2.2. İstehsal firmasının quruluşu və onu müəyyən edən amillər
Hər hansı bir firmanın və ya müəssisənin səmərəli fəaliyyətinin zəruri şərtlərindən biri onların təkmil istehsal və idarəetmə (funksional) strukturunun formalaşdırılmasıdır.
Firmanın istehsal quruluşu bir-birilə qarşılıqlı surətdə bağlı və asılılıqda olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələrindən və ayrı-ayrı iş yerlərindən ibarət olur. İstehsal quruluşu onun tərkibinə daxil olan vəsilələr arasındakı kəmiyyət nisbətini ifadə edir. Firma və müəssisənin iqtisadiyyatına aid ədəbiyyatda onun iki növünü: ümumi və istehsal quruluşlarını fərqləndirirlər.
Müəssisənin (firmanın) ümumi quruluşu dedikdə, onun tərkibini təşkil edən həm istehsal, həm də qeyri-istehsal sahələrinin məşğul etdikləri meydançaların, onların işçilərinin sayının, məhsul buraxmaq və xidmət göstərə bilmək qabiliyyətlərinin kəmiyyət nisbətləri nəzərdə tutulur.
İstehsal firmasının istehsal quruluşu dedikdə isə, yalnız istehsal bölmələri - sexlərin, istehsal sahələrinin, xidmət bölmələrinin (məhsul istehsalında birbaşa və dolayı yolla iştirak edən bölmələr) arasındakı məcmu qarşılıqlı əlaqələri başa düşülür. Firmanın quruluşu onun təsisçiləri tərəfindən, müəssisədaxili bölmələrin (məsələn, sexlərin) quruluşu isə müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir. Firmanın istehsal quruluşu istehsal bölmələri arasındakı nisbətləri və qarşılıqlı əlaqələri, sexlər və istehsal sahələri arasında əmək bölgüsünü (kooperasiyanı), məhsul buraxılışında onların rolunu və əhəmiyyətini müəyyən etməyə imkan verir. Təsərrüfatçılıq praktikasında firmanın istehsal quruluşunu və onda baş verən dəyişiklikləri xarakterizə etmək, qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən istifadə olunur:
- məhsul buraxılışının ümumi həcmində ayrı-ayrı istehsal bölmələrinin xüsusi çəkisi;
- işləyənlərin ümumi sayında bu və ya digər istehsal bölməsinin payı;
- firmanın istehsal əsas fondlarının ümumi dəyərində ayrı-ayrı istehsal bölmələrinə məxsus olan əsas fondların xüsusi çəkisi.
Adları çəkilən göstəricilərdən məhsulun həcmi göstəricisi - başqaları ilə müqayisədə - müəssisənin istehsal quruluşunu daha dəqiq xarakterizə edir. Çünki, müəssisənin məhsul buraxma qabiliyyətinin artırılmasında istehsal bölmələrinin rolu mövcud işçilərin sayı və əsas fondlarının dəyəri ilə deyil, onlardan istifadə səviyyəsindən, fəaliyyətinin nəticələri ilə daha düzgün qiymətləndirilə bilər.
Müəssisə və firmanın istehsal quruluşu müxtəlif iqtisadi, təşkilati və texniki amillərin təsiri altında formalaşır ki, bu amilləri də bir neçə qrupa - makroiqtisadi, sahə və regional amillər qruplarına - bölmək olar.
Makroiqtisadi amillər müəssisənin istehsal strukturunun kompleksliyini və tamlığını müəyyən edir. Bu amillərə ölkə iqtisadiyyatındakı sahələrin tərkibi, onların diferensasiya dərəcəsi, xarici ticarət əlaqələri və s. aiddirlər.
Firmanın istehsal quruluşuna onun mənsub olduğu sahənin ixtisaslaşma səviyyəsi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin yerinə yetirilməsi imkanları, sahədə təchizat və satışın təşkili xüsusiyyətləri, başqa digər sahələrin xidmətləri ilə təmin olunma səviyyəsi kimi sahə amilləri də təsir göstərir.
Müəssisənin quruluşuna (ümumi və istehsal) təsir göstərən regional amillər onun (müəssisənin) müxtəlif kommunikasiyalarla: qaz və su kəmərlərilə, nəqliyyatla, rabitə vasitələri ilə və s. təmin olunması səviyyəsi ilə əlaqədardır.
Yuxarıda qeyd olunan makroiqtisadi, sahə və regional amillərin məcmusu müəssisənin fəaliyyət göstərdiyi xarici mühiti əmələ gətirirlər. Müəssisənin quruluşunun formalaşmasına xarici mühitin doğurduğu amillərlə yanaşı müəssisədaxili amillər də öz təsirlərini göstərirlər. Onlar aşağıdakılardır.
- istehsalın həcmi artdıqca firmanın həm əsas istehsal, həm qeyri-istehsal bölmələrinin sayının, ölçüsünün genişlənməsi və onlarda çalışan işçilərin sayının çoxalması, bölmələrin tərkibinin dəyişməsi nəticəsində müəssisənin istehsal quruluşu mürəkkəbləşir.