Baş üzvlər. Mübtəda və onun ifadə vasitələri Mübtəda qrammatik cəhətdən cümlənin digər üzlərindən asılı olmayan, adlıq halda işlənən söz və söz birləşmələri ilə ifadə olunaraq cümlədə haqqında danışılan şəxsi, əşyanı bildirir. Həmin şəxsin, əşyanın əlaməti xəbərdə öz ifadəsinin tapır. Mübtəda kim?, nə?, hara?suallarından birinə cavab verir. Məs: 1) Səbinə dərs oxuyur. 2) Xalça gözəl naxışlarla bəzədilmişdi. 3) Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Mübtəda cümlədə 3 məna vəzifəsi daşıyır: 1) Xəbərlə ifadə edilmiş əlamətin daşıyıcısı kimi çıxış edir. Məs.: Onun gözləri son dərəcə kədərli idi. 2) Hər hansı bir hərəkətin icraçısı kimi çıxış edir: Külək şiddətlə yağan qarı gözümüzə doldururdu. 3) Məchul növlü feli xəbəri cümlələrdə bu və ya digər əlaməti qəbul edən subyekt kimi çıxış edir: Məs.: Şəhərimizdə gündən-günə yeni evlər tikilir. Mübtədanın ifadə vasitələri çox genişdir.Əsasən isimlə, şəxs əvəzliyi, təyini söz birləşmələri, məsdər, məsdər tərkibləri, substantivləşmiş sifət, say, feli sifət, feli sifət tərkibləri ilə ifadə olunur. Məsələn, 1) Elm sərkərdə, təcrübə isə əsgərdir. 2) Rasim məhəbbətlə anasına nəzər saldı. 3) Şair, nə tez qocaldın, sən?! 4) Bu, mənim ən çox sevdiyim kitabdır. 5) Biz gəldi-gedərik, sən yaşa, dünya! 6) Onuncular irəli atıldılar. 7) Gözəllər çıxıbdı seyranə, gəlsin. 8) Oxuyan bülbüldür, dinləyən qazdır. 9) Bizimkilər erməni faşistlərdən çoxlu sayda əsir götürdülər. 10) İndi sən özün müqəssirin kimliyini anladın. 11) Əbləh odur, dünya üçün qəm yeyə. Tanrı bilir, kim qazana, kim yeyə. 12) Bulaq başı sevgililərin gizli görüş yerləri idi. 13) Yaşamaq yanmaqdır, yanasan gərək... 14) Keçmişinə xor baxan gələcəyinə kor baxar. . 15) Dərs alıb dərs demək namaz qılmaqla eynidir. 16) Tavanın göy işığının zəif şöləsi içərini güclə işıqlandırırdı. 18) Ağıllı gözündən, axmaq sözündən bilinər.
Əvəzliklə ifadə olunan mübtədanın işlənmə məqamları Azərbaycan dilində, eləcə də türk dillərində fellər şəxslər üzrə dəyişir. Bu baxımdan fellər, həmçinin xəbərlik kateqoriyasını qəbul etmiş bütün adlar xəbər vəzifəsini icra edərkən daşıdıqları qrammatik əlamət vasitəsi ilə işin icraçısını _ subyekti ifadə etmək imkanına malik olur və mübtədaya ehtiyac qalmır. Bu ən çox mübtədaların şəxs əvəzlikləri ilə ifadəsi zamanı yaranır. Məs: 1) Sən, deyəsən, rəqs etməyi çox sevirsən. _Deyəsən, rəqs etməyi çox sevirsən. 2) Biz axşamüstü Sahil parkına gedəcəyik. –Axşaüstü sahil parkına gedəcəyik. Lakin bəzi məqamlarda şəxs əvəzlikləri ilə ifadə olunan mübtədalar buraxılmır. Bu, aşağıdakı məqamlarla bağlıdır: 1. Şəxs əvəzliklərindən sonra ki ədatı, da,də bağlayıcıları gələrsə; Məsələn, 1) Sən ki öz işinə məsuliyyətlə yanaşardın. 2) Biz də yarışa qatılacağıq. 2. Əvəzliyin üzərinə məntiqi vurğu düşdükdə: Məsələn, Çıxış yolunu ancaq sən tapa bilərsən. 3. Şəxs əvəzlikləri həmcins mübtəda olduqda: Məsələn, Sən və Aygün uğurlu nəticə qazana bilərsiniz. 4. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında ziddiyyət əlaqəsi olanda: Məsələn, Mən çox deyirəm, sən isə az eşidirsən. 5.Yarımçıq cümlədən ibarət olanda: Məsələn, Qapıni kim açdı? –Mən. İnsan məfhumu bildirən mübtədalar kim?, digər canlıları bildirın mübtədalar nə?, məkan anlayışı bildirən mübtədalar isə hara? sualına cavab verir. Lakin lüğəvi sualı nə? və hara? olan sözlər şəxsləndirildikdə kim?, lüğəvi sualı kim? və hara? olan sözlər məchul növ feli xəbərlərlə əlaqədə olarkən həmin mübtədalar nə? sualı tələb edir. Məsələn, 1) Məcburi köçkünlər üçün yeni-yeni qəsəbə və kəndlər salınır. 2) Gecəikən sərhədə rus ordusu gətirilmişdi. 3) Şahin Koramala istehza ilə baxaraq dedi: ”Sürünmək üçün yarananlar uça bilməzlər”.