MühaziRƏ 1 Standartlaşdırma haqqında anlayış



Yüklə 123,5 Kb.
səhifə5/7
tarix18.06.2023
ölçüsü123,5 Kb.
#132180
1   2   3   4   5   6   7
Muhazir 1-2

Standart kompleksi - qarşılıqlı əlaqəli standartlaşdırma obyektlərinə razılaşdırılmış əsasverici təşkilati-texniki və ümumtexniki tələbləri müəyyənləşdirən dövlət standartlarının və ya beynəlxalq standartların məcmuudur.
MDB-nin üzvü olan ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında, məsələn, aşağıdakı dövlətlərarası standartlar kompleksləri tətbiq olunur: Konstruktor sənədlərinin vahid sistemi (KSVS), Texnoloji sənədlərin vahid sistemi (TSVS), İstehsalatın texnoloji hazırlanmasının vahid sistemi (İTHVS) və s.
Standartın tətbiqi - istifadəçi tərəfindən standartda verilmiş tələblərin yerinə yetirilməsi ilə standartın yayılma sahəsinə və təsir dairəsinə uyğun istifadəsidir.
Standartın yayılma sahəsi-konkret standartlaşdırma obyektləri və standartlaşdırma aspektləridir.
Standartın təsir dairəsi verilmiş kateqoriyalı standartı qəbul etmiş (təsdiq etmiş) orqanın statusu və səriştəliliyi ilə təyin edilir. Bu, MDB ərazisi (QOST), Azərbaycanın ərazisi (AZS), elm və texnika sahələri (SSAZ), müəssisə (MS) ola bilər.
Standartın istifadəçisi - özünün elmi-texniki, təcrübi-konstruktor, texnoloji, layihələndirmə, istehsalat, standartlaşdırma, idarəetmə, tədris-pedaqoji və digər fəaliyyət növlərində standartı tətbiq edən hüquqi və ya fiziki şəxsdir.
Standartın istifadəçiləri onun qüvvəyə mindiyi tarixdən standartda verilmiş məcburi tələblərə riayət etməlidirlər. Bu tarixə qədər standartlarda verilmiş məcburi tələblərə tam və ya qismən riayət edilməsi həm hüquqi, həm də fıziki şəxslər üçün könüllüdür.
Standartlaşdırmanın qısa inkişaf tarixi
Standartlaşdırmanın elementləri o zaman meydana çıxmışdır ki, hələ bu barədə heç bir termin yox idi. Buna aşağıdakıları misal gətirmək olar: Misirdə fironlar saraylarının tikintisində 410x200x130 mm ölçüyə malik kərpiclərdən istifadə olunması, Qədim Romada su çarxlarının və katapultların yaradılması zamanı mütənasib ədədlər metodunun tətbiqi, romalılar tərəfındən şəhərin su kəmərinin tikintisində müəyyən diametrlərə malik borulardan istifadə olunması, parçaların ölçülərinin və keyfıyyət göstəricilərinin müəyyənləşdirilməsi və s. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, standartlaşdırma ona toxunmasın. Standartlaşdırma həmişə insanlara yaşamaqda və işləməkdə kömək etmişdir.
Standartlaşdırmanın metodik əsaslarının vacib prinsiplərindən biri olan “nisbi ölçülər prinsipi” belə baş parametrə əsaslanır ki, maşının istənilən hissəsinin bütün ölçüləri öz aralarında bir sıra amillərdən irəli gələn asılılıqlarla bağlıdır. Bu prinsip ilk dəfə 4200 il bundan əvvəl Qədim Misirdə inşaat texnikasında və katapultun hazırlanmasında tətbiq edilmişdir. Standartlaşdırmaya əsaslanmış mühəndis fəaliyyəti sahəsində tarixçilər adətən Qədim Misirdə piramidaların qurulmasını qeyd edirlər. İstifadə edilən daşlar dəqiq ölçülərə malik idi və bunsuz piramidaların düzgün həndəsi formasını, onların uzun müddət saxlanılmasını təmin etmək mümkün olmazdı. Bütün daşlar çox yüksək dəqiqliklə işlənmişdir və bir-birinə aralarında bağlayıcı olmadıqda belə yaxşı yatırdı.
Vavilon qülləsinin hündürlüyü 90 m-dir. Onun tikintisində 85 mln. dəqiq ölçülü bişmiş kərpic istifadə edilmişdir. Piramidalardan fərqli olaraq burada bağlayıcı kimi təbii asfaltdan istifadə edilmişdir. Hündürlüyü 15 m olan qüllənin yuxarı mərtəbəsinə göy şirələnmiş kərpicdən üz çəkilmişdir ki, bunun da hazırlanması nəinki standart ölçülərin, həm də stabil resepturanın dürüst gözlənilməsini tələb edirdi.
Müasir tarix hesabı ölkələrin çoxu üçün standartdır, lakin hələ ümumdünya deyildir. Bir sıra ölkələrin öz tarix hesabı sistemi mövcuddur və onlar bu və ya digər ölkə miqyasında standartdır.
Sayma sistemi qədim zamandan standart olmuşdur. Lakin bu sistem dövri olaraq təkmilləşdirilir. Belə ki, Roma hökmranlığından sonra Roma ədədlərinin əvəzinə ərəblər daha yaxşısını təklif etmişlər. Ərəb ədədləri bütün ölkələrdə tətbiq edilir. Onlar, müxtəlif cür tələffüz olmalarına baxmayaraq, bütün dünya xalqlarına aydındır. Lakin onluq sistemi yararsız olan müasir elektron hesablayıcı texnikasının tələblərinə uyğun olaraq, hazırda Qədim Çində ixtira edilən ikilik hesablanması tətbiq edilir.
Milli xarakterə malik olan pul vahidləri artıq çoxdandır ki, beynəlxalq qarşılıqlı əvəzolunmaya malikdir. Hər pul sistemi öz ölkəsində standartdır. Bu və ya digər ölkədə hər hansı pul islahatının aparılması hazırlıq tələb edir və ona ciddi reforma kimi baxırlar. Beynəlxalq ticarət, xidmətlər mübadiləsi, turizm və s. sahələrdə də qızıl paritetə əsaslanmış pul vahidlərinin standart mütənasibliyi mövcuddur ki, bunun dəyişməsi bəzən ağır nəticələrə gətirib çıxarır.
Rusiyanın sənaye istehsalatında standartlaşdırma ilk dəfə olaraq XVI əsrin ortalarında toplar üçün mərmilərin hazırlanmasında tətbiq olundu. XVIII əsrdə standartlaşdırma gəmi, silah, kənd təsərrüfatı xammalı və istehlak malları istehsalında tətbiq olunmağa başladı.
XX əsrin əvvəlində dəmir yolu tikintisinin başlanması ilə əlaqədar standartlaşdırma növbəti inkişaf mərhələsinə keçdi. Vaqonların rəngi, dəmir yolunun eni, qoşqu qurğusunun hündürlüyü, təkərlərin diametrləri və digər elementlər standartlaşdırıldı. Lakin bununla yanaşı, qatarların hərəkətinin vahid istiqaməti nizama salınmamışdır. Bunun nəticəsində indiyə qədər Moskva-Ryazan xəttində qatarlar sol tərəflə hərəkət edir. Ümumiyyətlə, nəqliyyat vasitələrinin hərəkət istiqamətinin standartlaşdırılması insan üçün böyük əhəmiyyətə malikdir.
Ölkələrin iqtisadiyyatının sürətlə inkişafı standartlaşdırmanın beynəlxalq miqyasda həyata keçirilməsini tələb etdi. Beynəlxalq mal mübadiləsinin daim genişlənməsi və elm və texnika sahəsində daha sıx əməkdaşlıq etmək zərurəti Standartlaşdırma üzrə beynəlxalq assosiasiyanın (İSA) yaradılmasına gətirib çıxardı. 1939-cu ildə İSA-nın fəaliyyəti ikinci dünya müharibəsinə görə dayandırıldı. 1943-cü ildə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Standartlaşdırma məsələləri üzrə Koordinasiya Komitəsi yaradıldı. Bu komitənin Londonda və Nyu-Yorkda büroları yaradıldı.
1946-cı ildə London şəhərində Standartlaşdırma üzrə beynəlxalq təşkilat (İSO) yaradıldı ki, onun da tərkibinə 33 dövlət daxil oldu. Hazırda İSO ən böyük beynəlxalq texniki təşkilatlardan biridir.
1991-ci ildə SSRİ dövlətinin tərkibində olan müttəfiq respublikalar tam müstəqillik əldə etdikdən sonra onların hər birində standartlaşdırma üzrə işlər ancaq bu ölkələrin daxilində aparılır. Bizim respublikada Standartlaşdırma, metrologiya və patent üzrə dövlət agentliyi fəaliyyət göstərir. Bu agentlik standartlaşdırma, metrologiya və sertifıkatlaşdırma üzrə respublikada aparılan bütün işlərə, həmçinin məhsulun keyfıyyətinin ümumi məsələlərinin (keyfiyyət göstəricilərinin, onların qiymətləndirilmə metodlarının və s.) işlənməsinə rəhbərlik edir, sənaye mülkiyyəti obyektlərinin mühafızəsi sahəsində dövlət siyasətini həyata keçirir.
Yuxarıda deyilənlərdən görünür ki, standartlaşdırma böyük bir inkişaf yolu keçmişdir. O, standartlaşdırma obyektlərinə qoyulmuş primitiv, kifayət qədər əsaslandırılmamış tələblərdən başlamış müasir elmi əsaslandırılmış normaların, qaydaların və tələblərin xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq olunmasına qədər böyük bir yol keçmişdir. İndi standartlar əvvəlcədən müəyyən edir ki, yeni texnikanın yaranmasının əsasını hansı konstruktiv həllər təşkil etməlidir və o, hansı texniki-iqtisadi göstəricilərə cavab verməlidir.

Yüklə 123,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin