3.2.İqtisadi nəzəriyyənin metodları Hər bir elm öz predmetini və əhatə etdiyi müxtəlif problemlər dairəsini müəyyən metodların vasitəsilə tədqiq edib, hərtərəfli öyrənir. İqtisadi nəzəriyyə elmi də cəmiyyət həyatında və insanların iqtisadi münasibətlərində baş verən prosesləri aydırılaşdırıb izah etmək üçün bir sıra metodlardan istifadə edir.
«Metod» anlayışı, yunanca «methodos» sözündən götürülmüşdür və axtarış, tədqiqat yolu mənasını verir. Bu baxımdan metod, iqtisad elminin müxtəlif məsələlərinin öyrənilməsinin açarıdır. Təsadüfi deyildir ki, məşhur ingilis alimi F.Bekon metodu - tədqiqat yolunu işıqlandıran fanara bənzətmişdi.
Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzəriyyə elminin predmetinin xüsusiyyəti elədir ki, onun problemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək mümkün deyildir. İqtisadi nəzəriyyənin araşdırıb, təhlil etdiyi problemləri ilk növbədə elmi-nəzəri təfəkkür tərzi və onun əsaslandığı müəyyən metodlar vasitəsilə səmərəli surətdə həll etmək olar.