Elektron-optik çeviricilər (EOÇ).
EOÇ elektrovakuum cihazların bir növü olub, xarici fotoeffektə əsaslanır. Televerilişlər və elektron mikroskopunda cismin təsviri elektron-optik çeviricilərin köməkliyi ilə alınır. Elektron-optik çeviricilər obyektin gözlə görünməyən təsvirini görünən yaxud görünən təsvirin parlaqlığının gücləndirilməsi üçün istifadə olunur. Elektron–optik çeviricilərin iş prinsipinin əsası optik yaxud rentgen təsvirini fotokatodun köməyi ilə elektron təsvirinə çevirmək, sonra isə elektron təsvirindən katodoluminessent ekranında görünən təsviri almaq təşkil edir. Sadə elektron-optik çeviricisi içərisinin havası sorulmuş silindrik kolbadan ibarət olub, ucunun daxilindən bir tərəfə yarımşəffaf K fotokatodu, digər tərəfdən isə E flüorensiyaedici ekran yerləşdirilir. (şəkil 10). Fotokatod ilə ekran arasında elektron optikasının elektrodları bərkidilmişdir.
M üşahidə etdiyimiz obyektin təsviri O1 giriş obyektivinin köməyi ilə K fotokatoduna verilir. Düşən işığın təsiri ilə K fotokatodundan buraxılan fotoelektronlar katod və anod arasında verilmiş sürətləndirici potensilın təsiri ilə ekrana doğru hərəkət edirlər. Elektronların fokuslandırılması elektron optikasının köməyi ilə təmin olunur. Təsvir elektron-optik çeviricinin ekranından çıxış O2 obyektivin köməyi ilə fotomateriala keçirilir. Dalğa uzunluğuna görə elektron optik çeviricilər ultrabənövşəyi, görünən, infraqırmızı çeviricilərə bölünür. Elektron-optik çeviriciləri xarakterizə edən əsas parametrlərdən biri onun gücləndirmə əmsalıdır.
Elektron-optik çeviricilərin ekranı tərəfindən şüalandırılan işığın spektral tərkibi yalnız ekranın hazırlandığı lüminoforun xassəsindən asılıdır. Əksər çeviricilərin spektral maksimumu 11-ci şəkildə göstərildiyi kimi spektrin göy (2) və yaşıl (10) oblastlarına düşür.
Yuxarıda dediklərimizdən belə bir ümumi nəticəyə gələ bilərik ki, bütün elektrovakuum cihazları, o cümlədən fotoelementlər, fotogücləndiricilər və elektron-optik çeviricilər müəyən tezlik və ya dalğa uzunluğu oblastında öz funksiyasını daha «yaxşı» yerinə yetirirlər. Ona görə də bu cihazları görünən oblasta «uyğunlaşdırmaq» üçün fotoelementin, fotogücləndiricinin mühitinə müəyyən təsirsiz qazlar daxil edilir., fotokatodun materialını dəyişir, elektrodlar arasındakı məsafəni dəyişir və s. dəyişikliklər edilir. Bütün optik cihazlar kimi, insan gözü də optik cihaz hesab olunur. Gözün həssas optik cihaz olmasına baxmayaraq, bu həssaslıq bütün rənglərdə (dalğa uzunluqlarında) eyni dərəcədə deyildir. İşıqlıq üzrə Beynəlxalq komissiya (İBK) insan gözü üçün müəyyən etdiyi həssaslıq əyrisi 12-ci şəkildə göstərilmişdir.
Şəkildən göründüyü kimi insan gözü dalğa uzunluğu 0,555 mkm olan işığa-yaşıl işığa daha həssasdır.
Dostları ilə paylaş: |