23.4. İqtisadiyyatda dövlət təsirinin forma və alətləri Dövlət iqtisadiyyata bütöv bir formalar, metodlar və alətlər (və ya tənzimləyicilər) sistemi vasitəsilə təsir edir. Bunlar şəkil 26.2-də verilmişlər. Adətən dövlətin iqtisadiyyata təsirinin üç əsas formasını göstərirlər. İqtisadi tənzimləyicilər bazar iqtisadiyyatında əsas tənzimləyicilərdir. Burada dövlətin bazar subyektlərinin fəaliyyətinə bilavasitə müdaxiləsi yoxdur. Dövlət öz qarşısında qoyduğu məqsədlərə məcbur etmə yolu ilə deyil, sahibkarları dövlətə lazım olan istiqamətdə fəaliyyət göstərməyə vadar edən iqtisadi mühit yaratmaqla (müəyyən iqtisadi siyasət vasitəsilə) çatır.
İnzibati tənzimləyicilər. Bazar iqtisadiyyatında onlar zəruridir, lakin iqtisadi tənzimləyicilərə nisbətən tabeli səciyyəlidirlər. inzibati tənzimləyicilər məcbur etmə ilə, təsərrüfat subyektinin dövlət orqanlarının qərarlarına bilavasitə tabe olması ilə bağlıdır. Bu, məsələn, qiymətlərin, əmək haqqının, iş şəraitinin direktiv tənzimlənməsi, valyuta və antiinhisar tənzimləməsidir. Amma inzibati tənzimləyiciləri ehtiyatla tətbiq etmək lazımdır, çünki onların həddindən artıq tətbiqi bazar iqtisadiyyatının inzibati-amirlik iqtisadiyyatına çevrilməsi təhlükəsini yaradır. Praktikada inzibati və iqtisadi metodlar bir-birinə zidd deyil, hətta bir-biri ilə əlaqədardırlar. Bu və ya digər metodun üstünlük təşkil etməsi tarixi şəraitdən və həll edilməsi zəruri olan məsələlərdən asılıdır. 3. Hüquqi tənzimləyicilər iqtisadi zəminin yaradılması, «oyun qaydaları»nın müəyyənləşdirilməsi və onlara əməl olunmasına nəzarətə istiqamətlənib. Sahibkarlığın - bazar iqtisadiyyatı inkişafının hərəkətverici qüvvəsinin - hüquqi əsasının xüsusi əhəmiyyəti var. Bu zaman həm birbaşa, həm də dolayısı ilə olan metodlardan istifadə olunur. Birbaşa müdaxilə, hər şeydən əvvəl iqtisadiyyatda dövlət bölməsinin olması deməkdir, onun həcmi dövlətin iqtisadi rolunun meyarı kimi çıxış edə bilər (amma tam mütləq ola bilməz). Dövlətin birbaşa müdaxiləsi həm də bazar subyektləri arasında münasibətləri nizamlamağa ünvanlanmış qanunvericilik aktlarının qəbul edilməsində özünü büruzə verir. Bura iş fəallığını məhdudlaşdıran ən müxtəlif qanunlar, mülki və vergi məcəllələri və s. aiddir. Birbaşa müdaxiləyə dövlətə lazım olan firma məhsullarının mütləq və əlverişli qiymətə satılması imkanı verən dövlət alışı sistemini də aid etmək olar. Dövlət tənəzzüllü bölgələrdə regional proqramları, kosmosun fəthini və s. birbaşa və tam maliyyələşdirə bilər (məqsədli maliyyələşdirmə). Dolayısı ilə müdaxilə dövlət tərəfindən müəyyən iqtisadi siyasətin (büdcə-vergi, pul-kredit, amortizasiya, valyuta, gömrük və s.) aparılmasını nəzərdə tutur.
İqtisadi proqramlaşdırma və indikativ (tövsiyəvi) planlaşdırma, yəni sosial-iqtisadi inkişafın və təsərrüfat strategiyasının variantında nəzərdə tutulana müvafiq olaraq ictimai istehsalın quruluşuna mütəmadi və kompleks təsir etmək yolu ilə onun dövlət tərəfindən müəyyən məcraya yönəldilməsi xüsusi yer tutur. İqtisadiyyatın proqramlaşdırılması sahəsində çox ölkənin təcrübəsi var. O, İkinci Dünya müharibəsindən sonra Fransada, Hollandiyada, Norveçdə, Yaponiyada yaranmışdı. Sonralar İsveçdə, Finlandiyada, Böyük Britaniyada və başqa ölkələrdə də tətbiq olunmuşdu. Proqramlaşdırma zamanı üstünlükverimlər dərəcələrə bölünür və bir qayda olaraq onların arasında ziddiyyət olur (məsələn, tam məşğulluğa nail olmağa yönümlə və inflyasiyanın olmamasına yönüm arasındakı ziddiyyət) və seçilmiş məqsədlər tənzimləyicilər sistemi ilə uzlaşdırılır. İqtisadi proqramlaşdırma əlbəttə sovetlərin planlaşdırma təcrübəsinin təsiri altında yaranmışdı. Lakin onları eyniləşdirmək böyük səhf olardı. Onların arasındakı əsas fərq bundadır ki, SSRİ və digər mərkəzləşdirilmiş iqtisadiyyatlı ölkələrdə planlaşdırma direktiv, yəni mütləq səciyyəli idi. Bazar iqtisadiyyatlı ölkələrdəki təşəbbüslü planlaşdırma isə tövsiyə səciyyəlidir.
Dövlət öz funksiyalarını yerinə yetirərkən müxtəlif metodlar tətbiq edəndə bazar təsərrüfat sisteminin bu metodlara göstərdiyi tələbləri unutmamalıdır:
dövlətin bazar əlaqələrini qıran istənilən hərəkətinə (resursların və istehlak şeylərinin natural bölgüsü, fondlaş- dırma, qiymətlər üzərində tam nəzarət və s.) yol verilmir;
ən yaxşısı bazara əsasən iqtisadi metodlarla təsir göstərilməlidir;
iqtisadi tənzimləyicilər bazar stimullarını əvəzləməməli və ya zəiflətməməlidirlər;
dövlətin tətbiq etdiyi metodların verdiyi müsbət və ya mənfi nəticələr daim nəzarətdə saxlanılmalıdır;