Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Elmi cəhətdən əsaslandırılmış normaların işlənib hazırlanmasında analitik-hesablama, təcrübi-eksperimental və statistik metodlardan istifadə olunur



Yüklə 0,77 Mb.
səhifə36/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   32   33   34   35   36   37   38   39   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Elmi cəhətdən əsaslandırılmış normaların işlənib hazırlanmasında analitik-hesablama, təcrübi-eksperimental və statistik metodlardan istifadə olunur.
Analitik-hesablama metodu, nisbətən əməktutumlu olmasına baxmayaraq, ən mütərəqqi metod hesab edilir. Normanın bu metodla müəyyən olunması qabaqcıl texniki, təşkilati və iqtisadi amillərin nəzərə alınmasına əsaslanır. Bu zaman texnoloji xəritə, resept, təşkilati-texniki tədbirlər haqqındakı mötəbər məlumatlar, normanın tərkibini müəyyən edən hər bir ünsür üzrə aparılan hesablama işlərində əsas kimi götürülür.
Analitik-hesablama metodu vasitəsilə norma müəyyən edilməzdən qabaq istehsal şəraiti, texnika və texnologiyanın mütərəqqilik səviyyəsi, əmək prosesinin mütəşəkkillik dərəcəsi, ölkənin qabaqcıl müəssisələrinin və habelə xarici ölkə müəssisələrinin iş təcrübələri hərtərəfli öyrənilir və təhlil olunur.
Normanın müəyyən olunmasının başqa bir metodu təcrübi-eksperimental metoddur. Laboratoriya və ya istehsalatda təcrübələr aparmaqla məhsul vahidinin istehsalı ilə əlaqədar olacaq məsrəfin faydalı həcmi (hissə və məmulatın təmiz çəkisi), texnoloji və habelə təşkilati səbəblər nəticəsində itki və tullantıların miqdarı müəyyən edilir və bunlara əsasən, məsrəf norması hesablanır. Haqqında bəhs edilən təcrübələr ideal təşkilati-texniki şəraitdə deyil, bir növ bütün analoji müəssisələri təmsil edə biləcək bir şəraitdə, həm də plan dövründə istehsal prosesində baş verə biləcək bütün keyfiyyət dəyişiklikləri (yeni texnikanın tətbiqi, fəhlənin ixtisas səviyyəsinin yüksəldilməsi və s.) nəzərə alınmaqla aparılır.
Köməkçi materialların məsrəf norması müəyyən ediləndə, habelə yeni mənimsənilən, daha doğrusu, ilk dəfə istehsal olunan məhsul üçün material məsrəfi norması hesablananda, əsasən, təcrübi-eksperimental metoddan istifadəyə üstünlük verilir.
Material məsrəfinin normalaşdırılmasında istifadə olunan metodlardan biri də statistik hesablama metodudur. Bu metoddan analitik hesablama və təcrübi metodların tətbiqi qeyri-mümkün olan şəraitdə istifadə edilir. Metodun səciyyəvi cəhəti ötən dövrdə faktiki material sərfi haqqındakı məlumatlar əsasında məsrəf normasının orta statistik ölçüsünün statistik təhlil və hesablama yolu ilə müəyyənləşdirilməsindədir. Bu metod nöqsanlıdır. Statistik metodla hesablanılan norma materialdan keçmiş illərdə istifadə zamanı yol verilmiş nöqsanları (israfçılıq, normadan artıq tullantı və itkilərə yol verilməsi) bir növ özündə saxlayır və həmin nöqsanların plan ilində təkrar baş verməsinə imkan yaradır. Bundan əlavə, statistik metod əsasında hesablanmış məsrəf norması plan ilinin təşkilati-texniki şəraitini özündə əks etdirə bilmir (keçən ilin məlumatlarına görə hesablandığından) və elə buna görə də o, yeni texnikanın və mükəmməl texnologiyanın tətbiqini ləngidir, istehsalın təşkilinin qabaqcıl formalarına keçilməsinə maneçilik törədir və xüsusilə, materiala tələbatın həcmini süni surətdə şişirdir.
Məsrəf norması statistik metodla hesablanarkən daha uzun dövrün faktiki materiallarından istifadə edilməsi, müəyyən olunmuş məsrəf normasının ölçüsündə mütərəqqiliyə doğru təshihlər aparılması həmin normaların mötəbərliyini bir qədər artıra bilər.
Planların tərtibində hesablamanın əsasında duran norma və normativlər mütərəqqi olarsa, firma, resursların məhdudluğu şəraitində daha yüksək təsərrüfat nəticələrinə nail ola bilər.
Firmanın ayrı-ayrı bölmələri arasında ən səmərəli proporsiya və kəmiyyət əlaqələrini müəyyən etmək üçün balans metodunun müstəsna əhəmiyyəti var. Balans metodunun mahiyyəti planın elementləri (bölmələri) arasında əlaqə yaratmaqdan, plan tapşırıqlarının uzlaşdırılması və planın texniki-iqtisadi cəhətdən əsaslandırılmasından ibarətdir.
Firmanın istehsal-kommersiya fəaliyyətinin planlaşdırılmasında istifadə olunan bu metod planın bütün bölmə və göstəriciləri arasında əlaqə yaradılmasına, onların kəmiyyət asılılığının müəyyən edilməsinə imkan verir. Onun köməyi ilə iqtisadi cəhətdən əsaslandırılmış vahid, real planın işlənib hazırlanmasına, planda yarana biləcək müəyyən uyğunsuzluqların və nəhayət, istehsaldaxili ehtiyatların müəyyən olunaraq səfərbərliyə alınmasına nail olmaq mümkün olur. Balans metodunun köməyi ilə optimal planların tərtib edilməsi işi xeyli asanlaşır.
