Tərbiyə və işə münasibət məsələsində ali məktəb müəllimlərini üç qrupa bölmək olar. Bəziləri tələbələrlə xüsusi olaraq təşkil edilmiş tərbiyəvi işlərin ümumiyyətlə əleyhinədirlər. Digərləri hesab edirlər ki, bu iş təlimin tərbiyələndirici funksiyası vasitəsilə həyata keçirilsə kifayətdir. Üçüncülərin fikrincə, ali məktəblərdə bu işin həyata keçirilməsi zəruridir. Çünki, tədris prosesi tərbiyənin bütün vəzifələrini həyata keçirə bilməz.
1.Təlim və tərbiyənin ümumi bir məqsədi vardır ̶ gələcək peşəkar müəllim şəxsiyyəti formalaşdırmaq. Lakin tərbiyə təlimə yardımçı bir proses deyildir. Özünün məzmunu, metodları və təşkili formaları ilə o, öz məqsədini reallaşdırmağa istiqamətlənir. Bu məqsəd isə tələbələrin mənəvi və fiziki inkişafına kömək etmək, fərdi və sosial keyfiyyətlərini formalaşdırmaqdır. Eyni zamanda, tərbiyə prosesi digər bir vəzifəni – gələcək müəllimləri məktəbdə tərbiyə işlərini təşkil etməyə hazırlamaq vəzifəsini də yerinə yetirir.
2.Ali məktəblərdə tərbiyənin məqəsdi gələcək müəllim şəxsiyyətinin onun fərdiyyətinə əsaslanaraq hərtərəfli inkişaf etdirilməsidir.
3.Tələbələrin tərbiyə işinin səmərəliliyi bu prosesdə sistemin olmasından asılıdır. Ali məktəbin özü –pilləkəndən auditoriyaya qədər hamını və hər kəsi: tələbləri, müəllimləri, işçiləri tərbiyə etməlidir.
4.Məqsədyönlü pedaqoji fəaliyyətdə müəllimin aparıcı rolunu azaltmadan bu prosesə tələbəni, onun fəallığını da daxil etmək lazımdır.
5. Ali məktəbin tərbiyə sisteminin mühüm elementləri fəaliyyət, ünsiyyət, dərketmə, pedaqoji mikroiqlimdir. Tələbələr bir-biri ilə və müəllimlərlə ünsiyyətdə olur, müxtəlif növ fəaliyyətlərdə iştirak edir və bu prosesdə onların dərketmə sahəsi genişlənir. İş burasındadır ki, tələbələrin fəaliyyət və ünsiyyəti həmişə tərbiyəvi xarakterli olmur.
Tərbiyəvi fəaliyyətdə həmişə iki məqsəd olur: işin görülüb başa çatdırılması, tərbiyələndirici məqsəd. Bu məqsədlər qarşılıqlı təsirdə olsalar da, həmişə gah bu, dah da o, dominantlıq təşkil edir.
6. Ali məktəb şəraitində tərbiyə öz imkanlarını tam reallaşdırmır. Bunun əsas səbəbi tərbiyə işini birtərəfli başa düşməkdədir. Əgər diqqət edilsə, aydın olur ki, tərbiyə çoxfunksiyalıdır. Tərbiyə funksiyaları vahid, imkanları baxımından müəyyən sistem təşkil edir. Tələbələrin tərbiyəsi prosesinin funksiyalarına daxildir: tərbiyəedici, inkişafetdirici, idraki-təhsilverici, kommunikativ, təşkilatçılıq, peşəkarlıq.
7. Ali məktəbdə təlim-tərbiyə prosesinin əsas vəzifəsi mütəxəssislərin peşə hazırlığıdır. Amma real həyatda insan təkcə peşə fəaliyyəti ilə məşğul olmur. Bu halda tələbələrin tərbiyəsinə sistemli - rollu yanaşma daha məqsəduyğun olur.
İnsan həyatda dörd əsas rolda olur: sosial varlıq kimi, ailə üzvü kimi, vətəndaş kimi, peşə sahibi ̶ peşəkar kimi. Bu rollara tədricən yiyələnilir. Uşaqlıq, yeniyətməlik və gənclik dövründə əsas rol ailəyə, qismən də məktəbə və ali məktəbə məxsus olur və bu rollar müxtəlif olur. Bu təsirlər isə həmişə məqsədyönlü, mütəşəkkil deyil çox zaman kortəbii baş verir.
Ali məktəbin tərbiyəvi fəaliyyət kompleksində mütəxəssisin peşə əxlaqı problemi, o cümlədən pedaqoji əxlaq problemi aktual məsələ olaraq qalır. Gələcək pedaqoqun dəyərlər sistemi və mənəvi əxlaqi keyfiyyətinə aşağıdakı elementləri daxil etmək olar:
pedaqoji fəaliyyətin aksioloji qavranılması;
peşə ləyaqəti və şərəfi;
uşaqlara məhəbbət və hörmət;
şagirdlərin hərəkətlərini, xüsusilə konfliktli şəraitdə obyektiv qiymətləndirmək;
şagirdlərə xeyirxah və qayğıkeş münasibət;
empatiyaya əsaslanan pedaqoji optimizim və humanizm;
peşə fəaliyyətində rast gəlinən çətinlikləri aradan qaldırmağa hazır olmaz.