Kəndli hərəkatı.
XIX əsrin sonunda Azərbaycan kəndlərində ictimai təbəqələşmə prosesi
sürətlənmişdi. Sahibkar və dövlət kəndlilərinin vəziyyəti ağır idi. Dövlət kəndlilərinin
əksəriyyətinin 1-2
desyatindən artıq torpaq payı yox idi. Azərbaycana rus kəndlilərinin köçürülməsinin davam
etdirilməsi kəndlilərin torpaqsızlaşmasına və ya az torpaqlı olmasına səbəb olurdu. Ağır vergilər
kəndlilərin
vəziyyətini daha da ağırlaşdırırdı. XIX əsrin son rübündə çarizmin zülmünə qarşı mübarizə daha
da gücləndi. Kəndlilər vergi verməkdən və mükəlləfiyyətlər daşımaqdan boyun qaçırır,
sahibkarlara məxsus torpaqları ələ keçirir, hökumət məmurlarının, bəylərin evlərinə hücum edir,
onları yandırır, hətta sahibkarları öldürürlər. XIX əsrin son rübündə Qazax, Cavanşir,
Yelizavetpol, Şuşa qəzalarında kəndlilərin fəal çıxışları oldu.
XIX əsrin son rübündə Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması həm
dövlət, həm də sahibkar kəndlilərin iştirak etdiyi qaçaqçılıq idi. Qaçaqları xalq intiqamçıları
adlandırırdılar. Müxtəlif dövrlərdə Qubadlıda Qaçaq Nəbi, onun arvadı Həcər xanım, Qazax
qəzasında Qaçaq Kərəm, Dəli Alı, Qaçaq Nağı kimi şöhrətli qəhrəmanlar yetişdi. Qaçaq
dəstələrinin qəhrəmanlıqlarına baxmayaraq, onlar
məğlubiyyətə uğradılar. Onun əsas səbəbi qaçaq hərəkatında kəndlilərinmiqdarca az bir
hissəsinin iştirak etməsi, qeyri-mütəşəkkil olması və yerli xarakter daşıması idi. Fəhlə tətilləri.
Bakıda neft sənayesi nəticəsində fəhlələrin sayı durmadan artırdı. Azərbaycan fəhlələri sosial-
siyasi hüququlardan məhrum olub, az əmək haqqı ilə çox işləməyə məcbur idilər. Yaşayış üçün
zəruri olan malların bahalığı, ev kirayəsinin yüksək olması fəhlələrin vəziyyətini daha da
dözülməz edirdi. Texniki təhlükəsizlik aşağı səviyyədə olduğu üçün müəssisələrdə onlarca fəhlə
bədbəxt hadisələr nəticəsində həlak olurdu. Qadın və uşaq əməyindən də geniş istifadə olunurdu.
XIX əsrin 70-ci illərindən başlayaraq Gədəbəy, Bakı və Nuxada dağınıq tətillər baş verirdi.
Fəhlələr maaşların artırılması, ailəli fəhlələrə mənzillər verilməsi və
bu kimi sosial və iqtisadi tələblər irəli sürürdülər. 1881 və 1895-ci illərdə Bakıda, 1896-cı ildə
Ramana mədənlərində, 1898-ci ildə Gədəbəy misəritmə zavodlarında tətillər baş verdi. Beləliklə,
XIX əsrin sonunda Azərbaycanda sənaye fəhlələri özunu mütəşəkkil qüvvə kimi göstərməyə
başladı. 2. Cənubi Azərbaycan XIX əsrin ikinci yarısında Cənubi Azərbaycanda XIX əsrin ikinci
yarısında təbii-coğrafi şərait əkinçiliyin, maldarlığın inkişafına əlverişli şərait yaradırdı. Cənubi
Azərbaycanda torpaqların əsas hissəsini xalisə adlanan dövlət torpaqları təşkil edirdi. 1886-cı
ildə şah dövlət torpaqlarının satılması haqqında fərman verdi. İri feodallar, xüsusən ruhanilər
taxıl möhtəkirliyi ilə məşğul olurdular. Kəndlilər dövlətə vergi verirdilər. Dövlət vergisi bir
qayda olaraq paydar kəndlilərin ümumi məhsulundan alınırdı. Kəndlilər dövlətə a) torpaq
vergisi; b) baş pulu; c) “sərkəllə” (yarımköçəri həyat sürən maldarlar heyvanların sayına görə);
d) “qapı pulu” (otlaqlara görə) və s. verirdilər. Kəndlilər əsas vergilərlə yanaşı, hərbi
mükəlləfiyyətlər də daşıyırdılar. XIX əsrin 70-80-cı illərində Cənubi Azərbaycanda tacirlərin
sayı artır, fəaliyyət dairəsi genişlənirdi. Onlar həm də sələmçiliklə məşğul olurdular. Xarici
malların ölkəyə axını
komprador burjuaziyanın (daxili bazarla xarici şirkətlər arasında vasitəçilik edən) inkişafı üçün
şərait yaradırdı. Cənubi Azərbaycan kəndinə xarici kapital, xüsusilə də rus kapitalı nüfuz edirdi.
1891-ci ildə şah hökuməti tütün və tənbəki istehsalını ingilis kapitalisti Talbotun inhisarına
vermişdi. Cənubi Azərbaycandan kəndlilərin kəsbkarlığa getməsi kütləvi şəkil almışdı. Xaricə iş
dalınca gedənlərin əksəriyyəti Türkiyəyə, Cənubi Qafqaza (başlıca olaraq Şimali Azərbaycana),
Volqaboyuna, Mərkəzi Asiyaya və s. yerlərə gedirdilər. Onlar getdikləri yerlərdə “qara fəhlə”
kimi çalışır və yerli fəhlələrdən
xeyli az maaş alırdılar. XIX əsrin 70-90-cı illərində Cənubi Azərbaycanda tez-tez çıxış və
üsyanlar baş verirdi. 1872-ci ildə Təbrizdə vilayətin valisinə qarşı baş vermiş üsyan 1881-ci ildə
onun
Cənubi Azərbaycandan qovulması ilə nəticələndi. 1898-ci ilin avqust-sentyabr aylarında Zeynəb
paşa adlı qadının rəhbərliyi ilə Təbrizdə üsyan baş verdi. Üsyan taxıl möhtəkirliyinə qarşı
yönəlmişdi.1892-ci ildə İranın bir çox yerlərində, o cümlədən Təbrizdə baş verən üsyan
nəticəsində şah hökuməti tütün və tənbəki istehsalı üzərində ingilis Talbotun inhisar hüququnu
geri alaraq onunla imzalanmış müqaviləni ləğv etdi.
Dostları ilə paylaş: |