1.Şəxsi pedaqoji qabiliyyətlər dedikdə, adətən şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Buraya uşaqlara hüsn – rəğbət bəsləmək, dözümlülük və özünəsahib olmaq (özünü ələ ala bilmək) və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yaradfa bilmək qabiliyyətlərini aid etmək olar.
Dözümlülük və səbrlilik qabiliyyəti pedaqoji qabiliyyətlərin strukturunda əsas “özəyi” təşkil edir. Bu cür pedaqoji qabiliyyətlər anlayışı altında uşaqlara qarşı ağıllı məhəbbət və onlara bağlılıq, onlara qarşı xeyirxah münasibət, onlarla ünsiyyətdə olmaq və işləmək arzusu və cəhdi başa düşülür. Uşaqlar da müəllimin özlərinə qarşı həqiqi münasibətini hiss etdikdə eyni münasibətlə də cavab verirlər.
Dözümlülük və özünəsahib olmaqqabiliyyəti zamanı müəllim həmişə hətta gözlənilməyən şəraitdə özünü ələ almağı, özünə sahib olmağı, öz hisslərini, emosiyalarını cilovlamağı bacarmalı, öz davranışına nəzarəti itirməməlidir.
Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilməsidir. Bu cür qabiliyyətə malik olan müəllimlər özlərinin gümrahlığı, həyatsevərliyi ilə fərqlənirlər.
Nə olursa olsun, müəllim həmişə nikbin, arzuolunan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də müəllim özünün əhvalını idarə etməyi, tənzimləməyi bacarmalıdır.
2.Didaktik qabiliyyətlər – müəllimin zəruri malumatları şagirdlərə çatdıra bilmək, öyrədə bilmək, materialı uşaqların səviyyələrinə uyğunlaşdırmaqla onlara çatdırmaq, material və ya problemi aydın və anlaşıqlı şəkildə şagirdlərə təqdim etmək, fənnə qarşı maraq oyatmaq, şagirdlərdə fəal müstəqil fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir. Buraya konkret olaraq müəllimin izah edə bilmək ; ekspressiv – nitq (natiqlik) və nəzəri qabiliyyətləri (akademik) aid etmək olar. Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllimin fikri şagirdlər üçün aydın olur. Onlar çətin, anlaşılmaz materialı şagirdlər üçün anlaşıqlı edə bilirlər. Təlim materialının məzmunu şagirdlərin səviyyəsinə uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edə, çatdıra bilirlər. Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq oyadır, onların fikrinin fəal işləməsinə şərait yaradırlar.