Alüminium ərintilərindən hazırlanan hissələrin qaynaq edilməsi Bir çox avtomobil hissələr, avtomobillərinin silindrlər bloku və blok başlıqları, ilişmə muftasının karteri, su nasosunun gövdələri avtomobillərinin silindr başlıqları AL-4 və AL-9 tipli alüminium – silisium (siluminlər) ərintilərindən hazırlanır.
Bu hissələrin xarakterik qüsurlarından çatı, qopmanı (sınıq) və digər mexaniki zədələri göstərmək olar. Bu qüsurlar əsasən qaynaq vasitəsilə bərpa olunur.
Alüminium ərintilərinin qaynağının əsas xüsusiyyətlərindən biri onun proses zamanı intensiv oksidləşərək bərk əriyən oksid əmələ gətirməsidir. Alüminium oksidinin Al2O3 ərimə temperaturu (2050S), alüminiumun özünün ərimə temperaturasından 530S 4 dəfədən də artıq olur. Əsas və əridilən metalın səthində əmələ gələn sıx oksid təbəqə qaynaq prosesinə maneçilik yaradır və oksidləri ilə qaynaq, tikişini çirkləndiri.
Böyük xətti genişlənmə əmsalı və soyuma zamanı böyük sıxılma (yığılma – oturma) nəticəsində əmələ gələn daxili gərginlik tikişdə və tikiş ətrafında çatın əmələ gəlməsinə şərait yaradır. Əriyən metalda hidrogenin yüksək səviyyədə həll olması məsamələrin əmələ gəlməsinə səbəb olur. Alüminiumun ərimiş halda böyük maye axıcılığı da qaynaq prosesini çətinləşdirir.
Əridilən metalda hidrogenin olmasının əsas səbəblərindən biri hissənin nəm olmasıdır. Ona görə də qaynaqdan əvvəl hissə qızdırılır, hiroskopik flüs isə qurudulur.
Alüminium ərintisinin qaynağı zamanı əmələ gələn daxili gərginlik hissənin deformasiya etməsinə səbəb olur. Daxili gərginliyi azaltmaq üçün hissə qaynaqdan əvvəl 250-300S qədər qızdırılır və qaynaqdan sonra tədricən soyudulur. Alüminium ərintilərinin qaynaqdan sonra 300-350S-də alçaq temperaturlu yumşaltmaya uğratmaqla daxili gərgnliyi azaltmaqla yanaşı, əridilən metalın strukturasını da yaxşılaşdırmaq mümkün olur.
Alüminium ərintilərinin qaynağı zamanı müxtəlif üsullar tətbiq oluna bilər. Silindrlər bloku və blok başlıqlarını qaynaq etmək üçün elektro qövs qaynağından, OZA-2 elektrodundan, əks qütblü sabit cərəyandan istifadə etmək məsləhət görülür.
Alüminium hissələri normal alovlu qaz qaynağı ilə yaxşı qaynaqlanır. Qatqı məftilinin tərkibi qaynaqlanan materialın tərkibi kimi olur. Alüminiumun oksid pərdəsini kənar etmək üçün tərkibində litiumun, natriumun, kaliumun və bariumun xlorlu və florlu duzları olan AF-4 A, AN-4 A, AN-A 201 markalı flüslərdən istifadə edilir. Qaynaq prosesinin sonunda flüsün qalıqları su ilə yuyularaq təmizlənir.
Alüminium ərintilərindən olan hissələrin birləşdirilməsində son zamanlar qaz qaynağına nisbətən arqon qövslu qaynaq daha geniş tətbiq edilir. Bu zaman qatqı materialı kimi sv. AK12, sv. AK10, sv. AK5 məftilləri (alüminium – silisium qar.) istifadə olunur.