Nüfuzedici radiasiya – qamma şüalanması və neytronlar selindən ibarətdir.
Nüfuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10-15 saniyə ərzində mühafizə olunmamış canlı orqanizmlərə təsir edir.
O gözə görünmür, hiss edilmir, lakin məlum olan bütün materiallardan keçir və uzaq məsafələrə yayılaraq insanların zədələnməsinə səbəb olur. Qamma-şüalar elektromaqnit dalğası axınıdır və öz təbiətinə görə rentgen şüaları ilə eynidir. Qamma şüaları insan orqanizmini şüalandırarkən canlı hüceyrələrin molekulları ionlaşır, onların həyat fəaliyyəti pozulur və nəticədə insan şüa xəstəliyinə tutulur.
Şüa xəstəliyinin əlamətləri: hərarətin artması, ürək bulanması, mədənin pozulması, selikli qişalarda qanaxmanın baş verməsi.
Radiasiya dozasından asılı olaraq şüa xəstəliyinin gizli inkişaf dövrü bir neçə saatdan bir neçə həftəyədək davam edə bilər. Şüa xəstəliyinin üç dərəcəsi olur. Bu dərəcələr alınan şüalanma dozasından və şüalanmaya məruz qalma vaxtından asılı olur:
birinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 100 – 200 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü üç həftəyədək davam edir;
ikinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 200 – 400 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir həftəyədək davam edir;
üçüncü dərəcəli şüa xəstəliyi – şüalanma dozası 400 – 600 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir necə saat təşkil edır.
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirlir və Rentgen, Qrey və Rad ölçü vahidləri ilə ölçülür. Bir rentqen - qamma şüalanmanın elə dozasıdır ki, bunun nəticəsində 0°C temperaturda və 760 mm civə sütunu təzyiqi şəraitində quru havanın 1sm³ - də təxminən 2 milyard cüt ion əmələ qəlir.
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasianın təsiri zəifləyir. Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. Məsələn: poladın – 3 sm, betonun - 10 sm, torpağın – 14 sm, suyun – 23 sm, ağacın – 30 sm qalınlığı nüfuzedici radiasiyanı iki dəfə azaldır.
Nüfuzedici radiasiyadan mühafizə, məhz materialların bu xüsusiyyətinə əsaslanır.