I. Şəxsiyyətin hüquqi sosializasiyası Şəxsiyyətin hüquq normalarına müvafiq davranışı hüquqi sosializasiya nəticəsində formalaşır.
Şəxsiyyətin hüquqi sosializasiya onun qanunla mühafizə edilən norma və dəyərlər sistemini, hüquqi davranış üsullarının mənimsənilməsini, qanunla həmrəyliyi, sosial məsuliyyət hissinin formalaşmasını nəzərdə tutur.
Qarşıya belə bir sual çıxır: Qanuna hörmətlə yanaşan şəxsləri qanunu pouzan şəxslərdən fərqləndirən cəhətlər hansılardır?
Hüquq normalarına müvafiq olan və ya ona zidd olan əməlin formalaşması zamanı üç əsas element əhəmiyyətli rol oynayır:
1. Normanın dispozisiyasında öz ifadəsini tapmış davranış qaydalarına münasibət.
2. Onun sanksiyasında nəzərdə tutulmuş nəticələrə münasibət – yəni cinayət törədiləcəyi halda veriləcək cəzaya münasibət.
3. Şəxsiyyətin əxlaqi (mənəvi) mövqeyi.
Ümumiyətlə, bu problemə həsr edilmiş elmi ədəbiyyatda belə bir fikir mövcuddur ki, insanlar məhz hüquq normalarını bilmədikləri üçün qanunu pozur. Elə ona görə də, cəza hədəsi effektsiz olur.
Doğrudur, insanın hüquq normalarının tələbləri haqda məlumatlı olmasının əhəmiyyəti hamı tərəfindən qəbul edilir. Lakin hüquq normaları insanların davranışını müəyyən edən yeganə amil deyil. Bu normalar insanların öz davranışını seçərkən nəzərə aldığı və ya nəzərdən qaçırdığı bir çox amillərdən yalnız biridir. Əgər insan sağlam mühitdə tərbiyə edilibsə, o hətta Cinayət Məcəlləsi haqda xüsusi təsəvvürə malik olmadan da oğurluq etmir, qətl törətmir.
Hüquq normalarını bilmək onların pozulmayacağına təminat vermir. Əsas məsələ insanın hüquq normalarına, bu normalarla mühafizə edilən dəyərlərə, cəmiyyətə, onun maraqlarına və insanlara münasibətindədir.
Əməlin istiqamətinin müəyyənləşdirilməsində hüquqi davranış vərdişləri əhəmiyyətli rol oynayır. Bunlar olmadan normalar haqda məlumatlılıq passiv xarakter daşıyır və ümumiyyətlə reallaşmaya bilər.
Hüquq normaları haqda məlumatlılıq heç də həmişə ümumi xəbərdaredici rol oynaya bilməsə də, pozitiv davranışı arzuedilən istiqamətə yönəldir, mümkün cəza haqda xəbərdar edir, səhv ehtimalını aşağı salır və insana kimlərinsə qanunsuz əməllərinin qurbanı olmasına imkan vermir.
Cəzaya münasibət məsələsinə gəldikdə isə, cəza hədəsi bütün insanlara qarşı yönəlsə də, cəza hədəsinə insanların münasibəti fərqlidir. Bu baxımdan müəlliflərdən A.R.Ratinov insanların cəza hədəsinə münasibəti məsələsini aydınlaşdırarkən hüquqi davranışı determinə edən amilləri öz psixoloji təbiətinə görə fərqli olan iki tipə: xarici və daxili deteminasiya amillərinə (xarici və daxili sosial nəzarət) ayırır. Hüquqi əhəmiyyətli situasiyada subyekt əsasən aşağıdakı iki tipdən birinə istinad edərək hüquqi davranışı seçir:
a) huquq normaları ilə həmrəy olan subyekt bu normaları öz daxili normalarına çevirdiyi üçün onları rəhbər tutur.
b) subyekt cəmiyyətin təzyiqinə tabe olaraq, cəzadan, ictimai məzəmmət və əhatənin mənəvi məzəmmətindən qorxduğu üçün hüquqazidd davranış törətmir.
Bu əsasda A.R. Ratinov hüquqi davranış yönümünün introvert və ekstrovert tiplərini fərqləndirir.
Bir çox tədqiqatçılar cəzanın bir çox hallarda nə üçün insanları cinayətdən çəkindirə bilməməsini araşdırarkən aşağıdakı amillərə diqqət yetirirlər:
Cəzanın sərtliyi
Cəzanın labüdlüyü, qaçınılmazlığı
Potensial cinayətkarın emosional vəziyyəti
Cinayətdən əldə ediləcək mənfəət
Görəsən hər bir cinayətin ardınca hökmən kifayət qədər sərt cəza gəlsə və hər kəs də cinayəti törətdiyi halda cəzalancağına dair məlumata malik olsa, cinayətkarlığın səviyyəsi aşağı düşərmi?
Araşdırmalar göstərir ki, sərt cəza insanları cinayətdən çəkindirməyə heç də həmişə qadir olmur. Əks halda ölüm cəzası tətbiq edilən ölkələrdə törədilən cinayətlərin sayı bu cəza ləbv edilmiş ölkələrə nisbətən aşağı olardı.
Hələ Monteskye öz dövründə yazırdı: « istənilən özbaşınalığın mahiyyətinə varın. Siz görəcəksiniz ki, bunun səbəbi cəzanın yumşaqlığı və ya sərtliyi ilə bağlı deyil, cinayətlərin cəzasız qalması ilə bağlıdır».
Həqiqətən də cəza labüd olmadıqda, cinayətdər cəzasız qaldıqda pis və yoluxucu nümunəyə çevrilir, bu cür əməllərin artması ehtimalı böyüyür. Bu hal cinayətkarın psixikasına özünəməxsus təsir göstərir: hər hansı bir cinayəti törədən və yaxalanmayan cinayətkarın şüuru sanki ikiləşir. Bir tərəfdən o bilir ki, bu cür əmələ görə cəza nəzərdə tutulub və o cəzalana bilər. digər tərəfdən bəzən cinayətlərin cəzasız qaldığını görəndə o, hansısa yolla cəzadan qaçacağına ümid edir.
Cəza hədəsinin insanı cinayətdən çəkindirib-çəkindirməməsinə həm də cinayət törədilən zaman onun hansı emosional vəziyyətdə olması da təsir edir. məlumdur ki, affekt halında şəxs öz əməllərinin nəticələrini düşünəcək halda olmur, cəzanın çəkindirici təsiri aşağı düşür.
Eyni zamanda tədqiqatçıların fikrincə, törədiləcək cinayətdən əldə ediləcək mənfəət, cəzanın tətbiqi nəticəsində itiriləcəklərdən daha çoxdursa,(məsələn, kimin üçünsə azadlıq və həyat böyük dəyərdir, heç bir mənfəətə görə bu dəyərləri itirmək istəmir, kimiləri üçün isə azadlığın itirilməsi adi haldır) cəzanın çəkindirici təsir aşağı düşür.
Tədqiqatçılar bir məqama da diqqət yetirirlər: yaşanılmış cəza təcrübəsi qorxunu gücləndirir və indi cinayətkar qanun pozuntusunun nəticələrini əvvəlkindən daha aydın təsəvvür edir. lakin yaşanılmış cəza təcrübəsi həmişə həmişə cinayətkarın cəzadan qorxması meylini gücləndirmir. Əgər əvvəl cinayətkar həbsə düşməzdən əvvəl oradakı şərait haqqında, cəzanın neqativ nəticələri haqda şişirdilmiş təsəvvürə malik idisə, indii o əmin olur ki, bu göründüyü kimi qorxulu deyil. Ən əsası odur ki, əvvəllər hansısa cinayətə görə cəza çəkmiş şəxs artıq yenidən həbsə düşməkdən az qoracaq. Çünki adı onunsuz da ləkələnib.
Ümumiyyətlə, hüquq normalarına, cəzaya münasibət insanın əxlaqi mövqeyi ilə sıx bağlıdır. Əxlaqi mövqe isə şəxsiyyətin ümumi sərvətlərini və normativ təsəvvürlərini, müəyyən dərəcədə də onun xarakter əlamətlərini əks etdirir. Bu zaman situasiyanın rolu ikinci dərəcəli ola bilər. Burada insanın məsuliyyətinin və əxlaqi şüurunun inkişaf xüsusiyyətlərini də nəzərdən qaçırmaq olmaz.
L.Kolberqin fikrincə, əxlaqi şüurun inkişafında üç səviyyəni fərqləndirmək olar:
1. Əxlaqi şüura qədərki səviyyə (bu halda hələ əxlaqi normalar mənimsənilməyib).
2. Konvesional səviyyə. Sosial sistemin normaları ilə razılaşma.
Avtonom əxlaq.
Bu səviyyələrin hər birində subyektin əxlaq və hüquq normalarına münasibəti, öz əməllərini qiymətləndirməsi, öz əməllərinə haqq qazandırması fərqlidir.
Birinci səviyyədə hələ həqiqi, əsl əxlaqi mövqe yoxdur. Rəsmi qadağanlara isə onlara riayət edilməyəcəyi halda cəzalanma ehtimalı üzündən riayət edilir. Bu səviyyədə insan törətdiyi cinayəti inkar etməklə özünə haqq qazandırır. Bunda da bir məqsəd var: ətrafdakı insanların gözündə özünü günahsız və boş yerə zərərçəkmiş insan kimi qələmə vermək.
Öz təqsirini inkar etmək mümkün olmayanda qanun pozan öz taleyindən şikayətlənir, ya da hər şeyi tərbiyənin, valideyn və pedaqoqların səhvlərinin üzərinə atır.
İkinci səviyyə hüquq normalarının qəbul edilməsilə xarakterizə olunur.
Birinci səviyyədə subyektin mövqeyini belə təsvir etmək olar: normalara ona görə riayət etmək lazımdır ki, bu normalar hamı üçün vacibdir, mütləqdir.
İkinci səviyyədə buna hüquq normalarına riayət edilməsinin cəmiyyət mənafeyi üçün əhəmiyyətli olduğunun dərki əlavə olunur.
Əxlaqi şüurun inkişafının üçüncü səviyyəsi – əxlaqi təsəvvürlərin avtonom sistemidir. Bu səviyyədə əxlaqi şüurun inkişafı belədir: Subyektin mövcud əxlaqi davranış normalarına münasibətdə ümidləri boşa çıxır. O, bu normalara tənqidi münasibət bəsləyir, öz şəxsi əxlaqi prinsiplərinə üstünlük verir. Sonra onun şüurunda öz əxlaqi imperativi yaranır. Subyekt öz həyatında bu əxlaqi imperativə riayət edir.
Sosial-psixoloji və kriminoloji tədqiqatlar göstərir ki, əxlaqi şüurun inkişafının üçüncü səviyyəsi (bütün və ya əksər hüquq normalarının inkarı ilə bağlı) residivistlərə xasdır. Proqressiv əxlaqi mövqe tutan insanlarda psixoloji müdafiə problemi yaranmır. Onlar hüquq normalarından kənara çıxdıqda tamamilə fərqli davranırlar. Onların əxlaqi mövqeyi öz təqsirlərini qəbul etməyi və törətdiyini düzəltmək meylini şərtləndirir.
İnsanın müəyyən əməlləri törətmək haqda qərar qəbulu zamanı hüquq normalarını qiymətləndirməsi, cəza hədəsinə münasibəti onun sərvət meylləri və bu subyektin mənsub olduğu referent sosial qrupun təsiri altında formalaşır. Belə ki, insan mənsub olduğu referent sosial qrupa xas olan və onun tərəfindən bəyənilən davranış normalarını və sərvət meyllərini mənimsəyir. Referent sosial qrupda hökm sürən davranış normaları cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən normalara uyğun gəlmirsə, belə hallarda cəmiyyətlə sosial qrup arasında münaqişə, ziddiyyət meydana çıxır. Təbii ki, subyekt öz imkanlarını və məqsədə çatma yollarının müxtəlif variantlarını müqayisə edib və qiymətləndirərkən, mövcud əxlaqi, hüquqi normaları və sərvətləri nəzərə almalı, digərlərini inkar etməlidir. Təəssüf ki, üstünlük həmişə hüquq normalarının tərəfində olmur. Bəzən qrupun rəyi, neqativ sərvət meylləri və normaları qalib gəlir. Çünki fərd cəmiyyətdə öz yerini bu qrup ilə bağlayır. Ona görə də, sosial qrupun riayət etdiyi normalar, qrupun bu və ya digər hadisələrə verdiyi qiymət, ona mücərrəd əxlaq və hüquq normalarından daha vacib və əhəmiyyətli görünür. Təbii ki, bu zaman cəza hədəsinin çəkindirici təsiri də aşağı düşür.
Yüksək hüquqi sosializasiya səviyyəsinə malik şəxslər hüquq normalarına cəzadan qorxduğu üçün yox, hüquq normaları ilə həmrəy olduğu üçün yox, yalnız hüquqi əməllər törətmək tələbatından riayət edir.
Hüquqi sosializasiyada qüsurlar hüquqi neqativizmdə, qanuna əhəmiyyətsiz yanaşmaqda, qanunun tələblərinə etinasız, yüngül fikirli münasibətdə, aktiv olaraq hüquq normalarını qəbul etməməkdən, şüurlu olaraq hüquqazidd davranış törətməkdə təzahür edir.
Daha dəqiq desək hüquqi sosiallaşmanın qüsurları hüquqi infantilizmdə, hüquqi niqilizmdə, hüquqi neqativizmdə və şüurlu olaraq cinayətin törədilməsində təzahür edir.
Hüquqi neqativizm-hüquqi dəyərləri kifayət qədər qiymətləndirməməkdə ifadə olunur.
Hüquqi infantilizm-qanunun tələblərinə məsuliyyətsiz münasibət bəsləməkdə ifadə olunur
Hüquqi niqilizm-hüquq normalarını fəal olaraq qəbul etməməkdə ifadə olunur
Hüquqi sosializasiya şəxsiyyətin mənəvi formalaşması ilə sıx bağlıdır.
Hüquq və əxlaq insanların cəmiyyətdə davranışını tənzim edən amillərdir. Hüquq normalarının icrası dövlət məcburiyyə qüvvəsilə, mənəvi normaların icrası isə sosial-psixoloji mexanizmlərin köməyilə təmin edilir.
Şəxsiyyətin hüquqi sosializasiyası həm də onun hüquqi şüurunun formalaşması ilə də bağlıdır.