Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Mövzu 5. İSTEHSAL FİRMASININ ƏSAS FONDLARI



Yüklə 0,77 Mb.
səhifə24/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   20   21   22   23   24   25   26   27   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Mövzu 5. İSTEHSAL FİRMASININ ƏSAS FONDLARI
VƏ İSTEHSAL GÜCÜ



    1. İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və onların təsnifatı

    2. Əsas fondların qiymətləndirilməsi

    3. Əsas fondların köhnəlməsi və amortizasiyası

    4. Əsas fondlardan istifadə göstəriciləri

    5. Firmanın istehsal gücü və onun hesablanması metodikası

    6. Firmada istehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması yolları

5.1. İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və onların təsnifatı

Firmanın əsas əlaməti – onun mülkiyyətində, təsərrüfat fəaliyyətində və ya operativ idarə edilməsində xüsusi əmlakın olmasıdır. Firmanın fəaliyyətinin maddi-texniki imkanları, onun iqtisadi müstəqilliyi və etibarlılığı məhz bunun vasitəsilə təmin olunur. İstər iri, istər kiçik firma, istərsə də fərdi sahibkarlıq müəyyən əmlaka malik olmadan fəaliyyət göstərə bilməz.


Firmanın mülkiyyətində olan əmlak daşınmaz və daşınan əmlaka bölünür. Daşınmaz əmlaka yerin təki, torpaq sahələri, xüsusiləşmiş su obyektləri və torpaqla bağlı olan hər şey, o cümlədən meşələr, çoxillik əkmələr, binalar və tikililər daxildir. burada həmçinin dövlət qeydiyyatından keçəcək hava və dəniz gəmiləri, daxili sularda üzən gəmilər və kosmik obyektlər də daxildir.
Firmanın əmlakı daşınan və daşınmaz əmlaka bölünməklə yanaşı, o həmçinin dövriyyədənkənar və dövriyyə aktivlərinə bölünür ki, onlar bir-birindən təkcə fiziki formasına görə deyil, həm də istehsal prosesindəki roluna və yerinə, firma iqtisadiyyatına təsirinə görə fərqlənirlər. Dövriyyədənkənar aktivlərin ümumi əlaməti uzun həyat tsiklinə malik olmasıdır. Firmalarda dövriyyədənkənar aktivlərin tərkibi və strukturu əhəmiyyətli dərəcədə fərqlənir. Lakin, bir qayda olaraq, əksər firmalar üçün başlıca tərkib elementi uzun müddət səfərbər edilmiş fondlardır. Onların içərisində əsas yeri əsas fondlar tutur.
Əsas fondlar istehsal prosesində uzun müddət iştirak edən, öz natural formasını saxlayan və dəyərini istehsal edilən məhsulun üzərinə köhnəlmə dərəcəsindən asılı olaraq hissə-hissə keçirən material-əşya qiymətliləridir.
Azərbaycan Respublikasında mövcud olan qaydaya görə, dəyəri 550 min manatdan (şərti maliyyə vahidinin 100 mislindən) yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 550 min manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sadələşdirilməsi ilə əlaqədardır.
Firmanın əsas fondları istehsal əsas fondları və qeyri-istehsal əsas fondlarına bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə Firmanın ixtiyarında olan mənzil fondları, mədəni-məişət xidmətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşərgələri və s.) binaları, qurğuları və s. aid edilir.
İstehsal əsas fondlarının tərkib hissələrindən biri də qeyri-maddi aktivlərdir. Bunlar da insan əməyinin «məhsulu» olduqlarından dəyərin daşıyıcılarıdır, əsas fondlardır. Lakin onların (qeyri-maddi əsas fondların) fiziki əsasları (ölçüləri) yoxdur.
Qeyri-maddi aktivlər də fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər.
Qeyri-maddi aktivlərə patentlər, əmtəə (mal) nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan (torpaq və təbii resurslar, ixtiraçılıq və müəlliflik və s.) istifadə, «nou-hau», rəsmiləşdirilmiş məsləhət və s. aid edilir.
İstehsal əsas fondları onların istehsaldakı funksiyalarının xarakteri, texniki səviyyələri və ayrı-ayrı ünsürlərin istehsaldakı təyinatı və xidmət müddətləri kimi əlamətlərə görə təsnifləşdirilir.
Qüvvədə olan təsnifata görə Firmanın əsas fondları öz təyinatları, istehsaldakı funksiyaları və maddi məzmunlarına görə aşağıdakı kimi qruplaşdırılır.

