Əlvan metallurgiya, çuqun və polad əridilməsi kimi dünya sənayesinin qədim sahələrindən hesab edilir. O, əlvan metal filizlərinin və ərintilərinin hasilatını, saflaşdırılmasını, eləcə də onların əridilməsini özündə birləşdirir. Əlvan metallar əsas və qeyri-əsas qruplara ayrılırlar. Bunlarda da ağır - mis, qalay, qurğuşun, sink, nikel; yüngül - alüminium, maqnezium, titan; qiymətli - qızıl, gümüş, platin; çətin əriyən - volfram, molibden; nadir - uran, germanium və sairləri mövcuddur.
Dünyada 70-dən artıq əlvan metal növü istehsal olunur.
Yüngül, yaxşı elektrikkeçirmə qabiliyyətinə malik olan və "qanadlı" metal adlanan alüminium filizləri dünyada ən çox yayılmış xammallara malikdir. Belə ki, alüminium əldə edilməsi üçün boksitdən, alunitdən, nifelindən, sienitdən, kaolindən xammal kimi istifadə olunur. Son illərdə dünyada 40 mln tona qədər alüminium istehsal olunmaqdadır. Alüminium sənayesi ərazi cəhətdən biri-birindən ayrı düşmüş 3 istehsal mərhələsi ilə təmsil olunur. Birinci mərhələdə xammal-alüminium filizi, ikinci mərhələdə alüminium oksidi əldə edilir. Enerji tutumlu üçüncü mərhələ, yəni alüminium istehsalı ucuz elektrik enerjisi ilə zəngin olan yerlərə istiqamətlənir.
Müasir dünyada ABŞ - 3,7 mln t, RF - 3,2 mln t, Çin - 2,6 mln t, Kanada - 2,4 mln t, Avstraliya - 1,8 mlnt, CAR - 0,7 mln t alüminium istehsal edirlər.
Beynəlxalq valyuta metalı sayılan qızılın rolu ölçüyəgəlməzdir. Müasir dövrdə dünyanın 100-dən çox ölkəsində qızıl hasil olunur. Bunlardan - CAR - 450 t, ABŞ - 350 t, Avstraliya - 310 t, Kanada - 170 t, Çin - 160 t, Rusiya - 130 t, Peru - 130 t, Azərbaycan Respublikası — 1,6 t illik qızıl hasilatına malikdir. Son illərdə Avstraliyada, Çində İndoneziyada qızılın illik hasilatı görünməmiş şəkildə artmaqdadır.
Dostları ilə paylaş: |