Müasir dövrün dinamikliyi yalnız insan psixikasının çevikliyini tələb etmir, o həm də insanın bu şəraitdə adaptasiyasının müvafiqliyini tələb edir.
Dinamiklik fonunda dəyişən cəmiyyət hər bir halda insan psixikasında müəyyən izlər buraxır. Dəyişən mühitin təsirlərinə adekvat cavab verməyə çalışan insanlarda emosional gərginlik, stress halları yaranır.
Psixoloji baxımda sağlam şəxsiyyət böyütmək, onu hər cür təsirlərdən qorumaq təhsilimizin başlıca vəzifələrindən biridir. Bu problem necə həll olunur?
Keçən əsrin 60-70-ci illərində ayrı-ayrı tibbi, psixoloji və pedaqoji əsərlərdə, şagirdlərin psixoloji problemləri geniş şəkildə təsvir və təhlil edilməyə başlanıldı. Bu məqalələrdə şagirdlərin, eləcə də tələbələrin psixi vəziyyətinin heç də yaxşı olmadığı barədə mülahizələr və məlumatlar çap olunurdu. Psixoloqların gəldiyi qənaətə görə bu pozuntular son həddə nevrozların yaranmasına gətirib çıxarır, təlim fəaliyyətinin effektiv təşkilinin qarşısını alır.
Təhsildə sağlam, ümumiyyətlə, psixoloji cəhətdən sağlam şəxsiyyət formalaşdırmaq məsələsi heç də yeni bir məsələ deyildir. İstər klassik, istərsədə müasir tədqiqatlarda bu məsələ həmişə qabardılmışdır. Təhsillə psixoloji və psixi sağlamlıq problemi əksər hallarda, psixikanın pozulmasının və psixi cəhətdən qeyri – sağlam hərəkətlərin alternativi kimi işlədilir.Müxtəlif sahələrin mütəxəssislərinin təcrübələrinin öyrənilməsi göstərir ki, psixi sağlamlığın müəyyənləşdirilməsində, əksər hallarda psixoloji praktikada “qeyri-sağlam”, “deffekt” paradiqması hökm sürür. Ümumdünya sağlamlıq təşkilatlarınən məlumatlarında psixi sağlamlığın aşağıdakı məqamları göstərilir:
Birincisi, psixi cəhətdən sağlam olmaq hər hansı psixi pozuntunu özündə ehtiva etmir
İkincisi, psixi cəhətdən sağlam olmaq – müəyyən potensial gücə malik olmaq deməkdir ki, bu da yaranmış stress situasiyalarda insana onu dəf etməyə imkan verir.
Üçüncüsü, insanla, onu əhatə edən dünya arasında tarazlıq vəziyyətinin dünya və gerçəkliklə harmoniyada olması onun sağlamlığının əsas parametrlərindən hesab edilir.
Psixi sağlamlıq və psixoloji sağlamlıq anlayışları, əslində vahid bir sistemin müxtəlif elementləridir. Psixi sağlamlıq psixikanın elementlərinin (duyğu, qavrayış, təfəkkür, hafizə, təxəyyül), psixoloji sağlamlıq isə inteqrativ keyfiyyətlərin (şəxsiyyətin emosional – iradi vəziyyətlərini və s.) normal funksiyasından ibarətdir.
Bugünkü reallıq bunu söyləməyə imkan verir ki, təhsildə psixoloji sağlamlıqla bağlı problemlər olduqca coxdur Psixoloji xidmətin, real praktikadan hələlik uzaq olduğu bir vaxtda ayrı-ayrı problemlər psixi problemlərə çevrilə bilər.