5) Atropatena dövləti: Amma İsgəndər Əhəməni dövründəki Midiya satraplığını iki yerə bölmüşdü. Cənubi-Böyük Midiyanı (mərkəzi Ekbatan) özündə saxlayıb, Şimali-Kiçik Midiyanı (Qədim Manna) Atropatın hakimiyyətinə vermişdi. Buna səbəb mühüm ticarət yollarının Ekbatandan keçməsi, digər tərəfdən isə Cənubi Midiyanın imperiyanın şərq vilayətləri ilə əlaqələrində əsas rol oynaması idi. E.ə. 328-ci ildə İsgəndər Atropatı yanına çağırıb onu yenidən Midiyanın satrapı təyin etdi. E. ə. 324-cü ildə İsgəndərə qarşı Bariaksın başçılığı ilə baş vermiş üsyanı öz gücü ilə yatıran Atropat qızım İsgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə ərə verərək öz mövqeyini daha da möhkəmləndirdi. E. ə. 323-cü ildə M.İsgəndərin ölümü ilə onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Perdikki dövlət regenti təyin edilərək əslində İsgəndərin yerini tutdu. Görünür, onun səyləri nəticəsində İsgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı çəkilməmişdir, E.ə. 321-ci ildə Perdikkinin ölümündən sonra imperiya yenidən bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e.ə.321-ci ildə Kiçik Mada, yəni Atropatena müstəqil dövlətə çevrildi. Strabona görə yeni dövlət onun qurucusu olan Atropatın adı ilə Atropatena adlandırılmışdır. Atropatena ictimai-siyasi quruluşuna görə quldar monarxiya dövləti idi. Dövləti Atropatilər sülaləsi idarə edirdi. Atropatena, əsasən, Cənubi Azərbaycanı və Şimali Azərbaycanın bəzi cənubərazilərini əhatə edirdi. Paytaxtı zərdüştilik (atəşpərəstlik) dininin mərkəzi sayılan Qazaka şəhəri olmuşdur. Antik dövr müəllifləri Atropatenada Fraaspa, Fanaspa və Aqnazana şəhərləri və kadusi, müq (muk), maq və kaspi tayfalarının da məskunlaşdıqları barədə məlumat verirlər. E.ə. IV əsrdə Azərbaycan ərazisində Albaniya və Atropatena dövlətlərinin yaranması ilə vahid türk xalqı yaranmağa başlamışdı. Atropatena ərazisində tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Atropatenada nefti «Midiya yağı» adlandırırdılar. Ondan hərb işində istifadə olunurdu. Atropatenanın cənub qonşusu əvvəllər Selevki (Suriya) dövləti, e.ə. II əsrdən etibarən isə Parfiya dövləti olmuşdur. E.ə. 223-cü ildə Selevkilər dövlətində hakimiyyətə gələn III Antiox hücum edib Atropatena hökmdarı Artabazan yenidən asılı vəziyyətə saldı. E.ə.190-cı ildə Maqneziya adlı yerdə romalılarSelevkiləri məğlubiyyətə uğratdılar. Selevkilər dövləti parçalandı. Atropatena dövləti Selevkilərdən ayrılıb yenidən müstəqil oldu. E.ə. II əsrin II yarısından başlayaraq, Parfiya və onunla müttəfiq olan Atropatena Romanın Asiyanın içərilərinə doğru irəliləməsinə qarşı mübarizəyə başladılar. Atropatena və Parfiya Romaya yunan-makedoniya istilaçılarının varisi kimi baxdıqlarından vahid cəbhədən çıxış edirdi. Strabon “Coğrafiya” əsərində yazırdı: “Atropatena hərbi qüvvə baxımından çox güclü ölkədir, çünki o, döyüşə 10 min süvari, 40 min piyada çıxara bilər”. Roma Kiçik Asiyanı tamamilə zəbt edib Suriya və Fələstində möhkəmlənmişdi. Lakin e.ə. 53-cü ildə sərkərdə Krassın başçılıq etdiyi Roma ordusu Karra şəhəri yaxınlığındakı döyüşdə Parfiya tərəfindən darmadağın edildi. Həmin müharibədə Atropatena dövləti Parfiyanın tərəfində idi. Döyüşdə Parfiya ordusunun tərkibində atropatenalı döyüşçülər də fərqlənmişdilər. Lakin Parfiya e.ə. 38-ciildə baş vermiş döyüşdə məğlub oldu. Roma sərkərdəsi Mark Antoni bu qələbədən ruhlanaraq komandanlığı öz üzərinə götürüb e.ə. 36-cı ildə 100 minlik ordu ilə yürüşə başladı. Strabonun Atropatena hökmdarlarının qış iqamətgahı adlandırdığı Fraaspa e.ə. 36-cı ilin payızında Antoninin ordusu tərəfindən mühasirəyə alındı. Bütün əhali mübarizəyə qalxaraq əsas qüvvələr gələnədək şəhəri müdafiə etdi. Ona görə də uzunsürən mühasirə heç bir nəticə vermədi. Romalılar geri çəkildilər. Bu döyüşlərdə Antoni 35 min nəfərə yaxın əsgər itirdi və Atropatenanı tərk etməyə məcbur oldu. Atropatena hökmdarı Artabazd qələbə münasibəti ilə keçirdiyi bayramda ələ keçirilmiş qənimətin arasında Roma legionlarının bayraqlarını da xalqa nümayiş etdirmişdi. Bu qələbədən sonra müttəfiqlər arasında münasibətlər pozuldu. Buna səbəb Parfiyanın Atropatenanı işğal edib öz tərkibinə birləşdirmək istəyi idi. Münasibətlərin pisləşməsi Atropatenanın xarici siyasətində dəyişikliyə səbəb oldu. Artabazd Romanın mütləq hakiminə çevrilmiş Oktavianla diplomatik əlaqələr yaradaraq oğlu Ariobarzanı Romaya göndərmişdi. Oktavian Atropatena ilə müttəfiqliyi yüksək qiymətləndirir, ona Romanın Asiyada əsas dayağı kimi baxırdı. Ariobarzan Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə 10 il Romada yaşamışdı. Artabazdın vəfatından sonra Oktavian e.ə. 20-ci ildə Ariobarzanın Atropatenada hakimiyyətə gətirdi. O, Atropatenanın qonşuluğunda, Kiçik Asiyada yaşayan ermənilərüzərində hakimiyyəti də Ariobarzana vermişdi. Ariobarzanın hakimiyyəti I əsrin əvvəllərinə kimi davam etmişdir. Roma tarixçisi Tasit Ariobarzanı “Cismani gözəlliyi və görkəmli mənəvi keyfiyyətləri ilə fərqlənən bir midiyalı” kimi səciyyələndirirdi. Əvvəlcə Ariobarzanın, az sonra Oktavianın həyatdan getmələri Parfiyanın fəallaşmasına təkan verdi. Parfiya Atropatenanı öz nüfuz dairəsinə qaytarmaq üçün bütün iqtisadi və siyasi vasitələrdən istifadə edirdi. Eranın 20-ci ilində Atropatilər sülaləsinin sonuncu nümayəndəsi Ariovastın ölümündən sonra Parfiya Atropatenanı tutaraq dövlətçiliyinə son qoydu. Atropatena bir ərazi kimi Parfiya Arşakilər sülaləsinin süqutuna qədər onun tərkibində qaldı. Binaların tikilişində Atropatena mədəniyyətinə yunan (Ellin) mədəniyyətinin təsiri aydın hiss olunur. Tikinti materialı kimi kirəmitdən istifadə edilməsi də yunan mədəniyyətinin təsirinin nəticəsidir. Kerifto adlı yerdə qayada oyulmuş möhtəşəm memarlıq abidəsinin giriş hissəsinin üstündə yunan dilində yazı həkk olunmuşdur. Burada yunan əsatirinin qəhrəmanı Herakla məxsus məbədin olduğu göstərilir. Atropatena əhalisi Zərdüştün yaratdığı zərdüştilik dininə sitayiş edirdi. Bu dinin kahini maq adlanırdı. Zərdüştiliyin müqəddəs kitabı «Avesta»dır. Rəvayətə görə, «Avesta»nın 12 min inək dərisi üzərinə yazılmış ilkin variantı e.ə. 330-cu ildə M.İsgəndər Persopolda Əhəmənilər sarayını yandırarkən məhv olmuşdur. III-VII əsrlərdə Sasanilər sülaləsi dövründə «Avesta» yenidən toplanmışdır. Fransız alimi Anketil Düperron onu fransız dilinə tərcümə etmiş və bundan sonra «Avesta» Avropada yayılmışdır. Zərdüştiliyə görə, dünyada iki qüvvə — xeyir (Hörmüzd) və şər (Əhrimən) daim birbiri ilə mübarizə aparır. Mübarizə nə qədər ağır olsa da, xeyir qalib gəlir. Zərdüştilər odu müqəddəs sayırdılar. Onlar məbədlərdə od yandırır və onu sönməyə qoymurdular. Bu dinin ehkamlarına görə oddan başqa, torpaq və su da müqəddəs hesab edilir. Zərdüştiliyin baş məbədlərindən biri paytaxt Qazaka şəhərində yerləşirdi. Bu məbəd İslam dini yayılıb möhkəmlənənə qədər öz əhəmiyyətini saxlamışdı.