Son Tunc-İlk Dəmir dövrünün (e.ə. XIV-VII əsrləri ) əsas cəhətləri bunlardır:
1) Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından geniş istifadə;
2) Düşmən hücumlarından və yağışdan, qardan, qızmar günəş şüalarından qorunması üçün iri qaya parçalarından siklopik (təpəgöz) tikililərin (Naxçıvan, Gədəbəy və s.) quruluması;
3) III ictimai əmək bölgüsünün - sənətkarların içərisindən tacirlər qrupunun yaranması;
4) əmlak və sinfi bərabərsizliyin dərinləşməsi-cəmiyyətin varlı və kasıblara parçalanması, qəbilə icmasından qonşuluq icmasına keçid və nəhayət ibtidai icma quruluşunun dağılması;
5) ilkin dövlət qurumlarının (şəhər-dövlətlərin) meydana gəlməsi.
Bu dövrdə Azərbaycan tayfaları Qədim Şərq ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdılar. Qarabağda-Xocalıdan tapılmış bir muncuğun üzərində mixi yazı ilə Assur padşahının da adı yazılmışdır. Bu tapıntı Azərbaycanın Assur dövləti ilə ticarət əlaqələri olmasını göstərir. Qonşu ölkələrlə ticarət yalnız quru yolla aparılmırdı. Kür-Araz çayları və Xəzər dənizi vasitəsilə ticarət əlaqələri yaradılmışdı. Bunu Qobustan qayaları üzərində həkk edilmiş gəmi təsvirləri də sübut edir. Son Tunc dövründə Azərbaycan tayfaları oda, aya, ulduza, günəşə, dağa, meşəyə, müxtəlif ağac növlərinə və heyvanlara sitayiş edirdilər. Son Tunc dövründə ölülər artıq yaşayış məskənlərindən kənarda dəfn edilir, bəzi qəbirlərin üzərində kurqanlar qurulurdu. Qədim əhalinin təbəqələşməsi bu dövrün (Qarabağda Borsunlu, Sarıçoban, Xankəndi və s.) kurqanlarında da aydın görünür. Varlı adamların dəfn olunduğu kurqanlar öz quruluşu (hündürlüyü, əhatə etdiyi sahə və s.) və qoyulmuş əşyaların zənginliyi ilə fərqlənir.
Dostları ilə paylaş: |