Mühərrik yağları. Yağların mühərrikin texniki vəziyyətinin dəyişməsinə təsir edən əsas göstəriciləri bunlardır: özlülük, yeyilməyə qarşı davamlılığı, korroziya xüsusiyyətləri, kimyəvi sabitliyi, mexaniki qarışıqların və suyun olmaması.
Yağların özlülüyü əsasən onların kimyəvi tərkibindən asılıdır. Yağların özlülüyünü yaxşılaşdırmaq üçün xüsusi aşqarlardan istifadə edilir. Özlülük temperaturdan asılı olaraq dəyişir. Buna görə çox vaxt özlülüyün temperaturdan asılı olaraq dəyişmə qanunauyğunluğunu müəyyən etmək üçün özlülük-temperatur xarakteristikaları tərtib edilir.
Kiçik özlülüyə malik yağların bir sıra üstün cəhətləri var: yaxşı istilik ötürmə qabiliyyətinə malikdir, araboşluğu kiçik olan birləşmələrə sərbəst daxil ola bilir, mühərrikin işə salma anındakı yeyilmələrini azaldır, sürtünməyə sərf olunan gücü aşağı salır. Bunlarla yanaşı bu yağlar üzüklərin arasından yanma kamerasına keçərək itkilərə səbəb olur, yağlama sisteminin magistralında təzyiqi aşağı salır və s.
Yüksək özlülüyə malik yağlar silindrlərdə porşen üzüklərinin kipliyini artırır, yanma kamerasından karterə keçən qazların qarşısını alır, yağın sərfini azaldır (bununla qurumun miqdarı aşağı düşür), kipləşmə yerlərindən sızmırlar.
Bu xüsusiyyətləri nəzər alaraq yağların özlülüyü elə normalaşır ki, hissələr arasında həmişə mayeli sürtünmə təmin edilmiş olsun. Mühərrik yağları üçün standartda kinematik özlülük (100°C-də sSt ilə) və özlülüyün indeksi normalaşdırılır. Bundan başqa yağlar üçün dinamik və şərti özlülüklər də təyin edilir.
Mühərrik yağlarının yeyilməyə qarşı davamlılığı yağlanılan səthlərin üzərində nazik yağ qatının əmələ gəlməsi ilə xarakterizə edilir. Yaranan yağ qatının qalınlığı elə olmalıdır ki, sürtünmədə iştirak edən detalların səthləri arasında xarici sürtünmə getməsin. Bu sürtünmə yağ layları arasındakı daxili sürtünmə ilə (ona bəzən hidrodinamik sürtünmə də deyilir) əvəz edilsin. Yağların yeyilməyə qarşı davamlılığını yüksəltmək üçün onlara yağlama xüsusiyyətlərini yaxşılaşdıran aşqarlar qarışdırılır.
Yağların korroziya xüsusiyyətləri onların içərisində suda həll olunan və üzvü turşuların, həmçinin qələvilərin miqdarı ilə qiymətləndirilir. Detalların üzərində korroziyanın yaranma səbəblərindən biri də yağın tərkibində suyun olmasıdır. Mühərrik detalları içərisində korroziyaya ən çox məruz qalan qurğuşunlu tuncdan hazırlanmış (dizel mühərriklərində) yastıqlardır. Korroziyanın qarşısını müəyyən qədər almaq üçün yağlara çox funksiyalı aşqarlar daxil edirlər. Oksidləşdirici amillərin təsirindən yağların öz fıziki-kimyəvi xüsusiyyətlərinin uzun müddət saxlaya bilmə qabiliyyətinə onların kimyəvi sabitliyi deyilir. Mühərrik uzun müddət işlədikdə onun detallarının üzərində qurum, lak birlşmələri, karterdə isə çöküntülər yığılır. Bu zərərli birləşmələr yağın oksidləşməsi (karterdəki havanın oksigeni təsirindən) nəticəsində yaranır.
Aparılan tədqiqatlar göstərir ki, porşenin dib hissəsində əmələ gələn qurumun qalınlığı sərf olunan yağın miqdarından asılı deyil, ancaq mühərrikin istilik rejimindən asılıdır. Mühərrikin temperaturu artdıqca qurumun qalınlığı azalır. Yağın keyfiyyəti və sərfi qurumun yaranma sürətinə təsir edir (mühərrikin ilk işləmə müddətində). Qurumun qalınlığı müəyyən qiymətə çatdıqdan sonra sabit qalır. Qurumun yaranma sürətinə həmçinin yanacağın keyfiyyəti və işçi qarışığının tərkibi də böyük təsir göstərir.
Lak birləşmələri əsasən porşen və onun üzüklərindəki nazik yağ təbəqəsinin oksidləşməsi nəticəsində yaranır. Bu səbəbdən üzüklər porşen kanallarında (qanovlarında) pərçimlənir, işləmə qabiliyyətini itirir, mühərrikdə kompressiya aşağı düşür, yanacaq sərfi artır, işlənmiş qazlar karterə keçir, yağm köhnəlmə prosesi sürətlənir və s.
Mühərrikin normal işləməsinə aşağı temperaturlarda əmələ gələn çöküntülər də təsir edirlər. Çöküntülərin təsirindən süzgəclər tutulur, yağ qəbuledicinin toru işləmə qabiliyyətini itirir. Bu zərərli proseslərin təsirindən hissələrə və xüsusən yastıqlara yağ vurulmadığından onlar sürətlə yeyilərək sıradan çıxır.
Mühərrik yağlarında mexaniki qarışıqların olması hissələr arasında mayeli sürtünməni pozduğu üçün (abraziv yeyilmənin hesabına) detalların yeyilmə şiddəti artır, suyun olması isə korroziyanın və aşağı temperaturlarda buz kristallarının əmələ gəlməsinə səbəb olur.
Dostları ilə paylaş: |