Nizaminin dini mövzuda anlatdıqları da çox önəmlidir. Onun dövründə islam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Uca Allaha inanan, peyğəmbərə bağlı olan sadiq bir müsəlman idi. O, islam cəmiyyətini bu gün belə parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran dar fanatizm, səbrsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. Atamız Nizami israfdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, həyatı sevir, həyat sevgisində özünəməxsus bir gözəllik tapır, gözəl və mənalı yaşamağı ürəkdən diləyirdi.