MüASİr dövrdə DİN



Yüklə 60,57 Kb.
səhifə8/11
tarix29.11.2022
ölçüsü60,57 Kb.
#71088
1   2   3   4   5   6   7   8   9   10   11
MUASIR DOVRDE DIN

Psixoloji problemlər də bu məsələdə önəmli rol oynayır. Ailədə, məktəbdə, universitetdə, yaxud iş yerində laqeydlik və diqqətsizliklə üzləşən, təzyiqlərə məruz qalan insanlar, xüsusilə psixoloji cəhətdən hələ tam formalaşmamış gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda mənəvi yoxsulluq doğurur, empatiya, yəni başqalarını öz yerinə qoyma duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayırlar.
Dünyaya inteqrasiya proseslərində zəif iştirak radikalizm üçün münbit şərait yaradır. Müsəlmanların çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi-patriarxal həyat tərzi sürür. Bu faktor radikal cərəyanlar üçün çox əlverişlidir, çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub.
Sosial ədalətsizlik də dini radikalizmin inkişafı üçün zəmin formalaşdırır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacarıqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir.
İşsizlik və yoxsulluqdan radikal qrupların təbliğatında geniş istifadə olunur. Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz aləti kimi istifadə edə bilirlər. Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”a çatmaq kimi ekstremist ideyalar bu zaman onlar üçün dünyəvi məhrumiyyətləri kompensasiya edən rolunu oynayır.
Radikal qrupların təşkilati struktur formaları, eləcə də məqsədyönlü təbliğat və maliyyələşdirmə metodları da dini radikalizmin yayılmasında əhəmiyyətli rola malikdir.
Günümüzdə “radikalizm” və “ekstremizm” sözləri sinonim kimi işlədilsə də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremizmin radikalizmdən ən böyük fərqi ifrat ideyaların zorakı metodlarla həyata keçirilməsidir. Başqa sözlə desək, hər ekstremist radikaldır, lakin hər radikal ekstremist deyildir.
Dini ekstremizm fərqli dinlərin nümayəndələrinə qarşı dözümsüzlükdə, yaxud konfessiyalararası sərt qarşıdurmada özünü göstərir. Dini ekstremizm “özgə” həmişə açıq və potensial düşməndir, ancaq “özününkünə” güvənə bilərsən prinsipinə əsaslanır. Dini ekstremist təşkilat isə dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təsisatdır.
Müasir dövrdə ekstremist və radikal qruplaşmaların əsas təbliğat məkanı sosial şəbəkələrdir. Onlar əsasən sosial şəbəkələr vasitəsilə öz ideyalarını qlobal miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar cəlb etmək məqsədilə istifadə edirlər. Belə qruplar milli-dini dəyərlərin gözdən salınmasına çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Bu cür təbliğatın təsiri altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü təkmilləşdirmədən uzaqlaşırlar.
Dini radikalizm və ekstremizmin son mərhələsi, təbii ki, terrorizm sayıla bilər. Terrorizm siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsi üçün ideoloji motivli təxribat, qətlə yetirmə, girov götürmə və ya başqa ictimai təhlükə yaradan zorakı, qəddar metodlardan (terror aktı) istifadə edilməsidir.
Terrorçu – hər hansı bir formada terror aktının həyata keçirilməsində iştirak edən şəxs; terror qrupu – terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə iki və daha artıq şəxsin birləşməsi; terror təşkilatı – terror aktının həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün sayan təşkilat deməkdir.
Bu gün dini radikalizm və ekstremizmdən, o cümədən terrorizmdən heç bir ölkə və heç kəs sığortalanmayıb. Deməli, onlarla mübarizə hər bir dövlətin və hər kəsin ümdə vəzifələrindən biri olmalıdır. Bəs necə və hansı mübarizə metodlarından istifadə edilməlidir?
Şübhəsiz ki, birinci metod maariflənmədir. Savadsız insanı idarə etmək, istənilən tərəfə yönləndirmək asan olur. Bu baxımdan insanları radikalların təsirindən qorumağın ilkin metodu maarifləndirmə işinin aparılmasıdır.
İnsanın özünə, ailəsinə, yaşadığı cəmiyyətə və bütün dünyaya faydalı ola bilməsi üçün ən gərəkli şey elmdir. Elmə gedən yol isə təhsildən keçir. Təhsil fərdin, cəmiyyətin bütün sahələrdə yüksəlişini təmin edir, zəruri məlumatları verərək şəxslərə bacarıq və istedad qazandırır, yüksək mənəvi dəyərlər aşılayır, pis vərdişlərdən, davranışlardan qoruyur, yaxşı keyfiyyətlərə yiyələndirir. Bu səbəblə dində elmə, oxumağa, öyrənməyə böyük dəyər verilmişdir. Təsadüfi deyil ki, insanların doğru yola yönəlməsi üçün göndərilmiş “Qurani-Kərim”in ilk əmri “oxu” olmuşdur (“Əlaq surəsi”, 1-ci ayə).
Təhsilsiz insan dünyaya hansı istiqamətdən baxacağını müəyyən edə bilməz. Radikalizmin qurbanı da əksər hallarda bu şəxslər olur. Bu cür insanlar bir növ oyuncağa çevrilir və özləri də bilmədən zamanla topluma zərər verirlər.
Radikalizmlə mübarizədə preventiv metod radikalların apardığı təbliğatdan bir addım öndə olmaq prinsipinə əsaslanır. Belə ki, onlar öz radikal fikirlərini dini mənbələrə istinad edərək yayırlarsa, dini maarifləndirmə işini həyata keçirənlər onlardan bir addım öndə olub, elə həmin mənbələrə müraciət edərək belə fikirlərin yanlışlığını, dinin radikallığa, ifratçılığa qarşı olduğunu insanlara çatdırmalıdırlar. Üstəlik, bu zaman etibarlı, əsaslandırılmış mənbələrə istinad edilməlidir ki, qarşı tərəfdə hər hansı şübhə yeri qalmasın.
Digər metod profilaktik metoddur ki, bu da radikal cərəyanların təsiri altına düşmək təhlükəsi ilə üzləşən insanlarla izahat işinin aparılmasıdır. Xüsusilə gənclər və yeniyetmələr radikal, ifratçı ünsürlərin təsirinə yenicə düşmüşsə, bununla bağlı dərhal fəaliyyətə keçmək lazımdır. Profilaktik metodu tətbiq edənlər həm insanların psixologiyasını, həm də dini dərindən bilməli, eyni zamanda el arasında yüksək nüfuza sahib olmalı, əxlaqlı və nümunəvi şəxsiyyət kimi tanınmalıdırlar.
Dini radikalizmə qarşı ən sonuncu mübarizə üsulu kimi inzibati metoddan istifadə olunur. Lakin bu metod son anda tətbiq oluna bilər. Belə ki, əgər radikal qüvvələrin fəaliyyətində cinayət tərkibi olarsa, bu zaman onlara qarşı mübarizəni hüquq mühafizə orqanları həyata keçirir.
Dini radikalizm digər sahələrdə gördüyümüz radikal münasibətdən daha şiddətli və daha dağıdıcıdır. Çünki din radikallaşdığı zaman birləşdirici olmaqdan daha çox, parçalayıcı xarakterə bürünür. Buna görə də dünyanın, demək olar ki, bütün ölkələrin tolerantlıq və birgəyaşayış mədəniyyətini, o cümlədən multikultural dəyərləri yaşatmaq və daha da inkişaf etdirmək məsələsi öz aktuallığını qoruyub saxlayır. Bəşəriyyətin gələcək rifahı yalnız bundadır. Harada olmağından və kimliyindən asılı olmayaraq hər kəs bəşəriyyət üçün böyük təhlükə sayılan zorakılığı, radikalizmi, terroru qınamalı, zorakılığın meyvəsinin şiddət olduğunu unutmayaraq ailədən cəmiyyətədək bütün sosial mühitlərdə hər şeyin qarşılıqlı anlayış və sülh çərçivəsində həll edildiyi mühitin formalaşmasına səy göstərməlidir.

5.4.Müasir Azərbaycanda dövlət–din münasibətləri


Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin müasir inkişaf mərhələsi xalqımızın 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi dövrdən başlayır. Belə ki, ateizmi dövlət ideologiyası səviyyəsinə qaldıran Sovet İttifaqının süqutu ilə imperiya buxovlarından yenicə qurtulmuş ölkəmizdə din sahəsində tətbiq edilən qadağalara son qoyuldu, vətəndaşların dini etiqad və vicdan azadlığı təmin olundu.


Müstəqilliyin ilk illərində dövlət-din münasibətləri sahəsində baş verən müsbət dəyişikliklərlə yanaşı, qanunvericilikdə mövcud olan boşluqlardan öz məkrli məqsədləri üçün istifadə etməyə çalışan destruktiv qruplar da meydana çıxdı. Xaricdəki bəzi dairələr tərəfindən idarə olunan həmin qruplar ənənəvi milli-mənəvi dəyərlərimizə qarşı çıxaraq ifrat dini ideyaları və dözümsüzlüyü təbliğ edir, bununla da cəmiyyətdə dini zəmində ayrı-seçkilik və ədavət salmağa, dini şüarlar altında ictimai-siyasi sabitliyi pozmağa səy göstərirdilər.
Bütün bu neqativ amillər isə qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını zəruri edirdi. Odur ki, 20 avqust 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azər­bay­can Respublikasının Qanunu qəbul olunaraq dini qu­rum­ların statusu, hüquq və vəzifələri müəyyənləşdirildi.
Lakin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində əsl irəliləyiş ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə gəlişi ilə baş verdi. Ümummilli lider hakimiyyətə yenidən qayıtdıqdan sonra dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə problemlərin həlli və sabitliyə nail olunması, eləcə də milli-mənəvi dəyərlərimizin hifz edilməsi, tarixən ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin qorunaraq inkişaf etdirilməsi istiqamətində coxşaxəli, mühüm tədbirlər həyata keçirdi. Eyni zamanda, ölkəmizi dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyən qüvvələrin niyyətlərini puç etdi, etnik-dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi.
Heydər Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsində ən mühüm addım 1995-ci ildə atıldı. Həmin il noyabrın 12-də ümummilli liderin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Məhz ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızda dövlət-din münasibətlərinin əsas prinsipləri müəyyənləşdirildi.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət və din münasibətlərini şərh edən müddəalara nəzər yetirək. Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğu göstərilir. Həmçinin Konstitusiyanın 18-ci maddəsində Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu bildirilərək dövlətimizin dünyəvi quruluşa malik olduğu bir daha vurğulanır. Həmin maddədə bütün dini etiqadların qanun qarşısında bərabər olduğu, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı bəyan edilərək respublikamızda insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların təbliğinə qadağa qoyulduğu qeyd olunur.
Konstitusiyanın 18-ci maddəsində bütün dini etiqadların qanun qarşısında bərabər olması barədə yer alan müddəa açıq-aydın onu göstərir ki, Azərbaycanda rəsmi və ya dövlət dini mövcud deyildir. Bu baxımdan Azərbaycan digər bir çox dünyəvi dövlətlərdən fərqlənir. Məsələn, özlərini dünyəvi dövlət elan edən İngiltərədə Anglikan Kilsəsi, Danimarkada isə lüteran məzhəbi, yaxud daha dəqiq desək, Danimarka Xalq Kilsəsi rəsmi din statusundadırlar ki, bu da həmin dini institutları digər din və konfessiyalardan daha üstün məqama qaldırır. Eyni mənzərəni bir sıra postsovet ölkələrdə də müşahidə etmək mümkündür. Belə ki, Ermənistan dünyəvi dövlət quruluşuna malik olsa da, Erməni Qriqoryan Kilsəsinə əlavə hüquq və imtiyazlar tanınıb. Bu isə faktiki olaraq dövlət tərəfindən dini qurumlar arasında ayrı-seçkiliyə yol verildiyi mənasına gəlir. Halbuki Azərbaycanda başqa mənzərəni görürük. Ölkəmizdə əhalinin təqribən 96 faizi özünü İslam dininin mənsubu sayır. Buna baxmayaraq, ölkə qanunvericiliyində hər hansı müsəlman dini təşkilatına və ya islam məzhəbinə qanunla əlavə imtiyazlar verilməyib. Yəni din sahəsində tam bərabərlik təmin olunub. Odur ki, Azərbaycanın dünyəvi modeli bir çox sekulyar dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə daha mütərəqqi və ədalətli səciyyə daşıyır.
Başqa sözlə, ölkəmizdə ənənəvi dini quruma əlavə imtiyazlar verilib ayrı-seçkilik edilmir. Bu mənada Azərbaycanın dünyəviliyi bir çox sekulyar dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə daha mütərəqqi və ədalətli səciyyə daşıyır.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində də vicdan azadlığı ilə bağlı olduqca demokratik və mütərəqqi prinsiplər yer alıb. Həmin maddədə vicdan azadlığı aşağıdakı kimi təsbit olunub:

Yüklə 60,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin