Avtomobilin idarə edilməsi dedikdə onun yol hərəkətinin qaydaları əsasında optimal hərəkət rejimlərinin seçilməsi başa düşülməlidir. Bundan başqa yolda profilaktik və təmir xarakterli texniki təsirləri yerinə yetirmək də (mexanizm və aqreqatlara texniki qulluq, kiçik nasazlıqların aradan qaldırılması) bu anlayışa daxildir.
İdarə edilmə keyfiyyətindən asılı olaraq avtomobilin aqreqat və mexanizmləri müxtəlif rejimlərdə işləməli olur. Belə ki, güc ötürücü və hərəkət hissələrinin detallarına düşən dinamiki yüklərin qiyməti, mühərrikin istilik rejimi və s. dəyişir. Eyni markalı avtomobillər eyni istismar şəraitində işlədikdə (texniki qulluq və saxlanma üsulu da eynidir), lakin müxtəlif səviyyəli sürücülər tərəfindən idarə edildikdə təmirlər arası yürüş 1,5-2 dəfə fərqli alınır, texniki sürət 911% dəyişir. Buna görə təcrübəli sürücülər avtomobili idarə etdikdə ona səlis sürətlənmə verir, ilişmə muftasından, sürətlər qutusundan və tormoz sistemindən imkan daxilində az istifadə edir, mühərrikin işə düşməsi və qızdırılması qaydalarına riayət edir, həmçinin onun istilik və yağlama rejimlərini gözləyirlər.
Avtomobilin idarə edilmə keyfıyyəti idarə edilmənin üsulu və ustalığı ilə xarakterizə olunur. İstismar prosesində avtomobil aşağıdakı üsullarla idarə edilir:
İmpulsiv idarə edilmə (sürətlənmə-diyirlənmə) üsulu - avtomobilə düz ötürmədə sürətlənmə verilir, sonra sürətlər qutusunun dəstəyi neytral vəziyyətə gətirilir, avtomobil sürətlənmə zamanı aldığı enerjinin hesabına ətalətlə diyirlənir. Bu üsul əsasən enişlərdə və avtomobili dayandırmaq lazım gəldikdə istifadə edilir. İmpulsiv üsulun müsbət cəhəti odur ki, yanacağa 5-6% qənaət edilir. Lakin sürətlənmə rejimlərində detalların yeyilmə dərəcəsi 25-40% artır.
Sabit sürətlərdə idarə edilmə üsulu - bu üsulun mahiyyəti ondan ibarətdir ki, yol şəraitinə və hərəkət qaydalarına müvafiq olaraq avtomobil sabit sürətlərdə sürülür. Bu üsuldan enişli yollarda istifadə edildikdə mühərrik transmissiyadan ayrılmadığı üçün avtomobilin mühərrik hesabına (xüsusən kiçik ötürmələrdə) tormozlanma zəruriliyi yaranır. Buna görə isə mühərrik detallarının yeyilmə tempi artır.
Qarışıq idarə edilmə üsulu - yolun texniki vəziyyətindən asılı olaraq yuxarıdakı iki üsulun müsbət cəhətlərini özündə birləşdirir.
İdarə edilmə ustalığı avtomobilin normal yanacaq sərfini və hərəkətin təhlükəsizliyini gözləmək şərtilə yüksək texniki sürətlərdə sürülməsi ilə qiymətləndirilir. İdarə edilmə ustalığının əsas göstəriciləri bunlardır: tormozlardan istifadə olunmanın minimum sayı, sürət və yük rejimlərinin düzgün seçilməsi, sürətlənmənin səlis yerinə yetirilməsi və s. İdarə edilmə ustalığı yüksək olduqda avtomobilin təmirlər arası yürüşü 60%, yanacaq qənaətliliyi 30%, texniki sürət 20% artır.
Avtomobilin müəssisə ərazisində texniki vəziyyətinin qorunub mühafizə edilməsi saxlanma üsulundan asılıdır. Aydındır ki, avtomobil günün müəyyən hissəsini avtonəqliyyat müəssisəsinin ərazisində keçirməli olur. Saxlanma elə təşkil olunmalıdır ki, avtomobilin texniki vəziyyətinə xələl gəlməsin.
Hərəkət tərkibinin saxlanma üsulunun keyfiyyəti iqlim şəraitindən və hərəkət tərkibinin tipindən asılı olaraq açıq meydançalarda və binalarda saxlanma üsullarının hansının düzgün olaraq tətbiq edilməsi ilə xarakterizə edilir. Avtomobilin texniki vəziyyəti soyuq havalarda çox dəyişir. Aşağı temperaturların avtomobilin texniki vəziyyətinə təsirini azaltmaq üçün hərəkət tərkibi açıq meydançalarda saxlanıldıqda müxtəlif texniki - iqtisadi tədbirlər həyata keçirilir.
Minik avtomobilləri və avtobuslar üçün əsas aqreqat sayılan banın ömür uzunluğunun artırılması baxımından onların binalarda saxlanılması məqsədə daha uyğundur. Yük avtomobilləri isə açıq meydançalarda saxlanılır.
Dostları ilə paylaş: |