Morfoloji prinsip. Məqam və şəraitlə əlaqədar olaraq müxtəlif çalarlıqda tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada, yəni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmasına morfoloji prinsipdeyilir.
Morfoloji prinsipə görə, orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində, əsasən mənalı vahidlərin –sözlərin (söz kökləri, şəkilçilərlə düzəldilən, dəyişdirilən sözlər və şəkilçilər)orfoqrafiyası nəzərdə tutulur. Belə vahidlərin müxtəlif çalarlıqda tələffüzündə məna dəyişikliyi olmasa da, vahid ədəbi dil normalarının pozulmasına az-çox təsir göstərə bilir. Halbuki dil ümumi anlaşma vasitəsi olduğuna görə dil vahidlərinin müxtəlif yox, məhz bir cür formalaşması, bir cür tələffüzü və eləcə də bir cür yazılması dilin əsil mahiyyətindən doğan təlabatdır. Buna görə də məhz morfoloji prinsip dilin əsas mənalı ünsürlərinin-sözlərin yazıya vahid şəkildə köçürülməsi qaydalarını istiqamətləndirən ən mühüm prinsipdir. Əgər bu prinsip nəzərə alınmazsa, mənalı dil vahidləri müxtəlif çalarlıqda tələffüz olunduğu kimi yazıya köçürülərsə, yazı da öz mahiyyətini itirər, yəni yazı da həqiqi mənada vahid anlaşma vasitəsi ola bilməz.
Eyni vahidin müxtəlif çalarlıqda tələffüzü müxtəlif məqam və şəraitlə əlaqədar ola bilər. Adətən sözün və ya şəkilçinin tərkibində fonetik halda təzahür edən belə çalarlıqlar şivə xüsusiyyəti halında, ədəbi tələffüz norması halında müxtəlif fonetik məqamla əlaqədar olur; məs.: öy, öv, əv, ev, qayıt, qeyit, qeid, qəyit, qənşər, qəyşər və s.
Əlbəttə, morfoloji prinsip əsasında bu variantlardan ancaq biri (yəni ev, deyil, badya, qənşər, qovur, qayıt) qəbul olunur və yazıda sabitləşir. Buna görə də hər cür morfoloji dəyişiklik və tələffüz çalarlığı bunların vahid yazılışını dəyişdirə bilmir.
Sözlərin orfoepik normalar əsasında tələffüzündə də müəyyən çalarlıqlara yol verilir və belə sözlərə şəkilçi bitişdirildikdə bəzən tələffüzdə də dəyişiklik ola bilir; məs.: uç- uş, uşsun, uçar, uşmas; başla- başlıyır və s.
Bəzən şəkilçinin ilk səsinin bitişdiyi sözün sonundakı səsin təsiri ilə müxtəlif məxrəcdə-başqa səslərlə əvəzləyərək tələffüz etmək qanuni sayılır; atlar əvəzinə atdar, adamlar əvəzinə adamnar tələffüz olunur.
Beləcə də səs uyuşması, səsdüşümü, səsartımı, yerdəyişmə fərqləşmə, məxrəcdəyişmə kimi fonetik hadisələr sözlərin, şəkilçilərin müxtəlif variantlarda tələffüzünə təsir göstərir. Lakin bu variantların hamısını yazıya köçürmək olmaz. Bu variantlardan bəzisi, xüsusən ahəng qanunu, müəyyən məqamlarda səsartımı, səsdüşümü ilə əlaqədar variantlar müəyyən dərəcədə qanuniləşmiş halda ümumi mahiyyət kəsb etmiş olduğundan yazıya köçürülür. Lakin qanuniləşməmiş variantlar ancaq tələffüzdə qalır, yazıya köçürülmür. Məhz belə vəziyyətdə morfoloji prinsipə əsaslanaraq bu variantlardan biri yazı üçün məqbul sayılır, yazıya köçürülərək orfoqrafik qanun halında yazıda sabitləşdirilir.Məsələn, yuxarıda nəzərdən keçirdiyimiz söz və şəkilçi variantlarından aşağıdakılar məqbul sayılır və morfoloji prinsip əsaslı orfoqrafik qaydaya görə belə də yazılır.