İstehlak malları üzərində reklam. Bu reklam forması malların, onların yerləşdirildiyi qabların, paketlərin üzərində reklam yerləşdirilməsini nəzərdə tutur, kütləvi tələbat malları, ümumilikdə firma üçün daha effektli reklam hesab edilir.
Hava şarlarında reklam. Bu xüsusi reklam forması olmaqla adətən kütləvi gəzintilərin, şənliklərin keçirildiyi vaxtlarda tərtib edilir.
Reklamın yuxarıda qeyd olunan yayım formalarından hər hansı birinin seçilməsi firmanın reklam üzrə qarşıya qoyduğu məqsəd və vəzifələrdən, maliyyə vəziyyətindən, reklam etdiyi malın xüsusiyyətlərindən və digər amillərdən asılı olaraq həyata keçirilir.
Reklam fəaliyyətinin qarşısında qoyulan məqsədlərdən asılı olaraq aşağıdakı formaları da mövcuddur:
1.İnformasiya xarakterli reklam.Bu reklam forması əsasən məhsulun bazara çıxarılma mərhələsində tətbiq edilir və əsas məqsədi məhsul haqqında, onun tətbiq sahələri və s. haqqında məlumat vermək və bunun sayəsində məhsula tələbat yaratmaqdır.
2.İnandırma və tövsiyə xarakterli reklam. Bu reklam satışın həcminin artması mərhələsində tətbiq edilir və əsas məqsədi firmanın məhsuluna, markasına üstünlük verilməsi, həmin məhsulun alınmasına istehlakçını inandırmaq, firmanın markasına bağlılıq yaratmaq və s. ibarətdir.
3.Yada salma xarakterli reklam. Reklamın bu forması məhsulun həyat dövranının yetkinlik mərhələsində tətbiq edilir. Bu reklam formasının qarşısında satışın həcmini stabilləşdirmək, məhsulun bu və ya digər parametrlərini, onun tətbiq sahələrini və s. istehlakçıların yadına salmaq, xatırlatmaq məqsədi qoyulur.
2.3.REKLAM STRATEGİYASININ HAZIRLANMASI VƏ YAYIM VASİTƏLƏRİNİN SEÇİLMƏSİ. Reklam strategiyasının müəyyənləşdirilməsi reklam kompaniyasının hazırlanmasında və həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir və əsasən iki əsas elementin-reklam müraciətlərinin yaradılması və reklamın yayım vasitələrinin seçilməsi əsasında formalaşır. Keçmiş dövrlərdə əksər firmalar müraciətləri və reklam vasitələrini ayrı-ayrılıqda planlaşdırırdılar. Bir çox hallarda reklamın yayım vasitələrinin seçilməsi müraciətin yaradılması prosesinə nisbətən arxa plana çəkilirdi. Reklam göndəricisi tərəfindən ilk növbədə daha səmərəli hesab edilən reklam müraciəti hazırlanır, sonra isə həmin müraciəti məqsədli auditoriyaya çatdırmaq üçün daha çox uyğun gələn, müvafiq yayım vasitələri seçilir. Lakin müasir dövrdə kütləvi informasiya vasitələrinin sayının çoxalması, onlarda baş verən keyfiyyət dəyişiklikləri, verilən reklamların qiymətinin getdikcə yüksəlməsi, marketinq strategiyalarının istiqamətlərinin məhdudlaşması və digər bu kimi məsələlər reklamların yayım vasitələrinin seçilməsinin vacibliyini və əhəmiyyətini xeyli artırır.
Bəzi hallarda isə tərsinə olur. Belə ki, firma ilk növbədə daha səmərəli və zəruri hesab edilən yayım vasitəsini seçir, sonra isə reklam müraciəti hazırlanır. Bütün variantlardan daha səmərəlisi isə hər iki elementin qarşılıqlı əlaqədə və uzlaşma şəraitində birgə hazırlanmasından ibarətdir.