Hüquqi qoruma vasitələri
Daha ciddi rejimli təşkilatlarda zərurət yarandıqda qorunan informasiyanın saxlanılması, emalı və ötürülməsi üzrə müəyyən edilmiş qaydalara istifadəçilər və xidməti personal tərəfindən riayət olunmasını təmin etmək məqsədilə məcburi tədbirlər sistemi (bu, informasiya təhlükəsizliyi siyasətinin tərkibinə də daxil edilə bilər) işlənib hazırlanır və tətbiq edilir. Burada istifadəçilərin və xidməti personalın icazəsiz və qeyri-qanuni hərəkətlərinə görə maddi, inzibati və cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutula bilər.
Qanunvericilik tədbirləri məhdud girişli informasiyanın istifadəsi, emalı, saxlanması və ötürülməsi qaydalarını nizamlayan, eləcə də bu qaydalar pozulduqda məsuliyyət tədbirlərini nəzərdə tutan hüquqi aktlarla müəyyən edilir.
Qanunvericilik tədbirləri özündə dövlət orqanlarının, təşkilatların, əhalinin (ayrı–ayrı şəxslərin) həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə münasibətdə dövlət tərəfindən müəyyən olunmuş və təsdiq edilmiş ümumi məcburi davranış qaydaları və normaları toplusunu, eləcə də bu normaların pozulduğu təqdirdə həyata keçirilən tədbirlər sistemini ehtiva edir.
İnformasiyanın qorunmasının hüquqi forması dedikdə, dövlətin konstitusiyasının və qanunlarının maddələrinin, mülki və cinayət məcəllələrinin müddəalarının, habelə informatika, informasiya münasibətləri və informasiyanın qorunması sahəsində digər normativ-hüquqi sənədlərə əsaslanan qoruma mexanizmlərinin tətbiqi başa düşülür.
İnformasiyanın qorunmasının hüquqi forması informasiya münasibətləri subyektlərinin hüquq və vəzifələrini, orqanların, texniki qurğuların və informasiyanın qorunması vasitələrinin hüquqi statusunu nizamlayır və informasiyanm qorunması sahəsində mənəvi-etik normaların yaradılması üçün baza təşkil edir.
Bir resurs kimi informasiyanın hüquqi qorunması beynəlxalq və dövlət səviyyəsində tanınan normativ-hüquqi sənədlərlə, dövlətlərarası müqavilələr, sazişlər, konvensiyalar, bəyannamələr ilə müəyyən olunur, patentlər, müəlliflik hüququ şəhadətnamələri və lisenziyalar şəklində reallaşdırılır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında informasiyanın qorunması sahəsində bir çox qanunvericilik aktları qəbul edilmişdir. Belə ki, “Milli təhlükəsizlik haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında”, “Rəqəm imza və elektron sənəd haqqında", “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunlarında, eləcə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində elektron sənəd dövriyyəsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi, şəxslərin və təşkilatların müəlliflik hüquqlarının qorunması, elektron informasiyanın imzalanması, informasiya resurslarının oğurlanmasına, məhv edilməsinə və açılmasma görə cəzasızlıq probleminin həlli və digər məsələlər nəzərdə tutulur.
Hüquqi nizamlama informasiya resurslarına qarşı hüquqazidd hərəkətlərin qarşısının alınması mexanizminin təkmilləşdirilməsi, bu sahədə ayrı-ayrı subyektlərin vəzifə, hüquq və səlahiyyətlərinin dəqiqləşdirilməsi və möhkəmləndirilınəsi, vətəndaşların və təşkilatların hüquqlarının və qanuni maraqlarının qorunması üçün zəruridir.
Dostları ilə paylaş: |