İbtidai siniflərdə informatika fənninin tədrisinin əsas prinsipləri. İbtidai siniflərdə informatika dərslərində aşağıdakı prinsiplər əsas götürülmüşdür: -Elmilik – Bu prinsip fənnin məzmununda elmin inkişaf mərhələlərini müəyyən edir və şagirdlərin başa düşəcəyi ideyaları aydınlaşdırmağı zəruri sayır. Bu prinsipə əməl edilməsi şagirdləri mənbələri təhlil etmək, nəticə çıxarmaq, biliyini daim artırmaq yollarını müəyyən etmək səriştəsi ilə silahlandırır. - Həyati əhəmiyyətlilik. Tədris edilən hər bir mövzu həyatla əlaqələndiriləndə səmərəli olur. Müəllim isə öz növbəsində keçilən mövzunun məzmunundan asılı olaraq dünyada və öz ölkəmizdə mövcud olan sosial-iqtisadi və mədəni-siyasi hadisələrə, faktlara müraciət etməlidir. İbtidai siniflər üçün informatika fənni mövcud elmin müvafiq yaş kateqoriyasına uyğunlaşdırılmış versiyası deyil. Bu fənn şagirdlərdə ətrafımızdakı informasiyalardan yararlanmağı və İKT-dən düzgün istifadə bacarığını formalaşdırır.
Təlimin bu prinsipi aşağıdakıları diqqət mərkəzində tutmağı vacib sayır: - təlim materialının öyrənilməsinin həyatla hansı istiqamətdə əlaqələndirilməsi aydın olmalıdır; - təlimin həyatla əlaqəsi zamanı şagirdlərin maraqları nəzərdən qaçırılmamalıdır – yəni yuxarı sinif şagirdinə maraqlı olan məlumat 1-ci sinif şagirdi üçün maraqlı və faydalı olmaya bilər; - təlimin həyatla bağlılığında müasirlik olmalıdır – yəni informatika dərsində daha çox son nəsil texnologiyalardan (məsələn, kompüterin RAM yaddaşının tutumu, hard diskin həcmi və s.), İKT sahəsindəki yeni innovasiyalardan danışmaq lazımdır. Şəxsiyyətyönümlülük. Bu prinsipə görə, kurikulumların tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədə- niyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun səviyyənin (kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir. İnformatikadan tərtib edilmiş tapşırıqlar əsasən şagirdlərin real həyatda qarşılaşdıqları situasiyalarla birbaşa bağlıdır. Ona görə də verilən bütün təlim materialları şagirdin özündən qaynaqlanır. Nəticədə şagird təlim materiallarını “özününküləşdirir”. Nəticəyönümlülük - yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir. Mövzunun “kəşf edilməsi”. İnformatikanın əsas anlayışlarının mənimsənilməsi və informasiya texnologiyalarından istifadə vərdişlərinin formalaşdırılması şagird tərəfindən müəyyən bacarıqların reallaşdırılması ilə həyata keçirilir. Başqa sözlə, şagird praktik fəaliyyət nəticəsində yeni bilik, bacarıq və vərdişləri özü əldə edir. Dərsliklərdəbütün mövzular üzrə müzakirə və diskussiya üçün tədqiqat sualları, tədqiqat işi üçün materiallar, yaradıcı tətbiqetməni nəzərdə tutan sual və çalışmalar verilir. Bu prinsip şagirdlərin şüurluluq və fəallıq prinsipi ilə sıx bağlıdır. Təlimin müasir sistemi müəllimin rəhbərliyi əsasında şagirdlərin fəallığına söykənir. Şüurluluq özünü bir neçə əlamətdə göstərə bilər – şagirdin öz biliyini sübutlarla izah etməsi, biliyi tətbiq edə bilməsi, öyrəndiklərini tətbiq edə bilməsi, nəticə çıxara və təhlil apara bilməsi və s..
İnformatika dərslərinin təşkili formaları.