Pedaqoji ünsiyyətin dördüncü mərhələsi. Bu mərhələ pedaqoji ünsiyyətin həyata keçirilmə texnologiyalarının gedişinin və nəticələrinin təhlili mərhələsidir. O, öz məzmununa və gerçəkləşmə texnologiyalarına görə kommünikativ tapşırıqların həlli mərhələsindən ibarətdir. Bu mərhələ diaqnostik – korreksion əhəmiyyətə malikdir.
Pedaqoji ünsiyyətin üslubları və pedaqoji ünsiyyətdə ortaya çıxan çətinliklər.
Əvvəlcə “üslub” anlayışının mahiyyətini aydınlaşdırmağa çalışaq.
“Üslub” anlayışının fəlsəfi, ümumelmi, psixoloji, pedaqoji aspektlərdə təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir.”Üslub” anlayışı “təşkilati üsullar” və “sistemlərin fəaliyyət üsulları” mənalarını verir. Bu səbəbdən də pedaqoji səviyyədə “pedaqoji ünsiyyət üslubları” anlayışını aşağıdakı kimi başa düşmək olar.
Pedaqoji ünsiyyət üslubu – müəllim və şagirdlərin subyekt- subyekt tipli qarşılıqlı təsir fəaliyyətinin üsul və vasitələrinin sabit, dəyişilməz vəhdətidir.
Pedaqoji ünsiyyət üslubunda müəllimin kommunikativ imkanlarının xüsusiyyətləri, müəllim və tərbiyə olunanlar arasındakı qarşılıqlı münasibətlərin mürəkkəb xarakteri, şagirdlərin xüsusiyyətləri və s. ifadə olunur. Ünsiyyət üslubu müəllimin ümumi və pedaqoji mədəniyyətini və onun peşəkarlığını özündə əks etdirir.
Ümumi təsnifata əsasən avtoritar, demokratik və anarxik pedaqoji ünsiyyət üslubları ayırd edilir.
Avtoritar ünsiyyət üslubunda müəllim sinif kollektivinin, eləcə də hərbir şagirdin həyat fəaliyyətindəki bütün məsələləri yalnız özü həll edir. Avtoritar üslub hökm və qəyyumluq taktikaları vasitəsilə reallaşır.Müəllimlərin hakimiyyət təzyiqinə şagirdlərin qarşı çıxması sabit konfliktli situasiyaların yaranmasına gətirib çıxarır.
Bu üslubu dəstəkləyən müəllimlər şagirdlərin müstəqilliyinə və təşəbbüskarlığına imkan vermir.
Avtoritar müəllimlər şagirdlərin neqativ hərəkətlərinə xüsusi diqqət yetirir, lakin bu hərəkətlərin motivlərini nəzərə almırlar.
Avtoritar müəllimlərin fəaliyyət uğurlarının xarici göstəriciləri (dərsdə intizam, müvəffəqiyyət) pozitiv olur, lakin bu cür siniflərdə sosial – psixoloji atmosfer həmişə uğursuz olur, şagirdlərin şəxsiyyəti və fərdiliyi qarşılıqlı təsir strategiyasından kənarda qalır.