Dinin transformasiyası nəzəriyyəsi XX əsrin sonlarında irəli sürülən bu nəzəriyyənin tərəfdarları bildirirlər ki, cəmiyyətin dünyəviləşməsi nəticəsində dinin tamamilə yox olacağını düşünmək yanlışdır. Onların fikrincə, sekulyarlaşma və müasirləşmə proseslərinin təsiri altında ənənəvi dini qurumların cəmiyyətdəki mövqeyi əhəmiyyətli dərəcədə zəifləsə də, dinin özü və ya dini təfəkkür tərzi yox olmayacaq. Yəni, müasir dövrdə din keçmişdəki kimi cəmiyyətin inkişafına təsir etmir, lakin cəmiyyətin dünyəviləşməsi və tərəqqisi səbəbilə öz şəklini dəyişir, yeni məzmun və forma qazanır. Bu konsepsiyanı müdafiə edənlərdən biri müasir kanadalı filosof Çarlz Teylor sayılır. Dinin transformasiyası nəzəriyyəsinə əsasən, sosial rifah səviyyəsinin yüksək olduğu, fərdi mənafeyin kollektiv maraqlardan üstün tutulduğu modern cəmiyyətlərdə mənəvi boşluq və həyatın mənasızlığı problemi mövcuddur. Dünyəvi və modern ideyalar bu boşluğu doldurmaq iqtidarında deyildir. Həyatın mənası axtarışında olan müasir insan bu suallara cavab tapmaq üçün şəxsi dini təcrübəsinə önəm verir.