  1. «Binalar». Bu qrupa istehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait yaradan, müxtəlif maşın və mexanizmləri xarici mühitin təsirlərindən qoruyan, işçilər üçün istehsal meydançası verən binalar daxildir.

  2. «Qurğular». Bu qrupa istehsal prosesində müəyyən funksiyaları icra etmək üçün şərait yaradan mühəndis-tikinti obyektləri aiddir. Əsas fondların bu qrupuna su anbarları, dambalar, bəndlər, təsərrüfatdaxili dəmir yolları, müxtəlif yükləmə-boşaltma qurğuları, estakadalar, su quyular, asma yollar, körpülər və s. daxildir.

  3. «Ötürücü qurğular». Bu qrupa elektrik, istilik və mexaniki enerjinin, habelə maye və qaz halında olan maddələrin ötürülməsinə kömək edən qurğular aiddir. Ötürücü qurğulara elektrik, qaz və istilik şəbəkələri, rabitə xətləri, buxar, neft, hava, turşu, qırıntı, sexlərarası su kəmərləri və kanallar aiddir.

  4. «Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bölünür:

    • «Güc maşınları və avadanlıqları»na maşın-generatorlar, buxar maşınları və turbinləri, daxiliyanma mühərrikləri, elektrik mühərrikləri, transformatotlar, paylayıcı qurğular və s. aiddir.

    • «İş maşınları və avadanlıqları»na bilavasitə əmək predmetlərini (xammal, material və yarımfabrikatlar) mexaniki, termiki və kimyəvi emal edən maşınlar, avadanlıq və aparatlar aiddir.

    • «Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları» yarımqrupuna avtomatik idarəetmə mexanizmləri, vaxtı, təzyiqi, temperaturu, cürəti və s. ölçən və nizamlayan cihazlar, avtomatik idarəetmə pultları, dispetçer-nəzarət vasitələri, firma və elmi-tədqiqat laboratoriyalarının cihaz və aparatları və s. aiddir.

    • «Avtomat maşın və avadanlıqlar» yarımqrupuna proqramla idarə olunan dəzgahlar, avtomatik xətlər, kimyəvi-termiki emal üçün qızdırıcı soba və s. kimi maşın və avadanlıqlar aiddir.

    • «Sair maşın və avadanlıqlar» yarımqrupuna avtomat telefon stansiyalarının avadanlığı, yanğınsöndürən maşınlar, soyuducular, televizorlar və s. aiddir.

  5. «Nəqliyyat vasitələri». Bu qrupa elektrik, istilik və buxarla işləyən dartıcılar, vaqonlar, avtomobillər, elektrik arabaları, magistral neft-qaz kəmərləri və s. aiddir.

  6. «Alət və tərtibatlar». Bu qrupa xidmət müddəti azı 1 il olan alətlər daxil edilir.

  7. «İstehsal və təsərrüfat inventarları, ləvazimatları».

  8. «Çoxillik bitkilər və onların fərdi çəpərləri (hasarları)» qrupuna firma və təşkilatların ərazisində və həyətlərində əkilmiş bitkilər aid edilir.

  9. «Sair əsas fondlar». Bu qrupa kitabxana fondu, muzey avadanlıqları və s. aiddir.

Əmək predmetlərinə, Firmanın istehsal güclərinə bilavasitə təsiri dərəcəsindən və əhəmiyyətliliyindən asılı olaraq istehsal əsas fondları aktiv və passiv hissələrə bölünür. İstehsal əsas fondlarının aktiv hissəsinə əmək predmetlərinin formasına və xassələrinə birbaşa təsur edən, əmək məhsuldarlığının səviyyəsini, istehsalın həcmini artıran ünsürlər (iş maşınları və avadanlığı, cihazlar, alətlər), passiv hissəsinə isə aktiv əsas fondların normal işləməsi üçün şərait yaradan ünsürlər (binalar, tikililər, ötürücü qurğular) daxildir.
İstehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki faizlə xüsusi çəkisi əsas fondların istehsal strukturunu müəyyənləşdirir. Əsas fondların istehsal strukturu və onun dinamikası istehsalın texniki səviyyəsini səciyyələndirən göstəricilərdəndir və əsas fondlara investisiya qoyuluşlarının səmərəliliyinə təsir göstərirlər. Əsas fondların tərkibində maşınların, avadanlıqların və cihazların payı nə qədər çox olarsa, onların hər manatına, başqa şərtlər dəyişməz qalarsa, bir o qədər çox məhsul istehsal edilə bilər.
Müxtəlif sahələrə mənsub olan firmalarda istehsal əsas fondlarının strukturu bir-birindən fərqlənir. Firmanın əsas fondlarının strukturunun mütərəqqiliyi, onda maşınların və avadanlıqların payının artmasında təzahür edir. Müxtəlif sahələrin və firmaların istehsal əsas fondlarının quruluşu bir sıra amillərdən: buraxılan məhsulun mürəkkəbliyi və konstruktiv-texnoloji proseslərin xüsusiyyətlərindən və tətbiq edilən maşın və avadanlığın texniki cəhətdən mükəmməlliyindən və s. asılıdır.
İstehsal əsas fondlarının strukturunun dəyişməsinə, hər şeydən əvvəl, elmi-texniki tərəqqi səbəb olur. Bu dəyişiklik, ilk növbədə istehsal əsas fondlarının strukturunda aktiv hissəsinin payının artması istiqamətində baş verir.
İstehsalın təmərküzləşmə, ixtisaslaşma səviyyəsi nə qədər yüksək olarsa, onun mexanikləşmə dərəcəsi bir o qədər yüksək və əsas fondların quruluşunda iş maşınları və avadanlıqların da xüsusi çəkisi böyük olur.
İstehsalın coğrafi yerləşməsindəki dəyişikliklər və iqlim şəraiti də əsas fondların strukturuna təsir göstərir.
İstehsal əsas fondlarının strukturuna istehsal olunan məhsulun mürəkkəbliyi və konstruktiv-texnoloji xüsusiyyətləri ciddi təsir göstərir. Məsələn, sadə formalı, nisbətən kiçik çəkili məmulatların istehsalında, yaxud fərdi və xırda seriyalı istehsal zamanı fondların eyniadlı qruplarının xüsusi çəkisi ilə müqayisədə mürəkkəb formalı, çox ağır və iri qabaritli məmulatların hazırlanması zamanı əsas fondların quruluşunda bunların xüsusi çəkisi, kütləvi və iri seriyalı istehsal zamanı isə maşın və avadanlıqların xüsusi çəkisi yüksək olur.
Qeyd olunduğu kimi, müxtəlif sahələrin firmalarında istehsal əsas fondlarının strukturu eyni deyildir. Bu, hər şeydən əvvəl, sahənin texniki-iqtisadi xüsusiyyətləri ilə izah edilir. Məsələn, maşınqayırma və metal emalı, qara metallurgiya, kimya və neft-kimya, yüngül sənayedə, o cümlədən toxuculuq sənayesində iş maşınları və avadanlıqları istehsal əsas fondlarının tərkibində daha çox paya malikdir və bu pay 30 faizdən 50 faizə qədər intervalda tərəddüd edir.
Yanacaq sənayesinin (neftçıxarma sənayesinin) istehsal əsas fondlarının tərkibində qurğular və ötürücü mexanizmlərin xüsusi çəkisi (təqribən 60 faiz), yüngül, yeyinti, maşınqayırma və metal emalı, neft və neft-kimya sənaye sahələrinin əsas fondlarının tərkibində binaların xüsusi çəkisi (müvafiq olaraq təqribən 40 faiz, 37 faiz, 27 faiz) daha böyük, hasilat sənaye sahələrində isə nisbətən az olur.




    1. Yüklə 0,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin