Almaniyada müxalif qüvvələrin aktivləşməsi. Fransada burjuaziyanın iyul inqilabından sonra iqtisadi və siyasi müvəffəqiyyətləri və İngiltərədə 1832-ci il islahatları alman burjuaziyasının da müxalif əhval-ruhiyyəsinin yüksəlişinə təkan verdi. Xüsusən də, Reyn Prussiyasında. Prussiya burjuaziyasının liderlərindən biri fabrik sahibi David Hanzeman idi. Onun çıxışları əsasında alman liberallarının siyasi proqramı formalaşdı. Hanzemanın siyasi idealı lantaqlar Fransadakı iyul monarxiyası, yəni iri burjuaziyanın hakimiyyəti idi. Onun əsas tələbi yerli mantaqlar əvəzinə ümumi Prussiya məclisinin çağrılması idi. O, hətta monarxiyanın ləğvi üçün heç bir çağrış da etməmişdir.
Burjua müxalifətinin təzyiqi altında Prussiya doqquz alman dövləti ilə Gömrük ittifaqının yaradılması barədə müqavilə bağladı. Tezliklə bu ittifaq 23 milyon əhalisi olan 18 alman dövlətini birləşdirirdi. İttifaqda aparıcı rolu Prussiya oynayırdı. Gömrük ittifaqının yaradılması daxili bazarın genişlənməsi və alman sənayesinin yüksək templi inkişafı üçün şərait yaratdı.
Bu vaxt xırda burjua ziyalılarının radikal dəstəsi burjuaziyadan daha əhəmiyyətli və qətiyyətli çıxış edirdi. Onlar 30-cu illərdə əsası qoyulmuş və “Gənc Almaniya” adını almış əbədi mübarizə yolu ilə öz mübarizələrini apardılar. Yəni əsas qüvvəni ideya mübarizəsinə vermişdilər. Mübarizənin bu istiqamətinin ideya rəhbərləri yazıçılar Lüdviq Berne və Henrix Heyne idilər. Onların arxasınca isə gənc şair və yazıçıların böyük bir dəstəsi gedirdi.
30-cu illərdə Hegelin davamçıları arasında parçalanma baş verdi. Sol qanad-gənc hegelçilər Hegelin dialektik metodunun başlıça əhəmiyyətini göstərərək onun təlimindən proqressiv siyasi nəticələr çıxarırdılar. Lakin onların təlimləri məhdud xarakter daşıyırdı. Alman proletariatının birinci müstəqil çıxışlarından sonra kənd hegelçilər tez bir zamanda özlərinə gəlib liberal burjuaziyaya çevrildilər.
Alman materialist filosofu və gənc hegelçi Lüdviq Feyerbaxın(1804-1872) da mübarizə yolu bu idi. O, idealizm və din əleyhinə mübarizə başlamışdır. Feyerbaxın müasirlərinə ən güclü təsir göstərən əsəri 1841-ci ildə işıq üzü görmüş “Xristianlığın mahiyyəti” idi. Feyerbaxın “Fəlsəfi islahatın ilkin tezisləri”(1842), “Gələcək fəlsəfənin əsas vəziyyəti”(1843) və s. əsərləri də vardır. Onun ən böyük xidməti isə dinin və hegelçi mütləq idealizmin materialist tənqidi olmuşdur. Filosofun əsərlərində, demək olar ki, dinin tənqidi yalnız idealist fəlsəfənin tənqidi vasitəsilə mümkün olmuşdur.
Almaniyada kapitalizmin inkişafı fəhlələrin sayının artması ilə müşayət olunurdu. Əgər 1800-cü ildə ölkədə 85 min nəfər, 1832-ci ildə 450 min nəfər fəhlə olmuşdursa, onların sayı 1848-ci ildə artıq 900 min nəfərə çatmışdır. Bunlardan da 180 min nəfəri qadın, 100 min nəfəri isə uşaqlar idi.
Almaniyanın ümumi iqtisadi və siyasi geriliyi proletariatın da geriliyinə səbəb olmuşdur. Fəhlə sinfinin ağır maddı vəziyyəti müstəqil fəhlə hərəkatlarının yaranması üçün əsas şərt idi. Alman fəhlələrinin ilk çıxışları XIX əsrin 30-cu illərinə aiddir.
Almaniyada kütləvi fəhlə hərəkatının başlanması 1844-cü ildə Sileziya toxucularının çıxışı ilə başlamışdır. Sileziya toxcularının üsyanı alman fəhlələrinin kapitalistlərə qarşı kütləvi mübarizəsinin inkişafı üçün təkan olmuşdur.
Kütləvi fəhlə hərəkatı ilə eyni vaxtda fəhlə təşkilatlarının yaranması prosesi də başladı. Almaniyanın özündə inqilabi proletar təşkilatların yaradılması üçün imkanlar çox az olmuşdur. Çünki polis repressiyaları daha güclü idi. İlk alman inqilabi fəhlə və sənətkar təşkilatı xaricdə yaradılmışdır. 40-cı illərdə Almaniyadan getmiş sənətkarların sayı yarım millyonu keçmişdi. Almaniyadan xaricə gedən immiqrantlar əsasən İngiltərə, Fransa, İsveç və Amerikaya gedirdilər. Sərhəddən uzaqlarda, əsasən də Fransada, alman sənətkarları yerli proletariat və başqa ölkələrdən gəlmiş emiqrantlarla tanış olur, onların inqilabi-demokratik ideyalarını mənimsəyirdilər.
Alman fəhlələrinin ilk ittifaqı 1833-cü ildə Parisdə yaradılmışdır. Bu təşkilat “Alman xalqının ittifaqı” adlanırdı. Bu təşklat respublikaçı- demokratik istiqamətli olmaqla, əsas məqsədi Vahid Almaniya uğrunda mübarizə idi. Təşkilatın rəhbərliyində xırda burjua demokratlardan –Hannoverdən Teodor Şusper və Kölndən Yakob Venede təmsil olunmuşdur. Təşkilat Almaniya ilə əlaqə yaratmağa çalışırdı. 1833-cü ilin iyulundan mütəmadi olaraq vərəqələr çap etməyə başladılar. Bu vərəqələrdə İttifaqın siyasi platforması və Almaniyada vəziyyət haqqında məlumatlar öz əksini tapırdı.
1834-cü ildə buraxılmış “ Xalq ittifaqı” nın əsasında yeni bir “Rədd edilmişlərin ittifaqı” adlı təşkilat meydana gəldi. Onun tərkibinə siyasi emiqrantlar və xaricə iş axtarmaq üçün getmiş sənətkarlar daxil oldu. ”Rədd edilmişlərin ittifaqı” Fransanın “İnsan hüququ təşkilatı” nümunəsində yaranaraq respublikaçı-demokratik proqramı qəbul etmişdir. İttifaq 1836-cı ildə dağıldı. Dağılmanın əsas səbəbi daxildəki müxtəlif fikirlilik olmuşdur.
Dostları ilə paylaş: |