Mövzu:12 Orfoqrafiya təliminin əhəmiyyətli vəzifələri və prinsipləri . Fonoçalışmalar üzərində işin aparılması.Yazılışı çətin sözlər üzərində işin təşkili. Plan Orfoqrafiya təliminin əhəmiyyəti
Azərbaycan dilinin orfoqrafiyası və onun xüsusiyyətləri
«Yazılışı çətin sözlər»in xüsusiyyətləri və ümumi məsələləri.
«Yazılışı çətin sözlər»in öyrədilmə sistemi.
İbtidai siniflərdə «Yazılışı çətin sözlər» üzərində iş
ƏDƏBİYYAT 1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997. 2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977. 3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962. 4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974. 5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı Bakı, 2011,2015 6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010 7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011 8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005 9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I, II, III, IV siniflər üçün Orfoqrafiya təliminin əhəmiyyəti.
Orfoqrafiya təlimi Azərbaycan – ana dili tədrisinin mühüm sahələrindən biri olmaqla başlıca didaktik vasitəni şagirdlərə orfoqrafik cəhətdən tam düzgün yazmaq vərdişləri aşılamaqdan ibarətdir. Savadlı yazıya yiyələnmə orfoqrafiya nəzəriyyəsi haqqında məlumatın səmərəli tədrisini, şagirdlərin yazı qaydalarını nə dərəcədə mənimsəmələri və bu sahəyə aid bilik, bacarıq və vərdişlərin şüurlu əldə edilməsi ilə sıx bağlıdır. Pedaqogikanın tərkib hissəsi olan didaktikanın şüurluluq prinsipinə əməl olunması isə çox vacibdir. Biliyin möhkəm mənimsənilməsi, əyanilik, müvafiqlik, ardıcıllıq, sistematiklik və s. prinsiplərdə məhz şüurluluğun təmin olunmasına xidmət edir.
Şagirdlərə orfoqrafik cəhətdən düzgün yazı vərdişləri aşılamaq həm çətin, həm də şərəfli vəzifədir. Çünki düzgün, savadlı yazı yazılı nitqin əsasını təşkil edir. Yadda saxlamaq lazımdır ki, savadlı yazı vərdişləri aşılamaq, onlara dilimizin orfoqrafik qaydalarını mənimsətmək asan məsələ deyildir. Ona görə də hər bir müəllim pedaqogikanın müəyyən sahəsi olan metodikanı yaxşı bilməli, orfoqrafiyanın tədrisi prosesində laha faydalı metod və priyomlar seçməklə dərsin səmərəli təşkili ilə yanaşı, şagirdlərdə əqlin yaradıcı təfəkkür, müstəqillik və özünənəzarətin mənəvi və estetik tərbiyənin inkişafını, həmçinin də, elmi-dünyagörüşün formalaşmasına nail olmağa çalışmalıdır. İş prosesində nəzəriyyə ilə təcrübənin əlaqəsi prinsipi yerinə yetirilməlidir. Ümumiyyətlə, təlimdə dil hadisələri ən çox praktik yolla öyrənildiyindən şagirdlərdə sözə – bütövlükdə dilə həssaslıq tərbiyə edilməlidir. Məktəblərimizdə savadlı yazının öyrədilməsi uzun illərdən bəri əsas məsələ kimi diqqət mərkəzində durduğundan orfoqrafiya təliminin keyfiyyətinin daha da yüksəldilməsi bu gün də ön plandadır.