Bazar iqtisadiyyatı sisteminə daxil olmuş ölkələrin proqnozlaşdırma, proqramların tərtibi və planlaşdırma praktikasında geniş istifadə edilən metodlardan biri də qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqidir. Bu metodun mahiyyəti inkişaf etmiş hər hansı bir xarici ölkənin bu və ya digər sahədə qabaqcıl iş təcrübəsinin geniş təhlili əsasında mütərəqqi istehsal göstəricilərinə nail olmağa kömək göstərən amillərin müəyyən edilməsidir; plan ilində istehsalın təşkilini və habelə texnika və texnologiyanı təkmilləşdirən metodların yayılmasından və həyata keçirilən təsərrüfat tədbirindən əldə ediləcək səmərənin aşkar olunmasıdır. Firmanın inkişaf planının tərtibində həmin metoddan istifadə onun (firmanın) texniki-iqtisadi göstəricilərinə müsbət planda təsir etməyə bilməz.
3. Firmanın inkişaf planının əsas bölmələri
Firmanın strategiyası onun əsas məqsədlərinin məcmusunu və bu məqsədlərə nail olmaq üçün tədbirlərin əsaslandırılmasını əks etdirir. Firmanın fəaliyyətinin əsas istiqamətlərinə: bazarda stabil mövqeyin saxlanması; bazar payının artırılması; mənfəətin maksimumlaşdırılması, rentabelliyin yüksəldilməsi, likvidliyin (müəssisənin ödəniş qabiliyyətinin) saxlanması və artırılması; bazarda liderliyin ələ keçirilməsi; ixrac imkanlarının artırılması və s. aid ola bilər. Firmada ilk növbədə, onun inkişafının əsas istiqaməti, bu istiqamət üzrə qarşıya qoyulmuş məqsədlərə nail olma vaxtı, bunun üçün həyata keçirilməli tədbirlər və bu işlərə məsul şəxslər müəyyən edilir.
Firmanın strateji məqsədlərinin reallaşdırılması planlar sistemi ilə nəzərdə tutulur. Müəyyən olunmuş strategiya planların bütün növlərini əlaqələndirir və onlar qarşıya qoyulmuş məqsədləri reallaşdırmaq istiqamətində tərtib edilir.
Planlaşdırma idarəetmənin funksiyası olmaqla yanaşı, həm də təsərrüfata rəhbərliyin mahiyyət tərkibində ən önəmli, ən məsuliyyətli həlqələrdən biridir. Elə buna görədir ki, iri firmaların çoxsaylı sex, şöbə, laboratoriyaları plan dövründə görəcəkləri işləri müəyyən etməklə, öz fəaliyyətlərini müəssisənin ümumi fəaliyyət planı ilə uzlaşdırmalı olurlar. Sexlər, şöbələr və laboratoriyalar arasında həm şaquli və həm də firmanın struktur ierarxiyası üzrə üfüqi əlaqələrin yaradılması müəssisənin ümumi planının tərtibi üçün müstəsna rol oynayır. Lakin bunu şərtləndirən cəhətlər odur ki, hər bir bölmə planın özlərinə aid hissəsini dəqiq əsaslandırmalı və yerinə yetirməli, planın yerinə yetirilməsinə ciddi və fasiləsiz nəzarət etməlidirlər.
Ayrı-ayrı sex və ya şöbənin, habelə bütünlükdə firmanın inkişaf planının tərtibi üçün norma və normativlərdən əlavə, çox böyük əhəmiyyət kəsb edən şərtlərdən biri də onun resursları haqqında mötəbər məlumatların olmasıdır. Buraya, hər şeydən əvvəl, firma və ya müəssisənin istehsal gücü haqqındakı məlumatı aid etmək lazımdır. Bundan əlavə, planın müvəffəqiyyətlə tərtibi üçün firmanın (müəssisənin) kadrları (onların sayı, peşə-ixtisas tərkibi və s.), dövriyyə fondlarının mövcud olan və plan ili üçün tələb edilən həcmi, yeni elmi-texniki işləmələrin aparılma imkanı və habelə, maliyyə imkanları haqqında məlumatların da olması vacib şərtlərdəndir.
Qeyd edilən məlumatların toplanmasından sonra istehsal firmasının inkişaf planının, onun müxtəlif bölmələri üzrə tərtibinə başlanılır.
Firmanın inkişaf planının bölmələri arasında məhsulun istehsalı və realizasiyası (istehsal proqramı) bölməsinin özünəməxsus yeri və əhəmiyyəti vardır. Bu onunla izah edilir ki, yalnız bu bölmə müəssisənin plan dövründəki fəaliyyətinin məqsədini özündə təsbit edir. Planın qalan bölmələrinə gəlincə, əslində onlar məqsədə çatma vasitələridir, onlar istehsal proqramına istinad edilərək, uzlaşdırılaraq tərtib olunurlar.
Firmanın ölçüsündən asılı olaraq inkişaf planının bölmələri fərqlənir, lakin əsasən aşağıdakı bölmələrdən ibarət olurlar.
Məhsulun istehsalı və reallaşdırılması planı (istehsal proqramı);
- Maddi-texniki təminat planı;
- Əmək haqqı və kadrlar planı;
- İnvestisiya və yeni texnikanın tətbiqi planı;
- Məhsulun istehsalı və reallaşdırılması xərcləri planı;
- İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi planı;
- Maliyyə planı;
- Əmək kollektivinin sosial inkişaf planı.
Firmanın, artıq qeyd edildiyi kimi, inkişaf planının əsas bölməsi istehsal proqramıdır. İstehsal proqramında ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin