehsal-təsərrüfat fəaliyyətinin, maliyyə göstəricisi olan balans mənfəəti təşkil edir. Vergilər və büdcəyə digər ödənişlər keçirildikdən sonra balans mənfəətinin firmanın sərəncamında qalan hissəsi xalis mənfəət adlanır.
Balans mənfəəti üç əsas elementi əhatə edir: məhsulun satışından, işlərin görülməsindən, xidmət göstərilməsindən əldə edilən mənfəət (zərər); əsas vəsaitlərin satışından, onların sıradan çıxmasından, firmanın digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər), qeyri-satış əməliyyatları hesabına maliyyə nəticələri.
Məhsulun satışından əldə edilən mənfəət satışdan əldə edilən mədaxil (əlavə dəyər vergisi və aksizlər nəzərə alınmadan) ilə məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər (maya dəyəri) arasındakı fərq kimi hesablanır.
Firmanın əsas vəsaitlərinin və digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər) firma fəaliyyətinin əsas növləri ilə əlaqədar olmayan maliyyə nəticəsidir. O, sair satışdan əldə edilən mənfəəti (zərəri) əks etdirir. Buraya firmanın balansında olan müxtəlif növ əmlakın kənara satılması daxildir.
Qeyri-satış əməliyyatlarından əldə edilən maliyyə nəticələri firmanın əsas fəaliyyətinə aid olmayan və firma məhsulunun, əsas vəsaitlərinin, sair əmlakın satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olmayan müxtəlif xarakterli əməliyyatlar üzrə mənfəətdir (zərərdir). Satışdankənar mənfəətin (zərərin) tərkibinə alınmış və ödənilmiş cərimələrin, penyaların, əlavələrin və digər sanksiya növlərinin qalığı, eləcə də aşağıdakı gəlirlər daxildir:

  • ötən illərə aid olan, lakin hesabat ilində aşkar edilmiş mənfəət;

  • malların yenidən qiymətləndirilməsindən gəlirlər;

  • ötən illərdə silinmiş borcların ödənilməsi hesabına daxil olmuş məbləğ;

  • valyuta hesabları üzrə müsbət məzənnə fərqləri;

  • firmanın hesablarında olan pul vəsaitlərinə görə alınmış faizlər.

Buraya həmçinin başqa firmaların nizamnamə kapitalında payçı kimi iştiraka görə əldə edilən gəlir də daxildir.
Mənfəətin kəmiyyətinə bir çox amillər təsir edir. Bu amillər daxili və xarici amillərə bölünür. Daxili amillərə istehsal (ekstensiv və intensiv) və istehsaldankənar amillər daxildir. Xarici amillər isə təbii şəraiti, qiymətin tənzimlənməsini, tarifləri, faiz vergi dərəcələrini və s. əhatə edir.
Firmanın sərəncamında qalan mənfəətin bölüşdürülməsi sisteminə hazırda qoyulan başlıca tələb ondan ibarətdir ki, o, istehlak və yığıma yönəldilən vəsaitlər arasında optimal nisbətlərin müəyyən edilməsi əsasında geniş təkrar istehsalın maliyyə resurslarına tələbatı təmin etməlidir.
Firmanın mənfəətinin bölüşdürülməsinin ümumi sxemi şəkil 13.2-də verilmişdir.

Şək. 13.2. Firmanın xalis mənfəətinin bölüşdürülməsi


Yığım fondu istehsal və qeyri-istehsal təyinatlı əsas fondların alınması və inşası, habelə digər əsaslı vəsait qoyuluşu (qaytarılacaq) üçün istifadə olunur. Eyni zamanda bu fond hesabına qaytarılmamaq şərti ilə aşağıdakı xərclər maliyyələşdirilir:



  • elmi-tədqiqat işlərinin aparılması;

  • təbiəti mühafizə tədbirləri;

  • vergi ödənişi üçün maya dəyərinə daxil edilməsi normalarından artıq xərclərin ödənilməsi (ixtisasın artırılması, ezamiyyət xərcləri, kredit üçün faizlər və s.);

  • qiymətli kağızların buraxılışı üçün xərclər;

  • başqa firmaların yaradılması üçün xərclər;

  • mənfəətin gizlədilməsi üçün cərimə sanksiyalarının ödənilməsi və s.

İstehlak fondu – işçilərin sosial ehtiyaclarının ödənilməsinin və maddi həvəsləndirmənin maliyyələşdirilməsi üçün sərf olunur. Buraya istehsal göstəriciləri ilə əlaqədar olmayan (çoxillik əmək, yubiley və s.) mükafatların verilməsi; maddi yardımın göstərilməsi; putyovkaların, müalicənin, işçilər və onların ailə üzvləri üçün dərmanların dəyərinin, faizlərin və s. ödənilməsi daxildir.
İstehlak fondundan çəkilən xərclər qaytarılmır.
Ehtiyat fondu təbii fəlakətlər nəticəsində baş vermiş itkilərin və balans zərərlərinin ödənilməsi üçün istifadə olunur.
Firmanın hər bir təşkilati-hüquqi forması üçün onun sərəncamında qalan mənfəətin bölüşdürülməsinin qanuna müvafiq mexanizmi müəyyən edilmişdir.
Hər bir firmada bölüşdürmə obyekti firmanın balans mənfəətidir. Mənfəətin bölüşdürülməsi dedikdə, mənfəətin büdcəyə yönəldilməsi və firmada istifadənin maddələr üzrə paylaşdırılması başa düşülür. Mənfəətin yalnız vergilər şəklində müxtəlif səviyyəli büdcələrə daxil olan və digər məcburi tədiyyələrin ödənilməsinə yönəldilən hissəsinin bölüşdürülməsi qanunla tənzimlənir. Firmanın sərəncamında qalan mənfəətin xərclənməsi istiqamətləri, ondan istifadə maddələrinin strukturu firmanın səlahiyyətindədir.
Mənfəətin bölüşdürülməsi və istifadəsi qaydası firmanın nizamnaməsində qeyd olunur, iqtisadi xidmətlərinin müvafiq bölmələrinin hazırladıqları əsasnamə ilə müəyyən edilir və firmanın rəhbər orqanları tərəfindən təsdiq olunur.
Hazırda Azərbaycan Respublikasında firmalar dövlət büdcəsinə və büdcədənkənar fondlara aşağıdakı vergi və ayırmaları ödəyirlər:

    1. Əlavə edilən dəyərdən vergi (əlavə dəyər vergisi – ƏDV) – məhsulların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqda reallaşan dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır.

Burada bir məsələnin qeyd olunması çox vacibdir, belə ki, əvvəla, əlavə dəyər vergisi birbaşa deyil, dolayısı ilə alınan vergi növüdür; əmtəənin, görülən işin və göstərilən xidmətlərin qiymətlərinə əlavə formasıdır. İkincisi, bu vergi növü istehsalçı firmaların mənafelərinə toxunmur; o, məhsulların istehlakçılarına tətbiq edilən, daha doğrusu, onlardan alınan vergidir. İstehsalçı firma və yaxud sahibkar, sadəcə olaraq, bu işdə vergi toplayan qismində çıxış edir.
Hal-hazırda Azərbaycan Respublikasında əlavə dəyər vergisi 18% dərəcəsi ilə ödənilir.

    1. Aksiz vergisi – müəyyən qrup kütləvi istehsal məhsullarının, zinət əşyalarının, habelə xidmətlərin (məsələn, alkoqollu içkilər, tütün məmulatları və s.) qiymətlərinə daxil edilən və alıcı tərəfindən ödənilən vergidir. Aksiz tutulmalı məhsulların siyahısı və onların aksiz dərəcələri respublika hökumətinin müvafiq qərarları ilə təsdiq edilir.

    2. Mənfəət vergisi – firma və təşkilatların mənfəətindən qanunla müəyyənləşdirilmiş dərəcə ilə hesablanaraq dövlət büdcəsinə köçürülür. 2004-cü ilin yanvarın 1-dən mənfəət vergisinin dərəcəsi 24% müəyyən edilmişdir.

    3. Mədən vergisi – ölkə ərazisindəki yeraltı sərvətlərdən səmərəli istifadə etmək və onlar çıxarılarkən ayrı-ayrı sahələr arasında rentabellik səviyyəsi ilə əlaqədar rəqabət münasibətlərini tənzimləmək məqsədi ilə ödənilir. Mədən vergisini yalnız yerin təkindən faydalı qazıntıların çıxarılması ilə məşğul olan firmalar ödəyir. Bu vergiyə cəlb olunan faydalı qazıntı növlərini və vergi dərəcələrini hökumət təsdiq edir.

    4. Əmlak vergisi – firmaların balansında olan əsas vəsaitlərin məbləğindən (dəyərindən) 1% dərəcəsi ilə ödənilir.

    5. Torpaq vergisi – firma və təşkilatların mülkiyyətində və istifadəsində olan torpaqlardan səmərəli istifadəni təmin etmək üçün hər il torpaq vergisi tutulur. Verginin dərəcəsi torpağın təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.

    6. Xarici iqtisadi fəaliyyətdən vergilər – firma və təşkilatların idxal-ixrac əməliyyatları həyata keçirməsinə görə büdcəyə ödədiyi gömrük vergi və rüsumlarıdır.

    7. Məcburi dövlət sosial sığorta haqqı – firmalar məcburi dövlət sosial sığorta haqqını hesablanmış əməyin ödənişi fondunun 22%-i və işçiyə verilən əmək haqqının 3%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna ödəyirlər.

    8. Yol vergisi – ölkə ərazisinə daxil olan və avtomobil nəqliyyatı vasitələrinə malik bütün fiziki və hüquqi şəxslərdən yollardan istifadəyə görə tutulur.

Əlavə olaraq qeyd etmək lazımdır ki, firmanın işçilərindən tutulan gəlir vergisi də əmək haqqı və maaşlar verildiyi zaman hesablanaraq firma tərəfindən büdcəyə köçürülür. Buna görə də maliyyənin planlaşdırmasında bu vergi üzrə də büdcə ilə qarşılıqlı münasibətlər nəzərə alınır.




    1. Yüklə 0,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin