MüƏLLİM: Mürşüdova Röya TƏLƏBƏ: Quluzadə Günel qrup: 238a fəNN: Azərbaycan ədəbiyyat tarixi



Yüklə 285,24 Kb.
tarix02.01.2022
ölçüsü285,24 Kb.
#35917
Üzeyir Hacıbəyli


Sərbəst İş



MÜƏLLİM: Mürşüdova Röya

TƏLƏBƏ: Quluzadə Günel

QRUP: 238A

FƏNN: Azərbaycan ədəbiyyat tarixi

MÖVZU: Üzeyir Hacıbəyov yaradıcılığı

Üzeyir Hacıbəyov yaradıcılığı



Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın  “konservatoriyası” - Şuşada keçib. Ailədə üç qardaş, iki bacı olublar.

 Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir.


Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli və Məcnun” operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.
Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.
Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır.   
Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. "Molla Nəsrəddin" jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə etmişdir: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. Bədii və publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk və parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir.
Üzeyir Hacıbəyovun zəngin yumoristik söz yaradıcılığı vaxtı ilə dövri mətbuat səhifələrində «Ordan-burdan» ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. Ü. Hacıbəyovun «Bazar söhbəti», «Məzhəkə», «Təhsil» kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; «Rəfiqimdən məktub», «Üçüncü dəllək», «Məclisimizin duzu» «O, heç!», «Tərəqqi və gerilik», «Ha fikir edirəm başa düşmürəm!» kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində əsasən Bakı şəhər Dumasının fərsiz deputatla-rını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz «qlasnıları» barsız ağaclara bənzədir. Ü. Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn «Dövlət Duması», «Ata və oğul», «Moizə» və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar.
Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyev idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. Sonrakı tamaşalarda isə Hacıbəyov özü və onun yaxın dostu və məsləkdaşı bəstəkar Müslüm Maqomayev dirijorluq etmişlər.


Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, "Leyli və Məcnun" poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər. Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulmuşdur. "Leyli və Məcnun" ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Üzeyir Hacıbəyovun məhz Füzulinin yaratdığı «Leyli və Məcnun» poemasına müraciətinin səbəbi ondan ibarət idi ki, bu əsər Azərbaycan dilində yazılaraq, Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdi. Bu əsərdən parçalar peşəkar xanəndələr tərəfindən muğamlarda çox ifa olunaraq, xalq arasında geniş yayılmışdı. Azərbaycanda ilk opera olan «Leyli və Məcnun» xalq tərəfindən çox sevildi və bu günə kimi də Azərbaycan opera və balet teatrının səhnəsində oynamılır. Azərbaycan operasının məhz Füzulinin «Leyli və Məcnun» poeması əsasında yazılması təsadüfi deyil. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürürdü. Səməd Vurğun çox doğru olaraq Üzeyirə "Ey Füzuli şerinin bir bəstəkar qardaşı!"—deyə müraciət edirdi.
Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.
O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.  
Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.
Tələbələrinə ata qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardı. Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: Əminsinizmi ki, Sizin mühazirələriniz zamanı auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldığını başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.
Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi:

“Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”.


Bəstəkar və publisist. Bu iki söz çox nadir hallarda yanaşı işlədilir. Üzeyir bəy də belə nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. “Ü”, “Filankəs”, “Behmankəs” və digər gizli imzalarla felyetonlar yazıb. Onun “Ordan-burdan” başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi.
Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına layiq görülüb.
1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.  
Onun haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.
Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub.
Ədəbiyyat:

  • Kazımzadə Aydın. Üzeyir Hacıbəyov və kino. B.: “Mütərcim”, 2009.-112 səh.

  • Mattew O'Brien. Uzeir Hajibeyov and his role in the development of musical life in Azerbaijan. — Routledge, 2004. — С. 211

  • C.Məmmədquluzadə və Ü.Hacıbəyovun pedaqoji fikirləri". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. - səh. 356.

  • http://salamander-nlibrary.blogspot.com/2011/10/uzeyir-hacbyov-hyat-v-yaradclg.html

Yüklə 285,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin